Nizamnaməsi
I. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi yanında “Azərterminalkompleks” təsərrüfathesablı xarici-iqtisadi birliyi bundan sonra “Azərterminalkompleks” adlandırılacaq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 iyun 1992-ci il tarixli 301 saylı qərarına uyğun olaraq təşkil edilmişdir və öz fəaliyyətini Müəssisələr haqqında Azərbaycan Respublikasının qanununa müvafiq olaraq təsərrüfat hesabı və özünümaliyyələşdirmə əsasında həyata keçirir, ona həvalə edilmiş vəzifələri yerinə yetirir və fəaliyyəti ilə əlaqədar hüquqlarından istifadə edir.
1.2. “Azərterminalkompleks”in fəaliyyəti Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamlarına, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin onun fəaliyyətini tənzimləyən normativ aktlarına və bu nizamnaməyə müvafiq surətdə həyata keçirir.
1.3. “Azərterminalkompleks” öz öhdəlikləri üzrə yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq tənbeh tədbiri yönəldilə biləcək əmlakı ilə cavabdehlik daşıyır.
Dövlət, onun orqanları və təşkilatları
“Azərterminalkompleks”in öhdəlikləri üzrə dövlət, “Azərterminalkompleks” isə dövlətin, onun orqanlarının və təşkilatlarının öhdəlikləri üzrə cavabdehlik daşımırlar.
1.4. “Azərterminalkompleks” hüquqi şəxsdir, öz adı və embleminin təsviri olan dəyirmi möhürü, ştampları, həmçinin Azərbaycan Respublikasının banklarında manat və valyuta hesabları var. “Azərterminalkompleks”in hüquqi ünvanı-Bakı şəhəri, İnşaatçılar prospekti.
2.Fəaliyyətinin məğzi və məqsədləri.
2.1. “Azərterminalkompleks”in fəaliyyətinin məğzi və məqsədləri aşağıdakılardır:
-xarici iqtisadi əlaqələrin yeni formalarının inkişaf etdirilməsi üzrə tədbirlərin hazırlanması və həyata keçirilməsi, Azərbaycan Respublikasının müəssisələrinə, idarələrinə, təşkilatlarına xarici-iqtisadi fəaliyyətin həyata keçirilməsində kommersial əsaslarda yardım göstərilməsi;
-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada idxal-ixrac əməliyyatları üçün sənədlərin hazırlanması, yüklərin, həmçinin gömrük nəzarəti altında olan yüklərin qorunmasını və salamatlığını təmin etmə üzrə xidmətlər göstərilməsi;
-dünya əmtəə və xidmətlər bazarının konyunkturasının öyrənilməsi və ondan istifadə edilməsi;
-xarici-iqtisadi fəaliyyət iştirakçılarının və vətəndaşlarının gömrük qanunvericiliyi və gömrük işini və xarici-iqtisadi fəaliyyəti tənzimləyən normativ aktlar barədə məlumatlandırılması, bu sahədə konsaltinq xidmətlərinin göstərilməsi;
-Xarici ticarət yüklərinin daşınmasının təşkili və təkmilləşdirilməsi üzrə tədbirlərin hazırlanması və həyata keçirilməsi;
-gömrük brokerliyi fəaliyyətinin həyata keçirilməsi;
2.2 “Azərterminalkompleks” öz fəaliyyətinin məğzinə və məqsədlərinə müvafiq olaraq:
2.2.1 Xarici-iqtisadi fəaliyyət üçün zəruri olan sənədlərin hazırlanması, idxal, ixrac, tranzit və digər yüklərin bəyan edilməsi və şəxsi gömrük bəyannaməsinin doldurulması üzrə xidmətlər göstərir:
2.2.2 Müqavilə əsasında xarici-iqtisadi fəaliyyət iştirakçılarının mənafeyini, dövlət (gömrük orqanlarından başqa), məhkəmə və arbitraj orqanlarında təmsil edir:
2.2.3.Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş qaydada Azərbaycan Respublikası ərazisində gömrük və konsiqnasiya anbarları, sərbəst anbarlar, müvəqqəti saxlama anbarları, konteyner stansiyaları, rüsumsuz ticarət və firma mağazaları təsis edir və onların fəaliyyətini təmin edir:
2.2.4. Nəqliyyat təşkilatları tərəfindən xarici ticarət yüklərinin daşınmasının təşkil edilməsi və təkmilləşməsi tədbirlərində iştirak edir. Nəqliyyat, ekspeditor xidmətləri göstərir:
2.2.5. Dünya əmtəə və xidmətlər bazarının konyunkturasını öyrənir və əldə edilmiş məlumatlardan istifadə etməklə kommersial əsaslarda marketinq, konsaltinq və məlumatlandırma xidmətlərini həyata keçirir:
2.2.6. Gömrük qanunvericiliyi külliyyatını nəşr edir, gömrük işini və xarici iqtisadi fəaliyyəti tənzimləyən normativ aktların və bu sahələrə aid digər ədəbiyyatın tirajının artırılmasını və realizə edilməsini təşkil edir:
2.2.7. Kommersial əsaslarda xarici ticarət və gömrük işi məsələləri üzrə kurslar, mühazirələr və seminarlar, stajkeçmə işini təşkil edir:
2.2.8. Azərbaycan Respublikasının gömrük orqanlarının zəruri tikililər, nəqliyyat, təşkilati-texniki vasitələri və avadanlıqla təchiz edilməsinə yardım göstərir:
2.2.9. Gömrük orqanları tərəfindən müsadirə edilmiş malların və əşyaların realizə edilməsi üçün gömrük auksionları təşkil edir. Gömrük brokerliyi fəaliyyətini həyata keçirir:
2.2.10. Respublika və xarici podrat təşkilatlarının qüvvəsi ilə layihə və inşaatquraşdırma işləri, avadanlıq yığılması və sazlanması, dövlət gömrük nəzarətinin sistemi obyektlərinin işə salınması və istismarı işlərini təşkil etmək və yerinə yetirmək:
2.2.11. Sənaye, inşaat, nəqliyyat, rabitə, kənd təsərrüfatı, ictimai-iaşə, mədəniyyət, elm və digər sahələrdə xidmətlər, pərakəndə və topdansatış ticarəti, ticarət-tədarük və vasitəçilik xidmətləri göstərmək:
2.2.12. Müqavilə və həvaləetmə əsasında baş podratçı və baş tədarükçü funksiyalarını yerinə yetirmək:
2.2.13. Əmtəə, fond, valyuta birjaları təşkil etmək və onların işində iştirak etmək:
2.2.14. Reklam-nəşriyyat və poliqrafiya fəaliyyəti göstərmək:
2.2.15. Layihə-inşaat, elmi-tədqiqat və təmir işləri yerinə yetirmək:
2.2.16.Xalq istehlakı malları, kənd təsərrüfatı məhsulları istehsal etmək, respublikada və xaricdə məhsulların satışını təşkil etmək:
2.2.17. Mədəni və idman –sponsorluğu həyata keçirmək, kütləvi mədəni-tamaşa, turizm tədbirlərini, xeyriyyəçilik və kommersiya əsaslarında təşkil etmək:
2.2.18. Mətbuat, kino, audio, video və vizual məhsulların istehsalını və satışını təşkil etmək:
2.2.19. Tikinti materialları istehsal etmək və satışını təşkil etmək, istehsalat, mənzil, mədəni-məişət obyektlərini maliyyələşdirilmək və inşa etmək:
2.2.20. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə zidd olmayan yuxarıda göstərilən fəaliyyət növlərini tamamlayan və inkişaf etdirən fəaliyyət növləri ilə məşğul etmək.
