| |
|
|
 |
AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ |
|
|
 |
|
|
№ / 15.05.2001 Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsinin Şərəf Kodeksi
|
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyasının 15 may 2001-ci il tarixli 02/01 saylı qərarı ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikası
gömrük orqanının vəzifəli şəxsinin
Şərəf Kodeksi
Ümumi müddəalar
Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsinin Şərəf
Kodeksi (bundan sonra «Şərəf Kodeksi») gömrük əməkdaşının əxlaq
prinsiplərini və onun davranış qaydalarını müəyyən edir. Özünə gömrük
orqanının əməkdaşı peşəsini seçmiş Azərbaycan Respublikasının vətəndaşı
gömrük orqanına xidmətə daxil olarkən Şərəf Kodeksinin norma və
müddəalarını yerinə yetirməyi öz öhdəsinə götürür.
Bu Kodeks gömrük orqanının vəzifəli şəxsinin əxlaq normalarını dəqiq və
aydın şəkildə təyin etməklə yanaşı, şəxsi məsuliyyət, qanuna riayət
edilməsi, özünə və başqalarına münasibət prinsiplərini müəyyən edir,
ictimaiyyətlə münasibətdə etik və digər məsələlərin həllinə dair
vəzifələri özündə əks etdirir.
Azərbaycan Respublikasının gömrük orqanının vəzifəli şəxsi öz Vətəninə,
Konstitusiyaya və Andına sadiq olmalı, dövlətin iqtisadi maraqlarını və
təhlükəsizliyini qorumalıdır. Vətənə məhəbbət, öz peşəsinə sədaqət
gömrük əməkdaşının xidmətinin başlıca prinsipləridir.
Gömrük əməkdaşı adını qorumaq, onu şərəflə daşımaq, Vətənə sədaqətlə
xidmət etməklə bu adı doğrultmaq lazımdır.
Gömrük orqanının vəzifəli şəxsi xalqımızın mənəvi və əxlaqi dəyərlərini
uca tutmalı, yeni yaranmış və formalaşmış Azərbaycan gömrüyünün ən
yaxşı ənənələrini daim qorumalı və inkişaf etdirməlidir.
1.Şəxsi məsuliyyət
1.1.Ümumi qaydalar
Gömrük əməkdaşı öz xidməti fəaliyyətində yüksək peşəkarlığı,
obyektivliyi və mənəvi saflığı ilə fərqlənməli, son dərəcə ədalətli və
vicdanlı olmalı, ümumi etik və əxlaqi normalara ciddi əməl etməlidir. Gömrük əməkdaşı:- xidməti vəzifələrini diqqət, dəqiqlik və peşəkarlıqla yerinə yetirməli;
- qanunvericiliyin tələblərinə təkcə riayət etmək yox, eyni zamanda ən yüksək əxlaqi prinsiplərə nail olmalı;
- vəzifə borcunu yerinə yetirməsi ilə əlaqədar mövcud qanunvericilik aktlarını öyrənməli;
- həmkarları və ictimaiyyətin nümayəndələri ilə nəzakətlə
davranmalı, onların hüquqlarını, vəzifələrini və istəklərini nəzərə
almalı;
- ictimai ehtiyatların israfçılığına və səmərəsiz istifadəsinə yol verməməli;
- vəzifə borcunu yerinə yetirməsi ilə əlaqədar əldə edilmiş məlumatlardan şəxsi məqsədlər üçün istifadə etməməli;
- xidməti vəzifəsini yerinə yetirərkən, eləcə də xidmətdən kənar asudə vaxtlarda etik qaydalara əməl etməli;
- gömrük orqanının vəzifəli şəxsi kimi öz davranışını bu orqanın adının yüksəklərə qaldırılmasına yönəltməli;
- Şərəf Kodeksini dəqiq bilməli və ona riayət edilməməsinin məsuliyyətini dərk etməlidir.
2. Qanuna riayət edilməsi
2.1.Cinayətlər Gömrük
orqanlarının bütün əməkdaşları qanunlara riayət etməlidirlər. Gömrük
orqanlarına verilmiş xüsusi səlahiyyətlər ilə əlaqədar olaraq gömrük
qanunvericiliyinin bilavasitə vəzifəli şəxslər tərəfindən pozulması və
ya belə qanun pozuntularına şərait yaradılması ağır hal kimi
qiymətləndirilməlidir.
