|
«Dövlət qeydiyyatına alınmışdır»
Azərbaycan Respublikası
Ədliyyə Nazirliyi
Qeydiyyat № 2779
9 aprel 2002-ci il
Nazir
F.F.MƏMMƏDOV
|
«Təsdiq edirəm»
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi
2 aprel 2002-ci il
№ 14/006
Komitənin sədri
K.F.HEYDƏROV
|
Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsində yaranmış çətinliklərin aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9-cu, 124 və 125-ci maddələrinə uyğun olaraq respublikanın gömrük orqanlarının rəhbərlərinə tapşırılsın:
1. Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mal qismində (və ya müvəqqəti) gətirilmiş, lakin müxtəlif səbəblərdən bəyan edilməmiş (və ya bəyan etmək məqsədilə müvəqqəti gətirilmə müddəti başa çatdıqdan sonra geriyə aparılmamış) Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturasının 8703 mal qrupuna aid edilən avtonəqliyyat vasitələrinin gömrük sərhədindən keçmə tarixindən asılı olmayaraq gömrük bəyannaməsinin və digər sənədlərin gömrük orqanları tərəfindən qəbul edildiyi günə qüvvədə olan gömrük qanunvericiliyinə uyğun olaraq gömrük qaydalarının pozulmasına görə saxlanıldığı və ya fiziki şəxsin müraciət etdiyi yerli gömrük orqanlarında sadələşdirilmiş qaydada rəsmiləşdirilməsini təmin etsinlər.
2. Bu Göstərişin 1-ci bəndində nəzərdə tutulan gömrük rəsmiləşdirilməsi zamanı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 iyun 1999-cu il tarixli 14/001 nömrəli 9-cu bəndini nəzərə alsınlar.
3. Gömrük rəsmiləşdirilməsi zamanı avtonəqliyyat vasitələrinin qiymətini (dəyərini) sərbəst bazar qiymətlərinə əsasən, bu qaydada qiymətləndirmə mümkün olmadıqda isə ekspert rəyinə əsasən müəyyən etsinlər.
4. Bu göstərişin 1-ci bəndində nəzərdə tutulan mal mövqeyi (8703) istisna olmaqla Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturasının 87-ci qrupuna daxil olan və müxtəlif səbəblərdən fiziki şəxslər tərəfindən rəsmiləşdirilməmiş avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsini isə Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə və gömrük işinə dair qüvvədə olan digər qanunvericilik aktlarına uyğun olaraq aparsınlar.
5. Göstəriş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçdiyi gündən qüvvəyə minsin.
Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Hüquqi Aktlarının Bülletenində dərc olunmuşdur (2002-ci il, № 5) («AzerSoft»).
© AzerSoft
Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi barədə
Göstəriş