Əlavə C
Malların təsviri və kodlaşdırılması üzrə harmonikləşdirilmiş sistem haqqında
beynəlxalq Konvensiya
(1983-cü il iyunun 14-də Brüsseldə hazırlanmışdır)
Preambula
Gömrük Əməkdaşlıq Şurasının himayədarlığı altında təsis edilmiş bu Konvensiyaya Razılaşan Tərəflər,
Beynəlxalq ticarətə kömək etməyi arzulayaraq,
Xüsusilə də, beynəlxalq ticarətə aid statistik məlumatların toplanması, müqayisəsi və təhlilinə kömək etməyi arzulayaraq,
Beynəlxalq ticarət prosesində bir təsnifat sistemindən digərinə keçid zamanı malların yenidən təsviri, təsnifatı və kodlaşdırılmasına görə xərcləri azaltmağı, ticarət sənədləşməsinin standartlaşdırılmasına və statistik məlumatların ötürülməsinə kömək etməyi arzulayaraq,
Texnologiyada və beynəlxalq ticarətin strukturunda baş verən dəyişikliklərin 1950-ci il dekabrın 15-də Brüsseldə imzalanmış Gömrük Tariflərində Malların Təsnifatı üçün Nomenklatura haqqında Konvensiyada geniş dəyişikliklər aparılmasını tələb etdiyini nəzərə alaraq,
Hökumət və ticarət dairələri tərəfindən gömrük və statistika məqsədləri üçün tələb olunan təfərrüat dərəcəsinin yuxarıda adı çəkilən Konvensiyaya əlavə edilmiş Nomenklaturada qeyd edilmiş çərçivələrdən kənara çıxdığını nəzərə alaraq,
Beynəlxalq ticarət danışıqlarının məqsədləri üçün dəqiq və müqayisə edilə bilən məlumatların vacibliyini qəbul edərək,
Harmonikləşdirilmiş Sistemin yük daşımalar üzrə tariflərin və müxtəlif nəqliyyat vasitələrə dair nəqliyyat statistikası məqsədləri istifadəsi üçün nəzərdə tutulduğunu qəbul edərək,
Harmonikləşdirilmiş Sistemin mallarının təsviri və kodlaşdırılması üzrə ticarət sistemlərində mümkün qədər geniş istifadə üçün nəzərdə tutulduğunu qəbul edərək,
Harmonikləşdirilmiş Sistemin idxal və ixrac ticarəti və istehsal statistikaları arasında mümkün qədər sıx qarşılıqlı əlaqələrin yaradılmasına kömək etmək üçün nəzərdə tutulduğunu qəbul edərək,
Harmonikləşdirilmiş Sistem və Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Standart Ticarət Təsnifatı (BSTT) arasında sıx qarşılıqlı əlaqənin saxlanılmalı olduğunu nəzərə alaraq,
Beynəlxalq ticarətlə bağlı müxtəlif dairələrin istifadəsi üçün yararlı olan kombinə edilmiş tarif-statistik nomenklaturanın tətbiq edilməsi vasitəsilə yuxarıda göstərilmiş tələbatların ödənilməsinin arzu edilən olduğunu nəzərə alaraq,
Harmonikləşdirilmiş Sistemin texnologiya və beynəlxalq ticarət strukturunda baş verən dəyişikliklər baxımından müasir tələblərə cavab verən səviyyədə saxlanılmasının təmin edilməsi vacibliyini nəzərə alaraq,
Gömrük Əməkdaşlıq Şurasının təsis etdiyi harmonikləşdirilmiş Sistem üzrə Komitənin bu sahədə gördüyü işləri nəzərə alaraq,
Köstərilən Nomenklatura haqqında Konvensiyanın həmin məqsədlərin müəyyən hissəsinə nail olmaqda səmərəli vasitə olduğunu təsdiq etməklə arzu edilən nəticələrin əldə edilməsi üçün yeni beynəlxalq Konvensiyanın imzalanmasının ən yaxşı vasitə kimi olduğunu hesab edərək,
Aşağıdakılar barəsində razılığa gəldilər:
Maddə 1. Anlayışlar
Hazırki Konvensiyanın məqsədləri üçün:
(a) «Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem», sonrakı yazılışlarda «Harmonikləşdirilmiş Sistem» adlanacaq — tərkibinə başlıqlar, yarımbaşlıqlar və onlara aid rəqəmli kodlar, Bölmə, Fəsil və Yarımbaşlıqlara aid Qeydlər, habelə bu Konvensiyaya Əlavədə verilən Harmonikləşdirilmiş Sistemin şərhi üçün Ümumi Qaydalar daxil olan Nomenklatura;
(b) «Gömrük tarif nomenklaturası» — idxal edilən mallara görə gömrük rüsumlarının alınması üçün Razılaşan Tərəfin qanunvericiliyinə uyğun olaraq işlənib hazırlanmış Nomenklatura;
(c) «statistik nomenklatura» — idxal və ixrac üzrə ticarət statistikası üçün məlumatların toplanması məqsədilə Razılaşan Tərəfin işləyib hazırladığı mal nomenklaturaları;
(d) «kombinə edilmiş tarif-statistik nomenklatura» — istifadəsi Razılaşan Tərəfin idxal zamanı malların bəyan edilməsi üçün qanuni olaraq tələb etdiyi gömrük-tarif və statistik nomenklaturalarını özündə birləşdirən nomenklatura;
(e) «Şuranın təsis edilməsi haqqında Konvensiya» — Gömrük Əməkdaşlığı Şurasının təsis edilməsi haqqında 1950-ci il dekabrın 15-də Brüsseldə hazırlanmış Konvensiya;
(i) «Şura» — yuxarıda (e) bəndində göstərilən Gömrük Əməkdaşlıq Şurası;
(g) «Baş Katib» — Şuranın Baş Katibi;
(h) «ratifikasiya» -ratifikasiya, qəbul və ya təsdiq edilmə.
Maddə 2. Əlavə
Hazırki Konvensiyaya Əlavə onun ayrılmaz tərkib hissəsidir və Konvensiyaya edilən hər bir istinada Əlavəyə edilən istinad da daxildir.
Maddə 3. Razılaşan Tərəflərin öhdəlikləri
1. 4-cü Maddədə sadalanan istisnaları nəzərə almaq şərtilə:
(a) Hər bir Razılaşan Tərəf öhdəsinə götürür ki, bu maddənin (c) bəndində qeyd edilən hallar istisna olmaqla, onun gömrük-tarif və statistika nomenklaturaları hazırki Konvensiyanın qüvvəyə mindiyi tarixdən etibarən Harmonikləşdirilmiş Sistemə uyğun olacaq. Bununla da, o, özünün gömrük-tarif və statistika nomenklaturalarına münasibətdə
(i) Harmonikləşdirilmiş Sistemin bütün başlıqlarını və yarımbaşlıqlarını, heç bir əlavə və dəyişiklik etmədən, onlara aid rəqəmli kodlarla birlikdə istifadə etməyi;
(ii) Harmonikləşdirilmiş Sistemin şərhi üçün Ümumi Qaydaları, habelə Bölmə, Fəsil və Yarımbaşlıqlara aid bütün Qeydləri tətbiq etməyi və Harmonikləşdirilmiş Sistemin Bölmə, Fəsil, Başlıq və ya Yarımbaşlıqlarının əhatə dairəsini dəyişməməyi; və
(iii) Harmonikləşdirilmiş Sistemdə göstərilmiş rəqəmlər ardıcıllığına əməl etməyi öhdəsinə götürür.
(b) Hər bir Razılaşan Tərəf öz idxal və ixrac ticarətinə aid statistik məlumatları Harmonikləşdirilmiş Sistemin altı rəqəmli koduna, yaxud bu cür məlumatların dərc edilməsinin kommersiya sirri və ya dövlət təhlükəsizliyi manafeyi kimi müstəsna səbəblərə görə qadağan edilmədiyi təqdirdə, həmin Tərəfin təşəbbüsü ilə bundan da geniş təfərrüatlı təsnifata uyğun olaraq dərc edir.
(c) Bu maddədə heç nə Razılaşan Tərəfdən, onun kombinə edilmiş tarif-statistik nomenklaturası yuxarıdakı (a) (i), (a) (ii) və (a) (iii) bəndlərində göstərilmiş öhdəliklərə uyğun gəldiyi təqdirdə, Harmonikləşdirilmiş Sistemin yarımbaşlıqlarından istifadə etməyi tələb etmir.
2. Bu maddənin 1(a) bəndində göstərilən öhdəlikləri yerinə yetirərkən hər bir Razılaşan Tərəf onun milli qanunvericiliyində Harmonikləşdirilmiş Sistemin tətbiq edilə bilməsi üçün mətndə zəruri ola biləcək dəyişikliklər apara bilər.