Əgər əməkdaşın barəsində cinayət işi qaldırılırsa və ya belə bir
ehtimal varsa, o bu barədə dərhal rəisinə məlumat verməlidir. Belə bir
məlumatı alan rəis əməkdaş haqqında hər hansı bir qərar qəbul
etməlidir: onu normal növbə çəkməyə qaytarmalı, alternativ növbəyə
keçirməli və yaxud növbə çəkməkdən kənarlaşdırmalıdır.
2.2.Gömrük orqanlarının vəzifəli şəxslərinin hərəkətlərinə
dair şikayətlər
Cəmiyyətin gömrük orqanına və onun əməkdaşlarına inamı çox vacibdir. Bu
inamı doğrultmaq üçün gömrük orqanının və ya onun ayrı-ayrı
nümayəndələrinin hərəkətləri ilə əlaqədar şikayətlərə operativ və
qərəzsiz baxılmalıdır. 2.3.Daxili ərizələr
Gömrük əməkdaşları yerinə yetirilməsi məcbur edilən hərəkətləri
qeyri qanuni, yaxud bu Kodeksə zidd hesab etdikləri halda, bu barədə
müvafiq yuxarı vəzifəli şəxsə yazılı şəkildə bildirməlidirlər. Yuxarı
vəzifəli şəxs belə ərizələri qeydə almalı və bu cür hadisələrin
təhqiqatına dair təsirli tədbirlər görməlidir.
3.İctimaiyyətlə münasibət
Cəmiyyət gömrük əməkdaşlarının öz işlərinə obyektiv, peşəkarcasına və
məxfiliklə yanaşmalarına ümid edir. Yüksək xidmət səviyyəsini təmin
etmək üçün hər bir əməkdaş ictimaiyyətlə münasibətdə peşəkarlıq nümayiş
etdirməklə yanaşı, nəzakətli olmalı, ehtiyac olduqda yardım göstərməyə
çalışmalıdır. 3.1.Vəzifələr
Gömrük xidmətindən istifadə edən şəxslərin vəzifələrini yerinə
yetirməsi və qanunla qorunan hüquqlarından istifadə etməsi üçün gömrük
əməkdaşları zəruri tədbirləri görməlidirlər. 3.2.Malların hərəkətində təşkilat və şirkətlərə yardım edilməsi
Gömrük orqanının ictimaiyyətlə münasibətdə bütün hərəkətləri obyektiv
olmalıdır. Qeyri-obyektivlikdə günahlandırılma, tərəflərdən birinə
üstünlük verilmə və ya hər hansı bir bəxşiş alınma hallarına yol
verilməməsi üçün malların hərəkət edilməsinə yardım haqqında
təşkilatların istənilən təklifi rədd edilməlidir. Belə xahişlərə dair
hər hansı bir tərəddüd hissi olarsa, onda gömrük əməkdaşı bu barədə öz
rəisinə müraciət etməlidir.
3.3.Gömrük orqanlarının vəzifəli şəxslərinə qarşı təhqirlər və zorakılıq hərəkətləri Xidməti
vəzifəsini yerinə yetirərkən gömrük əməkdaşı özünün, həmkarlarının və
ətrafdakıların təhlükəsizliyini qorumalıdır. Xüsusi təlim keçmiş
işçilərə müraciət etməyin daha münasib olduğu hallarda əməkdaşlar hər
hansı sərbəst hərəkətlərdən çəkinməli, belə hallar haqqında dərhal
rəisinə xəbər verməlidirlər. 3.4.İşgüzar dairələrlə qarşılıqlı münasibət
İşgüzar dairələrin nümayəndələri gömrük orqanının rəhbər tutduğu etik
prinsipləri başa düşməli və gömrük əməkdaşlarını bu prinsiplərdən
kənara çıxmağa sövq etməməlidirlər.
