AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | |

Az | Рус | Eng       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

Milli iqtisadiyyatın inkişafı kontekstində daxili bazarın qorunması


 

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Müasir dünya siyasi-iqtisadi anlayışında da artıq dövlətlərə keçmiş qüdrəti, şöhrəti, tarixi varisliyi ilə yox, onun bu günə mövcud olduğu faktiki iqtisadi durumu və inkişaf perspektivləri ilə yanaşırlar. Belə dövlətlərə beynəlxalq təşkilatların, beynəlxalq iqtisadi-maliyyə korporasiyalarının münasibəti - etimadı da başqa cür olur.

Artıq bunu qəbul etməliyik ki, çoxprizmalı yanaşmaların mövcudluğu, beynəlxalq münasibətlərdə (istər siyasi, istər iqtisadi, istər humanitar, ümumiyyətlə bütün sahələrdə) tərəflərin-dövlətlərin daim rəylərində öz mənfəətlərini (bura təkcə iqtisadi mənfəətlər yox, həmdə əlaqəli dövlətlərin strateji əhəmiyyətli hesab etdikləri bütün mənfəətlər daxildir) əsas tutduğu, beynəlxalq münasibət və dövlətlərarası əlaqələr standartların zaman, məkan və tərəfdaşlara  görə tez-tez dəyişdiyi bir dünyada yaşayırıq.

Azərbaycan çox qısa müddətdir ki, öz müstəqilliyini əldə edib. Belə ki, 25 may 1991-ci il tarixdə “Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu, 18 oktyabr 1991-ci il taixdə isə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olunmuşdur.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ona fiziki və mənəvi cəhətdən aşınmış, elmi-texniki inqilabın nailiyətlərindən çox geridə qalmış, enerjitutumlu, əməktutumlu, fayadlı iş əmsalı minimum dərəcə ilə çalışa bilən texnologiyalar, istehsal avadanlıqları qalmışdır ki, onların da işləməsi nəticəsində alınan məhsullar hətta daxili bazarda alıcı tapmaqda aciz idi.

Bu halda rəqabətə davamlı məhsul istehsalından və ixrac potensialından söhət belə gedə bilməzdi. Əksinə müstəqilliyimizi qəbul etdiyimiz ilk illərdə təcrübəsizlik, gömrük orqanının yeni yaradılmış olması, ölkədəki iqtisadi tənəzzül, düzgün qurulmayan mülkiyyət və onun idarə olunmasında cinayət dərəcəsində olan təsərrüfatsızlıq, düzgün aparılmayan pul-kredit siyasəti və s. kimi mühüm iqtisadi, ictimai, hüquqi faktorlar yenicə müstəqilliyini əldə etmiş Azərbaycanda daxili bazarın xarici iqtisadi güclər - istehsal və satış şirkətləri tərəfindən ekspansiyasına gətirib çıxardı. Bunun nəticəsində isə ölkənin itirdikləri ilə yanaşı, faydaları da az olmamışdır. Belə ki, dünya siyasi və iqtisadi arenasına yenicə qədəm qoyan Azərbaycan dünya gözündə iqtisadi zəifliyi, torpaqlarının haqsız işğala məruz qalması, bir milyondan çox qaçqın və məcburi köçkünün mövcud olduğu bir ölkə kimi xarakter yaratmışdır. Belə zəif və köməyə möhtac dövlətlər isə yaxşı satış bazarı olmaqla yanaşı, beynəlxalq maliyyə, pul-kredit təşkilatları üçün çox yaxşı dövlət zəmanətli istehlakçı krediti (bu kredit heç bir iqtisadi səmərəsi olmayan, çox qısa müddətdə iqtisadi canlanma, yəni ticarətin gələn çoxlu xərclik pul hesabına müvəqqəti canlanması, bunula birlikdə idxal olunan inflyasiyadan başqa heç nə vəd etmirdi) alan subyekt fiquru canlandırırdı.

Lakin 1994-cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması ilə dünyanın sayılıb-seçilən, varlı və iqtisadi lobbiçilik qüdrətinə malik şirkətlərinin Azərbaycana, onun enerji sektoruna, daha dəqiqi artıq köhnəlmiş infrastrukturu ilə getdikcə bataqlıq girdabına dönən, ekoloji fəlakət səviyyəsinə yüksələn neft sektoruna cəlb edilməsi, onları Azərbaycanın xeyrinə olan şərtlərlə müqavilə bağlamağa inandırılması Azərbaycanın bu 20 illik iqtisadi-siyasi həyatında ən mühüm nailiyyətdir.   

