| |
|
|
 |
AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ |
|
|
 |
|
|
№31 / 29.04.1999 (Qüvvədən düşmüş) «Tranzit gömrük rejimi haqqında Əsasnamə»nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
«Tranzit gömrük rejimi haqqında Əsasnamə»nin təsdiq edilməsi haqqında
Əmr № 31
29 aprel 1999-cu il
Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9-cu maddəsinə müvafiq olaraq əmr edirəm:
1. «Tranzit gömrük rejimi haqqında Əsasnamə» təsdiq edilsin (əlavə olunur).
2. «Tranzit gömrük rejimi haqqında Əsasnamə» normativ-hüquqi akt
kimi qeydiyyata alınması üçün Azərbaycan Respublikası Ədliyyə
Nazirliyinə təqdim olunsun.
3. Bu Əsasnamə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alındığı gündən qüvvəyə minsin.
4. İşlər İdarəsi (R.Zalov) Respublika Ədliyyə Nazirliyində
qeydiyyata alındıqdan sonra Əsasnamənin Komitənin bütün gömrük
orqanlarına çatdırılmasını təmin etsin.
Komitənin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsi (Ş.Bağırov) və
Statistika və Təhlil İdarəsi (A.D.Əliyev) bir həftə müddətində «Tranzit
gömrük bəyannaməsinin doldurulması Qaydaları»nı işləyib hazırlasın və
təsdiq üçün Komitə sədrinə təqdim etsinlər.
5. Əmrin icrasına nəzarət Komitə Sədrinin 1-ci müavini A.Əliyevə həvalə edilsin.
Komitənin sədri
K.F.HEYDƏROV.
25 avqust 2004-cü il tarixli, 40-sa nömrəli sərəncama əsasən quvvədən düşmüşdür («VneshExpertService»).
Azərbaycan Respublikası
Ədliyyə Nazirliyində
qeydə alınmışdır.
Qeydiyyat № 160
5 may 1999-cu il
Nazir
S.HƏSƏNOVA
|
«Təsdiq edilmişdir»
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi
Əmr № 31
29 aprel 1999-cu il
Sədr
K.HEYDƏROV
|
Malların tranziti gömrük rejimi haqqında
Əsasnamə
1. Ümumi müddəalar
Bu Əsasnamə Gömrük Məcəlləsinin 6-cı fəslinin müddəalarına uyğun olaraq işlənib hazırlanmışdır.
1.1. Malların tranziti — malların gömrük nəzarəti altında
Azərbaycan Respublikasının iki gömrük orqanı arasında, o cümlədən
xarici dövlətlərin ərazisindən gömrük rüsumları, vergiləri alınmadan və
mallara iqtisadi siyasət tədbirləri (kvotalaşdırma, lisenziyalaşdırma
və s.) tətbiq edilmədən keçirilməsindən ibarət gömrük rejimidir.
1.2. Bu Əsasnamədə əsas anlayışlar aşağıdakı mənada
işlədilir: tranzit mal — tranzit gömrük rejiminə uyğun Azərbaycan
Respublikasının gömrük ərazisindən keçirilən, barəsində gömrük
ödənişləri ödənilməsinin təmin edilməsi tətbiq edilən mal;
tranzit bəyannaməsi — tranzit gömrük rejimi altında yerləşdirilən malların bəyan edilməsi zamanı istifadə olunan gömrük
bəyannaməsi;
göndərən gömrük orqanı — fəaliyyət ərazisində tranzit malların və nəqliyyat vasitələrinin faktiki gətirildiyi Azərbaycan
Respublikasının sərhəd buraxılış məntəqəsi yerləşən Azərbaycan Respublikasının gömrük orqanı;
təyinat gömrük orqanı — fəaliyyət ərazisində tranzit malların və
nəqliyyat vasitələrinin faktiki aparıldığı Azərbaycan Respublikasının
sərhəd buraxılış məntəqəsi yerləşən Azərbaycan Respublikasının gömrük
orqanı;
aralıq gömrük orqanı — fəaliyyət ərazisində tranzit mallarla yük əməliyyatları aparılmasına icazə verilmiş gömrük orqanı;
Mallar bir nəqliyyat vasitəsindən digərinə yükləndikdə, fəaliyyət
ərazisində bu cür əməliyyat həyata keçirilən gömrük orqanı göndərən
gömrük orqanı hesab olunur.
daşıyıcı — malların təyinat gömrük orqanına çatdırılmasına dair gömrük orqanlarına öhdəlik vermiş, daşımanı həyata keçirən şəxs
(fiziki və ya hüquqi);
malların daşınması — malların tranzit gömrük rejiminə uyğun daşınması;
ağır çəkili və ya iri həcmli mallar — çəkisinə, ölçülərinə və ya
xarakterinə görə adətən örtülü nəqliyyat vasitəsində və ya örtülü
konteynerdə daşınmayan mallar; mal partiyası — bir nəqliyyat
sənədi üzrə bir nəqliyyat vasitəsində (konteynerdə) və ya nəqliyyat
vasitələri qrupunda bir mal alanın ünvanına daşınan mallar; ödəyici — gömrük ödənişlərinin
ödənilməsi və ya gömrük ödənişləri ödənilməsinin təminatı şəklində pul
vəsaitlərini gömrük orqanının hesabına keçirən istənilən əlaqədar şəxs; hesab-qaimə
(invoys) — mala görə ödəniləsi məbləği göstərən sənəd, malın üstündə
göndərilən qaimə şəklində istifadə oluna bilər;
hesab-proforma — mal partiyasının qiyməti və dəyəri haqqında məlumatlar
göstərilən, lakin haqq-hesab sənədi hesab olunmayan sənəd (qısa
bəyannamə şəklində istifadə oluna bilər);
spesifikasiya — mal partiyasına daxil olan malların bütün növ və çeşidlərinin siyahısı göstərilən sənəd;
nəqliyyat sənədləri — dəniz daşımalarında — konosament, şturman qeydi,
tərsanə qeydi; dəmiryol daşımalarında — dəmiryol qaiməsi və onun
dublikatı; aviadaşımalarda — aviaqaimə; avtomobil daşımalarında — yol
qaiməsi;
gömrük ödənişlərinin şərti hesablanması (ş.h) — tranzit mallar sərbəst
dövriyyə üçün buraxılış gömrük rejimi altında yerləşdirilməli olarsa,
ödənilməli olan gömrük rüsumlarının və ya vergilərin məbləği;
1.3.
