AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ

AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ

Alo Gömrük







   SAYTIN KÖHNƏ VERSİYASI

    AMB valyuta məzənnələri
USD   0.8034

EUR   1.096

GBP   1.2032

CHF   0.7502

TRY   0.5237

GEL   0.468

 

RUR                             0.0272





Gömrükçülər Azərbaycanın tərəqqisi yolunda öz xidmətlərini bundan sonra da əsirgəməyəcəklər


Gömrükçülər Azərbaycanın tərəqqisi yolunda öz xidmətlərini bundan sonra da əsirgəməyəcəklər
 
Bayramınız mübarək, əziz gömrükçülər!
 
 
 
Yanvarın 30-da Azərbaycan Gömrük Xidmətinin yaradılmasının 18 illiyi tamam olur. Hər il öz peşə bayramını böyük iftixar hissi ilə qeyd edən Azərbaycan gömrükçüləri eyni zamanda ötən hesabat ilinin yekunlarını geniş müzakirə edərək, görülən işlər barədə dövlət və hökumət qarşısında hesabat verir, cari ilin yeni vəzifələrini müəyyənləşdirirlər. Bu baxımdan son illər, o cümlədən, yola saldığımız 2009-cu il də yaddaqalan illərdən olmuşdur.
 
 
Aydın ƏLİYEV,
Dövlət Gömrük Komitəsinin sədri,
gömrük xidməti general-leytenantı
 
Ötən il ümummilli lider Heydər Əliyevin müəllifi olduğu sosial-iqtisadi inkişaf strategiyası onun siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilməkdə davam etdirilməklə iqtisadiyyatımızın yeni prioritetləri, onun gələcək inkişaf perspektivləri bir daha müəyyənləşdirilmişdir. Azərbaycanın iqtisadi inkişafı, onun suverenliyinin təmin edilməsi ölkədə aparılan gömrük siyasətilə də bilavasitə bağlıdır. Bütün bunlar nəzərə alınmaqla son dövr Azərbaycanda uğurlu gömrük siyasətinin təməli qoyulmuş, gömrük işinin təkmilləşdirilməsi, gömrük orqanlarının maddi-texniki və normativ-hüquqi bazasının möhkəmləndirilməsi, ümumdünya gömrük sisteminə inteqrasiyası istiqamətində uğurlu addımlar atılmışdır.
Xatırladım ki, gömrük xidmətinin ölkə iqtisadiyyatının inkişafında rolunu yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev bu orqanın fəaliyyətini daim diqqətdə saxlayırdı. Yanvarın 30-nun gömrük işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi də məhz ulu öndərin adı ilə bağlıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli sərəncamı ilə yanvarın 30-u gömrük əməkdaşlarının peşə bayramı günü elan edilmişdir. Məlum olduğu kimi, Azərbaycan öz suverenliyini bərpa etdikdən sonra 1992-ci il yanvarın 30-da Dövlət Gömrük Komitəsi yaradılmışdır. Lakin o zaman mürəkkəb ictimai-siyasi vəziyyət gömrük orqanlarının formalaşmasına imkan verməmişdir. Yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, gömrük xidmətində də islahatlar aparılmış, Dövlət Gömrük Komitəsinin fəaliyyətində ciddi dönüş yaranmışdır.
Gömrük işi ölkədə və dünyada gedən ictimai-siyasi, iqtisadi-sosial proseslərdən geridə qala bilməz və daim təkmilləşdirilməlidir. Qeyd etdiyimiz kimi, ötən illərlə yanaşı, yola saldığımız 2009-cu ildə də bu sahədə görülmüş işlər davam etdirilmiş, kompleks tədbirlər həyata keçirilmişdir. Dövlət Gömrük Komitəsi və onun yerli orqanları ötən il öz fəaliyyətini Azərbaycan Respublikası Konstitusiyasını, Gömrük Məcəlləsini, "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununu, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərarlarını və gömrük işini tənzimləyən digər normativ-hüquqi aktları əldə rəhbər tutaraq tərtib olunmuş iş planı əsasında qurmuşdur.