3. Bu maddədə heç nə Razılaşan Tərəfə onun gömrük-tarif və ya statistik nomenklaturalarında malların Harmonikləşdirilmiş Sistemdə nəzərdə tutulduğundan da yüksək səviyyədə təsnifatı üzrə yarımbölmələr yaratmağı bu yarımbölmələrin hazırkı Konvensiyaya Əlavədə göstərilən altıişarəli rəqəmli koddan kənar səviyyədə əlavə edilməsi və kodlaşdırılması şərtilə, qadağan etmir.
Maddə 4. İnkişaf etməkdə olan ölkələr tərəfindən qismən tətbiq edilmə
1. İnkişaf etməkdə olan ölkə kimi hər bir Razılaşan Tərəf xarici ticarət strukturunu və inzibati-təsərrüfat imkanlarını nəzərə almaqla Harmonikləşdirilmiş Sistemin yarımbaşlıqlarının hamısının və ya müəyyən hissəsinin tətbiqini zəruri ola biləcək müddətə təxirə sala bilər.
2. Bu Maddənin müddəalarına uyğun olaraq Harmonikləşdirilmiş Sistemi qismən tətbiq etməyi seçən hər bir inkişaf etməkdə olan ölkə Razılaşan Tərəf hazırkı Konvensiyanın ona münasibətdə qüvvəyə mindiyi tarixdən və ya bu maddənin 1-ci bəndində göstərilənləri nəzərə almaqla, özünün lazım bildiyi hər hansı başqa müddətdən etibarən beş il ərzində altırəqəmli Harmonikləşdirilmiş Sistemin bütövlükdə tətbiqi üçün bacardığı bütün səyləri göstərməyə razılıq verir.
3. bu Maddənin müddəalarına uyğun olaraq Harmonikləşdirilmiş Sistemi qismən tətbiq etməyi seçən hər bir inkişaf etməkdə olan ölkə Razılaşan Tərəf istənilən birtireli yarımbaşlıqlarda olan ikitireli yarımbaşlıqlardan və ya istənilən başlıqlarda olan birtireli yarımbaşlıqların hamısını tətbiq edir, ya da heç birini tətbiq etmir. Bu cür qismən tətbiq etmə hallarında Harmonikləşdirilmiş Sistem üzrə kodun tətbiq edilməyən həmin hissənin altıncı rəqəmi və ya beşinci və altıncı rəqəmi müvafiq olaraq «0» və «00» ilə əvəz olunur.
4. Bu Maddənin müddəalarına uyğun olaraq Harmonikləşdirilmiş Sistemi qismən tətbiq etməyi seçən hər bir inkişaf etməkdə olan ölkə Razılaşan Tərəf olduqdan sonra hazırki Konvensiyanın ona münasibətdə qüvvəyə mindiyi tarixdən tətbiq etməyəcəyi haqqında Baş Katibi xəbərdar edir və o, eyni zamanda, həmin vaxtdan tətbiq edəcəyi yarımbaşlıqlar haqqında da Baş Katibi xəbərdar edir.
5. Bu Maddənin müddəalarına uyğun olaraq Harmonikləşdirilmiş Sistemi qismən tətbiq etməyi seçən hər bir inkişaf etməkdə olan ölkə Razılaşan Tərəf olduqdan sonra Baş Katibi xəbərdar edə bilər ki, o, hazırki Konvensiyanın ona münasibətdə qüvvəyə mindiyi tarixdən sonrakı üç il müddətində altırəqəmli Harmonikləşdirilmiş Sistemi tam həcmdə tətbiq edəcəyini rəsmi olaraq öhdəsinə götürür.
6. Bu Maddənin müddəalarına uyğun olaraq Harmonikləşdirilmiş Sistemi qismən tətbiq edən hər bir inkişaf etməkdə olan ölkə Razılaşan Tərəf özünün tətbiq etmədiyi yarımbaşlıqlar üzrə 3-cü Maddədən irəli gələn öhdəliklərdən azad olunur.
Maddə 5. İnkişaf etməkdə olan ölkələrə texniki yardım
İnkişaf etmiş ölkə olan Razılaşan Tərəf inkişaf etməkdə olan ölkələrə onların xahişi ilə qarşılıqlı razılaşdırılmış şərtlərlə kadr hazırlanması, habelə onların milli nomenklaturalarının Harmonikləşdirilmiş Sistemlə uyğunlaşdırılması, bu cür nomenklaturaların Harmonikləşdirilmiş Sistemdə edilmiş düzəlişlərə uyğun müasir tələblərə cavab verən səviyyədə saxlanılması və ya hazırkı Konvensiyanın müddəalarının tətbiqi üzrə məsləhətlər verilməsi kimi sahələrdə texniki yardım göstərir.