Malların Azərbaycan Respublikası ərazisindən tranziti onları göndərən
gömrük orqanı tərəfindən tranzit gömrük rejimi altında yerləşdirildiyi
andan başlanır və bu Əsasnamədə başqa hal nəzərdə tutulmamışdırsa,
Azərbaycan Respublikasının ərazisindən faktiki çıxarılması ilə başa
çatır.
1.4. Azərbaycan Respublikası ərazisindən tranzitlə
keçirilən mallar və onları daşıyan nəqliyyat vasitələri (konteynerlər)
Azərbaycan Respublikasının ərazisinə gətirildiyi andan tranzit gömrük
rejimi başa çatanadək gömrük nəzarəti altında olurlar.
2. Malların tranzit gömrük rejimi altında yerləşdirilməsi şərtləri
2.1. Malların və nəqliyyat vasitələrinin Azərbaycan
Respublikasının ərazisi ilə tranziti istənilən yollar və istiqamətlərdə
həyata keçirilə bilər.
Azərbaycan Respublikasının ərazisindən tranzit rejimilə keçirilən mallar:
təbii aşınma nəticəsində dəyişikliklər və ya normal şəraitdə daşınma,
saxlanc itkiləri istisna olmaqla dəyişilməz vəziyyətdə qalmalı;
yalnız tranzit məqsədlər üçün istifadə olunmalı;
nəqliyyat vasitələrinin imkanları, təyin edilmiş marşrut və digər
daşınma şərtləri nəzərə alınmaqla, göndərən gömrük orqanı tərəfindən
müəyyən edilən müddətlərdə təyinat gömrük orqanlarına çatdırılmalıdır.
Beynəlxalq yük daşımaları üçün nəzərdə tutulmuş avtomobil
nəqliyyatı ilə daşınan tranzit malların və nəqliyyat vasitələrinin
Azərbaycan Respublikasının ərazisi ilə təyinat gömrük orqanına
çatdırılma müddəti bir sutkada 450 km hesabı ilə ancaq cəmi 48 saatdan
çox olmamaq şərti ilə müəyyənləşdirilir.
3. Malların tranzitinə icazə
3.1. Malların və nəqliyyat vasitələrinin tranziti göndərən gömrük
orqanının icazəsi ilə, bu Əsasnamənin 2-ci bölməsində göstərilən
şərtlər daxilində, həmçinin nəqliyyat vasitəsi lazımi qaydada təchiz
edildikdə gömrük müşayiəti ilə, yaxud da gömrük qanunvericiliyi ilə
müəyyən edilmiş qaydada gömrük daşıyıcısı tərəfindən daşındıqda və
yalnız gömrük ödənişlərinin ödənilməsi təmin edilməsi şərti ilə və eyni
zamanda əgər:
malların Azərbaycan Respublikasına gətirilməsi, aparılması və tranziti qadağan edilməmişsə;
bu Əsasnamə, habelə Azərbaycan Respublikasının Beynəlxalq müqavilə və
Sazişləri ilə başqa hal müəyyən edilməyibsə, tranzit malların gömrük
rəsmiləşdirilməsinə görə gömrük yığımları ödənilmişdirsə;
tranzit mallar digər dövlət orqanlarının nəzarətindən keçməlidirsə və
həmin dövlət orqanlarının icazələri təqdim edilmiş və nəzarəti həyata
keçirilmişdirsə;
malların eyniləşdirilməsinin mümkünlüyü təmin edilmişdirsə;
tranzit bəyannaməsi və gömrük məqsədləri üçün tələb olunan digər sənədlər təqdim edilmişdirsə, həyata keçirilir.
3.2.
Bu Əsasnamənin 2 və 3-cü bölmələrində göstərilən şərtlər yerinə
yetirilmədikdə malların tranzit gömrük rejimi altında yerləşdirilməsinə
icazə verilmir.
4. Tranzit bəyannaməsi və digər zəruri sənədlər
4.1. Tranzit bəyannaməsi bu Əsasnamə ilə başqa hal nəzərdə
tutulmamışdırsa, tranzit malların hər bir partiyası üçün doldurulur.
Tranzit bəyannaməsi üç nüsxədən az olmamalıdır. MDB XİF MN
üzrə müxtəlif kodları olan mal partiyası bəyan edilərkən əlavə vərəqlər
də doldurulur. Əlavə vərəqlər əvəzinə onlarda göstərilməli olan
məlumatları özündə əks etdirən əmtəə siyahılarından istifadə oluna
bilər.
4.2. Tranzit bəyannaməsi kimi gömrük orqanları tərəfindən aşağıdakılardan istifadə olunur:
Yüklərin BYD kitabçası tətbiq edilməklə beynəlxalq daşınması haqqında Gömrük Konvensiyasına (BYD Konvensiyası, 1995-ci il)
uyğun rəsmiləşdirilmiş BYD kitabçası;
Tranzit mallar dəmiryol nəqliyyatı vasitəsi ilə daşınarkən Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən edilmiş hallarda
dəmiryol qaiməsi, əgər onda gömrük rəsmiləşdirilməsi və nəzarəti üçün
lazım olan bütün məlumatlar varsa;
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən
edilmiş digər sənədlər, həmçinin Azərbaycan Respublikasının beynəlxalq
müqavilələri və Sazişləri ilə təsdiq olunmuş sənədlər. Bu cür sənədlər
və onlardan istifadə qaydası Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi tərəfindən Azərbaycan Respublikasının yerli gömrük orqanlarına çatdırılır.
Göstərilən hallarda bu Əsasnamə ilə müəyyən edilən tranzit bəyannaməsi gömrük orqanlarına təqdim edilmir.
4.3.
Tranzit bəyannaməsi aydın doldurulmalıdır. Onda pozuntular və ləkələr
olmamalıdır. Düzəlişlər səhv məlumatların üstündən xətt çəkilməsi,
onların üstündə lazımi məlumatlar çap edilmə yolu ilə aparılır. Hər bir
bu cür düzəliş səlahiyyətli şəxsin imzası və deklarantın möhürü ilə
təsdiq edilir.