Bildiyimiz kimi, gömrük orqanlarının mühüm vəzifələrindən biri fiskal funksiyanın - gömrük vergi və rüsumları üzrə proqnozun yerinə yetirilməsidir. Dünyada baş verən maliyyə və iqtisadi böhrana baxmayaraq, 2009-cu ildə gömrük orqanları tərəfindən 1 milyard 112,72 mln. manat gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülmüşdür. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,35 mln. manat çoxdur.
Gömrük orqanları qarşısında qoyulmuş digər vəzifələrin yerinə yetirilməsi istiqamətində də ötən il ardıcıl olaraq müvafiq tədbirlər görülmüşdür.
Bu məqsədlə Dövlət Gömrük Komitəsi və onun yerli strukturları tərəfindən ötən dövr ərzində idxal-ixrac əməliyyatları üzrə gömrük nəzarətinin təkmilləşdirilməsi, xarici-iqtisadi fəaliyyətdə gömrük-tarif tənzimlənməsinin və gömrük orqanlarında maliyyə-vergi mexanizminin təkmilləşdirilməsi, Azərbaycan Respublikasının "Gömrük Məcəlləsi"nin yeni layihəsinin hazırlanması, gömrük-vergi qanunvericiliyinə dair normativ-hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində müvafiq işlər görülmüş, qaçaqmalçılıq və gömrük qaydalarının pozulması halları ilə mübarizənin gücləndirilməsi, statistika və avtomatlaşdırılma işində müasir texnologiyanın imkanlarından geniş istifadə olunmaqla Azərbaycan Respublikası gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminin (VAİS) yaradılması, məlumatların yoxlanılması və emalı məqsədilə yeni proqram təminatlarının yaradılması, beynəlxalq gömrük əməkdaşlığının genişləndirilməsi, gömrük orqanlarının maddi-texniki bazasının inkişaf etdirilməsi, kadrların keyfiyyət tərkibinin yaxşılaşdırılması və onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi sahəsində mühüm tədbirlər həyata keçirilmişdir.
2009-cu ildə gömrük işi sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsinə gəlincə, istər ölkə qanunvericiliyinin təkmilləşdirilməsi, istərsə də beynəlxalq standartların öyrənilməsi və onların tətbiqi işinin davam etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Eyni zamanda, "Gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması haqqında" Kioto Konvensiyasının müddəalarının milli gömrük qanunvericiliyində əks olunması məqsədilə Dövlət Gömrük Komitəsində Avropa İttifaqının və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən "Azərbaycan Gömrük Xidmətinin təkmilləşdirilməsi" layihəsi çərçivəsində hazırlanmış Azərbaycan Respublikasının yeni Gömrük Məcəlləsinin layihəsi dövlətdaxili prosedurlardan keçərək Nazirlər Kabinetinə təqdim olunmuşdur. Onu da bildirim ki, ötən il ərzində Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı"nda nəzərdə tutulan "Azərbaycan Respublikasının gömrük qanunvericiliyi" kitabının birinci, ikinci və üçüncü cildləri çapdan çıxmış və oxucuların istifadəsinə verilmişdir.
Dövlət Gömrük Komitəsi tərəfindən Azərbaycan Respublikası gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminin (VAİS) yaradılması, məlumatların yoxlanılması, emalı, yeni proqram təminatlarının yaradılması, korporativ şəbəkənin genişləndirilməsi, Azərbaycan Respublikasının xarici ticarətinin təhlilinin aparılması və gömrük statistikasının təkmilləşdirilməsi sahəsində də bir sıra mühüm əhəmiyyət kəsb edən işlər həyata keçirilmişdir. Komitənin korporativ şəbəkəsinin tam optik rabitə üzərinə keçirilməsi istiqamətində işlər davam etdirilməklə, Xaçmaz, Enerji, Astara gömrük idarələri, Tovuz Gömrük İdarəsinin Böyük-kəsik və Sınıq Körpü gömrük postları, Balakən Gömrük İdarəsinin Mazımçay gömrük postu və Biləsuvar Gömrük İdarəsinin keçid məntəqəsi birbaşa optik rabitə vasitəsilə DGK-nın korporativ şəbəkəsinə qoşulmuşdur.