Bu və ya digər malların hərəkətinə yardım və ya onların dövriyyəsi üçün
xüsusi recimin tətbiq edilməsi müqabilində işgüzar dairələrin
nümayəndələri tərəfindən pul və ya hər hansı başqa bəxşişlərin
verilməsi cəhdləri barədə əməkdaş yazılı surətdə rəisinə xəbər
verməlidir.
4.Vəzifəli şəxslər tərəfindən hədiyyələrin, təltiflərin, təzminatların və digər xidmətlərin qəbul edilməsi
4.1.Hədiyyə və digər xidmətlər
Xidməti vəzifələrini yerinə yetirdikləri zaman gömrük əməkdaşları
işgüzar əlaqələrdən yaranan şəxsi münasibətlər çərçivəsində
hədiyyələrin və ya digər xidmətlərin təklif edilməsinə üstünlük verən
ayrı-ayrı şəxslərlə təmasda olurlar. Xarici qruplarla işgüzar
kontaktların labüdlüyünə baxmayaraq, gömrük əməkdaşları korrupsiya və
ya rüşvətxorluğun hər hansı formasından qorunmalıdırlar. Xarici dövlət
nümayəndələri ilə görüşlərdə, müəyyən tədbirlər zamanı harmonik işgüzar
münasibətlərin əlaməti kimi verilmiş hədiyyələr istisna olmaqla, hər
hansı bir hədiyyənin və ya digər xidmətlərin qəbul edilməsi
yolverilməzdir. Çünki bu, vəzifəli şəxsin qərar verməsinə təzyiq kimi
qiymətləndirilə bilər.
Əgər hər hansı bir mədəni və ya diplomatik səbəbdən bahalı hədiyyə
qəbul edilmişdirsə, onda bu hədiyyə vəzifəli şəxsin şəxsi əmlakı kimi
qiymətləndirilməməli və gömrük orqanına təhvil verilməlidir. İmkan
daxilində hədiyyəni xüsusi ustalıqla, incə şəkildə geri qaytarmaq
lazımdır.
Alınmış hədiyyənin qiymətindən asılı olmayaraq, əməkdaşlar qəbul
edilmiş bütün hədiyyələr və ya xidmətlər barədə yazılı surətdə öz
rəislərinə xəbər verməli və onları rəsmi siyahıya daxil etməlidirlər.
Siyahıda hədiyyəni və ya xidməti qəbul etmiş əməkdaşın adı, onları
verən şəxsin adı, o cümlədən əşyanın xarici görünüşü və onun qiyməti
göstərilməlidir. 4.2.Malların təchizatı əməliyyatlarına cəlb olunmuş vəzifəli şəxslər
Malların təchizatı üzrə əməliyyatlara cəlb olunmuş vəzifəli şəxslər
qeyri-qanuni əməliyyatların keçirilməsi haqqında ittihamlara zəmin
yaratmamalıdırlar. Hər bir halda gömrük orqanının vəzifəli şəxsinin
mövcud və ya potensial təchizatçılardan hər hansı bir hədiyyəni və ya
xidməti qəbul etmək haqqı yoxdur.
5.Maraqların toqquşmasının qarşısının alınması
5.1.Gömrüyün işgüzar tərəfmüqabilləri ilə şəxsi əlaqələr
Gömrük əməkdaşı tərəfindən işgüzar əməliyyatların həyata keçirilməsi və
ya onunla xüsusi münasibətdə olmuş hər hansı mülki şəxslərə qarşı
qərarın qəbul edilməsi nəticəsində maraqların toqquşması əmələ gələ
bilər. Misal üçün: cəmiyyətlərdə, klublarda, digər təşkilatlarda və ya
ailəvi münasibətlər çərçivəsində. Maraqların potensial toqquşması əmələ
gəldiyi hallarda gömrük əməkdaşı bu barədə öz rəisinə xəbər verməlidir.
Bu halda əmin olmaq lazımdır ki, xidməti borcun yerinə yetirilməsi
qeyri-obyektivlikdə ittihama əsas yaratmayacaq.
6.Pul məsələlərinə dair davranış
Gömrük əməkdaşları tərəfindən pul borc almaq, istiqrazlarla vəkalət
kimi şəxsi maliyyə əməliyyatları aparmaq məqsədəuyğun sayılmır.
