| |
|
|
 |
AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ |
|
|
 |
|
|
№190 / 29.11.2007 «Malın mənşə ölkəsinin təyin edilməsi Qaydası»nın təsdiq edilməsi haqqında
«Malın mənşə ölkəsinin təyin edilməsi Qaydası»nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 1583
nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının
Ümumdünya Ticarət Təşkilatına üzv olması prosesi ilə əlaqədar
qanunvericiliyin Ümumdünya Ticarət Təşkilatının tələblərinə
uyğunlaşdırılması üzrə Tədbirlər Planı»nın 1.5-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
qərara alır:
1. «Malın mənşə ölkəsinin təyin edilməsi Qaydası» təsdiq edilsin (əlavə olunur).
2. «Malın mənşə ölkəsinin təyin edilməsi Qaydasının təsdiq edilməsi
haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2
noyabr tarixli 202 nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000-ci il, № 11, maddə 823) qüvvədən düşmüş
hesab edilsin.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
A. Rasizadə,
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 29 noyabr 2007-ci il.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 noyabr tarixli 190 nömrəli qərarı ilə təsdiq edilmişdir
Malın mənşə ölkəsinin təyin edilməsi
Qaydası
1. Ümumi müddəalar
1.1. Bu Qayda «Gömrük tarifi haqqında» Azərbaycan Respublikası
Qanununun müddəalarına, GATT (Ticarət və Tariflər üzrə Baş Saziş)
Sazişinin II maddəsinə və Mənşə Qaydaları haqqında Sazişin müddəalarına
əsasən hazırlanmışdır və malın mənşə ölkəsinin təyin edilməsi qaydasını
müəyyən edir.
1.2. Malın mənşə ölkəsi Azərbaycan Respublikasının gömrük ərazisinə
gətirilən və bu ərazidən aparılan mallar üzərində tarif və qeyri-tarif
tədbirlərinin, o cümlədən qanunvericiliklə müəyyən edilmiş digər
tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə müəyyən olunur.
1.3. Bu Qaydada aşağıdakı anlayışlardan istifadə olunur:
1.3.1. malın mənşə ölkəsi - malın tamamilə həmin ölkədə istehsal
olunduğu və ya «Gömrük tarifi haqqında» Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş meyarlar əsasında kifayət qədər yenidən
emala məruz qaldığı ölkə;
1.3.2. malın kifayət qədər emal meyarı - malın istehsalında iki və daha
artıq ölkənin iştirak etdiyi halda, ona xarakterik xüsusiyyətlər
verilməsi ilə sonuncu dəfə əhəmiyyətli emala məruz qaldığı ölkəni malın
mənşə ölkəsi kimi müəyyən edən emal meyarı;
1.3.3. gömrük nəzarəti - Azərbaycan Respublikasının gömrük orqanları
tərəfindən gömrük işi haqqında qanunvericiliyə, həmçinin icrasına
nəzarət gömrük orqanlarına həvalə edilmiş milli qanunvericiliyə və
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə
riayət olunmasını təmin etmək məqsədi ilə həyata keçirilən tədbirlər
toplusu;
1.3.4. mal - istənilən daşınan əmlak, o cümlədən valyuta və valyuta
sərvətləri, elektrik və digər enerji növləri, bu Qaydanın 1.3.5-ci
yarımbəndində göstərilən nəqliyyat vasitələri istisna olmaqla,
nəqliyyat vasitələri;
1.3.5. nəqliyyat vasitələri - sərnişinlərin və malların beynəlxalq
daşımaları üçün istifadə olunan istənilən vasitələr, o cümlədən,
konteynerlər və digər nəqliyyat avadanlıqları;
1.3.6. mal nomenklaturası - malların beynəlxalq təcrübədə qəbul olunmuş
təsnifat sisteminə uyğun olaraq aparılan Azərbaycan Respublikasının
xarici iqtisadi fəaliyyətinin mal nomenklaturası.
