Azərbaycan Respublikasının
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 199
Bakı şəhəri, 25 dekabr 2009-cu il
«Xüsusi iqtisadi zonanın sərhədlərində gömrük nəzarətinin, gömrük məntəqələrinin fəaliyyətinin, malların gömrük rəsmiləşdirilməsinin, nəqliyyat vasitələrinin və fiziki şəxslərin sərhəddən buraxılma rejiminin sadələşdirilmiş Qaydaları»nın təsdiq edilməsi haqqında
«Xüsusi iqtisadi zonalar haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 iyun tarixli 101 nömrəli Fərmanının 1.7-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «Xüsusi iqtisadi zonanın sərhədlərində gömrük nəzarətinin, gömrük məntəqələrinin fəaliyyətinin, malların gömrük rəsmiləşdirilməsinin, nəqliyyat vasitələrinin və fiziki şəxslərin sərhəddən buraxılma rejiminin sadələşdirilmiş Qaydaları» təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
A.Rasi-zadə,
Azərbaycan Respublikasının Baş naziri
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2009-cu il 25 dekabr
tarixli 199 nömrəli qərarı ilə
təsdiq edilmişdir
Xüsusi iqtisadi zonanın sərhədlərində gömrük nəzarətinin, gömrük məntəqələrinin fəaliyyətinin, malların gömrük
rəsmiləşdirilməsinin, nəqliyyat vasitələrinin və fiziki şəxslərin sərhəddən buraxılma rejiminin sadələşdirilmiş
Q A Y D A L A R I
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar «Xüsusi iqtisadi zonalar haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarına uyğun olaraq hazırlanmışdır və xüsusi iqtisadi zonalarda (bundan sonra - XİZ) gömrük rəsmiləşdirilməsi və gömrük nəzarətinin, gömrük məntəqələrinin fəaliyyətinin, nəqliyyat vasitələrinin və fiziki şəxslərin xüsusi iqtisadi zonaların sərhədindən buraxılma prosedurunun sadələşdirilmiş qaydalarını müəyyən edir.
1.2. Hüquqi və fiziki şəxslər tərəfindən XİZ-də yerləşdirilməsi nəzərdə tutulan mallarla əməliyyatların həyata keçirilməsi üçün həmin şəxslər xüsusi iqtisadi zonanın rezidentləri olmalıdırlar.
1.3. Azərbaycan Respublikasının ərazisinə gətirilməsi və bu ərazidən aparılması qanunvericiliklə qadağan olunmuş malların XİZ-ə gətirilməsi və aparılması qadağandır.
1.4. XİZ-də gömrük rəsmiləşdirilməsinin və gömrük nəzarətinin aparılması qaydası gömrük işi haqqında qanunvericilik aktlarının tələblərinə uyğun qaydada həyata keçirilir.
2. Əsas anlayışlar
Bu Qaydalarda istifadə olunmuş anlayışlar aşağıdakı mənaları ifadə edir:
XİZ - sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi hüquqi rejimin tətbiq edildiyi Azərbaycan Respublikası ərazisinin məhdud hissəsi;
gömrük ərazisi - Azərbaycan Respublikasının quru ərazisindən, daxili sularından, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsindən (o cümlədən orada yerləşən adalar, süni adalar, qurğular və tikililər) və onların üzərindəki hava məkanından ibarət olan ərazi;
XİZ-in rezidentləri - Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq dövlət qeydiyyatına alınmış, XİZ ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün «Xüsusi iqtisadi zonalar haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada XİZ-in qeydiyyat şəhadətnaməsini almış hüquqi və fiziki şəxslər;
XİZ-in administrasiyası - XİZ-in fəaliyyət müddətində onun ərazisində yaradılan səlahiyyətli orqanın yerli qurumu;
XİZ-in operatoru (bundan sonra - operator) - idarəetmə sazişi çərçivəsində XİZ-in idarə olunması və inkişaf etdirilməsinə cavabdehlik daşıyan, bu sahədə böyük təcrübəyə malik olan şirkət.
3. Gömrük məntəqələrinin fəaliyyətinin təşkili
3.1. XİZ-ə gətirilən və aparılan mallar və nəqliyyat vasitələri üzrə aparılan əməliyyatlar üzərində gömrük rəsmiləşdirilməsi və gömrük nəzarətinin aparılması üçün qanunvericilikdə başqa hal nəzərdə tutulmadıqda, XİZ-də Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən olunmuş qaydada gömrük məntəqələri yaradılır.
3.2. Mal və nəqliyyat vasitələrinin XİZ-ə gətirilməsi və aparılması yalnız bu zonaların sərhədlərində yaradılmış gömrük məntəqələri vasitəsilə həyata keçirilir.
3.3. XİZ-də fəaliyyət göstərən gömrük məntəqələrində iş rejimi XİZ-in iş rejimi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən edilir.
3.4. XİZ-də gömrük məntəqələrinin fəaliyyətinin təmin edilməsi üçün operator tərəfindən müvafiq yerlər, inzibati bina ayrılır və gömrük orqanı üçün zəruri olan bütün texniki avadanlıqlar və kommunikasiya vasitələri ilə təmin olunur.
