AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | |

Az | Рус | Eng       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 18-ci ildönümü qeyd edilib


Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 18-ci ildönümü qeyd edilib
 
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 18-ci ildönümü qeyd olunub. Bu münasibətlə təşkil olunan kollegiya iclasını giriş sözüylə açan Komitə sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında həyata keçirilən gömrük işinin prioritet istiqamətlərindən, regionun sosial-iqtisadi inkişafında gömrük orqanlarının yeri və rolundan danışıb.
Vurğulanıb ki, blokada vəziyyətində yaşayan Naxçıvanın iqtisadi qüdrətinin artırlması, xarici təsirlərdən asılılığın azaldılması həm də gömrük siyasətinin uğurla həyata keçirilməsindən asılıdır. Bu məqsədlə daxili bazarın qorunmasına, ixracın stimullaşdırılmasına daha ciddi yanaşılmaqla bölgənin iqtisadi təhlükəsizliyi etibarlı şəkildə təmin olunur.
Tədbirdə "24 fevral Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yaranması günüdür" mövzusunda məruzə ilə çıxış edən Komitənin Gömrük nəzarətinin təşkili şöbəsinin rəisi, gömrük xidməti kapitanı Zaur Bağırov Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən gömrük idarələrinin fəaliyyət tarixinin qədim olmaqla bərabər müstəqilliyimiz qədər də müasir olduğunu diqqətə çatdırıb.
Qeyd olunub ki, ötən əsrin 90-cı illərinin əvvəllərində mənfur ermənilərin məkrli siyasəti nəticəsində blokada vəziyyətinə düşən Naxçıvanda Ali Məclisin Sədri işləyən Heydər Əliyevin apardığı məqsədyönlü siyasət bu qədim diyarın ağır və məşəqqətli illərin sınağından şərəflə çıxmasını təmin edib.
Bu yöndə ümummilli lider Heydər Əliyevin ilk addımlarından biri qonşu ölkələrlə münasibətlərin nizama salınması və keyfiyyətcə yüksəldilməsi olub. 1991-ci ilin oktyabrında dahi rəhbərin şəxsi təşəbbüsü və cəsarəti sayəsində İran İslam Respublikası ilə razılığa gəlinərək, bu ölkənin ərazisindən tranzit keçməklə Azərbaycan Respublikasının əsas ərazi vahidi ilə əlaqə yaradılıb.
Gömrük işi sahəsində həyata keçirilən və daha çox blokadanın yarılmasına, eləcə də əhalinin maddi-rifah halının yüksəldilməsinə xidmət edən tədbirlər çərçivəsində 1991-ci il oktyabr ayının 29-da Heydər Əliyevin iştirakı ilə Naxçıvanla Türkiyə arasında müvəqqəti körpü açılıb, noyabr ayının 11-də Sədərək gömrükxanası yaradılıb.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Rəyasət Heyətinin "Sədərək gömrükxanasının təşkilində və onun kadrlarla komplektləşdirilməsi işində buraxılan ciddi nöqsanlar haqqında" 31 yanvar 1992-ci il tarixli qərarında deyilirdi: "Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən gömrük idarələrinin bundan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bilavasitə rəhbərliyi altında fəaliyyət göstərmələri zəruri hesab edilsin. Xarici ölkələrlə iqtisadi və digər əlaqələrin, gömrük xidmətinin, işinin həcminin artması ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikasında Dövlət Gömrük Komitəsinin yaradılması məqsədəmüvafiq hesab edilsin". Məhz bu qərardan sonra ulu öndər Heydər Əliyevin 138-XII saylı qərarı ilə 24 fevral 1992-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi yaradılıb.
Məruzəçinin sözlərinə görə, Naxçıvanın iqtisadi resurslarının talanmasının qarşısını almaq, yerli istehsalı dəstəkləmək, sərhədboyu yaradılan gömrük orqanlarının işini kordinasiya etmək və çevik idarəçilik institutu formalaşdırmaq bu dövlət qurumunun yaradılmasını labüd edən digər faktorlar idi. Bu baxımdan Muxtar Respublika Dövlət Gömrük Komitəsi Naxçıvanda əsası Heydər Əliyev tərəfindən qoyulan yeni dövlətçilik və idarəetmə modelinin ilk institutlarından biridir.
Komitə yarandığı ilk illərdən Naxçıvanda və onun iqtisadi həyatında baş verən əhəmiyyətli dəyişikliklərə öz töhfəsini verib. İran İslam Respublikası ilə gömrük buraxılışı əlaqələri normal məcraya salındıqdan sonra ümummilli lider Heydər Əliyev Türkiyə Cümhuriyyəti rəhbərliyi ilə apardığı danışıqlar, yüksək səviyyədə hazırlanmış və imzalanmış protokollar nəticəsində Naxçıvana ikinci həyat yolunun açılmasına nail olub. 1992-ci il may ayının 28-də Türkiyə Cümhuriyyətinin o zamankı Baş naziri Süleyman Dəmirəlin iştirakı ilə Araz çayı üzərində "Ümid körpüsü"nün istifadəyə verilməsi iki qardaş ölkə və xalqlarımız arasında yeni münasibətlərin formalaşdırılmasının əsasını qoyub. 9 iyul 1992-ci il tarixli qərarla Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında Sədərək-Dilucu körpüsü rəsmi sərhəd keçid qapısı elan edilib.