2. Malın mənşə ölkəsinin
təyin edilməsi
2.1. Malın mənşəyinin bəyan edilən ölkə olduğunu təyin etmək üçün
«Gömrük tarifi haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına
uyğun olaraq, aşağıdakı hallarda və beynəlxalq təcrübədə istifadə
olunan formada malın mənşə sertifikatı malı bəyan edən tərəfindən
gömrük orqanlarına təqdim edilir:
2.1.1. mənşəyi gömrük tarifinə görə Azərbaycan Respublikasının imtiyaz verdiyi ölkələrdən olan mallara;
2.1.2. müəyyən ölkədən gətirilməsi kəmiyyət məhdudiyyətləri (kvota) ilə
və ya xarici iqtisadi fəaliyyətin digər üsulları ilə tənzimlənən
mallara;
2.1.3. Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq
sazişlərdə, həmçinin, Azərbaycan Respublikasında ətraf mühitin
mühafizəsi və əhalinin sağlamlığı, Azərbaycan istehlakçılarının
hüquqlarının müdafiəsi, ictimai asayişin qorunması, dövlət
təhlükəsizliyinin təmin edilməsi və Azərbaycan Respublikasının digər
həyati mənafeləri sahəsindəki qanunvericilik aktlarında nəzərdə
tutulduğu hallarda;
2.1.4. gömrük rəsmiləşdirilməsi üçün təqdim olunan sənədlərdə malların
mənşəyi haqqında məlumat olmadıqda və ya Azərbaycan Respublikasının
gömrük orqanında malın mənşəyi haqqında bəyan edilən məlumatların
qeyri-dəqiqliyini təsdiq etmək üçün əsas olduğu hallarda.
3. Müəyyən ölkədə tam
istehsal olunmuş mallar
3.1. Müəyyən bir ölkədə tam istehsal olunmuş mal üzrə, həmin ölkənin
mənşə ölkəsi olması «Gömrük tarifi haqqında» Azərbaycan Respublikası
Qanununun müddəalarına uyğun olaraq, malı müşayiət edən mənşə
sertifikatında olan aşağıdakı məlumatların düzgünlüyü ilə təsdiq edilə
bilər:
3.1.1. faydalı qazıntıların onun ərazisində və ya məhəlli sularında,
qitə şelfində və dənizin təkində (əgər bu dəniz təkini istismar etməyə
müstəsna hüququ varsa) çıxarılması və bu məhsullardan malların yalnız
həmin ölkədə istehsalı haqqında;
3.1.2. bitkiçilik məhsullarının onun ərazisində becərilməsi və yığılması haqqında;
3.1.3. heyvanların orada doğulduğu və bəslənildiyi haqqında;
3.1.4. məhsulların həmin ölkədə bəslənilmiş heyvanlardan alınmasının təsdiqi haqqında;
3.1.5. ovçuluq, balıqçılıq və dəniz vətəgəsi məhsullarının onun ərazisində istehsal edildiyi barədə;
3.1.6. dünya okeanında ovlanmış və istehsal edilmiş dəniz vətəgəsi
məhsullarının həmin ölkənin gəmiləri ilə və ya onun icarəyə (fraxta)
götürdüyü gəmilərlə ovlanması barədə;
3.1.7. həmin ölkə gəmilərinin bortunda alınan məhsulların yalnız bu
Qaydanın 3.1.6-cı yarımbəndində göstərilən məhsullardan emal olunması
haqqında;
3.1.8. həmin ölkənin ərazi sularından (dənizlərindən) kənarda dənizin
dibindən və təkindən alınmış məhsul haqqında, bu şərtlə ki, həmin
ölkənin bu dəniz dibini və ya bu dəniz təkini istismar etməyə müstəsna
hüququ olsun;
3.1.9. təkrar xammalın və tullantıların həmin ölkədəki istehsalın və əməliyyatların nəticəsi olması barədə;
3.1.10. həmin ölkəyə məxsus və ya onun tərəfindən icarəyə götürülmüş
kosmik gəmilər vasitəsilə açıq kosmosda alınmış yüksək texnologiya
məhsulları barədə;
3.1.11. bu Qaydanın 3.1.1 - 3.1.10-cu yarımbəndlərində göstərilən
məhsullardan istehsal edilmiş malların həmin ölkədə istehsal olunduğu
barədə.