Web-texnologiyalar əsasında VAİS-in ilkin mərhələsi olan dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılması və çatdırılmaya elektron nəzarət sisteminin proqram təminatı hazırlanmış və sərhəd avtomobil keçid məntəqələrində sənaye istismarı təmin edilmişdir. Sistemin bütün gömrük orqanlarında istismara verilməsi və təkmilləşdirilməsi sahəsində müvafiq tədbirlər davam etdirilmişdir.
Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 11 noyabr 2008-ci il tarixli 12 saylı fərmanının 6-cı bəndinin tələbinə uyğun olaraq təşkilatlararası məlumat mübadiləsinin elektron şəkildə həyata keçirilməsi məqsədilə Səhiyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Baytarlıq və Dövlət Fitosanitar Nəzarəti xidmətləri optik lifli rabitə kanalları ilə Dövlət Gömrük Komitəsinin korporativ şəbəkəsinə birləşdirilmişdir. Web-texnologiyalarına əsaslanan proqram təminatları hazırlanmış, həmin qurumların VAİS-ə qoşulmaları və sistem vasitəsilə məlumat mübadiləsi həyata keçirmələri təmin edilmişdir.
VAİS-in ilkin mərhələsinin istismara verilməsilə əlaqədar sistemin iş prinsipi, sistemlə işləmə qaydaları, o cümlədən, yeni qaydada iş rejiminə keçidlə bağlı hər bir gömrük əməkdaşının üzərinə düşən vəzifələr haqqında Dövlət Gömrük Komitəsində və yerli gömrük orqanlarında seminarlar təşkil olunmuş, sistemdən istifadə etmə qaydaları hazırlanmışdır.
Bundan başqa, "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İnternet İnformasiya resurslarının yaradılması Konsepsiyası" hazırlanıb, Komitənin 2 noyabr 2009-cu il tarixli əmri ilə təsdiq edilmişdir. Bu konsepsiyanın tələbləri nəzərə alınmaqla Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsində rəsmiləşdirilmə qaydaları, rəsmiləşdirmədə istifadə olunan bütün normativ-hüquqi sənədlər, mal nomenklaturası və müvafiq tarif dərəcələri yerləşdirilmişdir. Bu məlumatlar Azərbaycan Respublikası qanunverıciliyində edılən dəyişikliklərə uyğun olaraq daim yeniləşdirilmişdir.
Ümumiyyətlə, qeyd edim ki, DGK-nın rəsmi internet səhifəsi ötən ilin ilk aylarındaca yeni dizaynda və yeni http://customs.gov.az ünvanında fəaliyyətə başlamışdır. Əks olunmuş məlumatlara yenidən baxılmış, Komitə strukturunda, gömrük qanunvericiliyində, gömrük tarifi siyasətində, gömrük statistikasında baş vermiş dəyişiklikləri əks etdirən müvafiq düzəlişlər edilmiş, müntəzəm olaraq bu məlumatların yeniləşdirilməsi təmin olunmuşdur. DGK-nın veb-saytında fəaliyyət göstərən "sual-cavab" bölməsinə və Komitənin elektron poçt ünvanına fiziki və hüquqi şəxslər tərəfindən sual tərkibli 472 müraciət ünvanlanmış və bu müraciətlər on-layn vasitəsilə cavablandırılmışdır. Komitənin rəsmi internet səhifəsinin fəaliyyətinin "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə daha da uyğun şəkildə təşkil olunması məqsədilə hesabat dövründə saytda təkmilləşdirilmə, saytın işləmə strukturunda yeniləşdirilmə işləri aparılmışdır. Belə ki, saytın "sual-cavab" bölməsindəki sorğu formasında sözügedən qanunun tələbləri nəzərə alınaraq dəyişikliklər edilmişdir. Eyni zamanda, DGK-nın elektron ünvanında yerləşdirilməsi məqsədilə Komitə tərəfindən Azərbaycan Respublikasının gömrük tariflərinin ingilis və rus dillərindəki variantı hazırlanmışdır. Onu da qeyd edim ki, ötən il ərzində DGK-nın rəsmi internet saytına 50 minə yaxın daxilolma qeydə alınmışdır.
