AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | |

Az | Рус | Eng       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

Gömrük orqanlarının vəzifəli şəxslərinin hüquqi vəziyyətinin əsasları daha da möhkəmlənəcək


Gömrük orqanlarının vəzifəli şəxslərinin hüquqi vəziyyətinin əsasları daha da möhkəmlənəcək
 
Bu yaxınlarda Azərbaycan Respublikasının 22 iyun 2010-cu il tarixli Qanunu ilə Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş «Gömrük orqanlarında xidmət haqqında» Əsasnamə yə bir sıra əlavə və dəyişikliklər edilmişdir.
Məlum olduğu kimi Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş «Gömrük orqanlarında xidmət haqqında» Əsasnamə gömrük işində əsas normativ hüquqi aktların biri olub, Azərbaycan Respublikasının gömrük orqanlarında və təşkilatlarında xidmətin qaydalarını və gömrük orqanlarının vəzifəli şəxslərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir.
Əsasnamə qəbul edildiyi gündən etibarən müxtəlif vaxtlarda ona bir sıra əlavə və dəyişikliklər edilmişdir ki, bu da təbii olaraq qanunauyğun bir prosesdir.
Belə ki, qeyd olunan Əsasnamənin qəbulundan sonra digər hüquq mühafizə orqanlarında da xidmətin qaydalarını və hüquqi əsaslarını nizama salan analoji əsasnamələr və qanunlar, onlara edilmiş əlavə və dəyişikliklər, o cümlədən «Dövlət quluğu haqqında», «Korrupsiyaya qarşı mübarizə haqqında», «Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında», «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunları və digər qanunvericilik aktları qəbul edilmişdir.
Bu səbəbdən mövcud qaydalara uyğun olaraq «Gömrük orqanlarında xidmət haqqında» Əsasnamənin sonradan qəbul edilmiş qanunvericilik aktlarına uyğunlaşdırılması zərurəti yaranmışdır.
Əsasnaməyə edilmiş yuxarıda qeyd olunan əsas əlavə və dəyişikliklərdən biri gömrük orqanlarının vəzifəli şəxslərinin hüquqi statusu ilə bağlıdır.
Həmin dəyişikliyə əsasən gömrük orqanlarında işləyən və dövlət quluqçusu sayılmayan əməkdaşların bir qisminin (xadimə, dalandar, bağban, ixtisas dərəcəsi olmayan fəhlə, gözətçi və s.) əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi, bir qisminin qulluq keçməsi (gömrük orqanlarında xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən əməkdaşlar), «Dövlət quluğu haqqında» Azərbaycan Respublikası Qanunu, bir qisminin (xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə xidmət edən əməkdaşlar) xidmət keçməsi isə bu Əsasnamə ilə tənzimlənir.
Başqa bir əlavə isə gömrük orqanlarında xidmətə qəbulun test imtahanlarından və müsahibədən ibarət olmaqla müsabiqə əsasında həyata keçirilməsindən ibarətdir.
Qeyd olunan müsabiqə isə Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
Digər bir əlavə və dəyişiklik isə gömrük orqanlarına xidmətə qəbul ilə bağlıdır.
Belə ki, Əsasnamənin 15-ci maddəsinə edilmiş əlavə və dəyişikliyə əsasən ikili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəliklər olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər, tibbi rəyə əsasən fiziki və əqli qüsurlarına görə gömrük orqanlarında işləməyə qadir olmayan, gömrük, digər hüquq mühafizə və ya başqa dövlət orqanlarında əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə bu orqanlardan xaric edilmiş şəxslər gömrük orqanlarına xidmətə qəbul edilə bilməzlər.
Əgər əvvəllər gömrük orqanlarına bütün heyətdən olan vəzifələrə yalnız müvafiq ali təhsilə malik olan vətəndaşlar qəbul edilirdisə, Əsasnamənin yuxarıda qeyd olunan maddəsinin ikinci hissəsinə edilmiş əlavə və dəyişikliyə əsasən, gömrük orqanlarının kiçik heyət vəzifələrinə xidmətə ən azı tam orta və orta ixtisas təhsilli, orta, baş və ali rəis heyəti vəzifələrinə isə yalnız müvafiq ali təhsilə malik olan şəxslər qəbul edilirlər.
Əsasnaməyə edilmiş digər əlavə və dəyişikliklər isə xüsusi rütbələr və onların verilməsi qaydası ilə bağlıdır.
Qeyd olunan əlavə və dəyişikliyə əsasən Komitənin strukturuna Tibbi Xidmət İdarəsinin əlavə edilməsi ilə əlaqədar olaraq gömrük orqanlarının vəzifəli şəxslərinin mövcud xüsusi rütbələrinin siyahısına tibb xidməti general-mayoru, tibb xidməti polkovniki, tibb xidməti polkovnik-leytenantı , tibb xidməti mayoru, tibb xidməti kapitanı, tibb xidməti baş leytenantı, tibb xidməti leytenantı, tibb xidməti kiçik leytenantı, tibb xidməti baş giziri və tibb xidməti giziri xüsusi rütbələri əlavə edilmişdir.
