AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | |

Az | Рус | Eng       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 


Xalqımızın qan yaddaşı

 
Azərbaycan xalqı fevralın 26-da Xocalı faciəsinin 18-ci ildönümünü qeyd etdi. Bu qanlı faciə ölkəmizin bütün bölgələrində, həm də beynəlxalq miqyasda anıldı. Bakıda isə ictimaiyyətin nümayəndələri Xocalı faciəsinin qurbanlarının xatirəsinə ucaldılan "Vətən harayı" abidəsinin önünə toplaşaraq soyqırım qurbanlarının xatirəsini yad etdi.
İnsanlığa qara ləkə olan bu dəhşətli qətliamın tarixi kökləri yüz illiklərə uzanır. Həmin faciə təsadüfən baş verməyib. O, erməni cəlladlarının yüz illər boyu xalqımızın başına gətirdiyi müdhiş bəlaların məntiqi nəticəsidir. Həmin bəlaların təməli isə ana yurdumuzu ilhaq edən Rus imperiyasının daim havadar durduğu ermənilərin Cənubi Qafqaza, o cümlədən, Azərbaycana ayaq basdığı günlərdən qoyulub.
Məlum olduğu kimi, 1723-cü ildə rus imperatoru I Pyotr Azərbaycanın Xəzərsahili torpaqlarını işğal etmişdir. Həmin işğaldan bir il sonra - 1724-cü ilin 18 noyabrında - rus imperatorunun imzaladığı tarixi fərmanda deyilirdi: "Ermənilərin Gilanda, Mazandaranda, Bakıda, Dərbənddə və başqa yerlərdə yerləşdirilməsinə çalışın və bu bölgələrdəki yerli əhalini imkan düşdükcə sıxışdırıb çıxarın".
I Pyotrdan sonra Azərbaycan torpaqlarına ermənilərin yerləşdirilməsi siyasətini II Yekaterina, I Aleksandr, I Nikolay və digər rus imperatorları, hətta Qırmızı Sovet İmperiyasının rəhbərləri də davam etdirmişlər. Tarixən Cənubi Qafqazda heç vaxt toplum halında yaşamayan ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi 1828-ci il İran-Rusiya və 1829-cu ildə rus-türk müharibələrindən sonra kütləvi hal aldı. I Aleksandrın 21 mart 1828-ci il tarixli fərmanı ilə İrəvan quberniyası erməni torpaqları elan edildi və oraya, habelə Yelizavetpol quberniyasının dağlıq hissələrinə İrandan 40 min, Türkiyədən isə 80 min erməni köçürüldü. Qərbi Azərbaycanda ermənilərin say tərkibi artdıqca, onların bu torpaqlara iştahası da artırdı. Və nəhayət, ermənilər Azərbaycan torpaqları hesabına "Böyük Ermənistan" dövləti yaratmaq xülyasına düşdülər. Bu xülyalar isə Azərbaycanda 1905-1907-ci illərdə ilk qanlı faciələrlə nəticələndi. Həmin illərdə İrəvanda, Bakıda, Qarabağda, Qazaxda, Tovuzda və digər bölgələrdə ermənilər 10 mindən çox azərbaycanlını qətlə yetirdilər.
İkinci soyqırım isə 1917-20-ci illərdə baş verdi. Azərbaycan torpaqlarına sahib olmaq ehtirası ilə alışıb-yanan ermənilər hansı vasitələrlə olursa-olsun, İrəvanı ələ keçirmək və orada əhalinin əksəriyyətini təşkil edən azərbaycanlıları qovmaq istəyirdi. Bu istək 1918-ci ilin 29 mayında Azərbaycan Milli Şurasının İrəvan şəhərini ermənilərə siyasi mərkəz kimi güzəştə getməsindən sonra reallaşdı. Azərbaycan türklərinin yeni soyqırımı başladı. Bakıda 12-15 min, Şamaxıda 8-10 min, Qubada 14 min, Salyan-Hacıqabulda 2 min, Kürdəmirdə 2 min, Qarabağda və Zəngəzurda 20 mindən çox günahsız insan qətlə yetirildi ki, onun da yarıdan çoxunu qadınlar və uşaqlar təşkil edirdi. Yüz minlərlə insan şikəst oldu və yurdundan qovuldu. O dövrdə təkcə İrəvan quberniyasında yaşayan 670 min azərbaycanlının 650 mindən çoxu yurd-yuvasından didərgin salınmışdı.
Ermənilər tərəfindən başlanılan və davam etdirilən bu soyqırımlar 1920-ci il aprelin 28-də - Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra yeni bir formada davam etdirildi. O zaman, yəni 1920-ci ilin mayından 1921-ci ilin iyununa qədər Bakıda və Azərbaycanda kommunist cildinə bürünmüş erməni daşnaklarının təhriki ilə 48 min azərbaycanlı güllələndi.