4.4. Tranzit bəyannaməsini deklarant tərtib edir, imzalayır və göndərən gömrük orqanına təqdim edir.
4.5.
Tranzit bəyannaməsi ilə eyni zamanda gömrük rəsmiləşdirilməsi və
nəzarəti üçün lazım olan aşağıdakı sənədlər gömrük orqanlarına təqdim
edilir:
nəqliyyat və malı müşayiət edən sənədlər;
hesab-qaimələr, yaxud da tranzit malların eyniləşdirilməsinə imkan verən məlumatları əks etdirən hesab-proformalar;
eyniləşdirmə vasitələri kimi möhürlərdən, plomblardan və eyniləşdirici
işarələrdən istifadə oluna bilmədiyi halda, tranzit malların
eyniləşdirilməsinin mümkünlüyünü təmin edən sənədlər (malların
təsvirləri, çertyojları, foto şəkilləri, illüstrasiyaları və s.);
gömrük brokerinin (müqavilə əsasında deklarantın), daşıyıcının və ya
malları keçirən şəxsin tranzit bəyannaməsini öz adından verməyə
səlahiyyətlərini təsdiq edən sənədlər;
mallar digər dövlət orqanlarının nəzarətindən keçməlidirsə, həmin orqanların icazələri;
gömrük rüsumlarının, yığımlarının və vergilərinin ödənilməsinin təmin edilməsini təsdiq edən sənədlər.
Təqdim
edilən nəqliyyat və malı müşayiət edən sənədlər, həmçinin digər
sənədlər mal alanın Azərbaycan Respublikası hüdudlarından kənarda
olması ilə əlaqədar, malların tranzitdən başqa heç bir məqsəd üçün
istifadə olunmayacağı barədə gömrük orqanının vəzifəli şəxsləri şübhə
doğurmayan məlumatlara malik olmalıdır. Təqdim olunan sənədlərdə
kifayət etməyən və düzgün olmayan məlumatlar olduğunu güman etməyə
yetərli əsaslar varsa, göndərən gömrük orqanı bu Əsasnamədə göstərilən
sənədlərdən əlavə sənədlər tələb etmək səlahiyyətinə malikdir.
5. Tranzit malların gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları və gömrük ödənişləri ödənilməsinin
təmin edilməsi
5.1. Azərbaycan Respublikasının ərazisindən tranzit gömrük rejimi
altında keçirilən malların gömrük rəsmiləşdirilməsinə görə Azərbaycan
Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə gömrük
yığımları alınır.
5.2. Aşağıdakılardan gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları tutulmur:
xarici ölkələrin ərazisindən tranzitlə keçirilən Azərbaycan mallarından;
BYD kitabçası tətbiq edilməklə tranzit malların beynəlxalq daşımaları zamanı;
Azərbaycan Respublikasının beynəlxalq müqavilələri və Sazişləri ilə
müəyyən edilmiş hallarda tranzitlə keçirilən mallardan;
Bu barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən gömrük orqanlarına məlumat verilir.
5.3. Tranzit malların gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımlarının ödənilməsinə möhlət verilmir və vaxtı uzadılmır.
5.4.
Gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları göndərən gömrük
orqanının hesabına tranzit bəyannaməsi qəbul edilənədək və ya qəbul
edilən zaman ödənilir.
5.5. Bu Əsasnamənin 3-cü bölməsinin 3.1 bəndinə uyğun olaraq, barəsində gömrük ödənişləri ödənilməsi təmin edilməmiş mallar
Azərbaycan Respublikası ərazisinə gətirilə bilməz.
5.6.
Gömrük ödənişləri ödənilməsinin təmin edilməsi malların və nəqliyyat
vasitələrinin girovu, üçüncü şəxsin (bankların və digər kredit
təşkilatlarının, habelə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun
lisenziyaya malik sığorta şirkətlərinin) zəmanəti və ya ödənilməli olan
məbləğin depozitə verilməsi yolu ilə həyata keçirilə bilər.
5.7. Aşağıdakı hallarda gömrük ödənişləri ödənilməsinin təmin edilməsi tələb olunmur:
tranzit mallar dövlət dəmir yolu ilə daşınarkən;
tranzit mallar BYD kitabçası tətbiq edilməklə daşınarkən;
tranzit mallar gömrük daşıyıcısı tərəfindən daşınarkən;
Azərbaycan Respublikasının ərazisindən rüsum və vergilər tutulmayan malların tranziti zamanı.
5.8. Malların tranziti gömrük rejiminin pozulması hallarında şərti
hesablanmış gömrük ödənişləri ödənilməsinin sığortalanması üzrə
sənədlərin rəsmiləşdirilməsi, habelə onların ödənilməsi üzrə sığorta
şirkətinə qarşı iddialar qaldırılması Azərbaycan Respublikasının mövcud
qanunvericiliyinə uyğun həyata keçirilir.
6. Malların tranziti gömrük rejiminin digər gömrük rejiminə dəyişdirilməsi. Tranzit mallarla yük əməliyyatları
6.1. Malların tranzit gömrük rejimi digər gömrük rejiminə aşağıdakı hallarda dəyişdirilə bilər:
daşıyıcı
tranzit mallar daşınarkən, onların sonrakı hərəkətini mümkünsüz edən
qəza və ya qarşısıalınmaz qüvvənin təsiri nəticəsində Azərbaycan
Respublikası Gömrük Məcəlləsinin 35-ci maddəsinin birinci hissəsi ilə
nəzərdə tutulmuş şərtləri təmin edə bilmədiyi hallarda; malların mülkiyyətçisi, alıcısı, sahibi olan və
ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq mallarla
öz adından hərəkətlər etmək üçün səlahiyyətli olan şəxslərin niyyətləri
dəyişdirilərkən.
Bu cür hallarda tranzit mallar müvəqqəti saxlanc anbarında yerləşdirilməlidir.
6.2.
Malların tranziti gömrük rejimi başqa gömrük rejiminə dəyişdirilərkən
malların digər gömrük rejimi altında yerləşdirilməsinin bütün
şərtlərinə əməl edilməli və ödənilməli olan gömrük rüsumları və
vergilər, habelə gömrük rəsmiləşdirilməsinə görə yığımlar
ödənilməlidir.