Maddə 6. Harmonikləşdirilmiş Sistem üzrə Komitə
1. Hazırki Konvensiyaya uyğun olaraq Harmonikləşdirilmiş Sistem üzrə Komitə adlandırılan və Razılaşan Tərəflərin hər birinin nümayəndələrindən ibarət olan Komitə təsis edilir.
2. Harmonikləşdirilmiş Sistem üzrə Komitə adətən ildə iki dəfədən az olmayaraq yığılır.
3. Razılaşan Tərəflər başqa cür qərar qəbul etməyirsə, Komitənin iclasları Baş katib tərəfindən çağırılır və Şuranın mənzil-qərargahında keçirilir.
4. Harmonikləşdirilmiş Sistem üzrə Komitədə hər bir Razılaşın Tərəf bir səsə malikdir; bununla belə, hazırkı Konvensiyanın məqsədləri üçün Gömrük və ya İqtisadi İttifaq, həmçinin belə İttifaqın bir və ya bir neçə üzv dövlətlərinin Razılaşan Tərəflər kimi çıxış edə biləcəyi hər hansı bir gələcək Konvensiyanın işinə ziyan vurmadan, bu cür Razılaşan Tərəflər birlikdə ancaq bir səsə malikdir. Eyni qaydada, Razılaşan Tərəf olmaq hüququ olan Gömrük və İqtisadi İttifaqın bütün üzv dövlətləri 11 (b) Maddəsinin müddəalarına uyğun olaraq Razılaşan Tərəf olduqda birlikdə yalnız bir səsə malikdirlər.
5. Harmonikləşdirilmiş Sistem üzrə Komitə öz sədrini, həmçinin Sədrin bri və ya bir neçə müavinini seçir.
6. Komitə, üzvlərinin üçdə iki hissəsinin səs çoxluğu ilə qəbul edilən qərarı ilə öz Prosedur Qaydalarını müəyyən edir. Bu yolla müəyyən olunmuş Prosedur Qaydaları Şura tərəfindən təsdiq edilir.
7. Komitə lazım bildiyi hökumətlərarası və ya digər beynəlxalq təşkilatları öz işində müşahidəçi kimi iştirak etməyə dəvət edir.
8. Zəruri hallarda Komitə, xüsusən də 7-ci Maddənin 1 (a) bəndinin müddəalarına uyğun olaraq Yarımkomitələr və ya İşçi Qrupları yaradır və bu cür Yarımkomitələr və İşçi Qrupların üzvlərini, seçki hüququnu və Prosedur Qaydalarını müəyyən edir.
Maddə 7. Komitənin funksiyaları
1. 8-ci Maddənin müddəalarını nəzərə almaqla, Harmonikləşdirilmiş Sistem üzrə Komitə aşağıdakı funksiyalara malikdir:
(a) xüsusən də iştirakçıların tələbatlarını, beynəlxalq ticarətin strukturunda və texnologiyasında dəyişiklikləri nəzərə almaqla, hazırkı Konvensiyaya arzu edilən hesab etdiyi düzəlişlər təklif etmək;
(b) Harmonikləşdirilmiş Sistemin şərhinə aid İzahedici Qeydlər, Təsnifat üzrə Rəylər və digər məsləhətlər işləyib hazırlamaq;
(c) Harmonikləşdirilmiş Sistemin birmənalı şərhini və tətbiqini təmin etmək məqsədilə tövsiyələr işləyib hazırlamaq;
(d) Harmonikləşdirilmiş Sistemin tətbiqinə aid məlumatları müqayisə etmək və yaymaq;
(e) Razılaşan Tərəflərə, Şuranın üzv dövlətlərinə, hebelə öz işində iştirakını lazım bildiyi hökumətlərarası və ya beynəlxalq təşkilatlara Harmonikləşdirilmiş Sistemdə malların təsnifatına aid bütün məsələlər üzrə öz təşəbbüsü və ya kiminsə xahişi ilə məlumat və tövsiyələr vermək;
(f) Şuranın hər bir sessiyasında, təklif olunan düzəlişlər, İzahedici Qeydlər, Təsnifat üzrə Rəylər və digər məsləhətlər də daxil olmaqla, öz fəaliyyəti haqqında hesabat vermək;
(g) Harmonikləşdirilmiş Sistemə münasibətdə Şuranın və ya Razılaşan Tərəflərin zəruri hesab etdiyi digər səlahiyyət və funksiyaları həyata keçirmək.