Gömrük orqanı öz əməkdaşları arasında olan maliyyə əməliyyatlarına görə
məsuliyyət daşımır. Belə vəziyyətlərdə əməkdaşlar gömrük orqanının
fəaliyyətini və onun nüfuzunu mənfi təsirlərdən qorumalıdırlar. 6.1.Xidməti vəsaitlərin istifadəsi
Xidməti vəsaitlərin alınması və saxlanılması xüsusi səlahiyyətli
şəxslər tərəfindən həyata keçirilir. Xüsusi səlahiyyət olmadan
əməkdaşların gömrük vəsaitlərini almağa ixtiyarları yoxdur. Belə
səlahiyyətlərin alınması yazılı şəkildə təsdiq olunmalıdır.
Bütün ödənilən pul vəsaitləri üçün qəbz alınmalıdır. Pulu qəbul edən
əməkdaş mütləq lazımi qaydada doldurulmuş müvafiq sənəd verməlidir.
Rəsmi qəbzin dərhal verilməsinə imkan olmadığı hallarda müvəqqəti qəbz
verilir. O cümlədən, verilmiş məbləğin düzgün olduğu barədə ödəyicinin
imzası olan qəbzin surəti gömrük əməkdaşında saxlanılır. Rəsmi
tə’limatlara uyğun olaraq, gömrük orqanları tərəfindən alınmış bütün
pul vəsaitlərinin hesabatı aparılmalıdır.
Əməkdaşlar ödənmiş pul məbləğinin düzgünlüyünə və onun lazımi qaydada
istifadəsinə görə məsuliyyət daşıyırlar. Gömrük vəsaitləri yalnız öz
təyinatına görə sərf olunmalıdır.
Qazanc (daşbaş) hesab olunan hər hansı gəlir yol verilməzdir.
İctimai vəsaitlərin sərf olunmasına dair prinsiplər aşağıdakılardır:- ictimai vəsaitlər düzgün və səmərəli sərf olunmalıdır;
- ictimai vəsaitlərlə əməliyyatların düzgün hesabatı aparılmalıdır;
- xidməti məsrəflərə dair yalnız səlahiyyətli şəxslər qərar çıxara bilərlər;
- vəzifəli şəxsin özünün və ya başqa şəxslərin mənfəəti naminə xidməti vəzifələrindən istifadə etmək hüququ yoxdur.
7.Rəsmi məlumatların məxfiliyi və istifadəsi
Gömrük əməkdaşı öz xidməti vəzifəsini yerinə yetirdiyi zaman aldığı
informasiyanı xüsusi səlahiyyəti olmadan açıqlaya bilməz. Bu qayda
bütün sənədlərə, yazılara və elektron informasiyalara şamil edilir.
Gömrük orqanlarının vəzifəli şəxsləri rəsmi əməliyyatlarda əldə
etdikləri vətəndaşlara dair məlumatların da məxfiliyini təmin
etməlidirlər.
Aşağıdakı hallar yolverilməzdir:- informasiyanın yayılması;
- informasiyanın öz şəxsi mənfəəti üçün istifadə edilməsi;
- məxfi mənbələrdən alınan informasiyalara istinadən insana zərər yetirilməsi;
- rəsmi yazılara əlavə edilməsi, onların dəyişdirilməsi və ya məhv edilməsi.
Yuxarıda sadalanan hərəkətlərə yol verən şəxslər məhkəmə məsuliyyətinə və ya inzibati məsuliyyətə cəlb edilirlər.
8.İnzibati əmlakdan və xidmətlərdən istifadə
8.1.Ümumi qaydalar
Xüsusi səlahiyyət olmadan gömrük ehtiyatlarından və ya xidmətlərindən
öz şəxsi mənfəətləri üçün istifadə edilməsi qadağandır. Belə
ehtiyatlara aşağıdakılar aiddir:- avadanlıqlar (o cümlədən telefonlar, fotosurət çıxaran cihazlar, ofis avadanlığı və ləvazimatları);
- nəqliyyat vasitələri;
- maşın avadanlıqları və ləvazimatları, kompüter proqramları və vasitələri;
- möhürlər və dəftərxana ləvazimatları;
- xidməti vəsiqələr və poçt xidmətləri.