Mallar başqa gömrük rejimi altında yerləşdirilərkən tranzit
gömrük rejimi başa çatır. Tranzit malların başqa gömrük rejimi altında
yerləşdirilməsinə dair qərar qəbul etmiş gömrük orqanı göndərən və
təyinat gömrük orqanlarını həmin malların gömrük nəzarətindən
çıxarılması üçün məlumatlandırır.
6.3. Azərbaycan Respublikası ərazisindən tranzit mallar
daşınan nəqliyyat vasitələrində (konteynerlərdə) daşınan tranzit mallar
başqa nəqliyyat vasitələrinə (konteynerlərə) yüklənə bilər. Azərbaycan
Respublikasının ərazisindən tranzit zamanı mallarla yük əməliyyatı
gömrük orqanının icazəsi ilə müvəqqəti saxlanc və gömrük orqanlarının
müəyyən etdiyi digər yerlərdə gömrük orqanlarının vəzifəli şəxslərinin
iştirakı ilə aparılır.
Tranzit və ya çatdırılan malların bir neçə partiyası bir
nəqliyyat vasitəsində (konteynerdə) daşınarkən daşınmaya göndərən
gömrük orqanı icazə verir. Çatdırılan mallar aralıq gömrük orqanında
boşaldılarkən tranzit bəyannaməsində qoyulmuş eyniləşdirmə vasitələri
barədə məlumatlar göstərilir.
6.4. Tranzit və ya çatdırılan malların tranzit malları
daşıyan nəqliyyat vasitəsinə (konteynerə) əlavə yüklənməsinə icazə
fəaliyyət zonasında bu cür yükləmə həyata keçirilən gömrük orqanı
tərəfindən verilir.
Əlavə yükləmədən sonra tranzit bəyannaməsində qoyulmuş yeni eyniləşdirmə vasitələri barədə məlumatlar göstərilir.
6.5.
Tranzit malların başqa nəqliyyat vasitəsini yenidən yüklənməsinə icazə
göndərən gömrük orqanını həyata keçirmiş yenidən yükləmə barədə
operativ rabitə kanalları ilə xəbərdar etməklə, fəaliyyət zonasında bu
cür yenidən yükləmə həyata keçirilən gömrük orqanı tərəfindən verilir.
Yenidən yüklənmiş tranzit malların aralıq gömrük orqanı tərəfindən
gömrük rəsmiləşdirilməsindən sonrakı daşınması Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi qaydada və bu Əsasnaməyə uyğun
həyata keçirilir.
6.6. Tranzit malların bir neçə yenidən yüklənməsi həyata
keçirilmişsə, təyinat gömrük orqanına, daşıyıcı tərəfindən tranzit
malların keçirilməsinə gömrük nəzarəti məqsədləri üçün istifadə olunan,
fəaliyyət zonasında bu cür yenidən yükləmə yerləri yerləşən aralıq
gömrük orqanları tərəfindən təsdiq olunmuş bütün sənədlərin surətləri
təqdim olunmalıdır.
Zədələnmiş qablaşdırmanın düzəldilməsinə, qablaşdırmanın
açılmasına, qablaşdırmaya və ya yenidən qablaşdırmaya icazə fəaliyyət
zonasında bu cür əməliyyatlara zərurətin yarandığı gömrük orqanı
tərəfindən verilir. Lazım gəldikdə, tranzit bəyannaməsinə həmin gömrük
orqanının vəzifəli şəxsinin imzası və şəxsi nömrəli möhürü ilə
təsdiqlənən müvafiq dəyişikliklər edilir.
7. Müxtəlif nəqliyyat vasitələri ilə daşınma zamanı malların tranzitinin xüsusiyyətləri
7.1. BYD kitabçası tətbiq edilməklə yüklərin beynəlxalq daşınması
haqqında Gömrük Konvensiyasına (BYD Konvensiyası, 1975-ci il) uyğun
avtomobil nəqliyyat vasitəsi ilə daşınan tranzit malların gömrük
rəsmiləşdirilməsi qaydası Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsinin müəyyən etdiyi qayda və bu Əsasnamə ilə müəyyən edilir. Tranzit mallar BYD proseduru üzrə yenidən yükləmə həyata
keçirilən aralıq gömrük orqanına göndərilmişsə, sonrakı daşımanın
rəsmiləşdirilməsi üçün tranzit bəyannaməsindən istifadə olunur. Gömrük
rəsmiləşdirilməsinə görə gömrük yığımlarının məbləği Azərbaycan
Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
7.2. Azərbaycan Respublikası ərazisindən hava nəqliyyatı
ilə tranzit keçirilən mallar o zaman bu Əsasnaməyə uyğun tranzit gömrük
rejimi altında yerləşdirilir ki, gömrük qanunvericiliyinin tələblərinə
uyğun şəkildə iki gömrük orqanı arasında nəzarətdə saxlanmaq şərti ilə
həmin hava gəmiləri Azərbaycan Respublikası ərazisində iki dəfə və daha
çox enmiş olsun.
Azərbaycan Respublikası ərazisindən tranzitlə keçirilən
malların gömrük rəsmiləşdirilməsi və nəzarəti aşağıdakı hallarda
tranzit bəyannaməsi rəsmiləşdirilmədən və gömrük rəsmiləşdirilməsinə
görə gömrük yığımları tutulmadan həyata keçirilir:
texniki enmə zamanı; hava gəmisinin iş
qabiliyyətinin və sazlığının yoxlanması üzrə əməliyyatlar keçirilməsi
üçün dayanması (baqaj, mallar yüklənmədən və boşaldılmadan, onlarla yük
əməliyyatları aparılmadan, həmçinin sərnişinləri endirilmədən və
düşürülmədən);
məcburi enmə zamanı;
mal və ya baqajla hər hansı bir yük əməliyyatı həyata keçirilmədən
yoluna davam etmə imkanı olduqda, hava gəmisinin uçuş planına uyğun
uçuşu yerinə yetirməyin mümkün olmaması səbəblərinə görə yerə enməsi
zamanı.
8. Tranzit malların və nəqliyyat vasitələrinin gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi
8.1. Tranzit gömrük rejimi altında yerləşdirilən malların gömrük
rəsmiləşdirilməsi göndərən gömrük orqanında həyata keçirilir.