3. “Azərterminalkompleks”in hüquqları
3.1. Bu nizamnamənin 2-ci bölməsində göstərilən məqsədlərə nail olmaq üçün “Azərterminalkompleks”ə Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş qaydada aşağıdakı hüquqlar verilir:
3.1.1. Azərbaycan Respublikasında, həmçinin xaricdə idarələrlə, müəssisələrlə, təşkilatlarla, cəmiyyətlərlə, şirkət və ortaqlıqlarla və ayrı-ayrı şəxslərlə sövdələşmələr və digər hüquqi aktlar, o cümlədən xidmət göstərilməsi, alqı-satqı, sığorta, saxlanc, tapşırıq, komissiya və digər hüquqi fəaliyyət növlərinin həyata keçirilmək, hərraclarda, müsabiqələrdə iştirak etmək, zəmanətlər vermək:
3.1.2. Azərbaycan Respublikasında, həmçinin xaricdə öz fəaliyyətini həyata keçirmək üçün yardımçı müəssisələr yaradıb təsis etmək, hər cür daşınar və daşınmaz əmlak əldə etmək, özgələşdirmək, icarəyə götürmək və icarəyə vermək:
3.1.3. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin razılığı ilə müəyyən edilmiş qaydada öz filiallarını, kontorlarını, şöbələrini, nümayəndəliklərini, agentliklərini təsis etmək, eləcə də fəaliyyətləri öz vəzifələrinə uyğun olan hər növ təşkilatlarda iştirak etmək, öz fəaliyyətini həyata keçirmək üçün müəssisələr, ortaqlıqlar, o cümlədən ticarət evləri, banklar, birgə müəssisələr yaratmaq:
3.1.4. Konsaltinq, məsləhət xidmətləri, eləcə də xarici-iqtisadi fəaliyyət üçün zəruri olan sənədlərin tərtib olunması idxal, ixrac və tranzit yüklərinin və malların digər gömrük rejimləri üzrə bəyan edilməsi, şəxsi bəyannamə doldurulması üzrə xidmətlər göstərmək:
3.1.5. Blankların, arayışların və gömrük orqanları üçün zəruri olan digər sənədlərin, gömrük qanunvericiliyinin, gömrük işini və xarici ticarəti tənzimləyən normativ aktların, göstərilən sahələrdə digər ədəbiyyatın çoxaldılması üzrə istehsalatlar təşkil etmək:
3.1.6. Məhkəmələrdə, arbitraj məhkəmələrində iddiaçı və cavabdeh kimi çıxış etmək, müqavilə əsasında digər müəssisələrin, idarələrin və təşkilatların mənafelərini məhkəmə və dövlət idarəetmə orqanlarında təmsil etmək:
4. “Azərterminalkompleks”in idarə edilməsi
4.1. “Azərterminalkompleks”ə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri tərəfindən təyin olunan baş direktor rəhbərlik edir.
4.2. Baş direktor “Azərterminalkompleks”in işini təşkil edir və onun bütün fəaliyyətinə görə şəxsən məsuliyyət daşıyır.
Baş direktor “Azərterminalkompleks”in operativ fəaliyyətinə rəhbərlik edir, vəkalətnaməsiz onun adından fəaliyyət göstərir, onu həm Azərbaycan Respublikasında, həm də xaricdə bütün dairələrdə, təşkilatlarda, müəssisələrdə təmsil edir. Baş direktor veksellərə və digər pul təəhhüdlərini imzalayır, ştampları təsdiq edir, əmrlər və göstərişlər verir, ezamiyyə xərclərinin normalarını müstəqil təyin edir. Nümayəndəlik, cari və digər məsrəflər üçün ayrılmış pul vəsaitlərinin hədlərini müəyyən edir, əmək müqavilələri əsasında vətəndaşları işə qəbul edir.
Azərbaycan Respublikasının qanunvericiliyinə və bu nizamnaməyə uyğun olaraq “Azərterminalkompleks”in əmlakı üzərində sərəncam verir, sövdələşmələr və digər hüquqi aktlar həyata keçirir, vəkalətnamələr verir, banklarda “Azərterminalkompleks”in hesablaşma və digər hesablarını açır.
4.3. “Azərterminalkompleks”in baş direktorunun müavini Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin razılığı ilə baş direktor tərəfindən vəzifəsinə təyin olunur və vəzifəsindən azad edilir.
“Azərterminalkompleks”in baş direktorunun müavininin və digər işçilərinin səlahiyyətləri baş direktor tərəfindən müəyyən olunur.
“Azərterminalkompleks”in baş mühasibinin və hüquq şöbəsinin rəisinin səlahiyyətləri qüvvədə olan qanunvericiliklə müəyyən edilir.
