AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | |

Az | Рус | Eng       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

Ticarətin asanlaşdırılması məsələləri müzakirə edilmişdir


Ticarətin asanlaşdırılması məsələləri müzakirə edilmişdir

 

İyulun 9-da Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Regional Tədris Mərkəzində “Bir pəncərə” prinsipi və biznes prosesinin təhlili üzrə potensialın gücləndirilməsi” mövzusunda seminar keçirilmişdir.

Seminar BMT-nin Avropa üzrə İqtisadi Komissiyası, BMT-nin Asiya və Sakit Okean regionu ölkələri üçün İqtisadi və Sosial Komissiyası və Asiya İnkişaf Bankı tərəfindən təşkil olunmuşdur.

Tədbirə “bir pəncərə” prinsipinin tətbiqi ilə bağlı Azərbaycan nümunəsinin öyrənilməsi mövzusunda iyulun 6-8 tarixlərində Bakıda keçirilmiş beynəlxalq seminarın iştirakçıları, o cümlədən, Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramında iştirak edən ölkələrin dövlət və özəl sektorunun və beynəlxalq ticarət münasibətləri ilə məşğul olan şirkətlərin, eləcə də Azərbaycanda fəaliyyət göstərən işgüzar dairələrin nümayəndələri qatılmışdır.

Mərasimi giriş sözü ilə açan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev vurğulamışdır ki, bu gün Azərbaycanda geniş quruculuq işləri aparılır, iqtisadi islahatlar həyata keçirilir və bütün sahələrdə əldə edilmiş nailiyyətlərə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiya sayəsində nail olunmuşdur. 

“Bir pəncərə” prinsipinin tətbiqi ilə bağlı Azərbaycan nümunəsinin öyrənilməsinə dair Bakıda keçirilmiş seminara toxunan DGK sədrinin müavini qeyd etmişdir ki, Azərbaycanda ticarətin dəstəklənməsi istiqamətində həyata keçirilən ən önəmli tədbirlərdən biri də ölkə Prezidenti İlham Əliyevin 11 noyabr 2008-ci il tarixli fərmanı ilə “bir pəncərə” prinsipinin reallaşması olmuşdur.

Belə ki, dövlət sərhədinin buraxılış məntəqələrində “bir pəncərə” prinsipinin tətbiqi qısa dövr ərzində tam reallaşmış, müvafiq dövlət qurumları ilə əlaqələndirmə işi həyata keçirilmiş və onun elektron platforması müəyyənləşmişdir. Hazırda “bir pəncərə” prinsipinin tətbiqi vasitəsilə yoxlama və rəsmiləşdirmə prosedurlarının keyfiyyəti xeyli dərəcədə artmış, bu mexanizmin tətbiqindən həm dövlət, həm də özəl sektor, nəticə etibarilə isə cəmiyyətin faydalanmasına əsaslı zəmin yaranmışdır.

“Bir pəncərə” prinsipinin tətbiqinin əhəmiyyətli cəhətlərindən biri də ondan ibarətdir ki, rəsmiləşdirmə prosedurlarının rasionallığının artırılması yolu ilə ölkə ərazisində yüklərin nəql edilməsi prosesi daha da asanlaşmış, eləcə də beynəlxalq tranzit əməliyyatlarının daha da sadələşdirilməsinə nail olunmuşdur. Bu yeni üsulun tətbiqi beynəlxalq ticarətin aparılmasında milli istifadəçilərlə yanaşı, digər ölkələrin iqtisadi operatorlarına da yardım göstərmək imkanında olmuşdur.

“Bir pəncərə” prinsipinin tətbiqi sahəsində Azərbaycan təcrübəsinin regionda nümunə kimi qiymətləndirilməsinin əlamətdar hal olduğunu söyləyən DGK sədrinin müavini Əsgər Abdullayev qeyd etmişdir ki, hazırkı seminar da ticarətin dəstəklənməsinə yönələn işlərin davamı olub, biznesin idarə edilməsi, ticarət proseslərinə cəlb olunmuş tərəflərin potensialının gücləndirilməsi, ümumiyyətlə, iqtisadi idarəetmə və planlaşdırma, menecment və fəaliyyət məsələlərində keyfiyyətin daha da artırılması, eləcə də kağızlı ticarətdən kağızsız ticarətə (elektron ticarətə) keçidin asanlaşdırılmasına yardım baxımından çox əhəmiyyətli tədbirdir.

Daha sonra Əsgər Abdullayev bildirmişdir ki, Azərbaycanda dövlət-özəl sektor münasibətlərinə önəm verilir və bu münasibətlərin möhkəmləndirilməsi yolu ilə sahibkarlıq subyektlərinin ehtiyacları öyrənilir və istehsalat, ticarət, xidmət və s. sahələrin inkişaf etdirilməsinə yardım göstərilir. Bu istiqamətdə fəaliyyət Azərbaycan Gömrük Xidmətinin prioritetlərindən biri hesab edilir və xeyli müddətdir ki, gömrük və özəl sektor arasında işgüzar əlaqələr yaranmış və bu əlaqələr inkişaf etdirilir. Gömrük xidməti və biznes sektoru arasında görüşlər keçirilir və bu görüşlərdə gömrük tənzimlənməsi, prosedurların sadələşdirilməsi, ticarət zəncirinin təhlükəsizliyinin artırılması məsələləri və s. imkanlar ətrafında fikir mübadiləsi aparılır, zəruri olan tədbirlər müəyyən olunur. Bugünkü görüş isə gömrük-biznes dialoqunun daha geniş formatı olub və burada digər ölkələrin nümayəndələri, beynəlxalq maliyyə institutu və təşkilatların təmsilçiləri də iştirak edirlər. 

