AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | | AZ | RU | EN       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən xidməti və mülki silahların, onların döyüş sursatlarının gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti Qaydaları

1. Ümumi müddəalar

1.1. Bu  Qaydalar Gömrük Məcəlləsinin 9-cu maddəsinə, "Xidməti və mülki silah haqqında" Azərbaycan Respublikasının Qanununa, "Xidməti və mülki silah haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 21.02.1998-ci il tarixli, 679 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 24.08.2002-ci il tarixli, 769 nömrəli Fərmanına əsasən  hazırlanmışdır və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən xidməti və mülki  silahların, onların döyüş sursatlarının  gömrük rəsmiləşdirilməsi və  gömrük nəzarəti qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalar Azərbaycan Respublikasının müdafiə, milli təhlükəsizlik, daxili işlər, dövlət sərhəd xidməti, xüsusi dövlət mühafizə xidməti orqanlarına, habelə cəzaları icra edən orqanlara şamil edilmir.

1.3. Bu Qaydalarda  istifadə olunan anlayışlar aşağıdakı mənaları kəsb edir:

- rezident fiziki şəxslər (rezidentlər) - Azərbaycan Respublikasının vətəndaşları;
- qeyri-rezident fiziki  şəxslər (qeyri-rezidentlər) - xarici dövlətlərin vətəndaşları;
- xidməti silah - insanların həyat və sağlamlığının qorunması, təbiətin, təbii ehtiyatların, mülkiyyətin, qiymətli və təhlükəli yüklərin, xüsusi göndərişlərin mühafizəsi ilə bağlı vəzifələri yerinə yetirən şəxslər tərəfindən istifadə olunması üçün nəzərdə tutulmuş silahdır;
- mülki silah - özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır;
- ov silahı - vəhşi heyvanların və quşların ovlanması üçün nəzərdə tutulmuş yivli və ya yivsiz lüləli odlu, soyuq , o cümlədən soyuq atıcı və pnevmatik silahdır;
- soyuq silah - konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır.
- pnevmatik silah - sıxılmış havanın və ya qazın təzyiqindən yaranan enerji hesabına gülləsi istiqamətlənmiş hərəkət edərək hədəfə məsafədən zədə yetirmək təyinatına  malik olan silahdır;
- döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır.

2. Xidməti və mülki  silahların, onların döyüş sursatlarının Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üzrə tələblər

2.1. Fiziki şəxslər tərəfindən xidməti və mülki silahların, onların döyüş sursatlarının Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (bundan sonra Daxili İşlər Nazirliyi) tərəfindən müəyyən edilmiş xüsusi icazə  əsasında həyata keçirilir.

2.2. Xidməti və mülki silahların, onların döyüş sursatlarının Azərbaycan Respublikası ərazisindən tranzit daşınması Daxili İşlər Nazirliyinin verdiyi xüsusi icazə əsasında qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilir.

2.3. Fiziki şəxslər tərəfindən mülki silahların, onların döyüş sursatlarının Azərbaycan Respublikasına gətirilməsinə  verilən xüsusi icazənin etibarlılıq müddəti  altı aydır.

2.4. Daxili İşlər Nazirliyinin xüsusi icazəsində aşağıdakı məlumatlar göstərilir:

-mülki silahı, onların döyüş sursatlarını əldə edən şəxsin  soyadı, adı və atasının adı;
- silahın növü;
- miqdarı;
-xüsusi icazənin verilmə tarixi və  etibarlılıq müddəti.

2.5. Xidməti silah Daxili İşlər Nazirliyinin xüsusi icazəsi əsasında yalnız dövlət orqanları və hüquqi şəxslər tərəfindən əldə edilir. Bu cür xüsusi icazəsi olan hüquqi şəxslər odlu silahı, onun döyüş sursatını və soyuq silahı əldə edə bilərlər. Xüsusi icazədə xidməti silahın növü, tipi, miqdarı, xüsusi icazənin verilmə tarixi və etibarlılıq müddəti göstərilir.

2.6. Azərbaycan Respublikasına gətirilən və Azərbaycan Respublikasından aparılan silahlara və sursatlara gömrük sərhədində qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilir.

2.7. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərək gətirilmiş xidməti və mülki silahların, onların döyüş sursatlarının  Daxili İşlər Nazirliyində qeydiyyata alınması onların respublikaya gətirilməsini təsdiq edən sənədlər (gömrük bəyannaməsi və s.) əsasında aparılır.

2.8. Xidməti və mülki silahlar, onların döyüş sursatları Azərbaycan Respublikasının gömrük ərazisinə rezidentlər tərəfindən gətirilə bilər.

