AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | |

Az | Рус | Eng       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

“Bir pəncərə” prinsipinin tətbiqi ilə bağlı Azərbaycan Gömrük Xidmətinin təcrübəsi öyrənilmişdir


“Bir pəncərə” prinsipinin tətbiqi ilə bağlı Azərbaycan Gömrük Xidmətinin təcrübəsi öyrənilmişdir

 

İyulun 6-8 tarixlərində Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Regional Tədris Mərkəzində “bir pəncərə” prinsipinin tətbiqi ilə bağlı Azərbaycan nümunəsinin öyrənilməsinə həsr olunmuş seminar keçirilmişdir. Seminar Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı çərçivəsində təşkil edilmişdir.

Tədbirə Azərbaycan da daxil olmaqla, 8 ölkənin, o cümlədən, Qazaxıstan, Özbəkistan, Qırğız, Tacikistan, Əfqanıstan, Cin və Monqolustanın, eləcə də Asiya İnkişaf Bankı, BMT-nin Asiya və Sakit Okean regionu ölkələri üçün İqtisadi və Sosial Komissiyası, BMT-nin Avropa üzrə İqtisadi Komissiyası, Ümumdünya Gömrük Təşkilatı və digər beynəlxalq qurumların nümayəndələri qatılmışdır.

Tədbir iştirakçıları iyulun 6-da, əvvəlcə Fəxri xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarı önündə onun xatirəsini yad etmiş, sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş vətən övladlarının məzarlarını ziyarət etmişlər.

Daha sonra seminarın açılış mərasimi olmuşdur. Mərasimdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev, BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının təmsilçisi xanım Virginia Kram-Martos, Asiya İnkişaf Bankının regional əməkdaşlıq üzrə mütəxəssisi Ceff Prosak və Ümumdünya Gömrük Təşkilatının nümayəndəsi Satya Prasad Sahu çıxış etmişlər.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev öncə seminarın təşkilində əməyi olan və tədbirdə fəal iştirak edən beynəlxalq qurumların rəhbərliyinə, eləcə də ölkə nümayəndələrinə Azərbaycan hökuməti və Dövlət Gömrük Komitəsi adından təşəkkürünü bildirmişdir. Azərbaycanın zəngin tarixə malik olduğunu nəzərə çatdıran Komitə sədri, ölkənin “İpək yolu” üzərində vacib bir həlqə olduğunu, eləcə də Avropa və Asiya arasında körpü rolunu oynadığını bildirmişdir. Qeyd olunmuşdur ki, bu səbəbdən hələ qədim zamanlarda bir çox ölkələrlə geniş ticarət əlaqələrinə malik olan Azərbaycan, həm də qərb-şərq nəqliyyat dəhlizində tranzit əhəmiyyətinə görə seçilmişdir.

DGK sədri Aydın Əliyev xatırlatmışdır ki, ilk dəfə - 1998-ci ilin sentyabrında Tarixi İpək Yolunun bərpasına həsr edilmiş beynəlxalq konfransın məhz Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsi də təsadüfi olmamışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə keçirilən həmin konfransda məqsəd Tarixi İpək Yolunu bərpa etməklə yanaşı, ölkələri və regionları yaxınlaşdırmaq, ticari-iqtisadi münasibətlərin möhkəmləndirilməsi işinə dəstək vermək, eləcə də sabitliyin və təhlükəsizliyin təmin olunmasına kömək göstərmək idi.

Azərbaycan Respublikası Tarixi İpək Yolunun vacib həlqəsi olduğu üçün dövlət sərhədinin keçid məntəqələrinin buraxılış qabiliyyətinin artırılması son dərəcə mühüm əhəmiyyət kəsb edir və bu məsələ nəinki Azərbaycan Gömrük Xidmətinin, eləcə də ölkə rəhbərliyinin daim diqqətindədir. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin 11 noyabr 2008-ci il tarixli fərmanına əsasən, ötən ilin əvvəlindən respublikanın dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin tətbiqi qərara alınmış və bu prinsip üzrə vahid dövlət orqanının səlahiyyətləri Dövlət Gömrük Komitəsinə həvalə olunmuşdur. Dövlət başçısının fərmanında da məqsəd dövlət sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılması zamanı süni maneələri aradan qaldırmaq, idxal-ixrac əməliyyatlarının müasir tələblərə uyğun aparılması üçün münbit şərait yaratmaqdır.