3.2. Yuxarıda göstərilənlərin gömrük orqanları tərəfindən təsdiq
edilməsi mümkün olmadıqda, müəyyən bir ölkədə tam istehsal olunmuş
malın mənşə ölkəsi həmin ölkə hesab edilmir.
4. İki və daha çox ölkənin
iştirakı ilə istehsal edilmiş
mallar üzrə
4.1. İki və daha çox ölkənin iştirakı ilə istehsal edilmiş malların
mənşə ölkəsi «Gömrük tarifi haqqında» Azərbaycan Respublikası Qanununun
müddəalarına uyğun olaraq aşağıdakı kifayət qədər emal meyarları ilə
müəyyən edilir:
4.1.1. malın istehsalında iştirak edən ölkələrin birində emal
nəticəsində mal nomenklaturunun birinci dörd rəqəmindən ən azı birinin
səviyyəsində mal mövqeyi (malın təsnifat kodu) dəyişdikdə, həmin ölkə
malın mənşə ölkəsi hesab edilir. Malın istehsalında iki və ya daha
artıq ölkə iştirak etdiyi halda, mala xarakterik xüsusiyyətlər
verilməsi üçün kifayət edən sonuncu dəfə əhəmiyyətli emala, təkrar
emala məruz qaldığı ölkə malın mənşə ölkəsi hesab edilir;
4.1.2. kifayət edən və ya kifayət etməyən istehsal texnoloji
əməliyyatların yerinə yetirilməsi nəticəsində əvvəlkilərdən fərqlənən
yeni göstəricilərə və standartlara uyğun mal yaratmış ölkə malın mənşə
ölkəsi hesab edilir:
ilkin mal üzərində texnoloji əməliyyatlar nəticəsində mal tamamilə dəyişdirildikdə və yeni mal koduna məxsus mal yaradıldıqda;
ilkin mal üzərində texnoloji əməliyyatlar nəticəsində mal qismən dəyişdirildikdə, lakin yeni mal koduna məxsus mal yaradıldıqda.
4.1.3. malın istehsalında istifadə olunan materialların dəyəri və ya
əlavə dəyəri emal üçün göndərilən malın franko-zavod qiymətinin müəyyən
olunmuş hissəsini təşkil etməklə qiyməti dəyişdikdə, advalor pay
qaydası tətbiq olunur.
Advalor pay qaydası tətbiq olunduğu hallarda, dəyər göstəriciləri aşağıdakı kimi hesablanır:
son məhsul istehsalını həyata keçirən ölkəyə idxal olunan materiallar
gətirildikdə, onların gömrük dəyəri üzrə (CİF şərtilə) və yaxud idxal
olunan materialların mənşəyi məlum olmadıqda, son məhsul istehsalını
həyata keçirən ölkə ərazisində onların sənədlə təsdiq olunan ilkin
satış qiyməti üzrə;
son məhsul üçün - satıcının franko-zavod (franko-anbar) şərtinin qiyməti üzrə.
4.2. «Gömrük tarifi haqqında» Azərbaycan Respublikası Qanununun
müddəalarına əsasən malın mənşə ölkəsini müəyyən etmək üçün kifayət
qədər emal meyarı aşağıdakı hallar üzrə tətbiq edilə bilməz:
4.2.1. saxlanma və nəqletmə zamanı malların mühafizəsinin təmin edilməsi ilə bağlı əməliyyatlar;
4.2.2. malların satışa və daşınmaya hazırlanması əməliyyatları (mal
partiyasının bölünməsi, malların göndərilməsi üçün formalaşdırılması,
çeşidlənməsi və yenidən qablaşdırılması);
4.2.3. sadə yığma əməliyyatları;
4.2.4. alınmış məhsula onu əvvəlki xüsusiyyətlərindən əhəmiyyətli
dərəcədə fərqləndirən yeni əlamətlər vermədən malların (tərkib
hissələrinin) qarışdırılması.
4.3. Bəyannamələrdə konkret malların ölkə üzrə mənşəyi xüsusi olaraq
qeyd olunmadığı təqdirdə, mal nomenklaturası üzrə mal mövqeyində ilk
dörd rəqəm səviyyəsində dəyişmə baş vermişsə, bu zaman malın mənşə
ölkəsi, bu Qaydanın 4.1.2-ci yarımbəndinin birinci abzasında göstərilən
qaydada müəyyən edilir.
