Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 12 yanvar tarixli 7 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan malların gömrük qiymətləndirilməsi sisteminin tətbiqi Qaydaları»na dəyişikliklər və əlavələr edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
«Gömrük tarifi haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 2008-ci il 30 dekabr tarixli 758-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 fevral tarixli 67 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 12 yanvar tarixli 7 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №1, maddə 46; 2003-cü il, №12 (II kitab), maddə 747; 2007-ci il, №10, maddə 1019) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan malların gömrük qiymətləndirilməsi sisteminin tətbiqi Qaydaları»na aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1.1. 1.4-cü bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin, ikinci və üçüncü cümlələr müvafiq olaraq üçüncü və dördüncü cümlələr hesab edilsin:
«Gömrük orqanlarının gömrük qiymətləndirilməsi məqsədi ilə onlara təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin həqiqiliyini və ya düzgünlüyünü araşdırmaq hüququ vardır.»;
1.2. 1.5-ci bəndin birinci abzasına aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
«Müvafiq məhkəmə qərarının qəbul olunduğu hallar istisna olmaqla, deklarantın icazəsi olmadan bu məlumatlar digər dövlət orqanları da daxil olmaqla üçüncü şəxsə verilə bilməz.»;
1.3. 1.6.-cı bəndə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:
«Azərbaycan Respublikasının gömrük orqanı, deklarantın yazılı sorğusuna əsasən malların gömrük dəyərinin necə müəyyən edilməsi haqqında ona yazılı izahat verməlidir.»;
1.4. 2.2-ci bəndin dördüncü abzasında «idxal edənin (deklarantın) müraciətinə əsasən» sözləri «deklarantın xahişi ilə» sözləri ilə əvəz edilsin;
1.5. 3.1-ci bənd üzrə:
1.5.1. birinci abzasın birinci cümləsindən «(limana və ya digər gətirilmə yerinədək)» sözləri çıxarılsın, ikinci cümləsində isə «daxil edilir» sözləri «əlavə edilir» sözləri ilə əvəz edilsin;
1.5.2. «c» yarımbəndinin altıncı abzasında «intellektual» sözündən əvvəl «mallarla əlaqəli» sözləri, «alıcının» sözündən sonra «qiymətləndirilən malların satışı üçün şərt kimi» sözləri əlavə edilsin;
1.5.3. aşağıdakı məzmunda səkkizinci abzas əlavə edilsin:
«Faktiki ödənilmiş və ödənilməli qiymətə əlavələr, Qaydaların bu bölməsinə əsasən və yalnız qərəzsiz və kəmiyyətlə ifadə oluna bilən məlumat əsasında edilməlidir. Gömrük dəyəri müəyyənləşdirilən zaman faktiki ödənilmiş və ya ödənilməli qiymətə Qaydaların bu bölməsində göstərilməyən əlavələrin edilməsinə yol verilmir.»;
1.6. 3.2-ci bənd üzrə:
1.6.1. 5-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
«5) alıcı və satıcının əlaqəli şəxslər olması;»;
1.6.2. aşağıdakı məzmunda 6-cı yarımbənd əlavə edilsin:
«6) alıcı tərəfindən malların hər hansı sonrakı satışından, sərəncam verilməsindən və ya istifadəsindən əldə edilən gəlirin hər hansı bir hissəsinin bilavasitə və ya dolayı yolla satıcıya keçməsi, bu şərtlə ki, bu Qaydaların 3.1-ci bəndinin müddəalarına əsasən müvafiq dəqiqləşdirilmələrin aparılması mümkün olmasın.»;
1.6.3. «2-ci şərt - məhdudiyyətlik anlayışı» şərtinin birinci abzasında «hüquqları» sözündən əvvəl «sərəncam və ya istifadə» sözləri əlavə edilsin;
1.6.4. «5-ci şərt - satıcı və alıcı arasında qarşılıqlı asılılıq» şərti üzrə:
1.6.4.1. adı və birinci abzası aşağıdakı redaksiyada verilsin:
«5-ci şərt - alıcı və satıcının əlaqəli şəxslər olması.