Qeyri-rezidentlər  tərəfindən mülki silah Azərbaycan Respublikasına yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada silah sərgisində və ya idman yarışlarında istifadə edilməsi və ov edilməsi məqsədilə müvəqqəti gətirilə bilər.

2.9. Xüsusi icazənin etibarlılıq müddəti ərzində xidməti və mülki silahların, onların döyüş sursatlarının gətirilməsinə verilən xüsusi icazədən ikinci dəfə istifadəyə yol verilmir.

2.10. Daxili İşlər Nazirliyinin verdiyi xüsusi icazə  etibarnamə ilə başqa fiziki və ya hüquqi şəxsə verilə bilməz.

2.11. Gömrük orqanları Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən (keçirilmə məqsədindən asılı olmayaraq) xidməti və mülki silahların, onların döyüş sursatlarının gömrük rəsmiləşdirilməsini aparır və  həmin silahlar və döyüş sursatları barəsində 1 №-li əlavədə qeyd olunmuş formada Daxili İşlər Nazirliyinə  ayda bir dəfə (sonrakı ayın 10-dək) məlumat verirlər.

2.12. Xidməti və mülki silahların və onların döyüş sursatlarının aşağıdakı hallarda sertifikatlaşdırmadan Azərbaycan Respublikasına gətirilməsinə icazə verilir:

- silahlar və onların döyüş sursatları  sertifikata malik olduqda (xarici ölkədə istehsal olunan silahın və  döyüş sursatının  sertifikatlaşdırılma nəticələrinin tanınması barədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin olması şərti ilə);
-silah, silah sərgisinin hazırlanması və keçirilməsi üçün gətirildikdə;
-silah Azərbaycan Respublikası ərazisində müəyyən edilmiş qaydada idman yarışlarında iştirak edilməsi və ya ov edilməsi üçün zəruri olduqda.

2.13. Qaydaların 2.12-ci bəndində sadalanan hallar istisna olmaqla, Azərbaycan Respublikasına gətirilən bütün xidməti və mülki silahların modellərinin, döyüş sursatlarının növlərinin sertifikatlaşdırılması tələb olunur.

2.14. Xidməti və mülki silahların, onların döyüş sursatlarının Azərbaycan Respublikasına gətirilməsi və ya aparılması Azərbaycan Respublikasının bağladığı dövlətlərarası müqavilələrə əsasən həyata keçirilir. Xidməti və mülki silah, onun döyüş sursatı sertifikatlaşdırıldıqdan və onun barəsindəki məlumatlar kadastra daxil edildikdən sonra Azərbaycan Respublikasının ərazisinə gətirilir. Gətirilmiş  xidməti və mülki silah, onun döyüş sursatının damğası və ya standarta uyğunluğu barədə nişanı olmalıdır.

3. Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının  gömrük ərazisinə gətirilən xidməti və mülki silahların, onların döyüş sursatlarının gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti

3.1. Azərbaycan Respublikasının gömrük orqanlarının vəzifəli şəxsləri fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən  xidməti və mülki silahlara, onların döyüş sursatlarına  gömrük nəzarətini aşağıdakı formada həyata keçirirlər:

-gömrük bəyannaməsi, xidməti və mülki silahların əldə edilməsini təsdiq edən sənədlər (hesab-faktura, invoys və s.);
- Daxili İşlər Nazirliyinin xidməti və mülki silahların, onların döyüş sursatlarının respublikaya gətirilməsinə verilən xüsusi  icazənin əsli;
- xidməti və mülki silahların, onların döyüş sursatlarının gömrük yoxlanması;
- xidməti və mülki silahların,  onların döyüş sursatlarının uçotu.

3.2. Daimi yaşayış məqsədilə Azərbaycan Respublikasına köçüb gələn fiziki şəxslərin gətirdiyi mülki silahlar və onların döyüş sursatlarının  Daxili İşlər Nazirliyinin xüsusi icazəsi təqdim edilməklə rəsmiləşdirilməsi həyata keçirilir.

3.3. Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə  gətirilən xidməti və mülki silahlar, onların döyüş sursatları Daxili İşlər Nazirliyinin müvafiq xüsusi icazəsi olmadıqda  gömrük nəzarəti altında 2 №-li gömrük arayışı əsasında (qaçaqmalçılıq və  gömrük qaydalarının pozulması əlamətləri olmadıqda) müvəqqəti  saxlanca verilməlidir.

Gömrük bəyannaməsi və 2 №-li gömrük arayışında xidməti və mülki silahların, onların döyüş sursatlarının markası, nömrəsi, kalibri və miqdarı göstərilməlidir.

