Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında malların (işlərin, xidmətlərin) idxalı və ixracı zamanı vasitəli vergilərin tutulması prinsipləri haqqında SAZİŞ
Bundan sonra Razılığa Gələn Tərəflər adlandırılan Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti,
qarşılıqlı faydalı iqtisadi münasibətlərin inkişafına və iqtisadi inteqrasiyanın dərinləşməsinə, təsərrüfat subyektləri üçün bərabər imkanların yaradılmasına və ədalətli rəqabət üçün şəraitin təmin edilməsinə səy göstərərək,
beynəlxalq ticarətin ümumi qəbul olunmuş norma və qaydalarına istiqamətlənərək,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1. Ümumi təriflər
Bu Sazişin məqsədləri üçün:
a) «vasitəli vergilər» termini əlavə dəyər vergisini və aksiz vergisini bildirir;
b) «sıfır dərəcə» termini qəbul edilmiş qaydaya uyğun olaraq əlavə dəyər vergisinin sıfır dərəcə ilə tətbiq olunduğunu bildirir;
v) «təyinat yeri prinsipi» termini — bir Razılığa gələn Tərəf dövlətin gömrük ərazisindən ixrac zamanı sıfır dərəcənin tətbiq olunduğunu və idxal olunan (və ya idxal edilmiş) malların (işlərin, xidmətlərin) bu dövlətin milli qanunvericiliyi ilə müəyyənləşdirilmiş dərəcə ilə vergiyə cəlb edilməsini bildirir;
q) «səlahiyyətli orqanlar» termini:
Azərbaycan tərəfindən — Azərbaycan Respublikasının Maliyyə Nazirliyini, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsini və Azərbaycan Respublikasının Baş Dövlət Vergi Müfəttişliyini,
Özbəkistan tərəfindən — Özbəkistan Respublikasının Maliyyə Nazirliyini, Özbəkistan Respublikasının Dövlət Gömrük Komitəsini və Özbəkistan Respublikasının Dövlət Vergi Komitəsini bildirir.
Maddə 2. İxrac zamanı vergiqoyma prinsipləri
Bir Razılığa Gələn Tərəf digər Razılığa Gələn Tərəfə ixrac olunan malları (işləri, xidmətləri) vasitəli vergilərə cəlb etməyəcəkdir.
Əlavə dəyər vergisinə münasibətdə bu maddənin 1-ci bəndində göstərilən qayda sıfır dərəcəsinin tətbiq olunduğunu bildirir.
Maddə 3. İdxal zamanı vergiqoyma prinsipləri
Razılığa Gələn Tərəflərdən birinin dövlətinin ərazisindən ixrac olunan və digər Razılığa Gələn Tərəf dövlətin ərazisinə idxal edilən mallar (işlər, xidmətlər) idxalçı dövlətdə onun daxili qanunvericiliyinə müvafiq olaraq vasitəli vergilərə cəlb olunur.
Razılığa Gələn Tərəflər idxal olunan malları (işləri, xidmətləri) vergilərə cəlb edərkən öz dövlətlərinin milli qanunvericiliyi ilə müəyyən edilmiş vergi dərəcələrini tətbiq edəcəklər.
İdxal olunan mallar üzrə əlavə dəyər vergisi malların dövlətlərin milli qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən tutulur.
Razılığa Gələn Tərəflərdən birinin ərazisindən ixrac olunan və Razılığa Gələn digər Tərəfin ərazisinə idxal edilən malların (işlərin, xidmətlərin) vergiyə cəlb olunması zamanı Razılığa Gələn Tərəflər öz daxili bazarlarında istehsal olunan (satılan) analoji mallar (işlər, xidmətlər) üçün müəyyən edilmiş vergi dərəcələrini və hesablama qaydalarını tətbiq edəcəklər.
Razılığa Gələn Tərəflərdən hər biri Razılığa Gələn digər Tərəfə ən azı altı ay əvvəlcədən yazılı bildiriş göndərib, bu Sazişin qüvvədə olduğu müddət ərzində yaranmış maliyyə və digər öhdəliklərini tənzimlədikdən sonra bu Sazişdən çıxa bilər.
Bakı şəhərində, 1998-ci il fevralın 26-da, hər biri Azərbaycan, özbək və rus dillərində olmaqla iki nüsxədə imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir.
Bu Sazişin müddəalarının təfsiri məqsədi ilə rus dilində olan mətndən istifadə edilir.
|
Azərbaycan Respublikası Hökuməti adından
|
Özbəkistan Hökuməti adından
|
Saziş Azərbaycan Respublikasının 24 aprel 1998-ci il tarixli 489-IQ nömrəli Qanunu ilə təsdiq edilmişdir («AzerSoft»).
© AzerSoft