Bu Qaydaların 3.2-ci bəndinin 5-ci şərtinin on birinci abzasına əsasən sövdələşmə qiyməti gömrük məqsədləri üçün qəbul edilən sayıldığı hallar istisna olmaqla, alıcı və satıcının əlaqəli şəxslər olması»;
1.6.4.2. ikinci abzasda «Bir-birindən asılı olan» sözləri «Əlaqəli» sözü ilə əvəz edilsin;
1.6.4.3. beşinci, doqquzuncu və onuncu abzaslar müvafiq olaraq aşağıdakı redaksiyada verilsin:
«sövdələşmə iştirakçıları bir-birinə münasibətdə işəgötürən və işçidirlərsə;»;
«sövdələşmə iştirakçıları eyni ailənin üzvü və ya yaxın qohumdurlarsa.»;
«İşgüzar fəaliyyətdə bir-biri ilə bağlı olan şəxslərdən biri digərinin yeganə nümayəndəsi, yeganə distribüteri və ya yeganə konsessioneri olduğu təqdirdə, bunun təqdim edilməsi formasından asılı olmayaraq, onlar yuxarıda göstərilən asılılıq meyarlarına uyğun gəldiyi halda əlaqəli şəxs hesab edilirlər.»;
1.6.4.4. aşağıdakı məzmunda on birinci - on altıncı abzaslar əlavə edilsin:
«Alıcı və satıcının əlaqəli şəxslər olması faktı özü-özlüyündə sövdələşmə qiymətinin məqbul sayılmaması üçün əsas deyildir. Bu halda, satışla bağlı şərait araşdırılmalı və əlaqələrin qiymətə təsiri olmaması şərtilə sövdələşmə qiyməti qəbul edilməlidir. Əgər deklarant tərəfindən və ya başqa cür təqdim edilmiş məlumata əsasən gömrük orqanları əlaqələrin qiymətə təsir etdiyinə dair əsaslara malik olarsa, onlar deklarantı özlərinin əsasları haqqında məlumatlandırmalı və cavablandırmaq üçün ona imkan yaratmalıdırlar. Deklarantın istəyi ilə belə bir bildiriş yazılı şəkildə verilə bilər.
Əlaqəli şəxslər arasında satış zamanı, deklarant sövdələşmə qiymətinin aşağıda göstərilənlərlə eyni və ya təxminən eyni zamanda baş verənlərdən az fərqləndiyini göstərərsə, belə sövdələşmə qiyməti qəbul edilməli və mallar bu Qaydaların 3.1-ci bəndinə müaviq olaraq qiymətləndirilməlidir:
əlaqəli olmayan satıcı ilə Azərbaycan Respublikasına ixrac üçün satış zamanı eyni və ya eynicinsli mallar üçün sövdələşmə qiyməti;
eyni və ya eynicinsli malların bu Qaydaların altıncı və yeddinci bölmələrinin müddəalarına əsasən müəyyən edilmiş gömrük dəyəri.
Bu hallar tətbiq olunan zaman, kommersiya və kəmiyyət səviyyələri bu Qaydaların 3.1-ci bəndində göstərilən qiymətə təsir edən əaslar, satıcı və alıcı əlaqəli şəxslər olmayan satışda satıcının çəkdiyi xərclər arasındakı fərqlər lazımi qaydada nəzərə alınmalıdır.
