AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | |

Az | Рус | Eng       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

Azərbaycan Respublikası gömrük orqanlarının 2008-ci ildə narkotiklərə qarşı mübarizəsi

Dünyanın 175 ölkəsinin milli gömrük xidmətlərini özündə birləşdirən Ümumdünya Gömrük Təşkilatı tərəfindən 2008-ci il narkotik vasitələrə və psixotrop maddələrə qarşı mübarizə ili elan edilmişdir. Bu da təsadüfi deyildir. Bəşəriyyətin ən böyük bəlalarından olan narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün bütün dünyanı ciddi narahat edən problemlərdən biri olmaqla dövlətin və cəmiyyətin milli mənafelərinə, mənəvi-əxlaqi dəyərlərə böyük zərbə vurur, sosial-iqtisadi inkişafa mənfi təsir göstərir, insanların həyat və sağlamlığına təhlükə yaradır, cinayətkarlığın artmasına və digər mənfi təzahürlərə səbəb olur.

Bütün bunlar nəzərə alınmaqla Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə dövlət siyasətinin strateji istiqamətləri, onun təşkilati və normativ-hüquqi əsasları müəyyənləşdirilmiş, Azərbaycanda bir çox beynəlxalq, regional və dövlətdaxili tədbirlər həyata keçirilmişdir. O cümlədən, ÜGT-nin dəstəyilə 2008-ci il sentyabrın 23-25 tarixlərində Bakıda Avropa Gömrük Təhqiqat və Araşdırma Xidməti Rəhbərlərinin 17-ci iclasının keçirilməsi də bu qəbildən olmuşdur.

Bildiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 26 avqust tarixli, 485 nömrəli Fərmanı ilə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi elan olunmuş, bu sahədə dövlət siyasətinin həyata keçirilməsi, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmışdır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə sahəsini tənzimləyən normativ-hüquqi baza beynəlxalq standartlara uyğunlaşdırılmaqla təkmilləşdirilmiş, ölkəmizin narkotiklərlə mübarizə üzrə beynəlxalq tədbirlərdə iştirakı daha intensiv xarakter almışdır.

Azərbaycan Respublikası BMT-nin "Narkotik vasitələr haqqında 1961-ci il Vahid Konvensiya"sına, "Psixotrop maddələr haqqında 1971-ci il Konvensiyası"na və "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında 1988-ci il Konvensiyası"na qoşulmuşdur və bu Konvensiyalarla əlaqədar üzərinə götürdüyü öhdəlikləri müvəffəqiyyətlə həyata keçirir.

Azərbaycan Respublikası coğrafi mövqeyinə görə "narkotəhlükəli" regionlara nisbətən yaxın məkanda yerləşir. Bu təhlükənin miqyasını təsəvvür etmək üçün 2008-ci ildə dünya üzrə tiryəkin 90%-ni istehsal etmiş Əfqanıstanda əkin sahələri və istehsal miqdarının həcmi barədə göstəriciləri nəzərdən keçirək:

Azərbaycan Avropa ilə Asiyanın kəsiyində yerləşməklə əlverişli hava, quru, dəniz və dəmir yolu nəqliyyat şəbəkəsinə malikdir. Həyata keçirilən Böyük İpək Yolu və digər iri layihələrlə əlaqədar bu yollarla daşınan yüklərin, nəqliyyat vasitələrinin həcmi və sərnişinlərin sayı ildən-ilə artır. 2008-ci ildə ölkədə fəaliyyət göstərən 13200-dən çox hüquqi və fiziki şəxs dünyanın 140-dan çox ölkəsi ilə xarici ticarət əməliyyatları aparmış, yüz minlərlə nəqliyyat vasitəsi və sərnişin müxtəlif məqsədlərlə gömrük sərhədindən keçmişdir. Təəssüf ki, onların içərisində Azərbaycanın inkişaf etmiş nəqliyyat infrastrukturundan narkotik vasitələrin "istehsalçı" Asiya ölkələrindən "istehlakçı" Avropa ölkələrinə daşınması məqsədilə çirkin niyyətlə istifadə etməyə hər cür cəhd göstərənlərə də rast gəlinir.

Bir faktı da qeyd etmək lazımdır ki, təkcə 2008-ci ildə Əfqanıstanda istehsal olunan 7700 ton tiryəkin heroinə çevrilməsi üçün təxminən 16 min ton prekursora (heroin əldə olunması üçün istifadə edilən kimyəvi maddə) olan tələbat əks istiqamətdə də prekursorların daşınmasına cəhdləri istisna etmir və bu maddələrin dövriyyəsinin ciddi nəzarətdə saxlanılmasını zəruri edir.

