«İxraca Nəzarət və Əlaqədar Sərhəd Təhlükəsizliyi» proqramı çərçivəsində təlim kursu keçirilmişdir
Amerika Birləşmiş Ştatlarının Çarlston şəhərində «İxraca Nəzarət və Əlaqədar Sərhəd Təhlükəsizliyi» proqramı çərçivəsində «Beynəlxalq Dəniz Limanı və Sərhəd Mühafizəsi» təlim kursu keçirilmişdir.
Avqustun 2-dən 6-dək keçirilən tədbirdə Azərbaycan Respublıikası Dövlət Gömrük Komitəsinin əməkdaşları iştirak etmişlər.
Xatırladaq ki, təlim Çarlston şəhərinin dəniz limanında yerləşən Vando Velç terminalında təşkil olunmuşdur.
Nümayəndə heyətinin rəhbəri, DGK Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsinin rəisi
Məsum Rəsulov əməkdaşımızla söhbətində bildirmişdir ki, tədbirin ilk günü Çarlston şəhərinin dəniz limanının fəaliyyəti ilə iştirakçılar yaxından tanış edilmiş, keçiriləcək təlim proqramları barəsində məlumat verilmiş və iştirakçılar özlərini təqdim etmişlər.

Daha sonra ABŞ Gömrük və Sərhəd Mühafizə Xidmətinin Daxili Təhlükəsizlik üzrə keçirilən işləri barədə təlim iştirakçılarına ətraflı məlumat verilmişdir. Təlim iştirakçılarına konteyner möhürləri(plomblar), möhürlərin saxtalığının yoxlanılması qaydaları izah edilmiş və əlavə olaraq möhürlərin nümunələri iştirakçılara nümayış etdirilmişdir.
Tədbirin növbəti iş günündə radiasiya fonunun yoxlanılması qaydaları və yoxlama zamanı radiasiyanı müəyyən edən avadanlıqlar təqdim olunaraq istifadə qaydaları haqqında iştirakçılara məlumat verilmişdir. Günün ikinci yarısında Hədəf Təsbiti və Risklərin İdarə Olunması, Daxili Konsperasiya mövzularında mühazirələr oxunulmuş, həmin mövzular ətrafında müzakirələr aparılmış və maraq doğuran suallar cavablandırılmışdır.
Avqustun 4-də təlim iştirakçıları Çarlston şəhərinin yaxınlığında olan Savanna şəhərinə səfər etmiş, orada yerləşən gömrük laboratoriyası və onun fəaliyyəti ilə ətraflı tanış olmuşlar. Həmin laboratoriyada ərzaq, kağız və ağac kütləsi, gil məhsulları və müxtəlif kimyəvi maddələrin idxalı zamanı laboratoriya əməkdaşları tərəfindən tədqiqatın aparılması formaları əyani olaraq iştirakçılara nümayış etdirilmişdir. Burada tədqiqatın aparılması üçün istifadə olunan avadanlıqların iş prinsipi haqqında söhbət açılmış, kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
Tədbirin dördüncü günündə Çarlston şəhərinin dəniz limanında idxal olunan konteynerlərin gömrükçülər tərəfindən gömrük nəzarətinin həyata keçirilməsi zamanı konteynerlərin divarları, qapıları, avtomaşınların şinləri, böyük yük taraları, qapı çərçivələrinin yoxlanılması və yoxlama zamanı ətraf temperaturu ölçən, izolyasiyanın pozulduğunu göstərən, temperatur müxtəlifliyini təyin edən, məsafə və dərinliyi müəyyənləşdirən cihazlardan, habelə radiasiya detektorundan istifadə olunaraq həmin avadanlıqlar nümayış etdirilmişdir.
Günün ikinci yarısında əsasən praktiki məşğələlər keçirilməklə təlim üçün nəzərdə tutulmuş yük konteynerlərin iştirakçılar tərəfindən yoxlanılması aparılmışdır.

Tədbirin son günündə Çarlston şəhərinin Gömrük və Sərhəd Mühafizə xidmətinin rəhbərliyi ilə təlim iştirakçıları arasında görüş olmuşdur.
Keçirilmiş təlimin əhəmiyyəti və keyfiyyəti iştirakçılar tərəfindən anonim səsvermə vasitəsi ilə qiymətləndirilmişdir. Tədbirin sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim edilmişdir.
M.Rəsulov sonda onu da qeyd etmişdir ki, gömrük əməkdaşlarının iş təcrübəsinin artırılmas, qabaqcıl texnoloqiyalardan istifadə olunması, fikir mübadiləsi, beynəlxalq gömrük ailəsinə inteqrasiya baxımından keçirilən «Beynəlxalq Dəniz Limanı və Sərhəd Mühafizəsi» təlim kursu mühüm əhəmiyyət kəsb edir.