Elə bu fəlakətin və zorakılığın nəticəsi olaraq 1921-ci ilin dekabrında əzəli Azərbaycan torpaqları olan Zəngəzur və Göyçə mahalları, daha sonra Dilican qəzası və Mehri bölgəsi də "erməni qardaşlara hədiyyə" edilmişdir. 1930-cu illərdə isə Ermənistanda, azərbaycanlıların sıx yaşadığı bölgələrdə on minlərlə soydaşımız müxtəlif bəhanələr altında güllələnmiş və onların ailələri Qazaxıstana, Sibirə sürgün edilmişdir. 1948-53-cü illərdə isə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlı dövlət siyasətinin qurbanına çevrilərək Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülmüş və burada yerli şəraitə uyğunlaşmayan əhalinin 10 mindən çoxu müxtəlif xəstəliklərdən qırılmışdır.
Ermənilərin azərbaycanlılara qarşı apardığı soyqırım siyasəti 1988-ci ildə, daha dəqiq desək, Qorbaçovun "yenidənqurma"sının nəticəsi olaraq daha da şiddətləndi. Həmin vaxt Ermənistanda və Dağlıq Qarabağda yaşayan 270 mindən çox soydaşımız zorla dədə-baba yurdundan qovuldu, onların evləri, şəxsi əmlakları talan edildi. Bu qovulmalar zamanı isə minlərlə günahsız insan qətlə yetirildi. Dağlıq Qarabağda 57 Azərbaycan kəndi böyük talanlara və qətliamlara məruz qaldı. 17 fevral 1992-ci ildə Xocavənd rayonunun Qaradağlı kəndində və fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində baş verən kütləvi qırğınlar dediklərimizə sübutdur. O zaman Qaradağlı kəndində 71 nəfər qətlə yetirilmiş, Xocalı şəhərində isə 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər əsir götürülmüşdür ki, onlardan 150 nəfərin taleyi hələ də məlum deyildir. Sonra erməni cəlladları Şuşanı, Laçını, Kəlbəcəri və daha sonra 6 rayonumuzu işğal edərək, 1 milyondan çox soydaşımızı qaçqın və köçkün həyatı yaşamağa məcbur etdilər. Təəssüflər olsun ki, o zaman bu qanlı soyqırımlara siyasi qiymət verilmədi. Yalnız ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, 1994-cü ilin fevralında Milli Məclis bu qanlı faciəyə hüquqi-siyasi qiymət verdi. Ümummilli liderimizin 1997-ci il dekabrın 18-də imzaladığı fərmanla isə zaman-zaman başımıza gətirilən faciələrə siyasi qiymət verilərək, ermənilərin yüz illər boyu etdikləri tarixi cinayətlər dünya ictimaiyyətinə bir daha bəyan edildi və hər il martın 31-nin - azərbaycanlıların soyqırımı günü kimi qeyd edilməsi rəsmiləşdirildi.
Bu gün Heydər Əliyev siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə sona çatması və erməni işğalı altında qalan tarixi torpaqlarımızın azad edilməsi uğrunda səylərini bir an da azaltmır. Dövlət başçısı dəfələrlə öz çıxışlarında bəyan etmişdir ki, bizim yolumuz sülh və haqq yoludur. Əgər ermənilər haqqı tanıyıb sülhə gəlməsələr biz işğal altında olan torpaqlarımızı hərbi güc vasitəsilə azad edib məcburi köçkünləri dədə-baba yurdlarına qaytaracağıq. Bunu vaxtaşırı cəbhə bölgələrinə səfər edən Ali Baş Komandanımız əsgər və zabitlərlə görüşündə də bəyan edir. Ali Baş Komandan bildirmişdir ki, bizim, başqa dövlətin bir qarış torpağında gözümüz yoxdur və özgələrinə də torpağımızın bir qarışını belə verməyəcəyik.
Azərbaycan xalqı öz Prezidenti və Ali Baş Komandanına inanır. Bizim yolumuz haqq yoludur, məqsədimiz sülhdür. Hansı vasitələrlə olursa-olsun torpaqlarımızı düşmən işğalından azad etməklə, zaman-zaman başımıza gətirilən faciələrə və fəlakətlərə birdəfəlik son qoymalıyıq.
 



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi

 
RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80 Faks: (99412) 498-18-36 E-mail: external@customs.gov.az