Gömrük Xidməti Rəhbərləri Şurasının hüquq-mühafizə bölmələri başçıları Komitəsinin növbəti iclası
Mayın 14-də Bakıdakı «Crescent Beach» hotelində Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının hüquq-mühafizə bölmələri başçıları Komitəsinin 2-ci iclası keçirilmişdir. Tədbirdə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğız, Ukrayna, Özbəkistan, Tacikistan, Rusiya və Moldovanın nümayəndələri iştirak etmişlər.
Qeyd edək ki, Komitənin iclasından bir gün öncə, mayın 13-də ekspertlərin ayrıca iclası da təşkil olunmuşdur. Ekspertlər Komitənin 2-ci iclasında baxılacaq məsələləri müzakirə etmiş və iclasın gündəliyinə - MDB iştirakçı dövlətlərin gömrük xidmətlərinin hüquq-mühafizə bölmələrinin döş nişanları və fərqlənmə nişanlarının təsis edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi, sözügedən dövlətlərin gömrük xidmətlərinin hüquq-mühafizə bölmələrində kinoloji fəaliyyətin təkmilləşdirilməsi, eləcə də bir sıra sənəd layihələrinin təsdiq edilməsi və s. məsələləri çıxarmışlar.
Mayın 14-də Gömrük Xidməti Rəhbərləri Şurasının hüquq-mühafizə bölmələri başçıları Komitəsinin 2-ci iclasının iştirakçıları öncə Fəxri Xiyabana gələrək müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar. Sonra Şəhidlər Xiyabanına gedən qonaqlar

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anmış, məzarları üzərinə gül düzmüş, “Əbədi məşəl” kompleksi önünə əklil qoymuşlar.
Elə həmin gün işə başlayan iclası giriş sözü ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev açaraq tədbir iştirakçılarını Azərbaycan hökuməti və Komitə rəhbərliyi adından salamlamış və iclasın işində onlara uğurlar diləmişdir. DGK sədri qeyd etmişdir ki, gömrük xidmətləri arasında qarşılıqlı əməkdaşlıq olmadan bu sahədə hüquqpozmalara qarşı səmərəli mübarizə aparmaq çətindir. İstər gömrük qanunvericiliyinin pozulması, istərsə də terrorizm, narkotik vasitələrin, silah-sursatın qanunsuz dövriyyəsi, «çirkli pullar»ın yuyulması və s. halların qarşısının vaxtında alınması gömrük nəzarətinin daha çevik həyata keçirilməsindən də asılıdır ki, bu sahədə bütün gömrük xidmətlərinin üzərinə böyük məsuliyyət düşür.
A.Əliyev qeyd etmişdir ki, Azərbaycan Gömrük Xidməti gömrük sahəsində bir sıra beynəlxalq və regional təşkilatlarla yanaşı, MDB çərçivəsində də əməkdaşlığı dövlətlərimizin suverenlik və müstəqilliyinin möhkəmləndirilməsində, onların sabit inkişafının, xalqlarımızın rifahının yüksəldilməsinin təmin edilməsində mühüm amil kimi qiymətləndirir. Komitə sədri Azərbaycanın regionda və beynəlxalq aləmdə artan nüfuzuna da toxunaraq, burada həyata keçirilən irimiqyaslı layihələrin