Əməkdaşlar onlara təhkim edilmiş gömrük əmlakının mühafizəsi üçün bütün tədbirlərdən istifadə etməlidirlər.
8.2.Avtomaşınlar
Avtomaşınların istifadəsi və onlara qulluq barədə aşağıdakı qaydalar tətbiq olunur:- xidməti avtomaşınlardan istifadə edən əməkdaşların sürücülük vəsiqələri və ya vəkalətnamələri olmalıdır;
- xüsusi icazə verilən hallar istisna olmaqla, xidməti avtomaşınlar yalnız xidməti məqsədlər üçün istifadə edilməlidir.
8.3.Vəzifəli şəxslərin tanınması
Öz xidməti vəzifələrini və səlahiyyətlərini yerinə yetirdikləri zaman
gömrük əməkdaşlarının tanınması üçün onlara xidməti vəsiqə verilir. Bu
tanınma vasitəsindən hər hansı digər məqsədlər üçün istifadə edilməsi
qadağandır. Vəzifəli şəxslər öz vəsiqələrini, möhürlərini və s.
səliqəli vəziyyətdə saxlamalı və fəaliyyətlərinin bitdiyi zaman onları
müvafiq gömrük xidmətinə təhvil verməlidirlər.
9.Əməkdaşlar tərəfindən dövlət əmlakının şəxsi maraq üçün alınması
9.1.Əməkdaşlar tərəfindən dövlət mallarının alınması
Bütün əməkdaşlar dövlət hərraclarında satılan nəşrləri, məhsulun
qalıqlarını və dövlət satışında olan digər malları aşağıdakılar istisna
olmaqla ala bilərlər:- əməkdaş öz rəsmi vəziyyətinə görə satış təyinatlı malların vəziyyəti haqqında informasiyaya malik olduqda;
- vəzifəli şəxslər öz fəaliyyəti ilə bağlı malların alınmasına və ya satılmasına cəlb olunduqda;
- mal almaq üçün vəzifəli şəxslər cəmiyyətin digər nümayəndələrinə verilməyən imtiyazlara malik olduqda.
9.2.Malların gömrük mənbələrindən alınması
Gömrük orqanlarının vəzifəli şəxslərinin cəmiyyətin başqa üzvlərinə
nisbətən müsadirə olunmuş malların alınmasında xüsusi üstünlüklərə
malik olduqları barədə fikir yaradılmaması çox əhəmiyyətlidir. Buna
görə də gömrük əməkdaşlarının gömrük hərraclarında satılan malları həm
birbaşa, həm də üçüncü şəxs vasitəsilə alması qadağandır.
Bundan əlavə, fəaliyyətlərinə görə satışlara cəlb edilmiş və ya öz
xidməti vəzifəsinə görə mallar haqqında xüsusi informasiyaya malik olan
əməkdaşlar belə satışlarda alınmış malları başqa satıcılardan ala
bilməzlər.
10.İş mühiti
10.1.Ümumi qaydalar
Gömrük orqanının bütün vəzifəli şəxslərinin ayrı- seçkilik, zorakılıq
və təhqirli hərəkətlərdən kənar sağlam mühitə malik, həm fərdi və həm
də kollektiv maraqlara üstünlük verilən iş şəraitində işləmək hüququ
vardır. Normal iş mühiti aşağıdakı prinsiplər üzərində qurulur:- obyektivlik və ədalətlilik;
- təhlükəsizlik və qarşılıqlı yardım;
- əsassız ayrı-seçkiliyin, zorakılıq hərəkətlərinin və təhqirlərin olmaması;
- fərdi və mədəni xüsusiyyətlərə hörmət;
- qarşılıqlı münasibətlər və xidməti pillələr ilə irəliləmək imkanı;
- qərar qəbul edilən zaman vəzifəli şəxslərin əməkdaşlığı.
10.2. Ədalətlilik prinsipləri
Obyektivlik, əxlaqi davranış və məsuliyyət üçün münasibətlər
ədalətlilik prinsipləri əsasında qurulmalıdır. Bütün əməkdaşlar
ayrı-seçkilikdən, zorakılıqdan və təhqirlərdən azad mühit yaratmağa
çalışmalıdırlar.