5. Malların mənşə ölkəsinin müəyyən edilmə xüsusiyyətləri
5.1. Avadanlıqlar, aparatlar və ya nəqliyyat vasitələri onlara məxsus,
onların texniki sənədlərində göstərilən və onların istifadəsi üçün
nəzərdə tutulan ləvazimat, ehtiyat hissələri və alətlərlə bir
komplektdə gətirilirsə və satılırsa, onda həmin ləvazimat, ehtiyat
hissələri və alətlərin mənşə ölkələri göstərilən avdanlıqlar, aparatlar
və ya nəqliyyat vasitələrinin mənşə ölkələri hesab olunur.
5.2. Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən malın mənşə
ölkəsi hansı ölkədirsə, malın qabının mənşə ölkəsi də həmin ölkə
sayılır. İstisna hallarda, qablaşdırma xarici iqtisadi fəaliyyətin mal
nomenklaturasına uyğun olaraq ayrıca mal kimi bəyan olunduğu halda,
malın qabının mənşə ölkəsi ayrıca olaraq müəyyən edilir.
5.3. Malların mənşə ölkəsi müəyyən edilərkən, advalor pay qaydası
tətbiq olunan mallar da daxil olmaqla, həmin mallar Azərbaycan
Respublikasının gömrük ərazisinə gətirilərkən, malların
qablaşdırılmasının mənşə ölkəsi o zaman malın mənşə ölkəsi hesab olunur
ki, pərakəndə satışda malın qablaşdırma ilə birlikdə satışı nəzərdə
tutulsun.
6. Sökülmüş və yaxud
yığılmamış şəkildə göndərilən mal üzrə
6.1. Mallar istehsal və nəqliyyat şərtlərinə görə bir neçə partiyalarla
göndərildikdə, habelə, bir partiya mal səhvən bir neçə partiyaya
bölünmüşsə, «Gömrük tarifi haqqında» Azərbaycan Respublikası Qanununun
28-ci maddəsinə uyğun olaraq, aşağıdakı şərtlərə riayət edildikdə,
bəyan edən şəxsin istəyi ilə həmin mallar vahid bir mal kimi götürülür
və malın mənşə ölkəsi aşağıdakılar nəzərə alınmaqla, müəyyən edilir:
6.1.1. Azərbaycan Respublikasının gömrük orqanına sökülmüş və yaxud
yığılmamış malın bir neçə partiyaya bölünməsi səbəbləri haqqında mal
nomenklaturasına görə kodlar göstərilməklə, hər partiyanın özünəməxsus
cəhətləri, bu partiyaya daxil olan malların dəyəri və mənşə ölkəsi
haqqında əvvəlcədən xəbərdarlıq edilməsi;
6.1.2. malın bir neçə partiyaya bölünməsinin səhv olduğunu təsdiq edən sənədlərin təqdim edilməsi;
6.1.3. malın bütün partiyalarının bir ölkədən bir malgöndərən tərəfindən göndərilməsini təsdiq edən sənədin təqdim edilməsi;
6.1.4. bütün partiyaların eyni gömrük orqanından gətirilməsi;
6.1.5. malın bütün partiyalarının gömrük bəyannaməsinin qəbul olunduğu
tarixdən altı aydan gec olmayaraq və ya birinci partiyaya görə gömrük
bəyannaməsinin verilməsi müddəti keçənə qədər Azərbaycan
Respublikasının gömrük ərazisinə gətirilməsi.
6.2. Malı alandan asılı olmayan səbəblərə görə malların çatdırılması
mümkün olmadığı hallarda, bəyannaməçinin əsaslandırılmış ərizəsinə
əsasən qalan mal partiyasının gətirilmə müddəti gömrük orqanları
tərəfindən uzadıla bilər.
Bu zaman göstərilən uzadılma müddəti birinci mal partiyasının gətirildiyi tarixdən başlayaraq, bir ildən çox olmamalıdır.
7. Malın mənşə ölkəsinin
müəyyən edilməsi üçün istifadə olunmayan meyarlar
Malın mənşə ölkəsi müəyyən olunarkən, onun istehsalı üçün istifadə
olunan istilik və elektrik enerjisinin, avadanlığın və alətlərin
mənşəyi nəzərə alınmır.