Bu hallar deklarantın təşəbbüsü ilə və yalnız müqayisə məqsədləri üçün istifadə oluna bilər. Həmin müddəalara uyğun olaraq əvəzedici qiymətlər müəyyən edilə bilməz.»;
1.7. aşağıdakı məzmunda 3.4-cü bənd əlavə edilsin:
«3.4. Mallar üçün ödənilmiş və ya ödənilməli olan qiymətdən əlavə vəsaitin məbləği müəyyənləşdirilərkən aşağıdakı xərclər gömrük dəyərindən çıxılmalıdır:
sənaye qurğuları, maşın və avadanlıq kimi mallar idxal edildikdən sonra qiymətləndirilən mallarla əlaqədar tikinti-inşaat, yığılma, quraşdırma, istismar və texniki yardım göstərilməsindən yaranan istənilən xərc və ödənişlər;
qiymətləndirilən malların gömrük ərazisinə gətirildikdən sonrakı daşınma və sığorta xərcləri;
gömrük ərazisində ödənilməli olan rüsum və vergilər.»;
1.8. 4.2-ci bənd üzrə:
1.8.1. birinci abzas aşağıdakı redaksiyada verilsin:
«4.2. Eyni mallar dedikdə, qiymətləndirilən mallarla hər cəhətdən eyni olan mallar başa düşülür, o cümlədən:»;
1.8.2. dördüncü və beşinci abzasları çıxarılsın.
1.9. 4.4-cü bənd üzrə:
1.9.1. «a» yarımbəndi aşağıdakı redaksiyada verilsin:
«a) Azərbaycan Respublikasına ixrac üçün satılsın;»;
1.9.2. «b» yarımbəndində «gətirilməsi» sözü «idxalı» sözü ilə əvəz edilsin, «eyni» sözündən sonra «və ya təxminən eyni» sözləri əlavə edilsin, «və ya 90 gündən artıq olmamaqla həmin vaxtdan əvvəl» sözləri çıxarılsın;
1.9.3. «s» yarımbəndində «şərtləri ilə» sözləri «səviyyəsində» sözü ilə, «gətirilsin» sözü isə «satılsın» sözü ilə əvəz edilsin;
1.9.4. beşinci abzas aşağıdakı redaksiyada verilsin:
«Eyni malların eyni kommersiya səviyyəsində və///və ya əsas etibarilə eyni miqdarda olan heç bir satışı müəyyən edilmədikdə, müxtəlif kommersiya səviyyələrində və///və ya müxtəlif miqdarda satılmış eyni malların, səviyyə və miqdarda fərqləri nəzərə alınaraq, düzəlişlər edilmiş sövdələşmə qiyməti istifadə olunur. Düzəlişlər, dəyərin artması və ya azalmasına səbəb olub-olmamasından asılı olmayaraq, onların ağlabatanlığını və düzgünlüyünü aydın şəkildə müəyyən edən sübut olunmuş dəlillər vasitəsilə əsaslandırıla bilən olmalıdır.»;
1.10. 5.1-ci bənd üzrə:
1.10.1. ikinci abzasdan «qiymətləndirilən mallarla eyni vəzifələri yerinə yetirən» sözləri çıxarılsın və «oxşar xüsusiyyətlərə» sözlərindən əvvəl «onlara qiymətləndirilən mallarla eyni funksiyaları yerinə yetirmək imkanı verən» sözləri əlavə edilsin;
1.10.2. beşinci abzasda «mal nişanının» sözləri «əmtəə nişanının» sözləri ilə əvəz edilsin və altıncı abzas çıxarılsın;
1.11. 5.3-cü bəndə aşağıdakı məzmunda «c» yarımbəndi əlavə edilsin:
«c) digər şəxs tərəfindən istehsal edilmiş mallar, yalnız qiymətləndirilən malları istehsal edən şəxs tərəfindən istehsal edilmiş eyni və ya eynicinsli mallar mövcud olmadığı şəraitdə nəzərə alınmalıdır.»;
1.12. 6.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
«6.2. Dəyərin çıxılması üsulu ilə malın gömrük dəyərini müəyyən etmək üçün mal vahidinin o qiyməti əsas götürülür ki, bu qiymətlə qiymətləndirilən malın gətirildiyi eyni və ya təxminən eyni tarixdə Azərbaycan Respublikası ərazisində qiymətləndirilən idxal edilmiş mallarla eyni və yaxud eynicinsli malların ən böyük məcmu miqdarı satıcı ilə əlaqəli olmayan sövdələşmə iştirakçısına satılsın.»;
1.13. 6.3-cü bənd üzrə:
1.13.1. «a» yarımbəndi aşağıdakı redaksiyada verilsin:
«a) idxal edilmiş eyni sinif və ya növ malların Azərbaycan Respublikasında satışı ilə aləqədar adətən ödənilən və ya ödənilməli olan komissiyalar və ya gəlir və ümumi xərclər üçün adətən ödənilən əlavələr;»;
1.13.2. «c» yarımbəndində «sığortaya» sözündən sonra «adətən» sözü əlavə edilsin;
1.13.3. aşağıdakı məzmunda «ç» yarımbəndi əlavə edilsin:
«ç) müvafiq hallarda bu Qaydaların 3.1-ci bəndinin «a» yarımbəndində qeyd olunan xərclər və yığımlar.