2. Harmonikləşdirilmiş Sistem üzrə Komitənin büdcə xərcləri tələb edən inzibati qərarları Şura tərəfindən təsdiq edilir.
Maddə 8. Şuranın rolu
1. Şura hazırkı Konvensiyaya Harmonikləşdirilmiş Sistem üzrə Komitənin işləyib hazırladığı düzəlişlər haqqında təkliflərə baxır və, Konvensiyanın Razılaşan Tərəfi olan hər hansı Şura üzvü bu təkliflərin hamısının və ya müəyyən bir hissəsinin təkrar müzakirə üçün Komitəyə qaytarılmasını tələb etmirsə, 16-cı Maddədə nəzərdə tutulmuş qaydaya uyğun olaraq onları Razılaşan Tərəflərə tövsiyə edir.
2. Harmonikləşdirilmiş Sistemin şərhinə aid İzahedici Qeydlər, Təsnifat üzrə Rəylər və digər məsləhətlər, habelə Harmonikləşdirilmiş Sistem üzrə Komitənin sessiyasının gedişində 7-ci Maddənin 1-ci bəndinin müddəalara uyğun olaraq hazırlanmış, Harmonikləşdirilmiş Sistemin birmənalı şərhi və tətbiqini təmin etmək məqsədi daşıyan tövsiyələr, sessiya başa çatdığı andan sonrakı iki ay ərzində Konvensiyanın heç bir Razılaşan Tərəfi həmin məsələni Şuranın müzakirəsinə verməyi tələb etmirsə, Şura tərəfindən təsdiq olunmuş hesab olunur.
3. Bu Maddənin 2-ci bəndinin müddəalarına uyğun olan hər hansı bir məsələ Şuranın müzakirəsinə verilərkən Şura həmin İzahedici Qeydləri, Təsnifat üzrə Rəyləri və digər məsləhətləri, Konvensiyanın Razılaşan Tərəfi olan hər hansı Şura üzvü onların Komitəyə tam və ya qismən təkrar müzakirəyə verilməsini tələb etmirsə, təsdiq edir.
Maddə 9. Gömrük Rüsumları Dərəcələri
Hazırki Konvensiyaya uyğun olaraq Razılaşan Tərəflər gömrük rüsumları dərəcələri ilə bağlı heç bir öhdəlik götürmürlər.
Maddə 10. Mübahisələrin həll edilməsi
1. Razılaşan Tərəflər arasında hazırki Konvensiyanın şərhi və ya tətbiqi ilə bağlı mübahisələr mümkün qədər danışıqlar yolu ilə həll edilir.
2. Bu yolla həll olunmayan hər bir mübahisəli məsələ iştirakçılar tərəfindən baxılmaq və onların həll edilməsi və tövsiyələr verilməsi üçün Harmonikləşdirilmiş Sistem üzrə Komitəyə verilir.
3. Harmonikləşdirilmiş Sistem üzrə Komitə mübahisəni həll etmək iqtidarında olmadığı təqdirdə onu Şuranın müzakirəsinə verir. Şura, onun yaradılması haqqında Konvensiyanın III (e) Maddəsinə uyğun olaraq tövsiyələr verir.
4. Mübahisədə iştirak edən Tərəflər Komitə və ya Şuranın tövsiyələrinin məcburi qəbul edilməsi barədə qabaqcadan öz aralarında razılığa gələ bilərlər.
Maddə 11. Razılaşan Tərəf olmaq üçün hüquqi əsaslar
Aşağıdakılar hazırki Konvensiyanın Razılaşan Tərəfləri ola bilərlər:
(a) Şuranın Üzvü olan Dövlətlər;
(b) Hazırkı Konvensiya ilə tənzimlənən bütün və ya bəzi məsələlərlə bağlı sazişlərə girmək səlahiyyəti verilmiş Gömrük və ya İqtisadi İttifaqlar; və
(c) Şuranın göstərişi ilə Baş Katibin dəvət göndərdiyi hər hansı başqa dövlət.
Maddə 12. Razılaşan Tərəf olmaq üçün Prosedurlar
1. Üzv olmaq hüququ olan hər bir dövlət, Gömrük və ya İqtisadi İttifaq:
(a) Konvensiyanın ratifikasiyasını qeyd-şərtsiz imzalamaqla;
(b) Ratifikasiya etmək şərtilə Konvensiya imzalandıqdan sonra təsdiq edilmə sənədi təqdim etməklə; və ya
(c) Konvensiya imzalama üçün açıq olmağı dayandırdıqdan sonra ona qoşulmaqla hazırkı Konvensiyanın Razılaşan Tərəfi ola bilər.