məhz tərəqqiyə, firavan gələcəyə yönəldiyini vurğulamışdır. Belə bir şəraitdə Azərbaycan Gömrük Xidmətinin də üzərinə xüsusilə mühüm vəzifələrin düşdüyünü söyləyən A.Əliyev, ölkənin müstəqil gömrük xidmətinin inkişaf yolundan da ətraflı bəhs etmişdir. Komitə sədri istər büdcə gəlirlərinin formalaşmasında, istərsə də iqtisadi təhlükəsizliyin təmin olunmasında gömrük orqanlarının rolundan da danışmış, gömrük qanunvericilik bazasının təkmilləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər barədə geniş məlumat vermişdir.
Çıxışının sonunda A.Əliyev MDB-nin iştirakçısı olan dövlətlərin gömrük xidmətləri arasında birgə gələcək əməkdaşlığa çox böyük önəm verdiyini bildirmiş, əlaqələrin dinamik inkişafı istiqamətində mövcud potensialdan maksimum yararlanmağı tövsiyə etmişdir. Komitə sədri əmin olduğunu bildirmişdir ki, hərtərəfli və əməli əməkdaşlıq ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə, qarşılıqlı inam və sabitliyin möhkəmlənməsinə xidmət edəcəkdir.
Sonra iclasa sədrlik edən Rusiya Federasiyası Federal Gömrük Xidməti rəhbərinin müavini İqor Zavrajnov çıxış edərək MDB iştirakçı dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının hüquq-mühafizə bölmələri başçıları Komitəsinin 2-ci iclasının Bakıda təşkilinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirmiş, tədbirin məhsuldar və uğurlu keçəcəyinə əminliyini ifadə etmişdir. O, iclasın gündəliyinə 15 məsələnin çıxarıldığını, eləcə də bir sıra vacib qərarların qəbul edilməli olduğunu vurğulamış, bu tədbirin gömrük sahəsində qarşılıqlı əməkdaşlığa yeni stimul verəcəyini bəyan etmişdir.
İ.Zavrajnov iclas iştirakçılarını təqdim etdikdən sonra, sözü Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Güloğlan Muradlıya vermişdir.
Azərbaycan Gömrük Xidməti hüquq-mühafizə bölmələrinin gömrük hüquqpozmaları və qaçaqmalçılıqla mübarizə işinin təşkilinə dair təqdimatla çıxış edən G.Muradlı öncə respublikanın yerləşdiyi coğrafi məkan və sərhədləri barədə məlumat vermişdir. O, Azərbaycanın iqtisadi inkişaf tempinə görə dünyada öncül sıralarda olduğunu vurğulayaraq, ölkənin iqtisadi həyatında gömrük orqanlarının da müstəsna rol oynadığını diqqətə çatdırmışdır. Baş İdarənin rəisi bildirmişdir ki, Azərbaycan Gömrük Xidməti hüquq-mühafizə

orqanı kimi gömrük sahəsində inzibati xətaların qarşısının alınması, eləcə də cinayət xarakterli işlərin ilkin araşdırılması, əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsini də təmin edir və bu məqsədlə Dövlət Gömrük Komitəsində müvafiq struktur yaradılmışdır.
G.Muradlı Azərbaycan Gömrük Xidmətinin gömrük hüquqpozmaları sahəsindəki fəaliyyətinə toxunaraq bildirmişdir ki, gömrük orqanları hər il orta hesabla 4000-ə yaxın inzibati xəta hallarını qeydə alır ki, bunun da təxminən 160 faktı cinayət xarakterli olur. Baş İdarənin rəisi, həmçinin 2008-ci ildə Azərbaycan gömrük orqanlarının narkotik vasitələrin qanunsuz dövriyyəsi sahəsində 64 cəhdin qarşısını aldığını və bununla da 356 kq-dan bir qədər artıq narkotikin dövriyyədən çıxarıldığını açıqlamışdır. O da qeyd olunmuşdur ki, sözügedən göstərici 2006-cı illə müqayisədə 26 dəfə çoxdur.
Təqdimatdan sonra gündəlikdə duran məsələlər ətraflı müzakirə olunmuş və müvafiq qərarlar qəbul edilmişdir. Eyni zamanda, MDB iştirakçı dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının hüquq-mühafizə bölmələri başçıları Komitəsinin 3-cü iclasının 2010-cu ildə Ukrayna Respublikasının Yalta şəhərində keçirilməsi qərara alınmışdır.
Daha sonra yekun sözü ilə çıxış edən Rusiya Federasiyası Federal Gömrük Xidməti rəhbərinin müavini İqor Zavrajnov bir daha əmin olduğunu bildirmişdir ki, MDB iştirakçı dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının hüquq-mühafizə bölmələri başçıları Komitəsinin 2-ci iclası bu dövlətlərin gömrük orqanları arasında əlaqələrin daha səmərəli və qarşılıqlı fayda əsasında inkişafına xidmət edəcək, bu əlaqələr istər regional, istərsə də beynəlxalq miqyasda tərəqqiyə və təhlükəsizliyə töhfə olacaqdır.
Bununla da Bakı şəhərində keçirilən MDB iştirakçı dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının hüquq-mühafizə bölmələri başçıları Komitəsinin 2-ci iclası öz işini yekunlaşdırmışdır.