Əgər qiymətləndirilən malların idxalı ilə eyni və ya təxminən eyni vaxtda belə bir satış həyata keçirilməyibsə, gömrük dəyəri, bu Qaydaların 6.1-6.3-cü bəndlərində başqa qayda nəzərdə tutulmayıbsa, idxal olunan mallarla eyni və ya eynicinsli olan malların Azərbaycan Respublikasında 90 gündən artıq olmamaq şərtilə ən tez satıldığı satış qiymətinə əsaslanmalıdır.»;
1.14. 7.1-ci bənd üzrə:
1.14.1. «a» yarımbəndi aşağıdakı redaksiyada verilsin:
«a) idxal edilən malların hazırlanmasında istifadə olunan materiallara, həmin malların istehsalına və ya digər emalına çəkilən xərclər və ya bunların dəyəri;»;
1.14.2. «b» yarımbəndində «ixrac edən ölkədən eyni növlü malların Azərbaycan Respublikasına satışı üçün səciyyəvi olan ümumi xərclər, o cümlədən» sözləri bu Qaydaların 3.1-ci bəndinin «a» yarımbəndində» sözləri ilə əvəz edilsin, «və» sözündən əvvəl «və dəyərləri» sözləri əlavə edilsin;
1.14.3. «s» yarımbəndi aşağıdakı redaksiyada verilsin:
«s) Azərbaycan Respublikasına ixrac etmək məqsədi ilə ixrac ölkəsində istehsalçılar tərəfindən hazırlanan və qiymətləndirilən mallarla eyni sinif və ya növdən olan malların satışı zamanı adətən nəzərə alınan mənfəətə və ümumi xərclərə bərabər mənfəət və ümumi xərclərin həcmi.»;
1.15. 7.3-cü bənd aşağıdakı redaksiyada verilsin:
«7.3. Azərbaycan Respublikasının rezidenti olmayan hər hansı bir şəxsdən hesablanmış qiymətin müəyyən edilməsi üçün hesabat sənədləri tələb edilə bilməz. Lakin bu maddənin tələblərinə uyğun olaraq gömrük dəyərinin təyin edilməsi məqsədi ilə malların istehsalçısı tərəfindən təqdim edilən məlumatlar, istehsalçının razılığı və müvafiq ölkənin aidiyyəti orqanlarına əvvəlcədən bildirişin verilməsi və həmin orqanların araşdırmaya etiraz etməməsi şərtilə həmin ölkədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən yoxlanıla bilər.»;
1.16. 8.2-ci bənd üzrə:
1.16.1. «a» yarımbəndində «Azərbaycan Respublikasının» sözləri «ixrac edən ölkənin» sözləri ilə əvəz edilsin;
1.16.2. «ç» yarımbəndi aşağıdakı redaksiyada verilsin:
«ç) təsadüfi və ya uydurma qiymətlər;»;
1.16.3. aşağıdakı məzmunda «ə» yarımbəndi əlavə edilsin:
«ə) bu Qaydaların yeddinci bölməsinin müddəalarına əsasən eyni və ya eynicinsli mallar üçün dəyərin toplanması üsulunda müəyyən edilməyən fərqli istehsal xərcləri;».
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Y. Eyyubov,
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
Bakı şəhəri, 8 aprel 2009-cu il, №58