8. Birbaşa alınan mal üzrə
8.1. Birbaşa alınan malın mənşə ölkəsi malı ixrac edən ölkə tərəfindən
yuxarıda göstərilən mənşə meyarları üzrə bu Qaydaya əməl edilməklə,
aşağıdakı hallarda müəyyən edilir:
8.1.1. mal birbaşa ixracatçı ölkədə qeydiyyatdan keçmiş müəssisələrdən,
firmalardan alındıqda və bu ölkədən birbaşa gətirildikdə;
8.1.2. coğrafi, nəqliyyat, texniki və yaxud iqtisadi səbəblərdən bir və
ya bir neçə ölkənin ərazisindən nəql edilən, habelə onların həmin
ölkələrin ərazisinə müvəqqəti və ya anbarlaşdırılması üçün tranzit
ölkələrdə gömrük nəzarəti altında qalması şərtilə gətirilən mallar;
8.1.3. sərgilərdən və ya yarmarkalardan birbaşa alınan, onların
fəaliyyətinin bütün dövrü ərzində gömrük nəzarəti altında olmuş və
nümayiş etdirilməsi məqsədlərindən başqa, digər məqsədlər üçün istifadə
edilməmiş mallar.
9. Sərbəst ticarət haqqında
Saziş iştirakçıları olan
dövlətlərin ərazisindən idxal olunan malların mənşə
ölkəsinin təyin edilməsi
9.1. «Sərbəst ticarət haqqında» sazişlərin iştirakçıları olan
dövlətlərdən idxal olunan malların mənşə ölkəsi Müstəqil Dövlətlər
Birliyinin üzvü olan dövlətlərin Hökumət Başçıları Şurasının 2000-ci il
30 noyabr tarixli Qərarına əsasən təsdiq edilmiş «Malların mənşə
ölkəsinin təyin edilməsi Qaydaları»nın müddəalarına əsasən təyin edilir.
9.2. Müstəqil Dövlətlər Birliyinin üzvü olan dövlətlərin Hökumət
Başçıları Şurasının 1996-cı il 18 oktyabr tarixli qərarına əsasən
«Sərbəst ticarət zonasının yaradılması haqqında» 1994-cü il 15 aprel
tarixli Sazişin iştirakçıları olan dövlətlərin birinin rezidenti
tərəfindən bu ölkənin gömrük ərazisindən Azərbaycan Respublikasının
gömrük ərazisinə ixrac və həmin Sazişin iştirakçısı olan Azərbaycan
Respublikasının rezidenti tərəfindən idxal olunduğu hallarda, malın
mənşə ölkəsi Saziş iştirakçısı olan həmin ölkənin gömrük ərazisi hesab
olunur.
10. Malın mənşəyinin təsdiqi
Malın mənşə ölkəsini təsdiq edən sənəd malın mənşə sertifikatı və ya malın mənşəyi haqqında bəyannamədir.
11. Malın mənşəyi
haqqında sertifikat
11.1. Malın mənşə ölkəsinin təsdiq edilməsi üçün malın gömrük
rəsmiləşdirilməsi zamanı gömrük orqanlarına beynəlxalq təcrübədə
istifadə edilən mənşə sertifikatı təqdim edilir.
11.2. Azərbaycan Respublikasının gömrük orqanları təqdim olunan mənşə
sertifikatlarının həqiqiliyini onlarda olan müvafiq ölkələrin mənşə
sertifikatlarının nümunələrinə əsasən yoxlayır. Gömrük orqanlarında bu
nümunələr olmadıqda, ticarət rejimləri haqqında sazişlərdə nəzərdə
tutulmuş güzəştlər (preferensiyalar) tətbiq edilmir.