8.2. Tranzit malların və nəqliyyat vasitələrinin gömrük
rəsmiləşdirilməsi üçün göndərən gömrük orqanına daşıyıcı və ya
deklarant tərəfindən tranzit bəyannaməsi təqdim edilir. Tranzit
bəyannaməsi kimi gömrük orqanları tərəfindən həmçinin aşağıdakı
sənədlər istifadə olunur:
BYD kitabçası tətbiq edilməklə yüklərin beynəlxalq daşımaları haqqında Gömrük Konvensiyasına uyğun rəsmiləşdirilmiş BYD
kitabçası;
Tranzit mallar dəmiryol nəqliyyatı ilə daşınarkən Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi hallarda dəmiryol
qaiməsi, əgər onda gömrük rəsmiləşdirilməsi və nəzarəti üçün zəruri
olan bütün məlumatlar varsa;
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən
edilən digər sənədlər, həmçinin Azərbaycan Respublikasının beynəlxalq
müqavilə və Sazişləri ilə təsdiq edilmiş sənədlər.
8.3. Göndərən gömrük orqanının tələbi ilə malları
Azərbaycan Respublikasının gömrük sərhədindən keçirən şəxs, daşıyıcı və
ya mallar və nəqliyyat vasitələri barədə səlahiyyətlərə malik digər
şəxs gömrük rəsmiləşdirilməsindən keçməli olan malların və nəqliyyat
vasitələrinin daşınmasının, çəkilməsinin və ya miqdarının başqa cür
təyin edilməsini, yüklənməsini, boşaldılmasını, yenidən yüklənməsini,
zədələnmiş qablaşdırılmasının düzəldilməsini, qablaşdırılmasını və ya
yenidən qablaşdırılmasını, həmçinin bu cür mallar və nəqliyyat
vasitələri ola bilən binaların, tutumların və digər yerlərin açılmasını
həyata keçirməyə borcludurlar. Göstərilən əməliyyatlar yalnız gömrük
orqanlarının nəzarəti və icazəsi ilə aparıla bilər.
Mallar və nəqliyyat vasitələri ilə yük və başqa
əməliyyatlar Azərbaycan Respublikasının gömrük orqanı üçün heç bir
əlavə xərcə səbəb olmamalıdır.
8.4. Tranzit malların gömrük orqanlarının icazəsi olmadan
götürülməsi və ya bu cür malların dəyişdirilməsi hallarının aradan
qaldırılması üçün mallar, göndərən gömrük orqanı tərəfindən, həmçinin
bu Əsasnamə ilə nəzərdə tutulmuş hallarda həm də təyinat gömrük orqanı
və aralıq gömrük orqanı tərəfindən eyniləşdirilməlidir.
8.5. Göndərən gömrük orqanı gömrük yoxlaması, plomblar,
möhürlər vurulması, eyniləşdirilmə işarələri qoyulması, malların
təsviri, çertyojlar tərtib olunması, miqyaslı təsvirlər, fotoşəkillər,
illüstrasiyalar, habelə eyniləşdirmə vasitələri təqdim edilməsi yolu
ilə nəqliyyat və malı müşayiət edən sənədlərdəki məlumatların
uyğunluğunu yoxlamaq məqsədləri üçün daşınan malların
eyniləşdirilməsini həyata keçirir.
8.6. Malların məhv olması, həmişəlik itirilməsi və ya
əhəmiyyətli dərəcədə korlanması təhlükəsi olduğu hallar istisna
edilməklə, eyniləşdirmə vasitəsi yalnız gömrük orqanları tərəfindən,
yaxud da onların icazəsi ilə dəyişdirilə və ya məhv edilə bilər.
Göstərilən hallar yarandıqda, daşıyıcı ən yaxın gömrük orqanına
eyniləşdirmə vasitələrinin dəyişdirilməsi, kənarlaşdırılması və ya məhv
edilməsi barədə dərhal məlumat verməli və bu cür təhlükənin
mövcudluğunu təsdiq edən sübutlarını təqdim etməlidir.
8.7. Tranzit mallar, o cümlədən ağır çəkili və iri həcmli
mallar gömrük qanunvericiliyinə uyğun təchiz edilməmiş üstüaçıq
nəqliyyat vasitələrində daşınarkən eyniləşdirmə vasitələri ayrı-ayrı
yük yerlərinə qoyula bilər, yaxud da eyniləşdirmə vasitələri kimi
malların təsvirləri, çertyojlar, miqyaslı təsvirlər, fotoşəkillər,
illüstrasiyalar və malı müşayiət edən sənədlər istifadə oluna bilər.
Göstərilən sənədlər göndərən gömrük orqanının vəzifəli şəxsi tərəfindən
təsdiq edilir və tranzit bəyannaməsinə əlavə olunur. Eyniləşdirmə
vasitələri barədə məlumatlar tranzit bəyannaməsində göstərilir.
8.8. Gömrük rəsmiləşdirilməsi məqsədləri üçün Azərbaycan
Respublikası gömrük orqanları mallardan prob və nümunələr götürmək və
onların tədqiqini (ekspertizasını) aparmaq hüququna malikdirlər. Prob
və nümunələr tədqiqat aparılmasını təmin edən minimal miqdarlarda
götürülür. Gömrük nəzarəti altında mallardan prob və nümunələrin
götürülməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin
müəyyən etdiyi formaya uyğun akt tərtib olunur.
Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli
şəxsləri başqa dövlət nəzarəti orqanları, habelə mallar barəsində
səlahiyyətləri olan şəxslər və onların nümayəndələri tərəfindən prob və
nümunələr götürülməsində iştirak edirlər. Qanunvericilikdə müəyyən
edilmiş qaydada mallar barədə səlahiyyətləri olan şəxslərin və ya
onların nümayəndələrinin iştirakı olmadan prob və nümunələr Azərbaycan
Respublikası gömrük orqanları tərəfindən həmin şəxslər mallar təqdim
edildikdən 10 gün sonra gəlmədiyi halda, həmçinin təxirəsalınmaz
hallarda götürülə bilər.
Mallardan prob və nümunələr götürülməsi, onların tədqiq
edilmə müddətləri və qaydası, eləcə də onlar üzərində sərəncam
verilməsi qaydası Azərbaycan Respublikası Gömrük Komitəsi tərəfindən
müəyyən edilir.
