AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | |

Az | Рус | Eng       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

İki ölkənin gömrük və sərhəd xidməti əməkdaşları görüş keçirmişlər


İki ölkənin gömrük və sərhəd xidməti əməkdaşları görüş keçirmişlər
 
Fevralın 22-də İran İslam Respublikasının Astara şəhərində Azərbaycan və İran gömrük və sərhəd xidməti əməkdaşları arasında görüş keçirilmişdir.
Görüşdə Azərbaycan nümayəndə heyətinin tərkibində iştirak edən Astara Gömrük İdarəsinin rəisi Hikmət Məmmədov qəzetimizin əməkdaşı ilə söhbətində bildirmişdir ki, tədbir Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və İran İslam Respublikası Gömrük İdarəsi arasında qarşılıqlı əməkdaşlıq haqqında 27 oktyabr 1999-cu il tarixli Memoranduma uyğun olaraq keçirilmişdir. Görüşdə məqsəd iki ölkə arasında əldə edilmiş razılığa əsasən, fevralın 1-dən İrana getmək istəyən Azərbaycan vətəndaşları üçün viza rejiminin birtərəfli qaydada ləğv edilməsilə əlaqədar yaranmış bəzi problemləri müzakirə etmək idi. Belə ki, artıq Azərbaycan vətəndaşları üçün İranda vizasız qalma müddəti 15 gün müəyyən edilmiş, qonşu ölkədə bundan artıq müddətə qalmaq istəyən soydaşlarımız isə İran Daxili İşlər Nazirliyinin Miqrasiya Xidmətinə müraciət etməklə bu müddəti 3 aya qədər uzada bilərlər. Sözügedən problemlərə gəlincə, bunların aradan qaldırılması - vətəndaşların, eləcə də yük və minik maşınlarının normal gediş-gəlişini təmin etmək üçün görüşdə tərəflər öz təkliflərilə çıxış etmişlər.
Görüşdə, öncə Azərbaycan və İran arasında ənənəvi dostluq münasibətlərinin bugünkü səviyyəsindən söhbət açılmış, qeyd olunmuşdur ki, hər iki ölkənin milli maraqlarına cavab verən qarşılıqlı əməkdaşlığın əhatə dairəsi genişlənməkdədir. Eyni zamanda, gömrük və sərhəd xidmətləri vasitəsilə yük və sərnişin avtomaşınlarının hərəkətinə, eləcə də vətəndaşların keçidinə əlverişli şərait yaradılmaqla xarici ticarət əlaqələrinin tezliklə daha da genişlənəcəyinə əminlik ifadə olunmuşdur.
Sonra gündəliyə çıxarılan məsələlər nəzərdən keçirilmiş, tərəflər mövcud problemlərin aradan qaldırılması üşün təkliflərlə çıxış etmişlər. İran tərəfi Azərbaycandan gələn yük maşınlarının İran ərazisində hərəkəti, eləcə də istismar vəziyyətinə dair məsələləri, həmçinin gömrük və sərhəd işində çətinlik yaradan bəzi halları diqqətə çatdırmışdır.
Öz növbəsində, Azərbaycan nümayəndə heyəti gömrük-sərhəd xidmətinin daha effektiv həyata keçirilməsinə dair təkliflər irəli sürmüşdür. O cümlədən, İrandan gələn sərnişin avtobuslarının Azərbaycan gömrüyündən keçidinin tənzimlənməsi, sərnişinlərin vaxt itkisinə yol verilməməsi, minik maşınlarının sığorta şirkətləri tərəfindən rəsmiləşdirilməsinin hər gün aparılması, eləcə də yük maşınlarının gömrük nəzarətindən sabit qaydada buraxılmasının məqsədəuyğunluğu nəzərə çatdırılmışdır. Azərbaycan və İran sərhədində gömrük nəzarətini aparan əməkdaşların nahar fasiləsinin eyni vaxta təyin edilməsi təklifi isə yerindəcə razılaşdırılmış və nahar fasiləsi Azərbaycan vaxtı ilə saat 12.30-dan 14.00-dək müəyyənləşdirilmişdir.
Sonda tərəflər görüşün səmərəli keçməsindən razı qaldıqlarını bildirmiş, belə danışıqların mütəmadi aparılmasını məqsədəmüvafiq hesab etmişlər.
Qeyd edək ki, İrana səfər zamanı Azərbaycan nümayəndə heyətinin tərkibində Astara Gömrük İdarəsi yük şöbəsinin rəisi Aydın Babayev, sərnişin şöbəsinin rəisi İlham Məmmədov, sərnişin nəqliyyat şöbəsinin rəisi Ağavaleh Ağayev, N saylı sərhəd dəstəsinin komandiri-sərhəd nümayəndəsi Mehman Hüseynov, sərhəd nümayəndəsinin köməkçisi Ceyhun Qulamov və sərhəd nümayəndəliyinin katibi Vüqar Mustafayev də danışıqlarda iştirak etmişlər.
 



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi

 
RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80 Faks: (99412) 498-18-36 E-mail: external@customs.gov.az