Daxili İşlər Nazirliyinin müvafiq xüsusi icazəsi təqdim olunduqdan sonra xidməti və mülki silahların,  onların döyüş sursatlarının   qanunvericilikdə nəzərdə tutulmuş qaydada tam gömrük rəsmiləşdirilməsi aparılır və həmin xidməti və mülki silahlar, onların döyüş sursatları Azərbaycan Respublikasının gömrük ərazisinə buraxılır.

3.4. Azərbaycan Respublikasının ərazisinə fiziki şəxslər tərəfindən xidməti və mülki silahlar, onların döyüş sursatları gətirilərkən Daxili İşlər Nazirliyinin verdiyi xüsusi icazədə və qeydiyyat jurnalında (əlavə №-1) müvafiq qeydlər aparılmalı və məsul gömrük əməkdaşı tərəfindən şəxsi nömrəli möhürlə təsdiqlənməlidir.

3.5. Qeyri-rezidentlər tərəfindən Azərbaycan Respublikası ərazisinə  mülki silah və onların döyüş sursatlarının qanunvericilikdə müəyyən edilmiş qaydada və miqdarda müvəqqəti gətirilməsi gömrük bəyannaməsi və  Daxili İşlər Nazirliyinin müvafiq xüsusi icazəsi ilə   gömrük rəsmiləşdirilməsi  həyata keçirilir.

3.6. Daxili İşlər Nazirliyi tərəfindən verilən xüsusi icazədə göstərilən miqdarda (və ya ondan az) xidməti və mülki silahlar və  onların döyüş sursatları gətirildikdə, xüsusi icazənin arxa tərəfində gətirilən xidməti və mülki silahların  markası, kalibri, nömrəsi, miqdarı, buraxılma tarixi, xidməti və mülki silahın  döyüş sursatları gətirildikdə isə gətirilən sursatın adı, miqdarı, kalibri və buraxılma tarixi,  nəqliyyat vasitəsinin növü və nömrəsi (reysin nömrəsi), gömrük rəsmiləşdirilməsini həyata keçirmiş gömrük orqanının vəzifəli şəxsinin soyadı, adı, atasının adı haqqında qeydlər aparılır və şəxsi nömrəli möhürlə təsdiqlənir.
Gömrük orqanının vəzifəli şəxsi tərəfindən gömrük bəyannaməsində  müvafiq qeydlər (silahın markası, miqdarı, kalibri, nömrəsi, onun döyüş sursatının adı, miqdarı, kalibri, xüsusi  icazənin nömrəsi və verildiyi tarix)  aparıldıqdan və şəxsi möhürlə təsdiq olunduqdan  sonra bəyannamə Daxili İşlər Nazirliyinə təqdim olunması üçün  fiziki şəxsə verilir.

4. Azərbaycan Respublikasının gömrük ərazisindən fiziki şəxslər tərəfindən aparılan xidməti  və mülki silahların, onların döyüş sursatlarının gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti

4.1. Azərbaycan Respublikasının gömrük orqanlarının vəzifəli şəxsləri fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisindən aparılan xidməti və mülki silahlara, onların döyüş sursatlarına gömrük nəzarətini bu Qaydaların 3.1.-ci bəndində nəzərdə tutulmuş formada  həyata keçirirlər.

4.2. Daimi yaşayış məqsədilə Azərbaycan Respublikasından köçüb gedən fiziki şəxslər tərəfindən mülki silahların və onların döyüş sursatlarının Azərbaycan Respublikası ərazisindən çıxarılması Daxili İşlər Nazirliyinin xüsusi icazəsilə həyata keçirilir.

4.3. Fiziki şəxslər tərəfindən xidməti və mülki silahların, onların döyüş sursatlarının Azərbaycan Respublikası ərazisindən çıxarılması Daxili İşlər Nazirliyi tərəfindən verilən xüsusi icazədə və gömrük orqanlarının qeydiyyat jurnalında (əlavə №-1) müvafiq qeydlər aparılmaqla həyata keçirilir.
Xüsusi icazədə gömrük orqanları tərəfindən müvafiq qeydlər aparıldıqdan sonra, xüsusi icazənin notariat qaydasında təsdiq edilmiş  surəti götürülür.

4.4. Fiziki şəxslər tərəfindən mülki silahların və onların döyüş sursatlarının Azərbaycan Respublikası ərazisindən müvəqqəti aparılmasına (icazə müddəti ərzində geri qaytarmaq şərti ilə) Daxili İşlər Nazirliyinin xüsusi icazəsi təqdim edilməklə icazə verilir.