4.4. “Azərterminalkompleks”in baş direktorunun müavini və digər rəhbər işçiləri, həmçinin “Azərterminalkompleks”in tərəfindən təsis olunmuş təsisatların rəhbərləri öz müvafiq fəaliyyət sahələrində işin vəziyyətinə görə məsuliyyət daşıyırlar.
4.5. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks”in şəxsi rütbələr verilən vəzifəli şəxslərin siyahısını təyin edir.
“Azərterminalkompleks”in yuxarıda göstərilən vəzifəli şəxsləri Azərbaycan Respublikasının gömrük orqanları üçün müəyyən olunmuş xüsusi geyim formasını daşımaq hüququna malikdirlər.
5. “Azərterminalkompleks”in əmlakı
5.1. “Azərterminalkompleks”in əmlakı onun nizamnamə fondunu təşkil edən əsas və dövriyyə fondlarından, həmçinin müəyyən olunmuş qaydada yaradılan xarici-iqtisadi fəaliyyət və maddi həvəsləndirmə fondlarından, habelə təsərrüfat fəaliyyətindən alınan gəlirlərdən, amortizasiya ayırmalarından və digər ayırmalardan yaranan gəlirlərdən ibarətdir.
“Azərterminalkompleks”ə təhkim olunmuş əmlak onun müstəqil balansında əks etdirilir.
5.2. “Azərterminalkompleks” 200000000 məbləğində nizamnamə fonduna malikdir.
6. “Azərterminalkompleks”in hesabatı və gəlirinin bölünməsi
6.1. “Azərterminalkompleks”in təsərrüfat ili təqvim ilinin yanvar ayının 01-dən dekabr ayının 31-dək müəyyən olunur.
6.2. “Azərterminalkompleks”in hesabatı Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində nəzərdə tutulmuş qaydada tərtib olunur və təsdiq edilir.
6.3. Təsərrüfat ilinin yekunlarına görə əldə olunmuş xalis gəlir bütün vergilər və büdcə ödənişləri ödənildikdən sonra aşağıdakı qaydada bölünür.
a) Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi 25 faiz
b) “Azərterminalkompleks” 75 faiz
6.4. “Azərterminalkompleks” bütün ödənişlərdən sonra öz sərəncamında qalan xalis gəlir üzərində müstəqil sərəncam vermək hüququna malikdir.
“Azərterminalkompleks” xalis gəlirdən istifadə olunması istiqamətini müstəqil surətdə təyin edir.
6.5. İqtisadi həvəsləndirmə fondlarının (ayırmaların) əmələ gəlməsi və xərclənməsi qaydası “Azərterminalkompleks”in baş direktoru tərəfindən kollektiv müqaviləyə müvafiq olaraq müəyyən olunur.
6.6. “Azərterminalkompleks” xalis gəlirinin 5 faizindən az olmayaraq və 25 faizdən çox olmayaraq ehtiyat müvafiq fondu yaradır.
Ehtiyat fondunun vəsaiti dövriyyə vəsaitinin kəsirinin bərpa olunması, dövriyyə vəsaiti kəsiri olduqda əmək haqqı verilməsi və qanunvericiliyə uyğun olaraq digər məqsədlər üçün istifadə olunur.
6.7. “Azərterminalkompleks”in maliyyə-təsərrüfat fəaliyyətinin təftişi Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq aparılır.
6.8. “Azərterminalkompleks”in baş direktoru tərəfindən təyin olunan “Azərterminalkompleks”in kommersiya sirləri xarakterli məlumatların faş edilməsi və bu cür məlumatlardan mühafizə edilmə qaydasının pozulması üçün məsuliyyət qüvvədə olan qanunvericiliyə müvafiq olaraq müəyyən edilir.
7. “Azərterminalkompleks”in yenidən təşkili və ləğv edilməsi
7.1. “Azərterminalkompleks”in yenidən təşkili və ləğv edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə həyata keçirilir.
7.2. Bu nizamnaməyə edilən bütün dəyişikliklər və əlavələr Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyat keçirildikdən və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minir.