Daha sonra, ötən il Azərbaycan Respublikasının gömrük xidmətində "Risklərin avtomatlaşdırılmış idarəetmə sistemi"nin tətbiqini təmin edən normativ-hüquqi aktlar Komitənin müvafiq əmri ilə təsdiq edilmişdir. Risklərin avtomatlaşdırılmış idarəetmə sisteminin Bakı Baş Gömrük İdarəsi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi və Sumqayıt Gömrük İdarəsində eksperimental qaydada tətbiqi, eləcə də gömrük rəsmiləşdirilməsi və nəzarətinin avtomatlaşdırılmış sisteminin Web-texnologiyalarına əsaslanan və vahid mərkəzi baza əsasında qurulan yeni variantının hazırlanması sahəsində işlər davam etdirilmişdir.
Gömrük mədaxil orderləri vasitəsilə rəsmiləşdirilən malların qeydiyyatı və nəzarəti üçün Web-texnologiyaları əsasında yeni proqram təminatının hazırlanmasına başlanılmışdır. Optik lifli rabitə kanalı vasitəsilə "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə qoşulma təmin edilmiş, məlumat mübadiləsinin aparılmasına başlanmışdır.
"Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin fərmanının 4-cü bəndinin 4.3. yarımbəndinə əsasən beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə sərhəddə "icazə" blanklarının verilməsi və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş məbləğlərdə dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməsinin təmin olunması 2009-cu il yanvarın 1-dən gömrük orqanları tərəfindən proqram təminatı ilə həyata keçirilir. Dövlət Gömrük Komitəsinin müvafiq əmrlərinə əsasən, sərhəd gömrük idarələrinin əməkdaşları üçün mütəmadi qaydada seminar-müşavirələr təşkil olunmuşdur.
2009-cu ildə Azərbaycan Respublikasının iqtisadi mənafeyinin və təhlükəsizliyinin qorunması məqsədilə qaçaqmalçılığa və gömrük işi sahəsində digər hüquqpozmalara qarşı mübarizə istiqamətində də məqsədyönlü tədbirlər görülmüşdür. Bu iş gömrük orqanlarının əməliyyat bölmələri tərəfindən əsasən qabaqlayıcı, profilaktik və əməliyyat-axtarış tədbirləri vasitəsilə qaçaqmalçılıq kanallarının, gömrük ödənişlərinin ödənilməsindən yayınmanın və digər hüquqpozmaların aşkar olunmasına və qarşısının alınmasına, habelə hüquqpozma faktları üzrə təhqiqat və ibtidai istintaq aparmaqla təqsirkar şəxslərin müvafiq məsuliyyətə cəlb edilməsinə istiqamətləndirilmişdir. Kompleks tədbirlər nəticəsində 2009-cu ildə 3005 hüquqpozma faktı aşkar edilmişdir ki, onlardan 162-si cinayət xarakterli faktlar olmuş və həmin faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyalarının və digər predmetlərin dəyəri 688 min 686 manat təşkil etmişdir. Cinayət əməllərinin törədilməsində təqsirli bilinən 160 nəfərin cinayət təqibi üzrə müvafiq tədbirlər görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2007-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram (2007-2012-ci il)"ın icrasını təmin etmək, Azərbaycan Respublikasının gömruk sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq və ölkə ərazisindən "ötürücü məntəqə" kimi istifadə olunmasına yol verməmək məqsədilə görülmüş tədbirlər nəticəsində 2009-cu il ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 65 fakt aşkar olunmuş və bu faktlar üzrə 319 kq 907 qram narkotik, o cümlədən 208 kq 825 qram həşiş, 61 kq 870 qram heroin, 48 kq 885 qram tiryək, 326,92 qram marixuana, 1 kq 982 qram psixotrop maddə (ampul, kapsul və həb şəklində), 1,65 qram metadon, 10,819 qram metamfetamin maddəsi tutulmuşdur. Bu faktlar üzrə 81 nəfər məsuliyyətə cəlb olunmuşdur.