DGK sədri Aydın Əliyev vurğulamışdır ki, Azərbaycanın gömrük sahəsində “bir pəncərə” prinsipinin tətbiqi özünü doğrultmuşdur. Bu baxımdan Azərbaycan təcrübəsinin öyrənilməsinə həsr olunmuş seminarın iştirakçı ölkələr üçün faydalı olacağına əminliyini ifadə edən Komitə sədri tədbir iştirakçılarına məhsuldar iş arzulamış və ümumiyyətlə, gömrük sahəsində Azərbaycan Gömrük Xidmətinin maraqlı tərəflərlə əməkdaşlığa daim hazır olduğunu bildirmişdir.

BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının təmsilçisi xanım Virginia Kram-Martos Bakıdakı seminarın keçirilməsindən məmnunluğunu söyləyərək, tədbirin Mərkəzi Asiya regionu üçün çox önəmli bir məsələyə həsr olunduğunu vurğulamışdır. O, Azərbaycanın “bir pəncərə” prinsipinin tətbiqi sahəsində regionda irəli addımladığını, Azərbaycanın bu sahədəki təcrübəsinin öyrənilməsinin vacibliyini diqqətə çatdırmışdır. Azərbaycanın “bir pəncərə” prinsipinin tətbiqində böyük uğurlar əldə etdiyini bildirən qonaq, seminarın bu sahədə təcrübə mübadiləsi baxımdan çox əhəmiyyətli olacağına əminliyini ifadə etmişdir.

Xanım Virginia Kram-Martosun sözlərinə görə, Qafqaz regionunda olduğu kimi, Mərkəzi Asiya regionu ölkələri də potensial bazarlardan bir qədər uzaq düşüblər. Məhz ticarətin asanlaşdırılması yolu ilə sözügedən ölkələr regional bazara daha sürətlə daxil olar, hətta bazara Avropa ölkələri ilə müqayisədə daha rəqabətqabiliyyətli mallar çıxara bilərlər. O da diqqətə çatdırıldı ki, CAREC-ə daxil olan ölkələr Avropa ilə gömrük sahəsində əməkdaşlığı genişləndirmək üçün regional bazarı daha da inkişaf etdirməlidirlər.

Öz növbəsində, Asiya İnkişaf Bankının regional əməkdaşlıq üzrə mütəxəssisi Ceff Prosak seminarın təşkilinə dəstək verən tərəflərə minnətdarlığını bildirərək, aktual mövzuya həsr olunmuş seminarın uğurlu geçəcəyinə əminliyini ifadə etmişdir. “Bir pəncərə” prinsipinin hər bir ölkənin gömrük xidməti üçün çox mühüm olduğunu vurğulayan Ceff Prosak qeyd etmişdir ki, hazırda yaşadığımız elmi-texniki tərəqqi dövründə bütün sahələrdə, o cümlədən, gömrük xidmətində sürətli dəyişikliklərə zərurət yaranmışdır. Bu baxımdan, “bir pəncərə” prinsipinin tətbiqi ilə bağlı Azərbaycan təcrübəsinin öyrənilməsinə dair Bakı seminarının ümumi işə töhfə verəcəyini vurğulayan Ceff Prosak, seminarda sözügedən sahədə həllini gözləyən məsələlərə toxunulacağını bildirmişdir.