4.5. Qeyri-rezidentlər vətəndaşı olduğu dövlətlərin nümayəndəliyinin vəsatətinə əsasən Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xüsusi icazə əsasında alındığı vaxtdan beş gündən gec olmayaraq Azərbaycan Respublikasının gömrük ərazisindən kənara çıxartmaq şərti ilə mülki silahları, onların döyüş sursatlarını əldə edə bilərlər. Alınan silahların və onların döyüş sursatlarının Azərbaycan Respublikasının ərazisindən aparılma müddəti pozularsa,  həmin silah və onun döyüş sursatları müsadirə olunur.

4.6. Mülki silahın nadir nüsxələrinin "Xidməti və mülki silah haqqında" Azərbaycan Respublikasının Qanununun tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikasından aparılması Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin razılığı ilə Daxili İşlər Nazirliyinin xüsusi icazəsi əsasında həyata keçirilir.

4.7. Azərbaycan Respublikasının muzey fonduna daxil olan silahlar və onların döyüş sursatları Azərbaycan Respublikasından müvafiq sərgilərin təşkili və keçirilməsi məqsədilə Daxili İşlər Nazirliyinin razılığı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xüsusi icazəsi əsasında müvəqqəti olaraq aparıla bilər.

5. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qadağan olunan silahlar və onların döyüş sursatları

Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qadağan olunan silahlar və onların döyüş sursatları aşağıdakılardır:

- ümumi uzunluğu 800 millimetrdən az olan, habelə konstruksiyası onu qatlamaq, sökmək və ya yığmaq imkanı verən və bu zaman atəş imkanını aradan qaldırmayan odlu ov silahı;
- başqa əşyalara bənzədilmə formasında olan odlu silah;
- zədələyici təsiri elektrik enerjisinə, radioaktiv şüalanmadan və bioloji amillərdən istifadəyə əsaslanan silah və başqa əşyalar;
-Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən istifadəsinə razılıq verilməyən gözyaşardıcı, qıcıqlandırıcı, zəhərləyici sinir-iflic və başqa güclü təsir göstərən digər maddələrin təsiri hesabına orta dərəcəli zədələnməyə səbəb olan qaz silahı;
- özünümüdafiə məqsədi ilə xüsusi təyinatlı güllələrlə doldurulmuş (polad özəkli, zireh deşən, işıqlandırıcı, dağıdıcı, ekspansiv tipli), eləcə də bütün növ boğucu qazlarla və gecə optik cihazı ilə təchiz edilmiş qaz tapançası;
- tapançalar və revolverlər üçün zirehdeşən, alışdırıcı və ya dağıdıcı təsirə malik döyüş sursatlarının, eləcə də qırma güllələri ilə döyüş sursatları;
- xəncərlər, beybutlar, ov bıçaqları, əliçliklər, toppuzlar, nunçaklar, gürzlər, beşbarmaqlar və başqa zərbə-dağıdıcı təsirli əşyalar (idman alətləri istisna edilməklə);
-kalibri 4,5 mm-dən çox olan, gülləsinin uçuş surəti saniyədə 150 metrdən çox olan pnevmatik silah;
- hərbi təyinatlı əşyalar, partlayıcı maddələr, hərbi texnika;
- odlu silahın və onun sursatlarının poçt vasitəsi ilə göndərilməsi;
- beynəlxalq poçt vasitəsi ilə bütün növ silah və sursatların göndərilməsi və alınması.

6. Qaydaların tələblərinin pozulmasına görə məsuliyyət

6.1. Fiziki şəxslər bu Qaydaların müddəalarının pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyırlar.

6.2. Xidməti və mülki silahların və onların döyüş sursatlarının Azərbaycan Respublikası ərazisinə gətirilməsi və Azərbaycan Respublikası ərazisindən aparılmasına verilmiş xüsusi icazəyə görə Daxili İşlər Nazirliyi, gömrük rəsmiləşdirilməsinə görə isə gömrük orqanları məsuliyyət daşıyırlar.

Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən xidməti və mülki silahların,  onların döyüş sursatlarının gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti Qaydaları"na 1 №-li Əlavə

Sıra №-si Ta-
rix
S.A.A. Ünvanı Xidməti və mülki silah-
ların və onların döyüş sursatlarının marksı, adı
Növü Ka-
libri
№-si Miq-
darı
Xüsusi icazənin №-si və verilmə tarixi Xüsusi icazənin etibarlılıq müddəti Bəyan-
namənin №-si və tarixi
Keçi-
rilmə məq-
sədləri
Qeydlər
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
                           



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi
  RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2015, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 404-22-00
Faks: (99412) 404-22-17
E-mail: international@customs.gov.az