Aşkar olunmuş faktların və əməliyyat məlumatlarının təhlili göstərir ki, narkoqaçaqmalçılıq halları ən çox İran-Azərbaycan-Rusiya və İran-Azərbaycan-Çin marşrutu üzrə baş verir. Həmçinin son illər mütəşəkkil cinayətkar dəstələr tərəfindən törədilən narkoqaçaqmalçılıq hallarının çoxaldığı müşahidə olunur. Belə ki, 2009-cu ildə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 13 mütəşəkkil cinayətkar dəstə və narkoqrup aşkar olunaraq zərərsizləşdirilmişdir.
2009-cu il mayın 8-dən iyulun 10-dək olan dövrdə həyata keçirilmiş kompleks əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 6 transmilli mütəşəkkil cinayətkar dəstə ifşa olunmuş, onlardan 50 kq-dan artıq güclü təsirli narkotik vasitə olan heroin götürülmüşdür. Bu tədbirlər zamanı Pakistan və Nigeriya narkoişbazları tərəfindən təşkil olunmuş, Pakistan-İran-Azərbaycan, daha sonra isə Çin və İtaliyaya narkotiklərin daşınması üzrə böyük narkokanal aşkara çıxarılmışdır.
2009-cu il ərzində aşkar olunmuş 2843 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 596 hüquqi şəxs (o cümlədən, 150 xarici hüquqi şəxs) və 2238 fiziki şəxs (o cümlədən, 887 xarici) inzibati məsuliyyətə cəlb edilmiş, göstərilən şəxslərə qarşı 1 milyon 790 min manatdan çox cərimə, 750 min 215 manat dəyərində müsadirə tətbiq olunmuşdur. Miqdarına görə aşkar edilmiş inzibati xəta faktlarının ən çoxu - 346-sı malların və nəqliyyyat vasitələrinin bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi ilə əlaqədar xətalar təşkil edir. Digər inzibati xəta faktlarının 143-ü malların gizli keçirilməsi ilə, 293-ü müvəqqəti idxalı ilə, 32-si aksiz markasız idxalı ilə, qalanları isə digər pozuntularla əlaqədar olmuşdur.
Valyuta qanunvericiliyinin pozulmasına qarşı gömrük orqanları tərəfindən görülən tədbirlər nəticəsində isə 2009-cu ildə hüquqpozma predmeti kimi külçə və zinət əşyaları şəklində 3 kq 721 qram qızıl, 313 ədəd gümüş əşyalar, 236 000 ABŞ dolları tutulmuşdur.
Eyni zamanda, alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatlarının idxalı zamanı vergidən yayınma və aksiz markalarının tətbiqi qaydalarının pozulması hallarının qarşısını almıq üçün müvafiq tədbirlər həyata keçirilmiş, aksiz markasız və ya digər qanunsuz yollarla keçirilməsinə cəhd göstərilən 1 milyon 640 min ədəddən çox xaricdə istehsal olunan siqaret, 113 litr spirt, 9480 ədəd spirtli içki saxlanılmışdır.
Bundan başqa, keçirilmiş əməliyyat tədbirləri nəticəsində aşkar olunmuş 1 fakt üzrə 43 kq 118 qram zəhərli maddə olan civə qanunsuz dövriyyədən götürülmüş və toplanmış istintaq materialları aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilmişdir. Həmçinin gömrük orqanları tərəfindən hüquqpozma predmeti kimi 1 ədəd "QLOK-19" tipli tapança və onun 31 ədəd 9 mm-lik patronu, 1334 ədəd mobil telefon, 1038 ədəd dini məzmunlu kitab, 6695 ədəd DVD disklər, 14 kq qara kürü, 500 litr neft məhsulu, 13,8 kq Ermənistan istehsalı olan və orqanizm üçün zərərli sayılan qəhvə tutularaq barələrində müvafiq tədbir görülmüşdür.