Ümumdünya Gömrük Təşkilatının nümayəndəsi Satya Prasad Sahu təmsil etdiyi qurum adından Bakıda gömrük işinə dair növbəti mötəbər bir toplantının baş tutmasına görə bütün təşkilatçılara təşəkkürünü bildirmişdir. ÜGT-nin Bakıdakı Regional Tədris Mərkəzində vaxtaşırı keçirilən seminarların məhz beynəlxalq əməkdaşlığın genişləndirilməsinə xidmət etdiyini vurğulayan qonaq qeyd etmişdir ki, “bir pəncərə” prinsipinin tətbiqi ilə bağlı Azərbaycan nümunəsinin öyrənilməsinə həsr olunmuş seminar da sözügedən sahədə tərəflər arasında qarşılıqlı fikir və əməl birliyinin yaranmasına xidmət edəcək. Satya Prasad Sahu seminarda müzakirə ediləcək məsələlərə hərtərəfli aydınlıq gətirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini də bildirmiş, seminar iştirakçılarına uğurlar arzulamışdır.

Daha sonra seminar işə başlamış və “bir pəncərə”nin tərtibatının razılaşdırılması, Azərbaycanda “bir pəncərə” sisteminin icmalı və onun inkişafının retrospektivləri, “bir pəncərə” sisteminin layihələndirilməsi və inkişafı, eləcə də bu sistemin idarə olunması və təkmilləşdirilməsi ilə bağlı Azərbaycan təcrübəsindən nümunələr barədə məruzələr dinlənilmişdir. Məruzələrlə BMT-nin Asiya və Sakit Okean regionu ölkələri üçün İqtisadi və Sosial Komissiyasının təmsilçisi Yann Düval, “Crimson Logic Pte Ltd”nin nümayəndəsi Çan Fuk Senq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Şahin Bağırov və Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisi İqbal Babayev çıxış etmişlər.   

İlk məruzəçi “bir pəncərə” sisteminin inkişafı üçün digər ölkə və subregionların konsensusa necə gəlməsi və dəyişikliklərə müqavimət göstərən amilləri aradan qaldırmağa kömək edə biləcək mövcud sənəd və mexanizmləri təqdim etmələrini müzakirə etmişdir. Növbəti məruzədə “bir pəncərə” sistemi haqqında məlumat verilmiş və Azərbaycanda bu sahədəki mövcud vəziyyət müzakirə olunmuşdur.

Öz növbəsində, Azərbaycan tərəfinin məruzələrində “bir pəncərə” prinsipinin qəbulu üçün Azərbaycan gömrüyünün əsasları, müqavimətin aradan qaldırılması, eləcə də maneələrin müəyyən edilməsi vasitələri barədə danışılmışdır. Həmçinin qəbul edilmiş texnoloji standartlar, texnologiya seçimi, şəbəkə infrastrukturu, məlumatların təhlükəsizliyi, dövlət təsisatlarının “bir pəncərə” sistemi ilə inteqrasiyası, əsas ticarət tərəfdaşları ilə parametrlərin birgə istifadəsi-mübadiləsi məsələləri müzakirə edilmişdir.

Seminarın davam etdiyi növbəti gün isə “bir pəncərə” sistemi üçün beynəlxalq standartlar və ən yaxşı təcrübələr, CAREC regional “bir pəncərə” platforması üçün model, Azərbaycanın “bir pəncərə” sistemi ilə bağlı gələcək planlar, CAREC-in “bir pəncərə” sisteminin inkişafı təşəbbüslərinin yenilənməsi və s. məsələlər barədə məruzələr dinlənilmiş, həmçinin iştirakçılar və ekspertlər arasında müzakirələr aparılmışdır.

Sonuncu gün isə seminar iştirakçıları Azərbaycan Respublikası Biləsuvar gömrük sərhəd-keçid məntəqəsində olmuşlar. Burada qonaqlar “bir pəncərə” prinsipinin tətbiqini izləmiş, məntəqənin gömrük proqramları və prosedurları barədə ətraflı məlumat almış, maddi-texniki təchizat sistemi ilə yaxından tanış olmuşlar.

 



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi

 
RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80 Faks: (99412) 498-18-36 E-mail: external@customs.gov.az