Əsasnamənin 22-ci və 29-cu maddələrinə edilmiş əlavə və dəyişikliyə uyğun olaraq gömrük orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr fərdi şəkildə, ardıcıl qaydada (Əsasnamənin 29-cu maddəsində qeyd olunan tutduğu vəzifəyə görə ştat üzrə nəzərdə tutulmuş xüsusi rütbədən bir pillə yüksək olmamaq şərti ilə xüsusi rütbənin vaxtından əvvəl verilməsi halları istisna olmaqla), təhsilləri, olduqları xüsusi rütbədə xidmət müddəti və əmək stajı, tutduqları vəzifədə xüsusi rütbə hədləri, həmçinin Əsasnamə ilə nəzərdə tutulan digər şərtlər nəzərə alınmaqla verilir.
Kiçik heyət vəzifələrində olan gömrük orqanlarının vəzifəli şəxsləri orta və baş rəis heyəti vəzifələrinə təyin olunduqda, onlara mövcud xüsusi rütbədə xidmət müddətindən asılı olmayaraq həmin rəis heyətinin ilk xüsusi rütbəsi verilir.
Misal olaraq, əgər kargüzar vəzifəsində xidmət edən və kiçik heyətə daxil olan gömrük xidməti giziri xüsusi rütbəsi daşıyan gömrük əməkdaşı Komitənin hər hansı struktur bölməsinə instruktor-kinoloq və yaxud şöbə rəisi vəzifəsinə təyin olunarsa (müvafiq ali təhsilə malik olduqda) ona mövcud xüsusi rütbədə xidmət müddətindən asılı olmayaraq vəzifəsinə uyğun orta rəis heyətinin ilk xüsusi rütbəsi-gömrük xidməti kiçik leytenantı və baş rəis heyətinin ilk xüsusi rütbəsi-gömrük xidməti mayoru xüsusi rütbəsi verilir.
Əsasnamənin 38-ci maddəsinə edilmiş əlavə və dəyişikliyə əsasən isə xüsusi rütbə gömrük orqanlarının vəzifəli şəxsinə ömürlük verilir və o, yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi rütbədən məhrum oluna bilər.
Məlumat üçün bildirirəm ki, «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 iyul 2004-cü il tarixli Qərarına əsasən xüsusi və hərbi rütbədən məhrumetmənin qaydasını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin müddəaları yalnız ali hərbi və ya ali xüsusi rütbəyə şamil edilir.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində məhkəmə tərəfindən əlavə cəza kimi digər xüsusi və hərbi rütbədən məhrumetmə qaydasının müəyyən olunması isə yuxarıda qeyd olunan qərarla Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmuşdur.
Əsasnaməyə edilmiş mühum əlavə və dəyişikliklərdən biri də gömrük orqanlarının vəzifəli şəxslərinin bu orqanlarda xidmətini və xidməti intizam qaydalarını nizama salan IV və V fəsillərinə edilmiş əlavə və dəyişikliklərdir.
Həmin əlavə və dəyişikliklərə əsasən gömrük orqanlarının vəzifəli şəxslərinin səhhətinə görə (tibb komissiyasının rəyinə əsasən) və ya ştatların ixtisarı nəticəsində bərabər vəzifəyə keçirilməsi mümkün olmadıqda, attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun gəlmədiyi müəyyən edildikdə və intizam tənbehi qaydasında aşağı vəzifəyə keçirildikdə o xidmət üzrə başqa işə keçirilmiş hesab olunur.
Əsasnamənin «Xidməti İntizam» fəslinə edilmiş əlavələrə uyğun olaraq 69-cu maddədə gömrük orqanlarının vəzifəli şəxsləri barəsində tədbiq olunması nəzərdə tutulan intizam tənbehlərinin sırasına «qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə gömrük orqanlarından xaric etmə» intizam tənbehi növü əlavə edilmişdir.
Bundan başqa Əsasnamənin gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə xitam verilməsinin əsaslarını nizama salan 120-ci maddəsinə gömrük orqanının vəzifəli şəxsinin fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən təsdiq edilməsi və cinayət törətdiyinə görə barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tədbiqinə dair məhkəmənin qərarı olduğu halları da əlavə edilmişdir.
Əsasnaməyə edilmiş digər əlavə və dəyişikliklər isə əsas məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə gömrük orqanlarının vəzifəli şəxslərinə həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya ödənilməsini, əmək haqqının anlayışını, fasiləsiz xidmət illərinə görə əlavələrin verilməsi qaydasınıı və həmçinin gömrük orqanlarının vəzifəli şəxslərinin həyat və sağlamlığının məcburi sığortalanmasını nizama salan maddələrə edilmiş əlavə və dəyişikliklərlə bağlıdır.
Sonda bildirmək istəyirəm ki, «Gömrük orqanlarında xidmət haqqında» Əsasnaməyə edilmiş yuxarda qeyd olunan əlavə və dəyişikliklər gömrük orqanlarında xidmətin qaydalarının təkmilləşdirilməsi, vəzifəli şəxslərin hüquqi və sosial vəziyyətinin əsaslarının daha da möhkəmləndirilməsi üçün zəmin yaradacaqdır.
 
                                                                                                                                                                                                Sənan Muxtarov,
DGK Hüquq Şöbəsinin rəisi
 



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi

 
RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80 Faks: (99412) 498-18-36 E-mail: external@customs.gov.az