8.9. Tranzit bəyannaməsi Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsi tərəfindən müəyyən edilən müddətlərdə verilir. Mallar
və onları daşıyan nəqliyyat vasitələrinin gömrük orqanına təqdim
edilməsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin müəyyən
etdiyi müddətdən artıq olmamalıdır.
Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan boş
nəqliyyat vasitələri gömrük qanunvericiliyinin tələblərinə uyğun
şəkildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin müəyyən
etdiyi qaydada və müddət ərzində rəsmiləşdirilir.
8.10. Gömrük Məcəlləsində nəzərdə tutulmuş qaydada
göndərən gömrük orqanın icazəsi ilə tranzit bəyannaməsində göstərilən
məlumatlar dəyişdirilə, tamamlana, verilmiş tranzit bəyannaməsi isə
götürülə bilər.
Dəyişikliklər, əlavələr və ya götürülmələr yalnız:
tranzit bəyannaməsinin yoxlanılması başlananadək;
malların və nəqliyyat vasitələrinin yoxlanılması başlananadək;
göstərilən məlumatların gömrük orqanları tərəfindən düzgün olmaması müəyyən edilənədək həyata keçirilə bilər.
Azərbaycan
Respublikası gömrük orqanlarının vəzifəli şəxsləri, daxil edilməsi
Azərbaycan Respublikası gömrük orqanlarının səlahiyyətlərinə aid
edilmiş məlumatlardan başqa, öz təşəbbüsləri, şəxsin tapşırığı və ya
xahişi ilə yazılı gömrük bəyannaməsini doldurmaq, dəyişdirmək, ona
əlavələr etmək, həmçinin maşınla emal üçün istifadə olunan
kodlaşdırılmış məlumatları, onlar kodlaşdırılmamış şəkildə olarsa,
dəyişdirmək və tamamlamaq hüququna malik deyillər.
8.11. Azərbaycan Respublikasının ərazisindən tranzit zamanı göndərən gömrük orqanı malların keçirilməsinə nəzarəti Azərbaycan
Respublikasının ərazisinə gətirilmə yerindən təyinat gömrük orqanınadək təmin edirlər.
Xarici dövlətin ərazisindən tranzit zamanı, göndərən gömrük orqanı malların keçirilməsinə nəzarəti Azərbaycan Respublikasının
ərazisindən aparılma yerindən təyinat gömrük orqanınadək təmin edir.
8.12. Göndərən gömrük orqanı:
tranzit bəyannaməsini tərtib etmiş şəxs tərəfindən onun doldurulma qaydalarına əməl edilməsini yoxlayır;
tranzit bəyannaməsini qeydiyyat jurnalında qeydə alır və onun üzərində məlumat nömrəsi qoyur;
malın başqa dövlət orqanlarının nəzarətindən keçməli olub-olmamasını müəyyən edir;
bu Əsasnamənin 4.6-cı bəndində göstərilən sənədlərin olmasını yoxlayır;
daşıyıcının əvvəllər malların tranziti və gömrük nəzarəti altında
daşınması zamanı gömrük qaydalarını pozub və ya pozmamasını yoxlayır;
zərurət olduqda malların və nəqliyyat vasitələrinin yoxlanmasını həyata keçirir.
8.13. Malların tranzitinə icazə verildikdən sonra göndərən gömrük orqanının vəzifəli şəxsləri:
malların və nəqliyyat vasitələrinin eyniləşdirilməsini təmin edirlər;
tranzit malların və nəqliyyat vasitələrinin aralıq gömrük orqanına və
təyinat gömrük orqanınadək çatdırılması müddətini müəyyən edirlər; tranzit bəyannaməsinin, nəqliyyat və malı
müşayiət edən sənədlərin, o cümlədən hesab-qaimələrin və
hesab-proformaların hər bir nüsxəsinə ştamp vurur və həmin ştampı şəxsi
nömrəli möhürlə təsdiq edirlər;
tranzit bəyannaməsinin birinci və üçüncü nüsxələrini mal və digər
zəruri sənədlərlə birlikdə aralıq gömrük orqanlarına və təyinat gömrük
orqanına təqdim etmək üçün daşıyıcıya verirlər;
tranzit bəyannaməsinin birinci nüsxəsini özlərində saxlayırlar;
operativ rabitə kanalları ilə aralıq gömrük orqanını və təyinat gömrük
orqanını tranzit malların və nəqliyyat vasitələrinin yola düşməsi
barədə xəbərdar edirlər.
8.14. Mallar və nəqliyyat vasitələri təyinat gömrük
orqanına və ya aralıq gömrük orqanına gəlib çatdıqdan sonra daşıyıcı
gömrük orqanını tranzit malların gəlib çatması barədə xəbərdar edir.
Xəbərdar etmənin forma və qaydasını gömrük orqanı müəyyən edir.
8.15. Aralıq gömrük orqanının vəzifəli şəxsləri tranzit malların gəlib çatması barədə məlumat aldıqdan sonra:
malların və nəqliyyat vasitələrinin çatdırılma müddətinə daşıyıcı tərəfindən əməl edilməsini yoxlayır;
tranzit malları və nəqliyyat vasitələrini eyniləşdirir;
tranzit bəyannaməsinin, nəqliyyat və malı müşayiət edən sənədlərin hər
bir nüsxəsinə ştamp vurur və onu şəxsi nömrəli möhürlə təsdiq edir;
tranzit bəyannaməsini qeydiyyat jurnalında qeydə alır;
tranzit malların başqa nəqliyyat vasitəsinə yüklənməsinə nəzarət edir;
mallar başqa nəqliyyat vasitəsinə yükləndikdən sonra Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi tələblərə və bu
Əsasnaməyə uyğun hərəkət edirlər.
8.16. Təyinat gömrük orqanlarının vəzifəli şəxsləri tranzit malların gəlib çatması barədə xəbərdarlıq aldıqdan sonra:
daşıyıcı tərəfindən malların və nəqliyyat vasitələrinin çatdırılma müddətinə əməl edilməsini yoxlayır;
tranzit malları və nəqliyyat vasitələrini eyniləşdirir;
zərurət olduqda malların və nəqliyyat vasitələrinin yoxlanmasını həyata keçirir;
tranzit bəyannaməsinin, nəqliyyat və malı müşayiət edən sənədlərin hər
bir nüsxəsinə ştamp vurur və onu şəxsi nömrəli möhürlə təsdiq edir;
tranzit bəyannaməsini qeydiyyat jurnalında qeydə alır;
tranzit bəyannaməsinin üçüncü nüsxəsini daşıyıcıya qaytarır, ikinci nüsxəsini isə özündə saxlayır;
tranzit malların Azərbaycan Respublikasının ərazisindən faktiki aparılmasına nəzarət edir;
malların tranzitinin başa çatması haqqında operativ rabitə kanalları
ilə göndərən və aralıq gömrük orqanlarına müəyyən olunmuş qaydada
nəzarətdən çıxarılması üçün məlumat verirlər.
