20 Yanvar şəhidlərinin əziz xatirəsi yad edilmişdir
20 Yanvar şəhidlərinin əziz xatirəsi yad edilmişdir
Yanvarın 19-da Dövlət Gömrük Komitəsinin bir qrup əməkdaşı Azərbaycan İstiqlal Muzeyində 20 Yanvar faciəsinin 20 illiyinə həsr olunmuş "Yarımçıq qalmış uçuş" adlı fotosərgidə iştirak etmışlər.
Sərgidə AzərTAc-ın fotoinformasiya redaksiyasının mərhum baş redaktoru Oqtay Məmmədovun (Oqtay Aydınoğlu) 20 Yanvar hadisələrinə həsr edilmiş fotoşəkilləri nümayiş etdirilir.
Gömrük əməkdaşlarını sərgi ilə tanış edən muzeyin əməkdaşı 20 Yanvar faciəsini lentə alan Oqtay Aydınoğlunun foto sənətinə bütün varlığı ilə bağlı olduğunu vurğulamış və onun əsərlərinin təkcə respublika mətbuatında deyil, xarici informasiya agentliklərində də yer aldığını söyləmişdir.
Bildirilmişdir ki, xalqımızın başına gətirilmiş faciənin qurbanları bu gün də böyük ürək ağrısı ilə yad edilir. 20 il bundan əvvəl baş verən bu amansız qırğını lentin yaddaşına köçürən Oqtay Aydınoğlu kimi vətənsevər oğullar həmin işi çox cətin vəziyyətdə həyata keçirmişlər.
Fotosərgini böyük maraqla izləyən gömrük əməkdaşları bir daha 20 Yanvar faciəsi zamanı sovet qoşunları tərəfindən törədilmiş vəhşilikləri xatırlamış və milli azadlıq yolunda şəhid olan qəhrəmanların xatirəsini ehtiramla yad etmişlər.
***
Yanvarın 20-də sübh tezdən paytaxt sakinləri, ayrı-ayrı dövlət və ictimai-siyasi təşkilatların nümayəndələrilə yanaşı, respublikamızın gömrük orqanlarının çoxsaylı əməkdaşları da Şəhidlər xiyabanını ziyarət etmişlər. Gömrükçülər ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzmüş, şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildirmişlər.
DGK Mətbuat Xidməti










