Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ
nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında”
Əsasnaməyə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci
il, № 1, maddə 12, № 12, maddələr 731, 736; 2004-cü il, № 2, maddə 57;
2005-ci il, № 4, maddə 274, № 7, maddə 590) aşağıdakı əlavələr və
dəyişikliklər edilsin:
1. 16-cı maddəyə aşağıdakı məzmunda 1-1-ci bənd əlavə edilsin:
“1-1) “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası
Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş korrupsiya hüquqpozmaları və
korrupsiyaya şərait yaradan hüquqpozmaları törətməyə;”.
2. 50-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Gömrük orqanlarının vəzifəli şəxsləri təşkilati-ştat tədbirlərinin
həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında
tutduğu vəzifədən azad edildikdə Azərbaycan Respublikasının gömrük
işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada üç
ayadək müddətdə həmin orqanın sərəncamında saxlanıla bilər. Bu müddətə
gömrük orqanının vəzifəli şəxsinin məzuniyyətdə olduğu müddət daxil
edilmir. Gömrük orqanının vəzifəli şəxsinin sərəncamda olduğu müddətdə
onun əvvəlki vəzifədə aldığı əmək haqqı saxlanılır.”.
3. 69-cu maddədə:
3.1. birinci abzas aşağıdakı redaksiyada verilsin:
“Gömrük orqanlarının vəzifəli şəxsi bu Əsasnamənin 16-cı və 44-cü
maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya
qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci
maddəsi ilə müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin
Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar
inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində
aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər:”;
3.2. 6-cı bənd aşağıdakı redaksiyada verilsin:
“6) vəzifədən azad etmə (bu halda gömrük orqanının vəzifəli şəxsi
Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti
orqanının sərəncamında ola bilər və həmin müddət ərzində onun gömrük
orqanlarından xaric edilməsinə əsaslar olmazsa, o, gömrük orqanlarında
işə təyin edilir);”;
3.3. aşağıdakı məzmunda 7-ci bənd əlavə edilsin:
“7) gömrük orqanlarından xaric etmə.”.
4. Əsasnaməyə aşağıdakı məzmunda 69-1-ci maddə əlavə edilsin:
“69-1. Bu Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndində nəzərdə tutulmuş
intizam tənbehi vəzifələrin icrası zamanı xidməti intizamın bir dəfə
kobud surətdə pozulmasına və ya xidməti vəzifələrin müntəzəm surətdə
yerinə yetirilməməsinə və ya bu Əsasnamənin 16-cı maddəsində nəzərdə
tutulmuş gömrük orqanlarında xidmətlə bir araya sığmayan hərəkətlərə
görə tətbiq edilə bilər.”.
5. 109-cu maddənin ikinci hissəsi aşağıdakı redaksiyada verilsin:
“Gömrük orqanlarının vəzifəli şəxsləri hər il əsas məzuniyyətə çıxarkən
onlara bir aylıq əmək haqqı həcmində müavinət ödənilir.”.
6. 120-ci maddədə:
6.1. birinci hissənin 8-ci bəndi aşağıdakı redaksiyada verilsin:
“8) gömrük orqanlarından xaric edildikdə;”;
6.2. birinci hissəyə aşağıdakı məzmunda 11-ci bənd əlavə edilsin:
“11) digər hüquq mühafizə orqanlarına işə keçdikdə, qanunvericilik və
ya yerli özünüidarəetmə orqanlarına seçildikdə, hakim təyin edildikdə.”;
6.3. ikinci hissədə “4-10-cu bəndlərində” sözləri “4-11-ci bəndlərində” sözləri ilə əvəz edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 10 oktyabr 2006-cı il.