Narkoqaçaqmalçıları şirnikləndirərək bu işə sürükləyən əsas səbəb şübhəsiz ki, kriminal biznesin ən gəlirli növlərindən biri olan narkobiznesdən əldə edilən fantastik gəlirlərdir. Misal üçün, Əfqanıstanda 1 kiloqramı 2500 ABŞ dollarına əldə edilən heroindən Avropa qara bazarında parakəndə satış yolu ilə yüz dəfə artıq gəlir əldə etmək mümkündür. Bu gəlirlər isə sonradan terrorçuluğun maliyyələşdirilməsi, çirkli pulların yuyulması və digər cinayətkar fəaliyyət növləri üçün hərəkətverici qüvvəyə çevrilir. Qeyd olunanlar narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin ümummilli-bəşəri vacibliyini və əhəmiyyətini aydın göstərir.

Narkotiklərin ölkə ərazisindən tranziti həm də onların bir hissəsinin ölkədə "çöküb" qalmasına, narkomanların sayının çoxalmasına, narkomanlıqla bağlı cinayətlərin, xəstəliklərin və digər sosial bəlaların artmasına səbəb olur. Növbəti diaqramlarda Əfqanıstan amilinin Azərbaycandakı narkoşəraitə açıq təsirini aydın görmək olar:

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünyada hər gün 6800-dən artıq insan HİV-ə yoluxur, 5700-dən artıq insan isə AİDS səbəbindən vəfat edir, on milyonlarla insan bu virusun daşıyıcılarına çevrilmişdir.

Bu dəhşətli bəla Azərbaycandan da yan keçməmişdir. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin 2008-ci ilin sonuna olan məlumatına görə, indiyə qədər Mərkəzdə infeksiyaya tutulması təsdiq olunmuş 1815 nəfər rəsmi qeydiyyata götürülmüşdür. Onlardan 1744 nəfəri (96%) Azərbaycan vətəndaşı, 71 nəfəri (4%) isə əcnəbi, 16,1%-i qadındır.

Aşağıdakı diaqramdan göründüyü kimi, bu dəhşətli xəstəliyə tutulanların 62,7%-nin narkotiklərin venadaxili qəbulu nəticəsində yoluxması narkotiklərin sui-istifadəsinin QİÇS-in yayılmasına birbaşa təsirini təsdiq edir:

Narkotiklərlə qətiyyətli mübarizənin təmini, müəyyənləşdirilmiş strateji kursun uğurla davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 iyun 2007-ci il tarixli 2271 saylı Fərmanı ilə artıq üçüncü- "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram (2007-2012-ci il)" təsdiq edilmişdir.

Yerləşdiyi coğrafi məkana görə narkotiklərlə mübarizədə ön sıralarda olan Azərbaycanda 2008-ci ildə narkoşərait əvvəlki illərə nisbətən daha mürəkkəbliyi ilə səciyyələnmişdir. Respublikanın gömruk sərhədindən ümumbəşəri problem olan narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq, ölkə ərazisindən "ötürücü məntəqə" kimi istifadə olunmasına yol verməmək, habelə Ümummilli Proqramın icrasını təmin etmək məqsədilə gömrük orqanlarının fəaliyyətinin prioritet istiqamətlərindən birini də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə işi təşkil etmiş, gömrük orqanlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən kompleks tədbirlər həyata keçirilmişdir.

Müasir dövrdə texniki nəzarət vasitələrinin köməyi olmadan mövcud fiziki resurslarla gündən-günə artan yük, nəqliyyat və sərnişin dövriyyəsinə keyfiyyətli gömrük nəzarətini təmin etmək qeyri-mümkündür. Bunu daim diqqət mərkəzində saxlayan Dövlət Gömrük Komitəsi gömrük orqanlarının bu vasitələrlə təchizinə ciddi önəm verir. Dünya təcrübəsində istifadə olunan ən qabaqcıl texniki vasitələr öyrənilir və əldə edilərək tətbiq olunur. Gömrük-keçid məntəqələri gömrük nəzarətinin ən müasir vasitələri ilə, o cümlədən endoskoplarla, narkotikləri muəyyən edən aparatlarla, narkotestlərlə və digər avadanlıqlarla təchiz edilmişdir.