Ötən il ölkə ərazisində A//H1N1 tipli yüksək patogenli virusun - "Donuz qripi"nin yayılmasının qarşısının alınması ilə əlaqədar gömrük orqanlarının üzərinə düşən vəzifələr də lazımi qaydada həyata keçirilmişdir. Bu istiqamətdə gömrük orqanları Səhiyyə Nazirliyinin məlumatlandırma mübadiləsi işinin həyata keçirilməsinə dair sxemi və ərazi tibb müəssisələrinin faks və elektron poçt ünvanları ilə bilgiləndirilmiş, A//H1N1 virus xəstəliyinə qarşı operativ əksepidemik tədbirlərin təşkili üzrə zəruri tədbirlər görülmüşdür. "Donuz qripi"nə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi məqsədilə Şəxsin Sağlamlığı Haqqında Bəyannamə hazırlanmış və "Azərbaycan Hava Yolları" və "Azərbaycan Dəmir Yolları" qapalı səhmdar cəmiyyətlərinə göndərilmişdir. Sərhəd keçid məntəqələrindən daxil olan və gedən şəxslər arasında pandemiyaya dair broşürların yayılması və həmin broşürların, eyni zamanda, sərhəd ərazi bölgələri üzrə yerləşən sanitar-gigiyena, sanitar-epidemiologiya xidmətlərinin bu sahəyə cavabdeh əlaqələndirici əməkdaşları haqqında məlumatların Dövlət Gömrük Komitəsinə təqdim olunması üçün Səhiyyə Nazirliyinə müraciət olunmuşdur. Hava Nəqliyyatında Baş Gömrük İdarəsində isə "Donuz qripi"nin aşkarlanması məqsədilə 8 ədəd müvafiq avadanlıq alınaraq quraşdırılmış və xidməti istifadəyə verilmişdir.
Dövlət Gömrük Komitəsi beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində də məqsədyönlü işlər aparmışdır. Belə ki, "Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında 5 noyabr 2004-cü il tarixli Sazişin həyata keçirilməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Belarus Respublikası Dövlət Gömrük Komitəsi arasında Protokol", "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Türkiyə Respublikası Gömrük Müştəşarlığı arasında kadrların peşəkar hazırlığı sahəsində əməkdaşlıq haqqında Protokol", "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Ümumdünya Gömrük Təşkilatı arasında Azərbaycan Respublikasının Bakı şəhərində Potensialın Gücləndirilməsi üzrə Ümumdünya Gömrük Təşkilatının Avropa Regional Ofisinin yaradılması ilə əlaqədar Anlaşma Memorandumu", "Azərbaycan Respublikası Hökuməti və Suriya Ərəb Respublikası Hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı yardım və əməkdaşlıq haqqında Saziş" imzalanmış, eləcə də "Gömrük Əməkdaşlığı Şurasının yaradılması haqqında" Konvensiyaya DGK tərəfindən tövsiyə edilmiş dəyişikliklər Azərbaycan Respublikasının 27 oktyabr 2009-cu il tarixli qanunu ilə təsdiq edilmişdir. Bununla yanaşı, Rusiya Federasiyası və Türkiyə Respublikasının gömrük xidmətləri ilə gömrük sahəsində hüquqpozmalara qarşı birgə mübarizəyə dair 2009-2010-cu illər üçün Fəaliyyət Planları da imzalanmışdır.
Azərbaycan gömrüyü iqtisadi təhlükəsizliyi təmin etməklə mədəni sərvətlərin həm mühafizəçisi, həm də təbliğatçısıdır. Bu istiqamətdə də fəaliyyətini davam etdirən Dövlət Gömrük Komitəsi yola saldığımız ildə Vatikan Dövlətində “Azərbaycan gömrüyü mədəni və dini irsin keşiyində” mövzusunda sərgi, eyni zamanda “Azərbaycan gömrüyü mədəni irsin keşiyində”, “Azərbaycan gömrüyünün tarixi təsviri sənətdə” və “Azərbaycan gömrüyü: tarixi ənənələr və müasirlik” adlı kitabların təqdimat mərasimini keçirmişdir. Tədbir zamanı hər iki dövlət arasında əlaqələrin tarixindən bəhs edən “Nəsihət” adlı sənədli film də nümayiş etdirilmişdir. Belə tədbirlər xalqımızın tarixi, mədəniyyəti və tolerantlığı ilə dünyanı tanış etmək üçün əlverişli imkan, Azərbaycan və Vatikan alimlərinin birgə elmi axtarışları, zəngin Vatikan arxivlərindən alimlərimizin istifadəsi üçün fürsət yaratmışdır. 
