AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | |

Az | Рус | Eng       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Tarixi Muzeyi

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Tarixi Muzeyi 2006-cı ilin mart ayında yaradılmış, dövlət reyestrindən keçmiş və Azərbaycanın 169 muzeyi sırasına daxil olmuşdur.
Gömrük Tarixi Muzeyi ümumi standartlara uyğun olaraq muzeylərə şamil edilən meyarlarla yanaşı, özünəməxsusluğu ilə də seçilir. Zallarda gömrük xidmətinin tarixindən bəhs edən sənədlər, fotoşəkillər, maraq doğuran ekspozisiyalar, eksponatlar, xəritələr və video-audio yazılarla yanaşı, həm də Azərbaycan tarixinin qədimliyini təsdiq edən müsadirə olunmuş təsviri incəsənət əsərləri, xalça nümunələri, müxtəlif qızıl və gümüş sikkələr, xalq tətbiqi sənətinin ən nəfis və dəyərli antik nümunələri öz layiqli yerini tapmışdır.

Rəngarəng mədəni dəyərlərin insanlara çatdırılması hər bir muzeyin funksiyasıdır. Qədim adət-ənənələri qoruyub saxlamaq, irsimizi nəsillərə çatdırmaq, tariximizin qədimliyini təsdiqləyən hər bir sənədi, əlyazmanı aşkarlayıb üzə çıxartmaq, keçmişimizi qoruyaraq gələcəyimizi təmin etmək hər bir gömrük əməkdaşının vətəndaşlıq borcudur. Muzey məhz bu amallara əsaslanaraq öz istiqamətini müəyyənləşdirib.

15 il öncə müstəqil Azərbaycan Respublikasının gömrük xidməti - Dövlət Gömrük Komitəsi yarananda bu sahənin zəngin tarixə malik olduğu hələ bəlli deyildi. Həmin illərdə xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycan gömrük tarixini dərindən öyrənməyi tövsiyə etmişdi. Mənəvi sərvətlərimizin qorunması və xalqımıza qaytarılması istiqamətində iş aparan gömrük əməkdaşlarının yaddaşlarında Heydər Əliyevin 30 yanvar 1997-ci ildə DGK-nın yaradılmasının beşinci ildönümünə həsr edilmiş təntənəli yığıncaqda söylədiyi bu sözlər həmişəlik həkk olunmuşdur: «...Azərbaycanın gömrük işi sahəsində müəyyən tarixi var...»

Lakin 1997-ci ildə ən vacib məsələlər həll edilirdi: respublikanın azad bazar iqtisadiyyatı yolu ilə irəliləməsi, dünya iqtisadiyyatına sıx inteqrasiyası, qəbul edilmiş qanunlar, fərmanlar, sərəncamlar əsasında idxal-ixrac əməliyyatlarının təkmilləşdirilməsi, makroiqtisadi göstəricilərin artırılması və bu kimi sair vəzifələr dururdu. Maneələr dəf olundu, qısa zaman kəsiyində Azərbaycan Gömrüyü güclü təşkilata çevrildi. Bununla da tarix muzeyinin yaranma perspektivi reallaşdı.

Bu gün artıq Gömrük Tarixi Muzeyində müasir Azərbaycan həyatı geniş təqdim olunur. Azərbaycan Gömrük Xidmətinin dünya gömrük ailəsində özünə layiq tutduğu yer, ötən illər ərzində keçdiyi şərəfli və diqqətəlayiq fəaliyyəti ətraflı işıqlandırılır. Müstəqil Azərbaycan naminə atılan hər bir addım, keçirilən beynəlxalq müşavirələr, iştirakçısı olduğumuz hər bir nüfuzlu konfrans, önəmli seminar, imzalanmış saziş geniş şəkildə öz əksini muzeydə nümayiş etdirilən fotoşəkillərdə, sənədlərdə, audio və video materiallarda tapmışdır.

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Tarix Muzeyi 2008-ci ilin may ayından etibarən Fransa Respublikasının Paris şəhərində yerləşən Beynəlxalq Muzeylər Şurasının üzvüdür.

 

Azərbaycan Gömrüyünün Tarix Muzeyinin Bölməsi

Ünvan: Bakı AZ1073, İnşaatçılar pr.2,
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi

 
RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80 Faks: (99412) 498-18-36 E-mail: external@customs.gov.az