Moldova Respublikası, Ukrayna, Belarus Respublikası və Rusiya Federasiyasının gömrük xidmətləri arasında meyvə-tərəvəz məhsullarının gömrük rəsmiləşdirilməsi zamanı güzəştlərin təqdim edilməsi haqqında Saziş
Bundan sonra Tərəflər adlandırılan bu Sazişin iştirakçıları olan gömrük xidmətləri,
Gömrük xidmətlərinin əməkdaşlığı yolu ilə meyvə-tərəvəz məhsullarının yük, tranzit axınının inkişafı və sürətləndirilməsinə yardım etməyə çalışaraq,
Müstəqil Dövlətlər Birliyi iştirakçı — dövlətlərinin gömrük xidmətləri arasında gömrük sərhədlərində gömrük rəsmiləşdirilməsi prosedurlarının sadələşdirilməsi və unifikasiyası haqqında 8 iyul 1994-cü il tarixli Sazişin 10-cu Maddəsini rəhbər tutaraq,
Tərəflər dövlətlərin ərazisində yollarda meyvə-tərəvəz məhsullarının daşınması üçün maneəsiz şərtlərin təmin edilməsi məqsədilə,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tərəflər:
a) Tərəf dövlətlərin ərazisində istehsal olunan meyvə-tərəvəz məhsullarının gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi üzrə razılaşdırılmış tədbirlər görürlər;
b) bir-birlərinin gömrük təminatlarını (plomblar, möhür şəkilləri, möhürlər, ştamplar), gömrük sənədlərini tanıyırlar, zəruri hallarda isə, keçirilən məhsullara öz gömrük təminatlarını vururlar.
Maddə 2
Tərəf dövlətlərin ərazisində istehsal olunan meyvə-tərəvəz məhsulları gömrük ərazisindən növbədənkənar qaydada buraxılır.
Maddə 3
Tərəf dövlətlərin dövlət ərazisində meyvə-tərəvəz məhsullarının mənşəyini təsdiq edən sənədlər kimi, malların ST-1 formalı mənşə sertifikatını, yaxud malların mənşə ölkəsinə dair məlumatları əks etdirən yük nəqliyyat və malları müşayiət edən digər sənədləri tanımaq.
Bu maddənin müddəaları Ukrayna tərəfindən tranzit keçirilən meyvə-tərəvəz məhsulları ilə bağlı tətbiq edilir.
Maddə 4
Bu Saziş imzalandığı andan qüvvəyə minir.
Maddə 5
Bu Saziş imzalandığı andan üç il müddətinə bağlanılır.
Moskva şəhərində 21 may 1998-ci il tarixdə hər biri eyni qüvvəyə malik olan 4 nüsxədə imzalanmışdır.
Belarus Respublikası gömrük xidməti adından
Moldova Respublikası gömrük xidməti adından
Rusiya Federasiyası gömrük xidməti adından
Ukrayna gömrük xidməti adından
Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2003-cü il tarixli 1210 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir («AzerSoft»).
© AzerSoft