İyulun 1-dən etibarən Avro-2 ekoloji normalarının tətbiqinə başlanmışdır
İyulun 1-dən etibarən Avro-2 ekoloji normalarının tətbiqinə başlanmışdır
Məlum olduğu kimi, 2010-cu il iyulun 1-dən etibarən Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr üzrə Avro-2 ekoloji normalarının tətbiq edilməsi ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avropa standartlarına uyğunlaşdırılması tədbirləri barədə” 6 mart 2010-cu il tarixli, 45 nömrəli qərarı imzalanmışdır.
Eyni zamanda, həmin qərara əsasən “Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avropa standartlarına uyğunlaşdırılması üzrə Tədbirlər Planı” təsdiq edilmişdir.
Tədbirlər Planının 1 və 2-ci bəndlərində qeyd olunan tədbirlərin, yəni Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair texniki normativlərin və Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası tərəfindən avtonəqliyyat vasitələrindən atılan zərərli maddələrə dair qəbul edilmiş Avropa standartlarına uyğun milli standartlar Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən “Azərbaycan Respublikası ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblər” Dövlət standartı hazırlanaraq təsdiq edilmişdir.
Bununla əlaqədar, dövriyyəyə buraxılmaq məqsədilə 1 iyul 2010-cu il tarixdən etibarən respublika ərazisinə gətirilən avtonəqliyyat vasitələri beynəlxalq təcrübədə tətbiq olunan prinsiplərə uyğun, yəni avtonəqliyyat vasitəsinin mənşə ölkəsinə görə buraxılış ilindən asılı olaraq Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilən siyahı əsasında sərhəd-buraxılış məntəqələrindən ölkə ərazisinə daxil olur.
Həmçinin, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarını yoxlamaq məqsədilə Dövlət Gömrük Komitəsi tərəfindən müvafiq avadanlıqlar alınmış və gömrük rəsmiləşdirilməsini həyata keçirən Avtonəqliyyat Gömrük İdarəsində iş otaqları ayrılmışdır.
(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80
Faks: (99412) 498-18-36
E-mail: external@customs.gov.az