Son dövrlərədək iri qabaritli yüklərə baxış keçirilməsindəki çətinliklər nəzərə alınmaqla onlara qısa müddət ərzində baxış keçirmək imkanı verən 4 ədəd mobil skaynerlərin əldə olunması ilə bu çətinliklər də aradan qaldırılmışdır.

Dövlət Gömrük Komitəsi tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin profilaktikası və ona qarşı səmərəli mübarizənin təşkili üçün ölkədaxili və beynəlxalq əməkdaşlıq, habelə əməliyyat-axtarış fəaliyyəti gücləndirilmiş, qabaqlayıcı məlumat mübadiləsi genişləndirilmiş, kadrların peşəkar hazırlığının artırılması, gömrük nəzarətinin beynəlxalq təcrübədə özünü doğrultmuş səmərəli forma və metodlarının, riskin idarə olunması sisteminin tətbiqi istiqamətində bir sıra məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

Dövlət Gömrük Komitəsinin sistemində 2003-cü ildən istismara verilmiş, regionda analoqu olmayan, ən müasir təlim ləvazimatları və tibbi texniki avadanlıqlarla təmin olunmuş Kinoloji Mərkəz fəaliyyət göstərir. Hazırda Kinoloji Mərkəzdə yetişdirilmiş narkotik axtarışı üzrə 26 xidmət it gündəlik fəaliyyətdə tətbiq edilir. 2008-ci ildə narkotiklərlə mübarizədə səmərəli vasitə kimi narkotiklərin axtarışı üzrə xidməti itlərin yetişdirilməsində Kinoloji Mərkəzin rolu nəzərə alınmaqla maddi-texniki təchizatı gücləndirilmiş, yaş və xəstəlik səbəbindən iş qabiliyyətini itirmiş itlər yeniləri ilə əvəzlənmiş, kinoloqlar üçün mütəmadi təlimlər keçirilmişdir. 

Azərbaycan Respublikası gömrük orqanları tərəfindən görülmüş tədbirlər nəticəsində 2008-ci il ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 64 fakt aşkar olunmuş və bu faktlar üzrə Azərbaycan gömrük xidmətinin tarixində rekord miqdarda - 356 kq 338 qram narkotik, o cümlədən 68 kq 255 qram heroin, 62 kq 732 qram tiryək, 221 kq 406 qram həşiş, 3 kq 945 qram marixuana, 4204 ədəd psixotrop maddə (ampul, kapsul və həb şəklində) və 242 qram metamfetamin maddəsi tutulmuşdur. Bundan əlavə gömrük orqanları əməkdaşlarının təşəbbüsü ilə 22,5 ton yabanı halda bitən çətənə kolu aşkar edilərək yandırma üsulu ilə məhv edilmişdir.

Ümumdünya Gömrük Təşkilatının təşəbbüsünə bütün qüvvələri səfərbər etməklə qoşulan Azərbaycan gömrük orqanlarının 2008-ci il ərzində göstərdiyi səylər diqqətdən kənarda qalmamış, bu Təşkilatın Baş Katibi tərəfindən narkotiklərə qarşı mübarizədə fərqlənən bir qrup Azərbaycan gömrükçüsü müvafiq sertifikatlarla təltif olunmuşdur.

2008-ci ildə qanunsuz dövriyyədən götürülən narkotiklərin miqdarı 2007-ci illə müqayisədə 2,87 dəfə, 2006-cı illə müqayisədə 26 dəfə çox olmuşdur.

Əvvəlki illərlə müqayisədə 2008-ci ildə qanunsuz dövriyyədən götürülmüş narkotiklərin 352 kiloqram 393 qramını, başqa sözlə 98,9%-ni tərkibinə görə daha "ağır" və "güclü təsirli" narkotiklər təşkil etmişdir.

Yuxarıdakı cədvəldən göründüyü kimi 2007-ci illə müqayisədə heroinin miqdarının 5,9 dəfə, 2006-cı illə müqayisədə 80 dəfəyə yaxın artaraq 2008-ci ildə 68,2 kiloqram təşkil etməsi bu faktı əyani surətdə təsdiq edir. Bu qədər heroinin törədə biləcəyi təhlükənin miqyasını aydın təsəvvür etmək üçün qeyd edək ki, mütəxəssislərin rəyinə görə 1 kq heroindən 10 000 "doza" alınır, 100 qram heroinlə 170 adamı narkotiklərdən asılı vəziyyətə salmaq mümkündür.

Əvvəlki illərlə müqayisədə tutulan tiryəkin və həşişin miqdarı da kəskin şəkildə artmışdır.