2. Hazırkı Konvensiya 11-ci Maddədə göstərilmiş dövlətlər, Gömrük və ya İqtisadi İttifaq tərəfindən Şuranın Brüsseldəki mənzil-qərargahında 1986-cı il dekabrın 31-dək imzalanmaq üçün açıqdır. Həmin vaxtdan etibarən Konvensiya onların qoşulması üçün açıq olacaqdır.
3. Ratifikasiya və qoşulma haqqında sənədlər saxlanmaq üçün Baş katibə təqdim edilir.
Maddə 13. Qüvvəyə minmə
1. Hazırki Konvensiya, 11-ci Maddədə göstərildiyi kimi, ən azı 17 dövlətin, Gömrük və İqtisadi İttifaq onu qeyd-şərtsiz imzalanmasından, ratifikasiya və ya qoşulma haqqında sənədləri saxlamaq üçün təqdim etməsindən 12 aydan tez və 24 aydan gec olmamaqla, növbəti ilin yanvarın 1-dən, lakin 1987-ci ilin yanvarın 1-dən tez olmayaraq qüvvəyə minir.
2. Hazırki Konvensiyanı qeyd-şərtsiz imzalayan, təsdiq edən və ya bu Maddənin 1-ci bəndində göstərilmiş minimum həddə çatdırıldıqdan ona qoşulan üzv olan dövlətlərə, Gömrük və ya İqtisadi İttifaqlara münasibətdə hazırki Konvensiya həmin dövlət, Gömrük və ya İqtisadi İttifaq onu qeyd-şərtsiz imzaladıqdan, yaxud təsdiq və ya qoşulma haqqında sənədi təqdim etdikdən 12 aydan tez və 24 aydan gec olmamaqla növbəti ilin yanvarın 1-dən sonra, əgər daha tez müddət şərtləndirilməyibsə, qüvvəyə minir. Lakin hazırki bəndin müddəalarına müvafiq olan qüvvəyə minmə tarixi bu Maddənin 1-ci bəndində nəzərdə tutulmuş müddəalara uyğun qüvvəyə minmə tarixindən tez olmamalıdır.
Maddə 14. Asılı Ərazilərdə tətbiq edilmə
1. Hər bir dövlət hazırki Konvensiyanın Razılaşan Tərəfi olan anda, yaxud ondan sonra beynəlxalq münasibətləri üçün cavabdeh olduğu ərazilərin hamısına və ya müəyyən bir hissəsinə bu Konvensiyanın yayıldığını bu barədə Baş Katibə təqdim etdiyi və həmin ərazilərin adlarının göstərildiyi xəbərdarlıq məktubu vasitəsilə bəyan edə bilər. Həmin bildiriş Baş Katib tərəfindən alındıqdan 12 aydan tez, 24 aydan gec olmayaraq növbəti ilin yanvarın 1-dən, əgər orada daha tez müddət göstərilmirsə, qüvvəyə minir. Lakin hazırki Konvensiya müvafiq dövlətə münasibətdə qüvvəyə minənə qədər həmin ərazilərə tətbiq edilə bilməz.
2. Hazırki Konvensiya qeyd olunmuş ərazilərdə Razılaşan Tərəfin həmin ərazilərin beynəlxalq münasibətləri üçün cavabdehliyini dayandırdığı tarixdə və ya 15-ci Maddədə nəzərdə tutulmuş qaydaya uyğun olaraq Baş Katibə bildirilmiş hər hansı daha tez tarixdən etibarən qüvvədən düşür.
Maddə 15. Denonsasiya
Hazırki Konvensiya qeyri-məhdud müddətə bağlanılır. Bununla belə, hər hansı Razılaşan Tərəf onu etibarsız elan edə bilər və belə denonsasiya Baş Katib tərəfindən denonsasiya haqqında sənədi aldıqdan bir il sonra, əgər həmin sənədlə daha gec müddət göstərilməyibsə, qüvvəyə minir.
Maddə 16. Düzəlişlər edilməsi qaydası
1. Şura hazırkı Konvensiyaya düzəlişləri Razılaşan Tərəflərə tövsiyə edə bilər.
2. Hər hansı Razılaşan Tərəf Baş Katibə tövsiyə olunmuş düzəlişlərlə bağlı öz etirazını bildirə və bü Maddənin 3-cü bəndində müəyyən olunmuş müddətdə etirazını geri götürə bilər.
