AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | |

Az | Рус | Eng       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

ÜGT Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransı keçirilmişdir


ÜGT Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransı keçirilmişdir
 
Mayın 18-19 tarixlərində Norveç Krallığının Bergen şəhərində Ümumdünya Gömrük Təşkilatı Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransı keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərliyi altında nümayəndə heyəti iştirak etmişdir.
Nümayəndə heyətimizin verdiyi məlumata görə, Ümumdünya Gömrük Təşkilatından, Avropa İttifaqından və 44 ölkədən 97 nümayəndənin iştirak etdiyi konfransda “ÜGT-nin 21-ci əsrdə gömrük strategiyası: sərhəd idarəetməsində daha səmərəli qarşılıqlı işin təşkili, 21-ci əsrdə gömrük işinin əsəs prioritetləri və tələbatları”, ÜGT-nin baş katibinin müavini vəzifəsinə Avropa regionundan olan namizədlərin təqdimatlarının dinlənilməsi, Siyasi Komissiyaya, Maliyyə və Audit komitələrinə, eləcə də ÜGT sədrinin Avropa regionu üzrə müavini vəzifəsinə seçiləcək namizədlərlə bağlı məsələlərə baxılması, Bosniya-Hersoqovinanın üzv dövlət kimi Ümumdünya Gömrük Təşkilatına qəbul edilməsi, potensialın gücləndirilməsi, gömrükdə “bir pəncərə” prinsipinin tətbiqi mexanizmləri, “Gömrüyün inkişafı: Belarus Gömrük Xidmətinin təqdimatında” və s. bu kimi məsələlər müzakirə edilmişdir.
Konfransı giriş sözü ilə Norveç Krallığı Gömrük Xidmətinin baş direktoru Byorn Ross açmışdır. Sonra ÜGT sədrinin Avropa regionu üzrə müavini, İrlandiya Gömrük Xidmətinin rəhbəri xanım Cozefin Fihili və Norveç Krallığı hökuməti adından Maliyyə Nazirliyinin dövlət katibi Ole Morten Gevinq çıxış edərək tədbir iştirakçılarına uğurlar arzulamışlar. Açılış mərasimində daha sonra ÜGT sədri Martin Dan və baş katib Kunio Mikuriya çıxış etmişlər. ÜGT baş katibi Kunio Mikuriya öz çıxışında 2008-ci ilin dekabrında Siyasi Komissiyanın, 2009-cu ilin fevralında Audit, aprel ayında isə Maliyyə komitələrinin keçirilən iclasları və bu iclaslarda müzakirə olunan məsələlər barəsində tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
“Gömrük 21-ci əsrdə” mövzusu ilə bağlı Norveç Krallığı Gömrük Xidmətinin baş direktoru Byorn Ross geniş məruzə ilə çıxış etmiş, sonra konfrans iştirakçıları tərəfindən ətraflı müzakirələr aparılmışdır.
Konfransda “Biznes və gömrük” mövzusu ilə bağlı Norveç Krallığı Daşınma və Loqistika Assosiasiyasının nümayəndəsi Tom Run Nilsen və Norveç Gömrük Xidmətinin əməkdaşı xanım Anita Qraf çıxış edərək ikitərəfli münasibətlərdən, gələcək perspektivlərdən söhbət açmışlar.
Konfransda müzakirə olunan ən önəmli məsələlərdən biri - 52 ölkəni özündə birləşdirən Avropa üzrə yeganə regional ofisin açılması ilə bağlı Azərbaycan nümayəndə heyəti iki hissəli təqdimatla çıxış etmişdir.
Təqdimatın birinci hissəsində Azərbaycanın qədim və zəngin tarixindən, bugünkü hərtərəfli inkişafından, əldə olunan nailiyyətlərdən bəhs edən film nümayiş etdirilmiş, eləcə də filmdə Azərbaycan gömrüyünün keşdiyi inkişaf yoluna qısaca nəzər salınmışdır. Qeyd olunmuşdur ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin hər bir sahədə olduğu kimi, gömrük sferasına da gündəlik diqqət və qayğısı qısa müddət ərzində gömrük sisteminin inkişaf trayektoriyasını xeyli genişləndirmiş, iqtisadi təhlükəsizliyin təminatçısı kimi bu xidmət aparıcı strukturlardan birinə çevrilmişdir. Bu gün ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin bu sistemə verdiyi dəstəyin nəticəsidir ki, artıq nümunəvi bir dövlət strukturuna çevrilmiş müstəqil Azərbaycanın Gömrük Xidməti dünya gömrük ailəsində özünə layiqli yer tutmuşdur.    
Təqdimatın ikinci hissəsində isə regional ofisin açılması ilə bağlı Azərbaycan Gömrük Xidmətinin yerinə yetirdiyi öhdəliklər, eləcə də bir sıra təşkilati məsələlər barəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev konfrans iştirakçılarına ətraflı məlumat vermişdir.
Onu da qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin təqdimatından sonra çıxışlar olmuş, bir sıra ölkələrin - Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan, Macarıstan, İsrail, İrlandiya və s. nümayəndə heyətlərinin rəhbərləri təqdimatı yüksək qiymətləndirmiş, respublikamızda regional ofisin açılmasına müsbət rəy vermişlər. ÜGT baş katibi Kunio Mikuriya, eləcə də konfrans iştirakçıları verilən təklifi müsbət dəyərləndirmiş və Ümumdünya Gömrük Təşkilatının iyun ayında keçiriləcək sessiyasında bu təklifə baxılması qərara alınmışdır.
Sonra konfransda Makedoniyada və Qazaxıstanda Ümumdünya Gömrük Təşkilatının Regional Tədris mərkəzlərinin açılması ilə bağlı adıçəkilən ölkələrin nümayəndə heyətlərinin rəhbərləri çıxış etmiş, müvafiq qərarlar qəbul edilmişdir.
Belarus Gömrük Xidmətinin rəhbəri Aleksandr Şpilevski Belarus gömrüyünün hazırkı durumu, eləcə də Avropa İttifaqı Gömrük Xidməti ilə informasiya mübadiləsi barədə təqdimatla çıxış etmişdir.
ÜGT baş katibinin Avropa regionundan müavini vəzifəsinə Macarıstan Gömrük Xidmətinin rəhbəri Yanoş Naqinin seçilməsi konfrans iştirakçıları tərəfindən yekdilliklə dəstəklənmişdir.
Xatırladaq ki, konfransın ikinci günü Azərbaycan nümayəndə heyətinin üzvü, DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisi İqbal Babayev “Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” təqdimatla çıxış etmişdir. Təqdimat konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanmış, Azərbaycanın bu nailiyyəti yüksək qiymətləndirilmişdir. Onu da qeyd edək ki, konfransda iştirak edən bir sıra ölkələrin - Qazaxıstan, Slovakiya, Polşa, Latviya, Estoniya və s. nümayəndə heyətləri bu təcrübədən yararlanmaq üçün Azərbaycan tərəfinə müraciət etmişlər.
Azərbaycan nümayəndə heyətinin Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya ilə görüşü də olmuşdur. Görüşdə ikitərəfli münasibətlərdən söhbət açılmış, eyni zamanda Bakıda keçirilən İslam Konfransı Təşkilatı Hüquq Mühafizə Orqanları rəhbərlərinin iclası barədə məlumat verilmiş və qəbul edilmiş Bakı Bəyannaməsi K.Mikuriyaya təqdim olunmuşdur.
 
DGK Mətbuat Xidməti
 



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi

 
RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80 Faks: (99412) 498-18-36 E-mail: external@customs.gov.az