Bununla Azərbaycan dünyada iqtisadi yatırımçıların və iqtisadi analizatorların iqtisadi səmərəliliyin ölçülməsi və buraya sərmayə yatırılmasının əhəmiyyətinin müəyyən olunması üçün tədqiqat obyektinə çevrilməklə dünya təsərrüfatına inteqrasiyanın başlanğıcına qədəm qoydu.

Lakin 1990-cı illərin ortalarında hələ də daxili bazarda daxili tələbatı ödəyəcək, rəqabətə davamlı, keyfiyyətli, münasib qiymətlərlə təklif olunan yerli məhsullar tələb olunan məhsulların çox cüzi bir hissəsini ödəyirdi. Daxili bazarın istehlak məhsullarına olan tələbatı isə xarici analoqlar hesabına ödənilirdi.

Ancaq milli iqtisadiyyatın canlanması Azərbaycan Respublikasında iqtisadi islahatları sürətləndirmək, sahibkarlığın inkişafına kömək və dövlətin iqtisadi siyasətinin həyata keçirilməsində sahibkarların səmərəli iştirakını həvəsləndirmək məqsədilə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun yaradılması, düzgün və uzunmüddətli neft və qaz sazişlərinin icrası nəticəsində böyük miqdarda valyuta sərvətlərinin ölkəyə gəlişini və digər gəlirlərin toplanması və səmərəli idarə edilməsi, həmin vəsaitlərin öncül sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Dövlət Neft Fondu yaradılmasının məntiqi nəticəsi olaraq mümkün olmuşdur.

Bununla ölkədə 2000-ci illərin əvvəllərindən başlayaraq milli sahibkarlıq inkişaf etməyə, yerli istehsal və emal təsərrüfatları inkişaf etməyə başladı ki, bu da özlüyündə Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət istiqamətdə inkişafını təmin etməyə başladı. Belə ki, əgər əvvəllər ölkədən xammal kimi xaricə əlavə dəyər yaratmadan ixrac olunan əmtəələr artıq ölkəmizdə yeni yaradılan istehsal sahələrinin fəaliyyəti, yeni texnoloji istehsal xəttlərinin işə düşməsi nəticəsində, yerli işçi qüvvəsinin gücü ilə əlavə dəyər yaradaraq Ümum Daxili Məhsulun artımına vəsilə oldu.

Azərbaycanın iqtisadi həyatındakı sürətli inkişaf, milli sahibkarlar təbəqəsinin belə qısa müddətdə formalaşması onlara dövlət qayğısı olmadan bu qədər irəli getmələri mümkün olmazdı. Fikirlərimizi bəzi iqtisadi faktorlarla sübut etməyə çalışaq. Belə ki, ölkədə mütərəqqi metodlarla işlənib hazırlanmış, Avropa ekspertlərinin müsbət rəyini almış Vergi Məcəlləsinin qəbulu, Sahibkarlığa Kömək Milli Fondunun təsisi, Dövlət Neft Fondunun yaradılması, ölkənin xarici iqtisadi, o cümlədən ticarət əlaqələrinin daha da liberallaşdırılması məqsədilə qanunvericiliyin qəbulu,  xarici ticarətin tənzimlənməsi qaydalarının qəbulu, iqtisadi siyasətin, iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafının prioritet olaraq qəbul edilməsi, xarici iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsi, investisiya fəaliyyəti, investisiyaların cəlb edilməsi, qoyulması və təşviqi, daxili ticarət, sahibkarlığın inkişafı və sahibkarlığa dövlət yardımı, rəqabətin inkişafı və təşviqi, o cümlədən haqsız rəqabətin aradan qaldırılması, istehlakçıların hüquqlarının qorunması, ölkə iqtisadiyyatında struktur və innovasiya sahəsində dövlət siyasətini işləyib hazırlayan və həyata keçirən İqtisadi İnkişaf Nazirliyinin yaradılması, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yaradılması, milli iqtisadiyyatın xarici haqsız rəqabətdən qorunması, ixracyönümlü əmtəə istehsalının təşviq edilməsi, gömrük tarifləri mexanizminin daha da təkmilləşdirilməsi yolu ilə xarici iqtisadi əlaqələrin səmərəliliyinin artırılması, sahibkarlıq fəaliyyətinin, ölkədə rəqabətə davamlı məhsulların istehsalının inkişafı üçün lazımi şəraitin yaradılması və daxili bazarın qorunması məqsədi ilə Azərbaycan Respublikasının ərazisinə gətirilən, qeyri-neft sektorunda istehsalın təşviqi məqsədi ilə elmi cihazların və avadanlıqların, lizinq müqaviləsinin obyekti olan kənd təsərrüfatı avadanlıqlarının idxal və əlavə dəyər vergisindən azad olunmaları haqqında Nazirlər Kabinetinin qərarlarının qəbulu, regionlarin sosial-iqtisadi inkişafı dövlət proqramlarının qəbulu və icrasına dövlət nəzarəti və s. bu kimi siyasi, inzibati, iqtisadi xarakter daşıyan, ancaq hamısı da uzaqgörənlik və möhkəm siyası iradə tələb edən addımlardır.

