İstifadəyə yararsız mallar müvafiq qaydada məhv edilmişdir
İstifadəyə yararsız mallar müvafiq qaydada məhv edilmişdir
Naxçıvan Muxtar Respublikasına idxal istiqamətində gətirilən malların keyfiyyətinə nəzarətin həyata keçirilməsi, vaxtı ötmüş, keyfiyyətsiz malların müəyyənləşdirilərək satış dövriyyəsindən çıxarılması, istehlakçıların hüquqlarının, ümumilikdə isə daxili bazarın qorunması gömrük orqanları qarşısına çox mühüm vəzifə kimi qoyulmuşdur. Son illərdə muxtar respublikada qəbul edilmiş bir sıra dövlət proqramlarında, Ali Məclisdə keçirilmiş müşavirə və sessiyalarda bu istiqamətdə konkret tapşırıqlar verilmiş və yeni vəzifələr müəyyənləşdirilmişdir.
Cari ilin yanvar ayının 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində daxili bazarın qorunması və maliyyə intizamının yaxşılaşdırılması tədbirləri ilə əlaqədar müşavirə keçirilmişdir. Müşavirədə verilmiş tapşırıqların icrası üzrə təsdiq olunmuş Tədbirlər Planına əsasən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi ilə birgə aidiyyəti dövlət orqanları üzərinə müvafiq tapşırıqlar qoyulmuşdur.
Gömrük orqanları tərəfindən daxili bazarın qorunması, əhalinin sağlam və keyfiyyətli məhsullarla təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər cari ilin ilk altı ayı ərzində də davam etdirilmiş, mütəmadi olaraq daxili bazarın konyukturu öyrənilmiş, satış dövriyyəsində olan və sahibkarlığa mənfi təsir göstərən xarici malların kateqoriyası araşdırılmışdır. Daxili bazar öyrənilərkən mütəmadi olaraq qiymət dəyişikliyi analiz olunmuş, əldə olunan nəticələr əsas götürülərək tarif və qeyri-tarif tənzimləmələri həyata keçirilmişdir.
Cari ildə satış dövriyyəsində yer alan, lakin vaxtı ötmüş xarici malların müəyyənləşdirilərək satışdan çıxarılması, tez xarab olan malların təsbit edilməsi və idxal istiqamətində gətirilməsinə nəzarətin gücləndirilməsi məqsədi ilə monitorinqlər davam etdirilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birgə təşkil etdiyi, eləcə də markalanması düzgün aparılmamış 45 adda 9720 manat dəyərində mal əmtəə görünüşü pozulmaqla satış dövriyyəsindən çıxarılmışdır. Həmin mallar iyul ayının 16-da kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə yandırma üsulu ilə məhv edilmişdir. Bu məqsədlə ayrılmış xüsusi sahədə məhv edilmiş mallar xarici markalı müxtəlif adda şokolad, keks, peçenye və marmeladdan, 214 ədəd müxləlif adda meyvə şirəsindən, 28 ədəd «Hip» markalı uşaq yeməyindən, 198 ədəd müxtəlif adda yuyucu vasitədən, 220 ədəd müxtəlif markalı çay, yağ, mayonez, turşu, kofe və müxtəlif ədviyyatlardan, 101 ədəd müxtəlif adda xama, mayonez, marqarın və sairdən ibarət olmuşdur.
Monitorinqlər zamanı satışa çıxarılan uşaq yeməklərinin keyfiyyətinə xüsusi fikir verilmiş, bu vacib məsələ ilə bağlı sahibkarlara, satıcılara xəbərdarlıq edilmişdir. Araşdırmalar göstərmişdir ki, mağazalardan toplanılan vaxtı ötmüş və keyfiyyətsiz malların bir qismi daha çox uşaqların istifadə etdikləri qidalardan ibarət olmuşdur: yoqurt, çipsi, saqqız, şokolad, biskvit və sair.
Daxili bazarın keyfiyyətsiz və tələblərə cavab verməyən mallardan təmizlənməsi məqsədi ilə hesabat dövrü ərzində dəyəri 3000 manatdan artıq olan çay məhsulunun satış dövriyyəsindən çıxarılaraq gətirilən ölkələrə göndərilməsi təmin olunmuşdur.
Daxili bazarın qorunması tədbirləri çərçivəsində idxal istiqamətində gətirilən malların keyfiyyətinə nəzarət daha da gücləndirilmışdır. Sərhəd keçid məntəqələrində mal-müşayiət sənədlərinə, xüsusən də malın keyfiyyət və sağlamlığını müəyyən edən sertifikatlara tələb artırılmışdır. Bu istiqamətdə planlı şəkildə görülən işlər genişləndirilmiş, xüsusən də son istifadə müddətinə az qalan, eləcə də üzərində istehsal və istehlak müddəti göstərilməyən malların muxtar respublikaya gətirilməsinin qarşısının alınması istiqamətində yeni fəaliyyət planı müəyyənləşdirilmişdir. Üzərində istehsal tarixi və istehlak müddəti Azərbaycan dilində göstərilmədiyindən 6500 manat dəyərində İran istehsalı olan balıq konservi muxtar respublikaya buraxılmamışdır.
Qeyd edək ki, aparılan araşdırmalar malların əsasən mağazaların piştaxtalarında yararlılıq müddətini itirdiyini və insan sağlamlığı üçün təhlükəli hala düşdüyünü göstərməkdədir. Bu səbəbdən qeyd olunan problemlərin minimuma endirilməsi həm də vətəndaş fəallığından və tələbkarlığından asılıdır. Hər kəs alış-veriş edərkən malları diqqətlə yoxlamalı, istifadə müddətini, saxlanma şəraitini gözdən keçirməli, lazımi tələblərə cavab vermirsə geri qaytarmalı və satışdan çıxarılmasını tələb etməlidir. Bu bir nəticə vermədikdə yol verilən pozuntularla bağlı aidiyyəti dövlət orqanlarına dərhal məlumat verilməlidir.
(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80
Faks: (99412) 498-18-36
E-mail: external@customs.gov.az