Bu məqsədyönlü tədbirlərin davamı olaraq 1992-ci il oktyabr ayının 22-də Şahtaxtı gömrük postu yaradılıb, dahi rəhbərin İran İslam Respublikası hökuməti ilə apardığı danışıqların nəticəsi olaraq dekabr ayının 3-də Şahtaxtı-Poldəşt keçid məntəqəsi fəaliyyətə başlayıb. 22 oktyabr 1993-cü il tarixdə Şahtaxtı keçid məntəqəsində gömrük xidmətinin təşkil edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 203 saylı qərarı qəbul olunub.
Əlavə olaraq 1992-ci ilin aprel-may aylarında ümummilli lider Heydər Əliyevin birbaşa rəhbərliyi sayəsində İran və Türkiyə ilə bağlanmış protokolların tələblərinə əsasən sərhədyanı ticarətin, müştərək bazarların yaradılması təmin edilib.
Bu gün Komitə sisteminə daxil olan Culfa, Sədərək, Şahtaxtı, Naxçıvan şəhər və Naxçıvan Hava Nəqliyyatında Gömrük idarələri, eləcə də "Naxçıvanterminalkompleks" TH XİB uğurlu fəaliyyət göstərməklə ölkəmizin, o cümlədən muxtar respublikamızın iqtisadi təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayırlar.
Qeyd olunub ki, ölkəmizin hərtərəfli inkişaf tempinə uyğun olaraq gömrük orqanları da yeniləşir, müasirləşir. Muxtar respublikada geniş vüsət alan tikinti-quruculuq işləri gömrük infrastrukturunun da müasir tələblərə uyğunlaşdırılmasına imkan verir. Dövlət Gömrük Komitəsi üçün Naxçıvan şəhərinə xüsusi yaraşıq verən inzibati binanın inşası, Naxçıvan Beynəlxalq Hava Limanında Hava Nəqliyyatında Gömrük İdarəsi üçün xidmət sahəsinin yaradılması, Naxçıvan şəhər Gömrük İdarəsinin ayrıca inzibati binayla təmin olunması, Sədərək Gömrük İdarəsi üçün tamamilə yenidən qurulmuş gömrük keçid məntəqəsinin, Culfa və Şahtaxtı Gömrük idarələri üçün regionda analoqu olmayan gömrük keçid kompleksinin tikilərək istifadəyə verilməsi, gömrük orqanlarının maddi-texniki təchizatının tamamilə yenilənməsi göstərilən hərtərəfli dövlət qayğısına parlaq nümunədir.
Z.Bağırovun sözlərinə görə, dövlətin diqqət və qayğısı artdıqca gömrükçülərin öz fəaliyyətlərinə məsuliyyəti də qat-qat artır. Ölkə başçısı cənab İlham Əliyevin 1 fevral 2007-ci il tarixli sərəncamı ilə qəbul edilən "Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı" ölkəmizdə gömrük sisteminin inkişafını sürətləndirmək, onun normativ-hüquqi və maddi-texniki təminatını yaxşılaşdırmaq, gömrük orqanlarının fəaliyyətini daha da təkmilləşdirmək məqsədi daşımaqla, Azərbaycan gömrüyünün tamamilə beynəlxalq standartlar səviyyəsində yenidən qurulmasına xidmət edir. Bu Dövlət Proqramının qəbulu ümumi müstəvidə Naxçıvan gömrük orqanlarının da inkişafina şərait yaradır. Dövlət Proqramının müddəalarında bəzi bəndlər birbaşa Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi sisteminə daxil olan gömrük orqanlarında aparılacaq işləri əhatə etməklə bərabər, bu tədbirlərin həyata keçirilməsinə dair rəsmi olaraq icraçı orqan qismində Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi göstərilir. Bu tədbirlər çərçivəsində Naxçıvan şəhər Gömrük İdarəsinin və terminalının tikintisi, gömrük laboratoriyasının yaradılması kimi regionun inkişafında xüsusi əhəmiyyəti olan gömrük obyektlərinin inşası nəzərdə tutulur. Dövlət Proqramının icrası çərçivəsində Şahtaxtı-Poldəşt körpüsünün açılışı, bu gömrük-keçid məntəqəsinə beynəlxalq statusun verilməsi, Şahtaxtı Gömrük İdarəsi üçün yeni sərhəd-keçid kompleksinin inşa olunması dövlətimizin gömrük orqanlarının inkişafına göstərdiyi böyük diqqətdən irəli gəlir.
Sonda bir daha vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yaranması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Bu gün Heydər Əliyev məktəbinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən gömrük işinin inkişafına, infrastrukturun modernləşməsinə göstərilən diqqət və qayğı Naxçıvan gömrük orqanlarında çalışan əməkdaşlarda da qürur hissləri oyatmaqla, onları iqtisadi təhlükəsizliyin keşiyində ayıq-sayıq durmağa, yeni-yeni nailiyyətlərə səsləyir.
Sonra gündəlikdə duran ikinci məsələ - Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin 2010-cu il üçün iş planının qısa xülasəsi dəyərləndirilib və qarşıda duran vəzifələr təhlil edilib.
Çıxışlardan sonra Komitənin yaradılmasının 18-ci ildönümü ilə əlaqədar tabeli gömrük orqanlarının bəzi vəzifəli şəxsləri xüsusi təltiflərlə mükafatlandırılmışlar.
 
Rahil TAHİRLİ,
Naxçıvan MR Dövlət Gömrük
 Komitəsinin əməkdaşı
 



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi

 
RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80 Faks: (99412) 498-18-36 E-mail: external@customs.gov.az