9. Yekun müddəalar
9.1. Aksizli malların Azərbaycan Respublikasının ərazisindən
tranzitlə keçirilmə qaydası bu Əsasnamə və Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsinin digər normativ aktları ilə müəyyən edilir.
9.2. Bu Əsasnamənin qüvvəsi Azərbaycan Respublikasının
ərazisindən magistral neft kəmərləri, neft məhsulları kəmərləri, qaz
kəmərləri və elektrik ötürücü xətləri ilə tranzitlə keçirilən malların
gömrük rəsmiləşdirilməsi və gömrük nəzarətinə şamil edilmir.
9.3. Tranzit malların daşınmasına görə Azərbaycan
Respublikası Gömrük Məcəlləsinin 39-cu maddəsinin tələblərinə uyğun
olaraq daşıyıcı məsuliyyət daşıyır.
9.4. Mallar gömrük orqanının icazəsi olmadan verildikdə,
itirildikdə və ya təyinat gömrük orqanına çatdırılmadıqda, daşıyıcı
həmin mallar sərbəst dövriyyə üçün buraxılış gömrük rejimi və ya xarici
dövlətin ərazisindən tranzit zamanı ixrac gömrük rejimi altında
yerləşdirildiyi halda ödənilməli olan gömrük rüsum və vergilərini
ödəməlidir.
Azərbaycan Respublikasına daxil olan və sərhəd gömrük
orqanında qeydə alınmış tranzit yüklər (nəqliyyat vasitələri) müəyyən
olunmuş müddət ərzində təyinat gömrük orqanına çatdırılmadıqda
(telefonoqram daxil olmadıqda) sərhəd gömrük orqanı təyinat gömrük
orqanına sorğu verərək bütün sərhəd gömrük orqanına Azərbaycan
Respublikasına yük gətirən həmin nəqliyyat vasitəsinin respublika
ərazisindən geri çıxarılmasının qarşısını almaq məqsədilə təcili
məlumat verməli və gömrük qanunvericiliyinin tələblərinin pozulması
haqqında iş başlanmalıdır.
9.7. Zəmanətçi tərəfindən pul vəsaitlərinin ödənilməsi
daşıyıcını gömrük qaydalarının pozulmasına görə məsuliyyətdən, həmçinin
bank zəmanətinin müvafiq məbləğindən və ya qoyulmuş tələb məbləğindən
artıq hissədə gömrük ödənişlərini ödəməkdən azad etmir.
9.8. Əgər tranzit mallar daşınarkən daşıyıcı qəza və ya
qarşısı alınmaz qüvvənin təsiri nəticəsində bu Əsasnamənin 2.1 bəndində
nəzərdə tutulmuş şərtlərin yerinə yetirilməsini təmin edə bilmirsə, o
tranzit malların salamatlığının təmin edilməsi və tranzit malların
icazəsiz istifadə olunmasına yol verilməməsi üçün bütün tədbirləri
görməli, gecikdirmədən ən yaxın gömrük orqanına bu hallar və tranzit
mallar olduğu yer barədə məlumat verməlidir.
Göstərilən gömrük orqanı hadisənin hallarını öyrəndikdən
sonra bu Əsasnaməyə 1 saylı Əlavədə göstərilən forma üzrə 3 nüsxədən
ibarət akt tərtib edir, aktın birinci nüsxəsi onu tərtib edən gömrük
orqanında qalır, ikinci nüsxəsi tranzit malı nəzarətdən çıxarmaq üçün
göndərən gömrük orqanına göndərir, üçüncü nüsxəsi isə daşıyıcıya
verilir.
Yol-nəqliyyat hadisəsinə dair aktın doldurulması qaydası bu Əsasnaməyə 2 saylı Əlavədə göstərilmişdir.
Tranzit gömrük rejimi haqqında Əsasnaməyə
Əlavə № 1
Qəzaya və ya qarşısıalınmaz qüvvənin təsirinə dair
Akt
1. Göndərən gömrük orqanı
2. Təyinat gömrük orqanı
3. Əvvəlki tranzit bəyannaməsinin №-si
4. Nəqliyyat vasitəsinin (konteynerin) qeydiyyat
nömrəsi
5. Daşıyıcı (adı, ünvanı)
6. Eyniləşdirmə vasitələri
7. Yeni nəzarət sənədinin №-si
zədələnmişdir
zədələnməmişdir
8. Yük bölməsi
zədələnmişdir
zədələnməmişdir
9.
malların itirilməsi müəyyən edilməmişdir
Mallar (10—13 qrafaları) yoxdur (Y),
məhv edilmişdir (M)
10. Yük yerlərinin markalanması və nömrələri
11. Yük
yerlərinin
sayı, növü,
malların
kodları
12. Y və ya M
13. Qeydlər
(olmayan və/və
ya məhv
edilmiş
malların sayını
göstərməli)
14. Tərtib olunma tarixi və yeri
15. Gömrük nəzarəti altında daşınma üçün görülən tədbirlər
Yeni eyniləşdirmə vasitələri qoyulması: sayı ___________ təsviri ___________
Malların yenidən yüklənməsi (qrafa 16-ya bax)
Sair
16. Mallar yenidən yüklənmişdirsə, onların yenidən yükləndiyi nəqliyyat vasitələrinin fərqləndirici
əlamətləri
Qeydiyyat nömrəsi
Bəli
Xeyr
Eyniləşdirmə vasitələrinin sayı və təsviri
a) nəqliyyat vasitəsi ________
_______________________________________
b) konteyner _____________
_______________________________________
17. Aktı tərtib etmiş gömrük orqanı
18. Təyinat gömrük orqanının qeydləri
Yeri, tarixi, ştamp, imza
İmza
(Şəxsi nömrəli möhür) M.Y.
