Azərbaycan və Avstriya arasında əlaqələr inkişaf edir
Azərbaycan və Avstriya arasında əlaqələr inkişaf edir
İyulun 1-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Silvia Mayer-Kaybiçi qəbul etmişdir.
Qonağı səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ilk olaraq səfiri yeni təyinatı münasibətilə təbrik etmiş, ona gələcək fəaltyyətində uğurlar arzulamışdır.
DGK sədri Aydın Əliyev may ayında Avstriyada, BMT-nin Vyana Bölməsinin inzibati binasında keçirilən “Azərbaycan gömrüyü mədəni irsin keşiyində” mövzusunda sərgini məmnunluqla xatırlayaraq iki ölkənin mədəni əlaqələrinin inkişafı baxımından bu cür tədbirlərin müstəsna əhəmiyyətindən danışmışdır.
Azərbaycan ilə Avstriya arasında mövcud iqtisadi, siyasi, mədəni əlaqələrdən söhbət açan DGK sədri Aydın Əliyev bu əlaqələrin bundan sonra daha da genişlənəcəyinə əminliyini ifadə etmişdir. Komitə sədri vurğulamışdır ki, ölkələr arasında əməkdaşlığın, o cümlədən, iqtisadi-ticari münasibətlərin inkişaf etdirilməsində gömrük xidmətinin də öz yeri var və gömrük sistemi bu sahədə körpü rolunu oynayır. 2002-ci ildə gömrük sahəsində iki ölkə arasında imzalanan saziş gömrük xidmətlərinin səmərəli fəaliyyətini xeyli təkmilləşdirmişdir. Yaxın zamanlarda imzalanacaq “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Avstriya Respublikası Federal Maliyyə Nazirliyi arasında gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” isə əməkdaşlığın genişlənməsinə əlavə stimul verəcək, tərəflərin qarşılıqlı inteqrasiyasını sürətləndirəcəkdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızda son illər aparılan iqtisadi islahatların müsbət nəticələr verdiyini konkret faktlarla dilə gətirən Aydın Əliyev Azərbaycanla Avstriya arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən gömrük işi sahəsində genişləndirilməsi üçün böyük potensialın olduğunu və bu imkandan maksimum yararlanmağın vacibliyini vurğulamışdır. DGK sədri bu sahədə perspektivlərdən danışmış, əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkmişdir. Belə ki, artıq respublikamızda “avro 2” standartlarının tətbiqinə başlandığını xatırladan A.Əliyev, bu sahədə Avstriya təcrübəsindən yararlanmağın ümumi işə faydasından bəhs etmişdir.
DGK sədri, eyni zamanda Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Regional Tədris Mərkəzinin, eləcə də Kinoloji Mərkəzin üstün imkanlarından danışmış, respublikamızın paytaxtında inşa edilən Ümumdünya Gömrük Təşkilatının potensialın gücləndirilməsi üzrə regional ofisinin hazırkı durumu barədə səfirə məlumat vermişdir.
Avstriyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Silvia Mayer-Kaybiç respublikamızda diplomatik fəaliyyət göstərməyindən məmnunluğunu ifadə etmiş, təmsil etdiyi hökumətin Azərbaycanla bütün sahələrdə əməkdaşlığa çox böyük önəm verdiyini vurğulamışdır. Qonaq qeyd etmişdir ki, Avstriya Respublikası Azərbaycanla mövcud iqtisadi-ticari əlaqələrini davam etdirmək və genişləndirmək niyyətindədir. Avstriya ilə Azərbaycanın gömrük orqanlarının gələcək əməkdaşlığından danışan səfir iki ölkənin uyğun qurumları arasında münasibətlərin genişləndirilməsi üçün heç bir problemin olmadığını vurğulamış, qarşılıqlı əlaqələrin, təcrübə mübadiləsinin gələcək perspektivlərindən bəhs etmişdir.
(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80
Faks: (99412) 498-18-36
E-mail: external@customs.gov.az