Tatarıstanda keçirilmiş MDB iştirakçı dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 50-ci iclası çərçivəsində açılmış “Milli dəyərlərin qorunması və gömrük əməkdaşlığı” mövzusunda sərginin eksponatları - Azərbaycan gömrüyünün tarixini əks etdirən müasir rəsm əsərləri, gömrükçülər tərəfindən müxtəlif vaxtlarda saxlanılan müqəddəs Qurani-Kərimin qədim əlyazmaları, ikonalar və digər eksponatlar, həmçinin sərgilənən qədim milli xalçalarımız region dövlətlərinin böyük marağına səbəb olmuş, tədbir iştirakçılarının diqqətini cəlb etmişdir.
Ötən il Azərbaycanda və dünyanın bir çox ölkələrində keçirilmiş mühüm tədbirlərdə də gömrükçülər yaxından iştirak etmişlər. Məsələn, Bakı şəhərində keçirilən Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM Ticarətə və Nəql etməyə Yardım layihəsinin həyata keçirilməsi üzrə Rəhbəredici Komitənin 10-cu iclası, Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının Hüquq-mühafizə Bölməsi Başçıları Komitəsinin iclası, İpək Yolu ölkələri arasında ticarətə yardım və onun asanlaşdırılması üzrə gömrük idarələrinin roluna dair 2-ci Beynəlxalq Forum, Ümumdünya Gömrük Təşkilatının Avropa Regionu üzrə Regional Tədris Mərkəzlərinin birinci iclası, "Gömrük işində İnformasiya sistemləri və texnologiyaları" mövzusunda 1-ci Beynəlxalq elmi-praktiki konfrans, həmçinin Qəbələ şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 49-cu iclası Dövlət Gömrük Komitəsinin aidiyyəti qurumlarla birgə təşkil etdiyi uğurlu tədbirlərdən olmuşdur.
İnanıram ki, gələcəkdə də gömrük işi respublikamızın iqtisadi inkişafına təkan verməklə, ölkənin iqtisadi qüdrətinin artırılmasında, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasında, möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi siyasi kursun reallaşmasında mühüm rol oynayacaq, gömrük əməkdaşları bu vəzifələrin reallığa çevrilməsinin təminatçısı olacaqdır. Azərbaycan gömrükçüləri dövlət başçısının qayğısını daim hiss edir, bu sahədə əldə olunan nailiyyətlər layiqincə qiymətləndirilir. Bu günlərdə dövlət başçımızın imzaladığı sərəncamlarla bir qrup gömrük əməkdaşına fəxri ad və ali xüsusi rütbənin verilməsi, eləcə də əməkdaşlarımızın bir qisminin orden və medallarla təltif edilməsi ölkəmizin gömrük orqanlarına yüksək diqqət və dövlət qayğısının əyani sübutudur. Çoxsaylı gömrük işçiləri adından bu diqqət və qayğıya görə möhtərəm İlham Əliyev cənablarına sonsuz təşəkkürümü bildirməklə yanaşı, dövlət başçımızı və eləcə də hökumətimizi əmin edirəm ki, müstəqil Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması, xalqımızın firavan gələcəyinin təmin edilməsi uğrunda apardığı mübarizədə yaxından iştirak edəcək, qarşımızda qoyulan təxirəsalınmaz vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün bütün qüvvə və bacarığımızı sərf edəcəyik. 
 
 
 

Ana səhifə | Əlaqə | Saytın xəritəsi | ©2008 BM Texnologiya