3. Tövsiyə edilmiş hər hansı düzəliş, onun haqqında Baş Katib tərəfindən xəbərdarlıq edilmiş müddətdən altı ay keçdikdən sonra, həmin müddətin sonuna qədər heç bir etiraz irəli sürülmədiyi halda, qəbul edilmiş hesab olunur.
4. Qəbul olunmuş düzəlişlər bütün Razılaşan Tərəflərə münasibətdə aşağıdakı tarixlərdən birində qüvvəyə minir.
(a) tövsiyə edilmiş düzəliş haqqında bildiriş aprelin 1-nə qədər alındıqda — bildirişin təqdim edildiyi vaxtdan bir il keçəndən sonra növbəti ilin yanvarın 1-dən; və ya
(b) tövsiyə edilmiş düzəliş haqqında bildiriş aprelin 1-də və ya ondan gec alındıqda — bildirişin təqdim edildiyi vaxtdan iki il keçəndən sonra növbəti ilin yanvarın 1-dən.
5. Bu Maddənin 4-cü bəndində göstərilmiş müddətdə hazırki Konvensiyaya hər bir Razılaşan Tərəfin statistik nomenklaturası və gömrük-tarifi nomenklaturası və ya 3-cü maddənin 1 (c) bəndində nəzərdə tutulan halda — onun kombinə edilmiş tarif-statistik nomenklaturası üzərində düzəliş edilmiş Harmonikləşdirilmiş Sistemlə uyğunlaşdırılmalıdır.
6. Hazırkı Konvensiyanı qeyd-şərtsiz imzalayan, təsdiq edən və ya ona qoşulan hər hansı dövlət, Gömrük və ya İqtisadi İttifaq, Razılaşan Tərəf olduğu tarixdən qüvvəyə minən, yaxud bu Maddənin 3-cü bəndinin müddəalarına uyğun olaraq qəbul olunmuş hər hansı düzəliş qəbul etmiş hesab olunur.
Maddə 17. Harmonikləşdirilmiş Sistemə münasibətdə Razılaşan Tərəflərin hüquqları
6-cı Maddənin 4-cü bəndinin, 8-ci Maddənin və 16-cı Maddənin 2-ci bəndinin müddəaları Harmonikləşdirilmiş Sistemə aid bütün məsələlərdə Razılaşan Tərəfə:
(a) hazırki Konvensiyanın müddəalarına uyğun olaraq tətbiq etdiyi Harmonikləşdirilmiş Sistemin bütün bölmələrinə aid olan; və ya
(b) 13-cü Maddənin müddəalarına uyğun olaraq özünə münasibətdə hazırki Konvensiyanın qüvvəyə mindiyi ana qədər həmin Konvensiyanın müddəalarına uyğun olaraq göstərilmiş tarixdə tətbiq edilməli olan Harmonikləşdirilmiş Sistemin bütün bölmələrinə aid olan; və ya
(c) 4-cü maddənin 5-ci bəndində göstərilmiş üç illik müddət ərzində, həmin müddətin bitdiyi vaxta qədər altırəqəmli Harmonikləşdirilmiş Sistemi tətbiq etməyi rəsmi olaraq öhdəliyə götürülməsi şərtilə Harmonikləşdirilmiş Sistemin bütün bölmələrinə aid olan hüquqlar verir.
Maddə 18. Qeyd-şərtlər
Hazırki Konvensiyada heç bir qeyd-şərtlərə yol verilmir.
Maddə 19. Baş Katib tərəfindən edilən xəbərdarlıqlar
Baş Katib hazırki Razılaşan Tərəfləri, Konvensiyanı imzalamış digər dövlətləri, Konvensiyaya Razılaşan Tərəf olmayıb Şuranın üzvü olan dövlətləri və Birləşmiş Millətlər Təşkilatının Baş Katibini aşağıdakılar barədə xəbərdar edir:
(a) 4-cü Maddə üzrə bildirişlər barədə;
(b) 12-ci Maddədə göstərilmiş imzalar, ratifikasiyalar və qoşulmalar barədə;
(c) 13-cü Maddəyə uyğun olaraq hazırkı Konvensiyanın qüvvəyə minəcəyi tarix barədə;
(d) 14-cü Maddədə nəzərdə tutulmuş bildirişlər barədə;
(e) 15-ci Maddədə nəzərdə tutulmuş denonsasiyalar barədə;
(f) 16-cı Maddəyə uyğun olaraq hazırki Konvensiyaya tövsiyə edilmiş düzəlişlər barədə;
(g) 16-cı Maddəyə uyğun olaraq tövsiyə edilmiş düzəlişlərə etirazlar və yeri gələrsə onların geri götürülməsi barədə;
(h) 16-cı Maddəyə uyğun olaraq qəbul olunmuş düzəlişlər və onların qüvvəyə minmə tarixi barədə.
