Regional Birgə Nəqliyyat və Ticarətə yardım Komitəsinin birinci iclası keçirilmişdir

Fevralın 24-25 tarixlərində Daşkənd şəhərində Mərkəzi Asiya Regionu İqtisadi Əməkdaşlıq Proqramı çərçivəsində Regional Birgə Nəqliyyat və Ticarətə yardım Komitəsinin (RBNTK) birinci iclası və həmin Proqram çərçivəsində nəqliyyat və ticarətə birgə yardım sahəsində potensialın artırılması mexanizmi mövzusunda seminar keçirilmişdir. Hər iki tədbirdə Dövlət Gömrük Komitəsi Xarici Əlaqələr İdarəsinin rəisi Dilavər Fərzəliyev və Gömrük Nəzarətinin Təşkili Baş İdarəsi rəisinin birinci müavini Cavad Qasımov iştirak etmişlər.
Nümayəndə heyətimizdən aldığımız məlumata görə, iclas Monqolustanın Ulanbator şəhərində təşkil olunmuş Yüksək Vəzifəli şəxslərin iclası və Nazirlər Konfransı çərçivəsində Regional Birgə Nəqliyyat və Ticarətə yardım Komitəsinin məsləhət iclasında qəbul olunmuş qərarın nəticəsi olaraq keçirilmişdir. İclasa Özbəkistanın CAREC üzrə milli koordinatoru Maxmudjon Askarov tərəfindən sədrlik və Asiya İnkişaf Bankının regional əməkdaşlıq üzrə baş mütəxəssisi Ying Qian tərəfindən həmsədrlik edilirdi. İclasın açılışında, yenicə yaradılmış Komitənin regionda ticarətin gücləndirilməsi, ticarət üçün sağlam mühitin yaradılması, nəqliyyat dəhlizlərinin inkişafının sürətləndirilməsi, region dövlətlərinin iqtisadi potensialın artırılmasına və Nazirlər Konfransında qəbul olunmuş qərar və tövsiyələrin tətbiq olunmasından irəli gələn məsələlərin həllinə öz töhfəsini verəcəyinə əminlik vurğulanmışdır.
Sonra Ying Qian tərəfindən təqdimat nümayiş etdirilmişdir. Təqdimatda RBNTK-nin fəaliyyəti, funksiyaları və CAREC çərçivəsində fəaliyyət göstərən digər institusional təşkilat və komitələrlə əməkdaşlığı barədə məlumat verilmişdir. Bildirilmişdir ki, RBNTK-nin əsas fəaliyyət sferası ticarətə və nəqliyyata yardım və bu məsələlərdən irəli gələn aidiyyəti işlərin görülməsidir. Vurğulanmışdır ki, Komitə yüksək vəzifəli şəxslərin iclasına və Nazirlər Konfransı qarşısında hesabat verməlidir, eyni zamanda nəqliyyat sektoru üzrə koordinasiya komitəsi, gömrük əməkdaşlığı komitəsi, nəqliyyat və ticarətə yardım üzrə milli komitə, ticarət siyasəti üzrə koordinasiya komitəsi ilə sıx əməkdaşlıq çərçivəsində fəaliyyət göstərməlidir.
Daha sonra BMT-nin Asiya Sakit Okean Regionu üzrə İqtisadi və Sosial Komissiyasının nəqliyyat bölməsinin nümayəndəsi Li Yuvey çıxış etmişdir. O, öz çıxışında nəqliyyat və ticarətə yardım üzrə milli komitələrin yaradılması, fəaliyyət göstərməsi və CAREC üzv dövlətlərində bu cür fəaliyyət göstərən milli komitələrin bir-biri ilə ticarət və nəqliyyatın inkişafına dair məsələlər üzrə sıx əməkdaşlıq etmələrinin vacibliyini qeyd etmişdir. Komitələrin strukturları barədə məlumat verilərək onların daxilində iqtisadi və nəqliyyat alt komitələrinin təsis edilməsi, bu alt komitələrin nəzdində isə müvafiq işçi qrupların yaradılması təklif edilmişdir. CAREC regionunda nəqliyyat və ticarətə yardım üzrə milli komitələrin fəaliyyətlərinin əlaqələndirilməsi işinin həyata keçirilməsi üçün müvafiq strukturun yaradılmasının vacibliyi qeyd edilmişdir.