Milli sahibkarlığın inkişaf etdirilməsi, yerli sənayenin yaradılması, qeyri-neft sektorunun iqtisadi inkişafın prioriteti elan edilməsi, dövlət və hökumət tərəfindən atılan addımların hamısının bu yöndə olması həmdə bu sektorun qorunmasının dövlətin prioriteti olmasını şərtləndirir. Dövlətimiz də bütün inzibati-iqtisadi imkanları ilə milli iqtisadiyyatın, daxili bazarın qorunmasında bütün müdafiə mexanizmlərini işə salaraq iqtisadi siyasət yürütməkdədir. Bunu yuxarıda yerli istehsalın yaradılmasının dəstəklənməsi, qeyri-neft sektorunun inkişafının dövlət prioriteti olaraq elan edilməsi və iqtisadi proqramların bu ağırlıqlı tərtib edilməsi, yeni texnologiyaların idxalı və tətbiqinin vergi və rüsumlardan azad etməklə təşviqi, rəqabətə davamlı əmtəə istehsal etməyə inzibati nəzarətin yaradılması, milli standartların yaradılması  və s. kimi addımları sadalayaraq sübut etdik. Bütün bu əldə edilmiş müsbət irəliləyişin saxlanılması, dəstəklənməsi, milli pul-kredit sisteminin dayanıqlığının təmin edilməsi, yüksələn xətlə artan valyuta ehtiyatlarının qorunması məqsədilə daxili bazar qorunmalı, ixracyönümlü strategiya izlənməli, rəqbətə davamlılığı, ekoloji təmiz məhsul istehsal etmək, daim istehsal texnologiyalarını yeniləmək, daha az enerjituttumlu texnologiyaları seçmək istehsalı stimullaşdırıcı iqtisadi siyasət halına gətirilməli və s. Bu addımlar heç də hamısı dövlət tərəfindən atıla bilməz. Belə ki, dövlət daim öz təşviq siyasətini, vergi və rüsumlardan azadetmə və yaxud onların ödənilməsinə möhlət verilməsini həyata keçirməkdədir. Ancaq istehsalın müasir səviyyəyə çatdırılması, rəqabətə davamlılığın təmin olunması, daxili və xarici bazarların axtarılması və istehlakçı istəyinin (tələbin) öyrənilməsi, istehlakçıya xitab etmək kimi elmin - reklam etmənin tətbiqi isə sahibkarların öz istedadına və təşəbbüskarlığına bağlı bir iş olmaqla onların şəxsi iqtisadi vəziyyətlərinə birbaşa təsir edən addımlardır.

Dövlət əlavə olaraq gömrük siyasətinin tətbiq olunmasında daha çox proteksionist siyasət izləməkdədir. Ancaq birbaşa idxalın tənzimlənməsindən çox yerli istehsalın təşviq edilməsi kimi uzaqgörən iqtisadi siyasətin güdülməsi bu gün öz bəhrəsini daha da verməkdə və tutulan yolun  düzgünlüyünü sübut etməkdədir. Belə ki, xarici ticarət balansında ixracın ildən-ilə artması, müsbət saldonun yaranması və ixrac əmtəələri icərisində də qeyri-neft sektorunun payının faiz və çəki nisbəti ilə çoxalması deyilənlərə bariz sübutdur. İdxalın azalması isə iqtisadi-sosial vəziyyəti, real pul gəlirləri günü-gündən artan əhalinin istehlakının azaldığının göstəricisi yox, istehlak edilən malların yerli istehsal hesabına ödənilməsi və bu faktor qarşısında da idxalın azalmasının göstəricisidir. Əlavə olaraq idxalda texnologiyaların, yarımfabrikatların, istehsalda istifadə olunan hissələrin, xammalın artması da iqtisadi inkişafın davamlılığının göstəricisidir.