11.3. Konkret mal üzrə verilmiş sertifikatda aşağıdakı məlumatlar olmalıdır:
11.3.1. ixracatçının adı və ünvanı;
11.3.2. idxalatçının adı və ünvanı;
11.3.3. nəql edilmə vasitələri və hərəkətin marşrutu (məlum olduğu qədər);
11.3.4. yerlərin sayı, qablaşdırmanın növü, malın eyniləşdirilməsi
(identifikasiyası) üçün lazım olan bütün məlumatların təsviri;
11.3.5. malın harmonik sistemə uyğun kodu;
11.3.6. malın kifayət qədər emal/təkrar emal meyarları;
11.3.7. brutto və netto çəkisi (bu göstəricilər daşınma (nəql edilmə)
zamanı malın çəkisi əhəmiyyətli dərəcədə dəyişdirildikdə, bu mala
standart olaraq tətbiq edilən vahidlərin sayı və ya həcm ilə əvəz edilə
bilər).
11.4. Malın mənşəyi haqqında sertifikat itdiyi halda, onun rəsmi olaraq təsdiq olunmuş surəti (dublikatı) təqdim edilir.
11.5. Malın mənşəyi haqqında sertifikatın və ya onda şərh olunan
məlumatların düzgünlüyünə şübhə yarandıqda, Azərbaycan Respublikasının
gömrük orqanları mənşə ölkəsi kimi göstərilmiş ölkənin müvəkkil
təşkilatlarına və ya digər səlahiyyətli orqanlarına əlavə və
dəqiqləşdirici məlumatların verilməsi barədə əsaslandırılmış xahişlə
müraciət edə bilərlər.
11.6. Malın mənşəyi haqqında lazımi təsdiqedici və ya tələb olunan
məlumatlar təqdim edilməyənədək, göstərilən ölkə malın mənşə ölkəsi
hesab edilmir.
11.7. Gömrük orqanları malın buraxılmasından o vaxt imtina edə bilər
ki, həmin malın Azərbaycan Respublikasının qanunvericiliyinə və yaxud
qüvvədə olan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrə əsasən malları Azərbaycan Respublikasının ərazisinə
buraxılmayan ölkəyə mənsub olmasını təsdiq etmək üçün kifayət qədər
əsaslar olsun.
Lazımi qaydada rəsmiləşdirilmiş malın mənşəyi haqqında sertifikatın və
ya müvafiq məlumatların təqdim edilməməsi yükün buraxılmaması üçün əsas
deyildir.
Bu bəndin ikinci abzasının müddəaları nəzərə alınmaqla, mənşəyi dəqiq
müəyyən edilməmiş mallar Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş idxal rüsumlarının maksimum dərəcələri tətbiq
edilməklə, Azərbaycan Respublikasının ərazisinə buraxılır.
11.8. «Gömrük tarifi haqqında» Azərbaycan Respublikası Qanununun
müddəalarına əsasən gömrük rəsmiləşdirilməsi həyata keçirildiyi vaxtdan
bir ildən gec olmayaraq, malların mənşəyinin tələb olunan qaydada
təsdiq olunması şərti ilə, həmin mallara ən əlverişli şərait rejimi və
ya imtiyazlı rejim tətbiq (bərpa) edilə bilər.
11.9. Malın mənşəyi haqqında qəbul olunan hər hansı bir hərəkət barədə
1 (bir) ay müddətində məhkəmə orqanlarına şikayət edilə bilər.
12. Malların mənşəyi haqqında bəyannamə
12.1. Malların mənşəyi haqqında bəyannamə - istehsalçı, malgöndərən və
satıcı tərəfindən mallara dair müşayiət sənədlərində malların mənşəyini
təsdiq edən bildirişdir.
12.2. Malın mənşəyi haqqında bəyannamədə olan malın mənşəyinə dair
məlumatlar Azərbaycan Respublikasında tətbiq olunan digər fərqli,
kifayət qədər emala məruzqalma meyarına əsaslanmışdırsa, onda malın
mənşə ölkəsi Azərbaycan Respublikasının üzv olduğu Beynəlxalq
müqavilələrlə müəyyən olunan meyarlar əsasında yenidən emala məruzqalma
tələblərinə uyğun olaraq müəyyən edilir.
|
|
|
|
RSS | XƏBƏRLƏR | ŞƏKİLLƏR | QANUNVERİCİLİK | SUALLAR VƏ CAVABLAR
(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80
Faks: (99412) 498-18-36
E-mail: external@customs.gov.az |
|
|
|
|