3.5. Gömrük məntəqələrinin fəaliyyəti üçün bu Qaydaların 3.4-cü bəndində qeyd olunan təminata görə bütün xərclərin ödənilməsi XİZ-in operatoru tərəfindən həyata keçirilir.
4. XİZ-in sərhədlərində gömrük nəzarətinin təşkili
4.1. XİZ və onun sərhədləri Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada müəyyən olunur.
4.2. XİZ-ə gətirilən və aparılan mallar və nəqliyyat vasitələri gömrük nəzarətindən keçirilməlidir.
4.3. Mal və nəqliyyat vasitələrinin XİZ-ə gətirilməsi və aparılması üçün gömrük buraxılış məntəqələri müəyyən edilir.
4.4. XİZ-in gömrük buraxılış məntəqələrinin yerlərinin müəyyən olunması gömrük orqanları ilə razılaşdırılmaqla operator tərəfindən həyata keçirilir.
4.5. Gömrük nəzarətinin həyata keçirilməsi üçün XİZ-ə mal və nəqliyyat vasitələrini gətirən və aparan şəxslər tərəfindən mal və nəqliyyat vasitələrinə dair qanunvericilikdə nəzərdə tutulmuş sənədlər və məlumatlar gömrük orqanına təqdim olunur.
4.6. XİZ-in gömrük buraxılış məntəqələrində mal və nəqliyyat vasitələri üzərində gömrük nəzarəti həyata keçirildikdən sonra malların və nəqliyyat vasitələrinin buraxılışına gömrük orqanları tərəfindən icazə verilir.
4.7. XİZ-ə mal və nəqliyyat vasitələrinin qanunsuz idxalı və ixracının qarşısını almaq məqsədi ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri həyata keçirir.
5. Mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi və onların üzərində gömrük nəzarəti
5.1. XİZ-ə gətirilən və bu ərazidən aparılan mal və nəqliyyat vasitələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada gömrük orqanlarına bəyan edilir.
5.2. Mal və nəqliyyat vasitələrinin bəyan edilməsi XİZ-in rezidenti və ya qanunvericilikdə müəyyən olunmuş qaydada gömrük broker səlahiyyətlərinə malik olan şəxslər tərəfindən həyata keçirilir.
5.3. XİZ-ə gətirilən və bu ərazidən aparılan mal və nəqliyyat vasitələri müvafiq gömrük rejiminə uyğun olaraq, gömrük rəsmiləşdirilməsi və gömrük nəzarətindən keçirilir.
5.4. XİZ-də gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti həyata keçirilən zaman elektron nəzarət və elektron bəyanetmə üsullarından istifadə edilə bilər.
5.5. XİZ-in ərazisində saxlanılan dəyəri az olan, tez xarab olan, təhlükəli malların saxlanılması müddəti gömrük orqanları ilə razılaşdırılmaqla müəyyən edilir.
5.6. Azərbaycan Respublikasının gömrük ərazisi xaricindən XİZ-ə idxal olunmuş mallar və nəqliyyat vasitələri, habelə XİZ-də istehsal və ya emal olunmuş mallar Azərbaycan Respublikasının gömrük ərazisinə XİZ-dən idxal edilərkən, gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti gömrük qanunvericiliyində nəzərdə tutulmuş ümumi qaydada həyata keçirilir.
5.7. XİZ-ə gətirilən və aparılan mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin aparılması üçün qanunvericiliklə tələb olunan sənədlər şəxslər tərəfindən gömrük orqanlarına təqdim olunur.
5.8. XİZ-ə əməliyyatların aparılması üçün gətirilən və aparılan malların gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanları tərəfindən müvafiq qaydada eyniləşdirmə aparılır.
5.9. XİZ-ə gətirilən və aparılan malların eyniləşdirilməsinin aparılması üçün həmin malları gətirən və aparan rezidentlər tərəfindən mallar üzərində müvafiq eyniləşdirilmə qeydiyyatları aparılır (fotoşəkillər, malların dəqiq təsviri, möhür, ştamp, rəqəmli və ya digər işarələr və s.).
5.10. Gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti zamanı gömrük əməkdaşı şəxsləri məlumatlandırmaqla, malların və nəqliyyat vasitələrinin yerləşdiyi əraziyə və binalara daxil ola bilər.
5.11. XİZ-in rezidentləri haqqında məlumatlar həmin zonaların administrasiyası tərəfindən gömrük məqsədləri üçün gömrük orqanlarına təqdim edilir.
5.12. XİZ-də mallarla əməliyyat aparan rezidentlər gətirilən, aparılan, saxlanılan, hazırlanan, emal edilən, satın alınan və satılan malların uçotunu aparır və həmin mallar barədə Azərbaycan Respublikasının gömrük orqanlarına Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi qaydada hesabat verir. XİZ-də mal və nəqliyyat vasitələrinin məruz qaldığı bütün dəyişikliklər hesabat sənədlərində öz əksini tapmalıdır.