Günü-gündən artan istehsal həcminin kontekstində daxili bazarın qorunmasında dövlətimizin tətbiq etdiyi tarif və qeyri-tarif tənzimlənməsi öz ağırlığını tarif tənzimlənməsinə verməlidir. Belə ki, bu, milli pul-kredit siaysətinin aparılmasına yardımçı olmaqla, valyuta nəzarəti işinə də dəstək olmuş olar. Əlavə olaraq dövlət büdcəsinin gəlirlər hissəsinin formalaşmasına xidmət etməklə yerli eyniadlı istehsal məhsullarının xarici analoji məhsulların dempinqindən qorumuş olmaqla, istehlakçının daha ucuz və daşınması, saxlanılması üçün heç bir vaxt sərf edilməyən yeni istehsal olunmuş yerli məhsullara yönəlməsinə səbəb olar. Qeyri-tarif tənzimlənməsinin azaldılması  isə Ümumdünya Ticarət Təşkilatına üzvlük yolunda növbəti addım olmaqla, azad bazar iqtisadiyyatı kimi əhəmiyyətli yol tutan dövlətimiz üçün mühüm iqtisadi imic faktoru olar. Lakin bu, qeyri-tarif tənzimlənməsindən imtina üçün əsas olmazdı. Belə ki, dünya təsərrüfatına tam inteqrasiya proseslərini başa çatdırmadan, istehsal texnologiyalarını tam yeniləmədən, əhatəli və keyfiyyətli xarici iqtisadi əlaqələr qurmadan, mövcud əlaqələrin səviyyəsini artırmadan bu tənzimləmə metodundan imtina etmək olmaz. Əlavə olaraq daxili bazarın qorunması, milli iqtisadiyyatın inkişaf etdirilməsi, şaxələndirilməsi, yerli istehsalın artırılması da tam anlamında bir doqma xarakteri daşımamalı, bu istiqamətdə də prioritetlər müəyyən edilməli, onların ixrac qabiliyyətliliyi, rəqabət qabiliyətliliyi artırılması yönündə əlavə addımlar atılmalı, iqtisadi və inzibati təşviq sistemi yaradılaraq müəyyən olunmuş istehsal sahəsi iqtisadi inkişafın prioritet məhsulu, yaxud fəaliyyət sferası halına gətirilməlidir.

Gömrük orqanları isə daxili bazarın qorunması, xarici ticarət əlaqələrinin tənzimlənməsi yolunda fəaliyyətini də günün tələblərinə uyğun qurmaqla, həm tamamilə dünya standartlarına cavab verən infrastruktur formalaşdırmaqla,  həm də tamamilə İKT-dən istifadə etməklə nəzarət, qeydiyyat, gömrük rəsmiləşdirilməsi prosesini həyata keçirməyi tətbiq etmiş və yeni Gömrük Məcəlləsi qəbul olunmuşdur. Bütün bu işlər isə dövlətimizin xarici iqtisadi fəaliyyətdə  nə qədər maraqlı olduğunu və bu sahəyə diqqətin artırılmasının strateji əhəmiyyətini ortaya qoymaqdadır. İnanıram ki, görülmüş işlər, gələcəkdə görülməsi, həyata keçirilməsi planlanan dövlət proqramları, yürüdülən iqtisadi inkişaf siyasəti öz bəhrəsini gələcək nəsillərə bir möhkəm iqtisadi bazis olaraq verəcəkdir. Çünki bu günə yatırılan investisiyalar öz bəhrəsini zaman keçdikcə artıqlaması ilə geri qaytarmaqla yanaşı, Azərbaycanın güclü iqtisadiyyatının əsası olmaqla, onu dünya təsərrüfatının bərabərhüquqlu üzvünə çevirməklə sözü ötkəm, qüdrətli və dayanıqlı iqtisadiyyata malik ölkəyə çevirəcəkdir.

 

Zaur Bağırov,

Naxçıvan MR  Dövlət Gömrük

Komitəsinin Gömrük Nəzarətinin Təşkili şöbəsinin rəisi,

gömrük xidməti mayoru




    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi

 
RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80 Faks: (99412) 498-18-36 E-mail: external@customs.gov.az