| |
|
|
 |
AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ |
|
|
 |
|
|
№185 / 26.07.2006
Azərbaycan Respublikasının Nazirlər Kabineti
Azərbaycan Respublikasında bəzi fəaliyyət növləri üzrə ixracın stimullaşdırılması haqqında
Qərar № 185
Bakı şəhəri, 26 iyul 2006-cı il
Azərbaycan
Respublikasının neft strategiyasının əsas məqsədlərindən olan neft və
qaz sənayesinin inkişafı, o cümlədən mövcud infrastrukturun tam gücü
ilə işləməsinin təmin edilməsi, xarici ölkələrdə aparılan neft-qaz
əməliyyatlarının həmin infrastrukturun aktiv iştirakı ilə həyata
keçirilməsinə münasib şəraitin yaradılması, bu sahədə işləyən yerli
mütəxəssislərin işlə təmin olunmasının perspektivlərinin müəyyən
edilməsi, xarici neft-qaz şirkətləri tərəfindən Azərbaycan
Respublikasının müvafiq istehsal sahələrinə investisiya qoyulması üçün
cəlbedici iqtisadi rejimlərin yaradılması, neft maşınqayırması və bu
qəbildən olan avadanlıqların istehsalı və texniki-quraşdırma iş və
xidmətlərinin ixrac potensialının artırılması, Azərbaycan
Respublikasının bu sahələrdə beynəlxalq ixrac bazarlarında aparıcı yer
tutması üçün kompleks tədbirlərin həyata keçirilməsi məqsədi ilə
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «İxrac məqsədli neft-qaz fəaliyyəti üzrə idxal
əməliyyatlarında güzəştlərin verilməsi Qaydaları» təsdiq edilsin (əlavə
olunur).
2. «Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük
rüsumlarının dərəcələri haqqında» Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1998-ci il 22 aprel tarixli, 91 nömrəli qərarına aşağıdakı
məzmunda 4.11-ci yarımbənd əlavə edilsin:
«4.11. ixrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar avadanlıq və
materiallar (Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən
ixrac məqsədli neft-qaz fəaliyyəti üzrə Azərbaycan Respublikasına idxal
olunan avadanlıq və materialların təsdiq olunmuş siyahısı gömrük
orqanlarına təqdim edildiyi təqdirdə)».
3. «Azərbaycan Respublikasının
ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların
siyahısı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci
il 31 yanvar tarixli, 11 nömrəli qərarına aşağıdakı məzmunda 1.12-ci
yarımbənd əlavə edilsin:
«1.12. ixrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar avadanlıq və
materiallar (Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən
ixrac məqsədli neft-qaz fəaliyyəti üzrə Azərbaycan Respublikasına idxal
olunan avadanlıq və materialların təsdiq olunmuş siyahısı gömrük
orqanlarına təqdim edildiyi təqdirdə)».
4. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli, 80 nömrəli qərarı ilə
təsdiq edilmiş «Gömrük rəsmiləşdirilməsinə görə alınan gömrük
yığımlarının miqdarı»nın 1-ci bəndinə aşağıdakı məzmunda abzas əlavə
edilsin:
«İxrac məqsədli neft-qaz fəaliyyəti üzrə idxal edilən avadanlıq və
materialların gömrük rəsmiləşdirilməsinə görə qanunvericilikdə nəzərdə
tutulmuş məbləğdə, lakin 275 (iki yüz yetmiş beş) ABŞ dollarından artıq
olmamaq şərti ilə, gömrük yığımları alınır.».
5. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan
Respublikasının Sənaye və Energetika Nazirliyi, Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət
Gömrük Komitəsi və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti bu
qərarın icrası ilə bağlı məsələləri öz səlahiyyətləri çərçivəsində həll
etsinlər.
6. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ
| |
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2006-cı il 26 iyul tarixli,
185 nömrəli qərarı ilə
təsdiq edilmişdir
|
İxrac məqsədli neft-qaz fəaliyyəti üzrə idxal əməliyyatlarında güzəştlərin verilməsi
Qaydaları
1. Bu Qaydalar Azərbaycan Respublikasında neft və qaz sənayesinin
inkişafı, o cümlədən mövcud infrastrukturun tam gücü ilə işləməsinin
təmin edilməsi, xarici ölkələrdə aparılan neft-qaz əməliyyatlarının
həmin infrastrukturun aktiv iştirakı ilə həyata keçirilməsinə münasib
şəraitin yaradılması, bu sahədə işləyən yerli mütəxəssislərin neft-qaz
layihələri başa çatdıqdan sonra işlə təmin olunması perspektivlərinin
müəyyən edilməsi, xarici neft-qaz şirkətləri tərəfindən Azərbaycan
Respublikasının müvafiq istehsalat sahələrinə investisiya qoyulması
üçün cəlbedici iqtisadi rejimlərin yaradılması, neft maşınqayırması və
bu qəbildən olan avadanlıqların istehsalı və tikinti-quraşdırma üzrə iş
və xidmətlərin ixrac potensialının artırılması məqsədi ilə Azərbaycan
Respublikasının hüdudlarından kənarda həyata keçirilən xam neft və
təbii qazın kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi, çıxarılması,
hasilatının sabitləşdirilməsi, oyadılması, təzyiqləndirilməsi,
toplanması, saxlanması, yerləşdirilməsi, yüklənməsi, nəql edilməsi,
satılması və (və ya) ləğvetmə əməliyyatları və bu əməliyyatlarla
əlaqədar olan hər hansı fəaliyyətlə (bundan sonra — ixrac məqsədli
neft-qaz fəaliyyəti) bağlı idxal-ixrac əməliyyatlarında güzəştlərin
verilməsini tənzimləyir.
2. Bu Qaydalar xarici sifarişçi ilə bağlanmış müqaviləsi olan
hüquqi şəxslərə (bundan sonra — Podratçı) və həmin şəxslərə birbaşa və
ya əlaqəli müqavilə üzrə ixrac məqsədli neft-qaz fəaliyyəti ilə
əlaqədar malları təqdim edən, işləri görən və xidmətləri göstərən
hüquqi və fiziki şəxslərə (bundan sonra - Subpodratçı) şamil edilir. Bu
Qaydaların məqsədləri üçün xarici sifarişçi ilə bağlanmış müqavilə
dedikdə, Azərbaycan Respublikasının hüdudlarından kənarda neft-qaz
əməliyyatlarını həyata keçirən şəxslərlə imzalanmış və hüquqi qüvvəsi
olan podrat müqaviləsi, birbaşa müqavilə dedikdə, ixrac məqsədli
neft-qaz fəaliyyəti ilə əlaqədar Podratçı ilə Subpodratçı arasında
bağlanmış müqavilə, əlaqəli müqavilə dedikdə isə, ixrac məqsədli
neft-qaz fəaliyyəti ilə əlaqədar subpodratçılar arasında bağlanmış
müqavilə başa düşülür.
3. Podratçılar ixrac məqsədli neft-qaz fəaliyyətinə görə
güzəştləri əldə etmək və bununla əlaqədar Azərbaycan Respublikasına
idxal ediləcək avadanlıq və materialların illər (rüblər) üzrə miqdarı
göstərilməklə, siyahısını (bundan sonra — idxal siyahısı) qeydə almaq
üçün Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ərizə ilə
müraciət edirlər. Ərizəyə aşağıdakı sənədlər əlavə edilməlidir:
3.1. xarici sifarişçi ilə bağlanmış müqavilə və onun tərkib
hissəsi olan xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturuna uyğun
kodlar göstərilməklə, 3 (üç) əsl nüsxədə idxal siyahısı;
3.2. Azərbaycan Respublikasının neft və qaz sənayesi
müəssisələrinin potensialından, o cümlədən infrastrukturundan istifadə
olunacağı barədə imzalanmış müqavilə;
3.3. yerli mütəxəssislərin işə qəbul edilməsinin perspektivlərini müəyyən edən təminat məktubu.
4. İdxal siyahısının qeydə alınması üçün Subpodratçı tərəfindən
verilmiş ərizəyə bu Qaydaların 3-cü bəndində göstərilən sənədlərdən
başqa müvafiq Podratçı ilə imzalanmış birbaşa müqavilənin və ya əlaqəli
müqavilənin notariat qaydasında təsdiq edilmiş surəti və Podratçının
Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ünvanlanmış
Subpodratçının Podratçının ixrac məqsədli neft-qaz fəaliyyətində
iştirak etməsini təsdiqləyən məktubu əlavə olunmalıdır.
5. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti bu
Qaydaların 3-cü və 4-cü bəndlərində göstərilən sənədləri aldıqdan sonra
həmin sənədlərin bu Qaydaların məqsədlərinə uyğunluğunu araşdırır.
Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə, Azərbaycan
Respublikasının Dövlət Neft Şirkəti sənədləri aldıqdan sonra 15 (on
beş) iş günü ərzində idxal siyahısının hər səhifəsində məsul vəzifəli
şəxsin imzası və vəzifəsi göstərilməklə, təsdiqedici qeyd aparır. Bu
müddət ərzində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti neft və
qaz sənayesi müəssisələrindən, Podratçıdan, Subpodratçıdan və digər
aidiyyəti müəssisə və təşkilatlardan bu Qaydaların 3-cü və 4-cü
bəndlərində göstərilən sənədlərə dair əlavə məlumat və arayış almaq
hüququna malikdir.
6. Podratçılar və ya subpodratçılar bu Qaydalarla müəyyən
edilmiş sənədləri tam təqdim etmədikdə və ya təqdim edilmiş sənədlərin
bu Qaydaların məqsədlərinə uyğun olmadığı aşkar edildikdə, Azərbaycan
Respublikasının Dövlət Neft Şirkəti idxal siyahısını qeydə almaqdan
imtina edir və səbəbləri göstərilməklə, Podratçıya və ya Subpodratçıya
müvafiq imtina məktubunu təqdim edir. Subpodratçıya göndərilmiş imtina
məktubunun surəti eyni zamanda, xarici sifarişçi ilə bağlanmış müqavilə
üzrə Podratçıya da göndərilir.
İdxal siyahısının qeydə alınmasından imtina olunduqda, Podratçı
və ya Subpodratçı qanunvericiliklə müəyyən edilmiş qaydada şikayət
etmək hüququna malikdir.
7. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti təsdiqedici
qeydlər aparılmış idxal siyahısının 1 (bir) nüsxəsini həmin qeydləri
apardıqdan sonra 10 (on) gün ərzində müvafiq müşayiətedici məktubla
gömrük rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük
Komitəsinə göndərir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin
rəhbərliyi tərəfindən imzalanmış müşayiətedici məktuba əlavə olunan
idxal siyahısında göstərilən avadanlıqların və materialların ixrac
məqsədli neft-qaz fəaliyyətinə aid olduğu və onların idxal vergi və
rüsumlarından azad olunduğu göstərilməlidir. Azərbaycan Respublikasının
Dövlət Gömrük Komitəsi həmin sənədləri aldıqdan sonra zəruri tədbirləri
həyata keçirir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti
təsdiqedici qeydlər aparılmış idxal siyahısının qalan 2 (iki)
nüsxəsindən birini müvafiq müşayiətedici məktubla Podratçıya və ya
Subpodratçıya göndərir, digərini isə özündə saxlayır. Azərbaycan
Respublikasının Dövlət Neft Şirkəti idxal siyahısının 1 (bir) nüsxəsini
Subpodratçıya göndərdikdə, bu barədə xarici sifarişçi ilə bağlanmış
müqavilə üzrə müvafiq Podratçıya da məlumat göndərir. Podratçılar və
subpodratçılar idxal siyahısının qeydə alınmasına dair Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin məktubunu aldıqdan sonra dövlət
gömrük orqanlarına müraciət edərək, idxal siyahısında qeydə alınmış
avadanlıq və materialların bu Qaydalara uyğun olaraq gömrük
rəsmiləşdirilməsi barədə sorğu etmək və rəsmi cavab almaq hüququna
malikdirlər.
8. İdxal siyahısı qeydə alındıqdan sonra 10 (on) gün ərzində
həmin siyahının surəti Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti
tərəfindən müvafiq müşayiətedici məktubla Azərbaycan Respublikasının
Sənaye və Energetika Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadi
İnkişaf Nazirliyinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və
Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilir.
9. Müqavilənin qüvvədə olduğu müddətdə idxal siyahısına
əlavələr və dəyişikliklər edildikdə, həmin əlavələr və dəyişikliklər bu
Qaydalara uyğun qeydə alınmalıdır.
10. Podratçılar və subpodratçılar qanunvericiliyə uyğun
olaraq yenidən təşkil olunduqda, müvafiq sənədlər təqdim olunmaqla,
idxal siyahısı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində bu
Qaydalara uyğun qeydə alınır və bu barədə aidiyyəti qurumlar
məlumatlandırılır.
© VneshExpertService
|
|
|
|
RSS | XƏBƏRLƏR | ŞƏKİLLƏR | QANUNVERİCİLİK | SUALLAR VƏ CAVABLAR
(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80
Faks: (99412) 498-18-36
E-mail: external@customs.gov.az |
|
|
|
|