Müvafiq qrafalarda xətt işarəsi qoymalı
Malların tranziti gömrük rejimi haqqında Əsasnaməyə
Əlavə № 2
Qəzaya və ya qarşısıalınmaz qüvvənin təsirinə dair
Aktın doldurulma Qaydası
1. Qəza və ya qarşısıalınmaz qüvvənin təsirinə dair Akt müvafiq blankda
(Tranzit gömrük rejimi haqqında Əsasnaməyə — Əlavə 2) üç nüsxədə
fəaliyyət zonasında qəza baş vermiş və ya qarşısıalınmaz qüvvənin
təsiri yaranmış gömrük orqanın vəzifəli şəxsi tərəfindən doldurulur.
2. Aktın qrafaları aşağıdakı qaydada doldurulur:
Qrafa 1. «Göndərən gömrük orqanı»
Qrafada göndərən gömrük orqanının adı göstərilir.
Qrafa 2. «Təyinat gömrük orqanı»
Qrafada Təyinat gömrük orqanın adı göstərilir.
Qrafa 3. «Əvvəlki tranzit bəyannaməsinin nömrəsi»
Qrafada qəzaya, yaxud da qarşısıalınmaz qüvvənin təsirinədək tranzit gömrük rejimi haqqında Əsasnaməyə uyğun olaraq malların
daşınmasının həyata keçirildiyi tranzit bəyannaməsinin (BYD kitabçasının, YGB-nin dəmiryol qaiməsinin) nömrəsi göstərilir.
Qrafa 4. «Nəqliyyat vasitəsinin qeydiyyat nömrəsi və konteynerin eyniləşdirmə nömrəsi»
Qrafada
malların tranziti gömrük rejimi haqqında Əsasnaməyə uyğun olaraq
malları daşıyan nəqliyyat vasitəsinin qeydiyyat nömrəsi və ya
konteynerin eyniləşdirmə nömrəsi göstərilir.
Qrafa 5. «Daşıyıcı»
Qrafada daşıyıcının adı və hüquqi ünvanı göstərilir.
Qrafa 6. «Eyniləşdirmə vasitələri zədələnməmişdir və ya zədələnmişdir»
Qrafada müvafiq boş yerdə eyniləşdirmə vasitələrinin zədələnməsi və ya zədələnməməsi işarəsi (xətt işarəsi) qoyulur.
Qrafa 7. «Yük yeri zədələnmişdir (zədələnməmişdir)»
Müvafiq
boş yerdə nəqliyyat vasitəsinin və ya konteynerin yük bölməsinin
zədələnmə və ya zədələnməmə işarəsi (xətt işarəsi) qoyulur.
Qrafa 8. «Yeni nəzarət sənədinin nömrəsi»
Qrafada
malların daşınmasının həyata keçirildiyi yeni nəzarət sənədinin
(tranzit bəyannaməsinin, daşınma cədvəlinin və s.) nömrəsi göstərilir.
Qrafa 9. «Malın itirilməsi müəyyən edilməmişdir»
Boş
yerdə malların tam mövcudluğu işarəsi (xətt işarəsi) qoyulur. Mallar və
ya onların bir hissəsi itirildikdə yer boş saxlanılır. «Mallar (10—13
qrafaları) yoxdur, məhv edilmişdir» boş yerində malların və onların bir
hissəsinin olmaması («Y») və ya məhv olması («M») işarəsi qoyulur.
Qrafa 10. «Yük yerlərinin markalanması və nömrələri»
Qrafada yük yerlərinin markalanması və nömrələri göstərilir.
Qrafa 11. «Yük yerlərinin sayı və növü, malın kodu»
Qrafada yük yerlərinin sayı və növü, həmçinin malın XİF MN üzrə kodu göstərilir.
Qrafa 12. «Y və ya M»
11
Qrafada göstərilən malların qarşısında onların olmaması (Y) və ya məhv
olması (M) işarəsi qoyulur. Malların itirilməsi müəyyən edilməyibsə,
qrafa doldurulmur.
Qrafa 13. «Qeydlər»
Qrafada olmayan və ya məhv olmuş malların miqdarı göstərilir. İtirilmə müəyyən edilməyibsə, qrafa doldurulmur.
Qrafa 14. «Tərtib olunma tarixi və yeri»
Qrafada qəzanın baş verdiyi və ya qarşısıalınmaz qüvvənin təsiri hallarının yarandığı yerin tam adı və tarixi göstərilir.
Qrafa 15. «Gömrük nəzarəti altında daşınmanın davam etməsi üçün görülən tədbirlər»
Qrafada
yeni eyniləşdirmə vasitələri, onların sayı və təsviri, malların başqa
nəqliyyat vasitəsinə və ya konteynerə yüklənmə əlaməti, daşınmanın
davam etməsi üçün görülən digər tədbirlər göstərilir.
Qrafa 16. «Malların yenidən yükləndiyi nəqliyyat vasitələri haqqında məlumat»
Qrafada
malların yenidən yükləndiyi nəqliyyat vasitələrinin qeydiyyat nömrələri
və ya konteynerlərin eyniləşdirmə nömrələri, həmçinin yeni qoyulmuş
eyniləşdirmə vasitələrinin sayı və təsviri göstərilir.
Qrafa 17. «Aktı tərtib etmiş gömrük orqanı»
Qrafada aktı tərtib etmiş gömrük orqanının adı və ünvanı, şəxsi nömrəli möhürlə təsdiq edilmiş imzası qoyulmaqla, həmin gömrük
orqanının vəzifəli şəxsinin soyadı, adı, atasının adı göstərilir.
Qrafa 18. «Təyinat gömrük orqanlarının qeydləri»
Qrafa
mallar çatdırıldıqdan sonra təyinat gömrük orqanı tərəfindən
doldurulur. Qrafada şəxsi nömrəli möhürü ilə təsdiq edilmiş imzası
qoyulmaqla, həmin gömrük orqanının vəzifəli şəxsinin soyadı, adı,
atasının adı göstərilir.
|
|
|
|
RSS | XƏBƏRLƏR | ŞƏKİLLƏR | QANUNVERİCİLİK | SUALLAR VƏ CAVABLAR
(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80
Faks: (99412) 498-18-36
E-mail: external@customs.gov.az |
|
|
|
|