DGK sədrinin müavini xatırlatmışdır ki, hazırda milli və beynəlxalq səviyyədə iqtisadi fəaliyyətin dəstəklənməsi, beynəlxalq ticarətin inkişaf etdirilməsinə yönəlmiş bir çox işlər həyata keçirilir. Bunlardan biri də BMT-nin Asiya və Sakit okean üzrə Kağızsız Ticarət Sahəsində Ekspertlər Şəbəkəsinin hazırladığı Biznes Prosesinin Təhlilinə dair Təlimatdır ki, bu layihə barədə seminarda geniş məlumat əldə etmək imkanı olacaq.

Çıxışının sonunda Əsgər Abdullayev ümidvar olduğunu bildirmişdir ki, seminardakı məsələlər iştirakçılar tərəfindən maraqla qarşılanacaq və bu tədbir ticarətin asanlaşdırılması üçün biznes proseslərinin təhlili, biznes proseslərinin təhlili layihələrinin işlənib hazırlanması və həyata keçirilməsi, eləcə də digər əlaqəli məsələlərlə bağlı təcrübənin artırılmasına öz töhfəsinin verəcək.

BMT-nin Asiya və Sakit Okean regionu ölkələri üçün İqtisadi və Sosial Komissiyasının layihə üzrə meneceri Yann Düval təmsil etdiyi qurumun məqsəd və vəzifələri, eləcə də fəaliyyət sahələri haqqında seminar iştirakçılarına məlumat vermişdir. Qeyd olunmuşdur ki, sözügedən qurum ticarətin asanlaşdırılması sahəsində BMT-nin Avropa üzrə İqtisadi Komissiyası ilə sıx əməkdaşlıq şəraitində işləyir. BMT-nin Asiya və Sakit okean üzrə Kağızsız Ticarət Sahəsində Ekspertlər Şəbəkəsinin yaradılmasında da məqsəd ticarətin asanlaşdırılması, eləcə də “bir pəncərə” sisteminin təkmilləşdirilməsi sahəsində mütəxəssisləri bir araya gətirmək və qarşılıqlı fayda verəcək nəticələr əldə etməkdir.

Öz növbəsində, BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının layihə üzrə meneceri Markus Pikart vurğulamışdır ki, “bir pəncərə” prinsipi və biznes prosesinin təhlili üzrə potensialın gücləndirilməsi hər bir ölkə üçün önəmli məsələdir və seminarda bu sahədə həllini gözləyən məsələlərə toxunulması ümumi işə töhfəsini verəcək. Azərbaycanda “bir pəncərə” prinsipinin uğurla reallaşdırıldığından məmnunluğunu bildirən menecer, eyni zamanda Biləsuvar sərhəd-keçid məntəqəsində bu sistem sayəsində ticarətin nə qədər asanlaşdığının şahidi olduğunu nəzərə çatdırmışdır.

Qeyd edilmişdir ki, hazırkı seminarın da məqsədi Mərkəzi Asiya regionu ölkələrində potensialın gücləndirilməsinə dəstək vermək, qarşıda duran problemləri və onların həlli yollarını birgə müəyyən etməkdir. Markus Pikart ümidvar olduğunu bildirmişdir ki, seminar zamanı gömrük effektinin artırılması üçün daha nələr etməyin lazım gəldiyi öyrəniləcək və bu işin təhlili aparılacaq. Bu məsələdə isə dövlət və özəl sektor arasında sıx əməkdaşlığa ehtiyac var.  

Asiya İnkişaf Bankının regional əməkdaşlıq üzrə mütəxəssisi Ceff Prosak əlavə etmişdir ki, “bir pəncərə” prinsipinin tətbiqi sahəsində təcrübə ilə yanaşı, dövlət və özəl sektor arasında işgüzar münasibətlərin qurulması işini də öyrənmək lazımdır. Mütəxəssis seminarın həm də bu işə xidmət etdiyini söyləyərək, tədbirin sözügedən sahədə fikir və təcrübə mübadiləsi baxımdan əhəmiyyətli olacağını bildirmiş və müzakirə ediləcək məsələlərə tam aydınlıq gətirilməsi üçün iştirakçıları fəal olmağa çağırmışdır.

Sonra seminar işə başlamış və tədbirdə biznes proseslərinin təhlilinə giriş, biznes-proseslərin təhlili layihəsinin sahələrinin müəyyənləşdirilməsi, biznes proseslərinin layihəsinin planlaşdırılması, biznes proseslərinin modelləşdirilməsi və təhlilinin həyata keçirilməsi və s. mövzularda məruzələr dinlənilmişdir. Sonda məruzələr ətrafında müzakirələr aparılmış və seminar iştirakçılarının sualları cavablandırılmışdır.

 



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi

 
RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80 Faks: (99412) 498-18-36 E-mail: external@customs.gov.az