Psixotrop maddələrin miqdarı 2007-ci illə müqayisədə 2,9 dəfə, 2006-cı illə müqayisədə 3,08 dəfə çox olmuşdur.

Aşkar olunmuş faktların və əməliyyat məlumatlarının təhlili narkoqaçaqmalçıların ən çox İran-Azərbaycan-Rusiya marşrutundan istifadəyə cəhd göstərdiklərini təsdiq edir.

İl ərzində 14 halda narkoqaçaqmalçılığın qabaqcadan əlbir olmuş cinayətkar dəstə tərəfindən törədildiyi müəyyənləşdirilmiş, dəstə üzvlərinin məsuliyyətə cəlb edilməsi və onların istifadə narkokanallarının ləğvi təmin edilmişdir. Bu faktlar üzrə daşınma marşrutunun və digər halların təhlili, tutulan şəxslərin vətəndaşlığı bu cinayətlərin bir neçə dövlətin ərazisini əhatə etməklə transmilli xarakterə malik olduğunu və onlara qarşı mübarizədə beynəlxalq səylərin birləşdirilməsinin vacibliyini göstərir. Qeyd olunanlar nəzərə alınmaqla 2008-ci ildə Ümumdünya Gömrük Təşkilatı, Mərkəzi Asiya Regional İnformasiya-Əlaqələndirmə Mərkəzi, Rusiya, Türkiyə, Fransa və digər gömrük xidmətləri ilə əməkdaşlığın günün tələblərinə uyğun səviyyədə qurulması məqsədilə tədbirlər həyata keçirilmişdir.

Misal üçün, Rusiya Federal Gömrük Xidməti və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi arasında imzalanmış müvafiq protokola və "Kaspi" əməliyyat planına əsasən Azərbaycan-Rusiya istiqamətində hər iki tərəfdən avtomobil, dəmir yolu, hava və su yolları üzrə gömrük-buraxılış məntəqələrinin əməkdaşları da cəlb olunmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qaçaqmalçılığının aşkar edilməsi və qarşısının alınması məqsədilə 15.12.2008-ci il tarixdən 25.12.2008-ci il tarixədək əməliyyat tədbirləri həyata keçirilmişdir. Bu tədbirlər nəticəsində Azərbaycan Respublikası gömrük orqanları tərəfindən həmin marşrutla keçirilməsinə cəhd göstərilən 62 kq 592 qram narkotik vasitə və onları keçirməyə cəhd göstərən şəxslər saxlanılmışdır. 

2008-ci ildə narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanuni dövriyyəsinə gömrük nəzarətinin gücləndirilməsi məqsədilə məlumat bazasının yaradılması və təhlilinin aparılması mexanizmi müəyyənləşdirilmişdir və ona əməl olunması ciddi nəzarətdə saxlanılır.

2008-ci ildə DGK Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsi tərəfindən 9 fakt üzrə 50,2 kq, Astara Gömrük İdarəsi tərəfindən 18 fakt üzrə 154,4 kq, Xaçmaz Gömrük İdarəsi tərəfindən 5 fakt üzrə 121,6 kq, Biləsuvar Gömrük İdarəsi tərəfindən 14 fakt üzrə 28,8 kq, Balakən Gömrük İdarəsi tərəfindən 3 fakt üzrə 282 qram, Bakı Baş Gömrük İdarəsi tərəfindən 2 fakt üzrə 243 qram, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən 4 fakt üzrə 402 qram, Sumqayıt Gömrük İdarəsi tərəfindən 6 fakt üzrə 12 qram, Enerji Gömrük İdarəsi tərəfindən 1 fakt üzrə 1 qram, Naxçıvan Dövlət Gömrük Komitəsi tərəfindən 2 fakt üzrə 329 qram narkotik vasitə qanunsuz dövriyyədən götürülmüşdür.

Narkoqaçaqmalçılıqda təqsirli və ya şübhəli bilinərək saxlanılmış 84 nəfərdən 64-ü Azərbaycan, 16-sı İran, 1-i Ukrayna, 1-i Rusiya, 1-i Gürcüstan, 1-i Türkiyə vətəndaşı, 10-u qadın, 74-ü isə kişi olmuşdur.

Gömrük orqanlarının xidməti fəaliyyətində maraq doğuran, xüsusi diqqət və öyrənmə tələb edən məsələlərdən biri də narkotiklərin qaçaqmalçılığında istifadə olunan gizlətmə üsullarıdır. Təsadüfi deyildir ki, Azərbaycan gömrük orqanlarının aşkar etdiyi bir çox faktlar üzrə maraqlı gizlətmə üsulları barədə məlumatlar Ümumdünya Gömrük Təşkilatı tərəfindən bütün üzv gömrük xidmətlərinə yayımlanmışdır.