Sonra RBNTK-nin 2010-2011-ci illər üzrə fəaliyyət proqramı müzakirə edilmişdir. Daha sonra CAREC-in Nəqliyyat və Ticarətə yardım üzrə Regional Komitəsinin bəyannamə layihəsi müzakirəyə təqdim olunmuşdur. Bəyannamə layihəsində RBNTK-nin yaradılmasının məqsədi, onun tapşırıqları, təşkilati strukturu barədə məlumat və 2010-2011-ci illərə dair iş proqramı əks olunmuşdur.
Növbəti gün nəqliyyat və ticarətə birgə yardım sahəsində potensialın artırılması mexanizmi mövzusunda seminar keçirilmişdir.
Seminarda ilk olaraq Ümumdünya Gömrük Təşkilatının texniki məsələlər üzrə köməkçisi Shoichi Asano tədris tələbatlarının qiymətləndirilməsi barədə təqdimat ilə çıxış etmişdir. Təqdimat çərçivəsində ticarətin inkişaf etdirilməsində Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin gömrük və digər maraqlı tərəflərin əməkdaşları üçün təlimlərin keçirilməsində tələbatların öyrənilməsi və qiymətləndirilməsi, milli və regional təlim mərkəzlərinin imkanlarının və resurslarının müəyyən edilməsi, standart tədris proqramlarının və regionlar üçün xüsusi tədris proqramlarının işlənib-hazırlanması, ümumi informasiya məkanının yaradılması üzrə təkliflərin hazırlanması məsələləri ətrafında geniş məlumat verilmişdir. Ümumdünya Gömrük Təşkilatı çərçivəsində bu sahədə görülmüş və gələcəkdə görüləcək işlər, həmçinin Kolombus proqramı barədə ətraflı çıxış edilmiş, ÜGT-nin e-learning tədris sistemi barədə danışılmışdır.
Sonra Asiya İnkişaf Bankının məsləhətçisi Endi Si ticarət logistikası sahəsində tədris tələbatının öyrənilməsi barədə təqdimat nümayiş etdirmişdir. Təqdimatda ticarət logistikası sahəsində çalışan əməkdaşların peşə biliklərinin artırılması metodikası və CAREC regionunda mövcud olan institusional potensialdan faydalanma imkanları barədə geniş məlumat verilmişdir. Regional mərkəzlərin imkanlarından və resurslarından istifadə edilməsi, milli təlim sisteminin tələbatlarının, tədris proqramının aktuallığını təmin etmək məqsədilə digər dövlət, qeyri-hökumət və özəl təşkilatların strateji planlaşdırma üzrə potensialının qurulması işlərinə cəlb edilməsi məsələlərinin vacibliyi barədə danışılmışdır.
Daha sonra Ümumdünya Gömrük Təşkilatının Avropa üzrə regional inkişaf meneceri Vitali Mikeladze çıxış etmişdir. O, Ümumdünya Gömrük Təşkilatının təhsil və ixtisasartırma proqramından irəli gələn tələblər haqqında və təhsil proqramlarının işlənib-hazırlanması zamanı istifadə edilən ümumi prinsiplər, təlimlərin təşkili, təlimlərin nəticələrinin qiymətləndirilməsi metodları haqqında ətraflı danışmışdır.
Seminar iştirakçı dövlətlərə fikir mübadiləsinin aparılmasına və təkliflərin irəli sürülməsinə şərait yaratmışdır. Nəticə olaraq qeyd edildi ki, ticarətin inkişafı və gömrük prosedurlarının təkmilləşdirilməsi istiqamətində bilik və təcrübənin artırılması üçün ekspertlərin hazırlanması, tədris metodologiyasının yeniləşdirilməsi və beynəlxalq əlaqələrin daha da inkişaf etdirilməsinə dövlətlərin birgə əməyi sayəsində nail oluna bilər. Bildirildi ki, buna nail olmaq üçün region dövlətləri tərəfindən gömrük əməkdaşlığı gücləndirilməli, əməkdaşlıq sahələrini genişləndirərək tərəqqinin bütün iştirakçı dövlətləri üçün faydalı olduğuna əmin olmalı və gömrük işi və digər müvafiq sahələrdə potensialın gücləndirilməsi prosesini asanlaşdıraraq peşəkarlıq və dostluq əlaqələri daha da yüksəldilməlidir.