Maddə 20. Birləşmiş Millətlər Təşkilatında Qeydiyyat
Hazırki Konvensiya Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 102-ci maddəsinə uyğun olaraq Şuranın Baş Katibinin təqdimatına əsasən BMT-nin Katibliyində qeydiyyatdan keçir.
Bunları təsdiq edərək, aşağıda imza edən və bu məqsədlə lazımi qaydada səlahiyyət verilmiş şəxslər hazırki Konvensiyanı imzaladılar.
1983-cü il iyunun 14-də Brüsseldə fransız və ingilis dillərində hər iki mətni əsl kimi qüvvəyə malik olmaqla, yeganə nüsxədə imzalanmışdır və onun təsdiq edilmiş surətlərini 11-ci Maddədə göstərilmiş bütün dövlətlərə, Gömrük və ya İqtisadi İttifaqlara göndərməli olan Şuranın Baş Katibinə saxlanılmaq üçün təqdim olunur.
Əlavə D
Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında Beynəlxalq Konvensiyaya düzəliş Protokolu
(Düzəliş 1986-cı il iyunun 24-də Brüsseldə edilmişdir)
Brüsseldə 1950-ci il dekabrın 15-də imzalanmış Gömrük Əməkdaşlıq Şurasını təsis edən Konvensiyaya qoşulan Razılaşan Tərəflər və Avropa İqtisadi Birliyi,
Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında Beynəlxalq Konvensiyanın (1983-cü il iyunun 14-də hazırlanmışdır) 1988-ci il yanvarın 1-dən etibarən qüvvəyə minməsinin məqsədəuyğunluğunu nəzərə alaraq,
Həmin Konvensiyanın 13-cü maddəsinə düzəliş edilmədiyi təqdirdə onun göstərilən tarixdə qüvvəyə minməsinin qeyri-müəyyən qalacağını nəzərə alaraq,
Aşağıdakılar barəsində razılığa gəldilər:
Maddə 1
Brüsseldə 1983-cü il iyunun 14-də qəbul olunmuş Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında Beynəlxalq Konvensiyanın (sonrakı yazılışlarda «Konvensiya») 13-cü maddəsinin 1-ci bəndi aşağıdakı mətnlə əvəz edilsin:
«1. Hazırki Konvensiya, 11-ci maddədə göstərildiyi kimi, ən azı on yeddi dövlətin, Gömrük və ya İqtisadi İttifaqın onu qeyd-şərtsiz imzalamasından, təsdiq edilmə və ya qoşulma haqqında sənədləri təqdim etməsindən üç aydan tez olmamaqla, növbəti ilin yanvarın 1-dən, lakin 1988-ci il yanvarın 1-dən tez olmamaqla qüvvəyə minir.»
Maddə 2
A. Hazırkı Protokol, Konvensiyanın 11-ci maddəsində göstərildiyi kimi, ən azı on yeddi dövlətin, Gömrük və ya İqtisadi İttifaqı tərəfindən Protokolun qəbul edilmə haqqında sənədləri Gömrük Əməkdaşlıq Şurasının Baş Katibinə saxlanmaq üçün təqdim etməsi şərti ilə Konvensiya ilə eyni müddətdə qüvvəyə minir. Lakin heç bir Dövlət Gömrük və ya İqtisadi İttifaq Konvensiyanı əvvəlcədən imzalamamışdırsa və ya eyni müddətdə qeyri-şərtsiz imzalamayırsa və ya Konvensiyanın təsdiq edilmə və ya qoşulma haqqında sənədi əvvəlcədən təqdim etməyibsə və ya eyni müddətdə etməyirsə, bu Protokolu qəbul etməsi haqqında sənədi təqdim edə bilməz.
B. Yuxarıda göstərilmiş A bəndinə uyğun olaraq hazırkı Protokol qüvvəyə mindikdən sonra Konvensiyaya qoşulan Razılaşan Tərəf olan hər bir dövlət, Gömrük və ya İqtisadi İttifaq hazırki Protokolla üzərində düzəliş edilmiş Konvensiyaya qoşulmuş Razılaşan Tərəf olur.
Azərbaycan Respublikası bu Beynəlxalq Konvensiyaya və ona edilmiş Düzəliş Protokoluna Azərbaycan Respublikasının 2 may 2000-ci il tarixli 872-IQ nömrəli Qanunu ilə qoşulmuşdur («VneshExpertService»).
© VneshExpertService