2008-ci ildə aşkar olunan aşağıdakı faktlar geniş yayılmış çoxsaylı gizlətmə üsullarının bəziləri haqqında aydın təsəvvür yaradır:

10 yanvar 2008-ci ildə Astara Gömrük İdarəsi və polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində İrandan Azərbaycan Respublikasının gömrük ərazisindən keçməklə Ukraynaya meyvə yükü aparan İran vətəndaşının idarə etdiyi "Daf" markalı avtomaşına keçirilən gömrük baxışı zamanı nar yeşiklərinin içərisindən 30 kq 212 qram həşiş aşkar edilmişdir.

30 yanvar 2008-ci ildə Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən İrandan gələn bu ölkə vətəndaşının üzərində keçirilən şəxsi yoxlama zamanı onun ayaqqabılarının içərisindən 337 qram heroin aşkar edilmişdir.

19 iyul 2008-ci ildə Astara Gömrük İdarəsi əməkdaşlarının digər hüquq-mühafizə orqanları ilə birgə keçirdiyi əməliyyat tədbiri nəticəsində Türkiyə vətəndaşının idarə etdiyi "Volvo" markalı avtomaşının xüsusi düzəldilmiş gizli saxlanc yerindən 41 kq 400 qram heroin aşkar edilmişdir.

14 avqust 2008-ci ildə Dövlət Gömrük Komitəsinin Əməliyyat İdarəsinin əməkdaşları tərəfindən Biləsuvar Gömrük İdarəsinin sərhəd gömrük məntəqəsindən keçməklə İrandan gələn İran vətəndaşının alt paltarından 537 qram heroin aşkar edilmişdir.

28 avqust 2008-ci ildə Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan vətəndaşının idarə etdiyi "Kamaz" markalı avtomaşına əlavə olaraq bərkidilmiş 3-cü hava balonunun içərisindən 22 kq 300 qram həşiş və 600 qr heroin aşkar edilmişdir.

02 oktyabr 2008-ci ildə DGK Gömrük Sahəsində Hüquqpozalara Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsi tərəfindən Biləsuvar Gömrük İdarəsinin sərhəd gömrük məntəqəsindən keçməklə İrandan gələn "Kamaz" markalı avtomaşının yanacaq çəninin içərisinə yerləşdirilmiş yanğınsöndürmə balonunun içərisindən 10 kq 300 qram tiryək aşkar edilmişdir.

15 oktyabr 2008-ci ildə Biləsuvar Gömrük İdarəsinin   əməkdaşları tərəfindən gömrük-keçid məntəqəsindən keçməklə Naxçıvan Muxtar Respublikasından İran ərazisi ilə Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Kamaz" markalı avtomaşına kinoloji xidmət itinin tətbiqi ilə gömrük baxışı keçirilərkən avtomaşının arxa körpüsünün üstündən 2 kq-dan çox həşiş 1 kq 973 qram heroin aşkar edilmişdir.

29 oktyabr 2008-ci ildə Xaçmaz Gömrük İdarəsinin əməkdaşları tərəfindən Yalama gömrük postunda Bakı-Tümen marşrutu ilə hərəkət edən qatarın 8-ci vaqonundan, Azərbaycan vətəndaşına məxsus əl yüklərinin içərisindən paltara bükülmüş halda 58 kq 720 qram həşiş aşkar edilmişdir. 

09 dekabr 2008 ci ildə Biləsuvar Gömrük İdarəsinin əməkdaşları tərəfindən İran- Azərbaycan sərhəddini keçən Azərbaycan vətəndaşının alt paltarından 143 qram heroin aşkar edilmişdir.

Göründüyü kimi, narkoqaçaqmalçıların istifadə etdiyi gizlətimə üsulları olduqca rəngarəng və çoxsaylıdır.

Azərbaycan Respublikası gömrük orqanları tərəfindən narkotiklərin qanunsuz beynəlxalq dövriyyəsinin qarşısına etibarlı sipər çəkilməsi mqsədilə narkotiklərə qarşı mübarizənin forma və metodları təkmilləşdirilməklə kompleks tədbirlərin həyata keçirilməsi davam etdirilir.

 
Güloğlan Muradlı,
DGK Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi,
gömrük xidməti general-mayoru



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi

 
RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80 Faks: (99412) 498-18-36 E-mail: external@customs.gov.az