5.13. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi müəyyən olunmuş qaydada xüsusi gömrük statistikasını apara bilər.
5.14. XİZ-in ərazisində xüsusi gömrük statistikasının aparılması üçün müvafiq formalar əsasında hesabatların verilməsi tələb oluna bilər.
5.15. Rezidentlər tərəfindən XİZ-in ərazisinə gətirilməsi və bu zonadan aparılması nəzərdə tutulan mal və nəqliyyat vasitələri haqqında əvvəlcədən gömrük orqanına məlumat verilə bilər.
5.16. Gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti zamanı gömrük qanunvericiliyi ilə müəyyən edilmiş digər nəzarət növlərinin həyata keçirilməsi üçün müvafiq tədbirlər görülür.
6. Nəqliyyat vasitələrinin və fiziki şəxslərin XİZ-in sərhədindən buraxılışı
6.1. XİZ-ə gətirilən və bu ərazidən aparılan, o cümlədən XİZ-in daxilində istifadə edilən nəqliyyat vasitələrinin həmin zonalara daxil olması və çıxması daşınma sənədləri və gömrük orqanları ilə razılaşdırılmaqla, operator tərəfindən müəyyən edilmiş buraxılış vərəqələri əsasında həyata keçirilir.
6.2. Nəqliyyat vasitəsinin XİZ-ə daxil olmasına və çıxmasına buraxılış vərəqələrinin üzərində gömrük orqanları tərəfindən müvafiq qeydiyyat aparıldıqdan sonra icazə verilir.
6.3. XİZ-də mütəmadi fəaliyyət göstərən nəqliyyat vasitələrinin bu zonalara daxil olması və çıxması çoxmüddətli buraxılış vərəqəsi əsasında həyata keçirilir.
6.4. XİZ-də fəaliyyət göstərən fiziki şəxslərin XİZ-ə daxil olması və çıxması xüsusi təsdiqedici sənədlər əsasında həyata keçirilir.
6.5. Təsdiqedici sənədlərin və ya buraxılış vərəqələrinin forması, müddəti və verilmə qaydaları gömrük orqanları ilə razılaşdırılmaqla XİZ-in operatoru tərəfindən müəyyən edilir.
6.6. Nəqliyyat vasitələrinin və fiziki şəxslərin XİZ-in sərhədindən buraxılışı üzrə qeydiyyat prosedurları elektron üsullar tətbiq edilməklə həyata keçirilə bilər.
7. XİZ-in gömrük rejimində gömrük ödənişlərinin tətbiqi
7.1. XİZ-in gömrük rejimində gömrük ödənişləri aşağıdakı kimidir:
7.1.1. mallar (aksizli mallardan başqa) Azərbaycan Respublikasının gömrük ərazisi xaricindən XİZ-ə idxal edilərkən idxal rüsumu və əlavə dəyər vergisi tutulmur;
7.1.2. Azərbaycan Respublikasının gömrük ərazisi xaricindən XİZ-ə idxal olunmuş mallar XİZ-dən Azərbaycan Respublikasının gömrük ərazisi xaricinə ixrac olunarkən gömrük rüsumları və vergilər tutulmur;
7.1.3. XİZ-də istehsal və ya emal olunmuş mallar Azərbaycan Respublikasının gömrük ərazisi xaricinə ixrac edilərkən gömrük rüsumları və vergilər tutulmur;
7.1.4. XİZ-də istehsal və ya emal olunmuş mallar təmir, yekun-tamamlama işləri, nümunələrin sərgisi və digər belə məqsədlərlə Azərbaycan Respublikasının gömrük ərazisinə müvəqqəti idxal edilərkən gömrük rüsumları və vergilər tutulmur;
7.1.5. Azərbaycan Respublikasında mallar XİZ-lər arasında idxal-ixrac edilərkən gömrük rüsumları və vergilər tutulmur;
7.1.6. XİZ-də istehsal və ya emal olunmuş mallar həmçinin Azərbaycan Respublikasının gömrük ərazisi xaricindən XİZ-ə idxal olunmuş mallar Azərbaycan Respublikasının gömrük ərazisinə XİZ-dən idxal edilərkən gömrük rüsumları və vergilər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq tutulur;
7.1.7. Malların gömrük rəsmiləşdirilməsi və gömrük anbarlarında saxlanılması üçün gömrük qanunvericiliyinə uyğun olaraq gömrük yığımları alınır.
7.2. Bu Qaydaların müvafiq bəndlərində göstərilən hallardan başqa, bütün digər hallarda Azərbaycan Respublikasının qüvvədə olan gömrük qanunvericiliyi tətbiq edilir.
8. XİZ ləğv edildikdə və ya rezidentin qeydiyyatına xitam verildikdə aparılan əməliyyatlar
XİZ ləğv edildikdə və ya rezidentin qeydiyyatına xitam verildikdə, malların saxlanıldığı anbarlar müvəqqəti saxlanc anbarlarına çevrilir. Müvəqqəti saxlanc anbarında malların saxlanması Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq həyata keçirilir.