10.3. Peşəkar sağlamlıq və təhlükəsizlik
Bütün əməkdaşların sağlam və təhlükəsiz iş mühitində xidmət etmək
hüququ vardır. Əməkdaşlar təhlükəsizlik texnikası normalarına ciddi
yanaşmalı, təhlükəsizlik texnikası normalarının və qaydalarının
pozulması halları aşkar edilərsə, bu barədə rəislərinə dərhal xəbər
verməlidirlər.
10.4.Narkotik maddələrlə əməliyyat
Gömrük orqanının başlıca vəzifələrindən biri də bütün növ narkotik
vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasından ibarətdir.
Narkotik vasitələrin qanunsuz dövriyyəsi, ticarəti və ya istifadəsi
qəti qadağandır.Narkotik maddələrlə əməliyyata və ya onlardan
istifadəyə şüurlu surətdə cəlb olunmuş vəzifəli şəxslər
qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunurlar.
10.5.Alkoqolun qəbulu
Gömrük orqanlarının vəzifəli şəxslərinin öz xidməti vəzifələrini yerinə
yetirdikləri zaman alkoqollu içkiləri qəbul etmələri qadağandır.
Spirtli içkilərin qəbulu iş yerində bədbəxt hadisələrin yaranmasına
səbəb olduğu üçün idarə etmək üçün öhdəsinə avtomaşın və yaxud
avadanlıq verilən əməkdaşlar alkoqolun qəbulundan imtina etməlidirlər. 10.6.Siqaret çəkilməsi
Gömrük orqanının vəzifələrindən biri də əməkdaşların mühafizəsi və
onlar üçün təhlükəsiz xidmət mühiti yaratmaqdır. Siqaret çəkilməsi
qadağan olunmuş yerlərdə, həmçinin xidməti vəzifələrini yerinə
yetirdikləri ictimai yerlərdə vəzifəli şəxslərin siqaret çəkməyə
ixtiyarları yoxdur. Şəxsi ərazilərdə olarkən, vəzifəli şəxslər həmin
ərazinin sahibinin icazəsi olmadan orada siqaret çəkə bilməzlər. 10.7.Xidməti geyim
Vəzifəli şəxslərin geyimi və xarici görünüşləri onların peşəkar
fəaliyyətinə uyğun olmalıdır. Əməkdaşların xarici görünüşü
ətrafdakıların onları qəbul etməsinə və öz vəzifələrinin yerinə
yetirilməsinə təsir edir. Vəzifəli şəxslərin geyimi onların
vəzifələrinə və müəyyən edilmiş standartlara uyğun olmalı, xarici
görünüşləri təmiz və səliqəli olmalıdır.
Xülasə
Gömrük orqanının vəzifəli şəxslərinin davranışı bu orqanın nüfuzunun qorunub saxlanmasına xidmət etməlidir.
Gömrük orqanının rəhbərləri:- əməkdaşlara nümunə olmalı;
- əməkdaşların müvafiq qanunvericiliyə, qəbul edilmiş
standartlara və təlimatlara dair lazımi biliklərə malik olmalarına
nəzarət etməli;
- müəyyən olunmuş normalara əməkdaşlar tərəfindən riayət edilmədikdə, müvafiq tədbirlər görməlidirlər.
Məsuliyyət Şərəf Kodeksinin tələblərinin yerinə yetirilməsinə
görə gömrük orqanının vəzifəli şəxsi ilk növbədə öz vicdanı, xidmət
etdiyi kollektiv və Vətən qarşısında cavabdehdir. Şərəf Kodeksinə
riayət edilməməsinə görə gömrük orqanının bütün vəzifəli şəxsləri
qanunvericiliyə müvafiq olaraq məsuliyyət daşıyırlar.
|
|
|
|
|
|
|
|
RSS | XƏBƏRLƏR | ŞƏKİLLƏR | QANUNVERİCİLİK | SUALLAR VƏ CAVABLAR
(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80
Faks: (99412) 498-18-36
E-mail: external@customs.gov.az |
|
|
|
|