| |
|
|
 |
AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ |
|
|
 |
|
|
№69 / 09.03.2006
Azərbaycan Respublikasının Nazirlər Kabineti
«Gen mühəndisliyi əsasında alınmış bitki toxumlarının Azərbaycan Respublikasının
ərazisinə gətirilməsinə yol verilə bilən müstəsna hallar və gətirilmə Qaydası»nın
təsdiq edilməsi haqqında
Qərar № 53
Bakı şəhəri, 18 fevral 2006-cı il
«Toxumçuluq
haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər
edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
haqqında» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr
tarixli, 320 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək
məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «Gen mühəndisliyi əsasında alınmış bitki toxumlarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə yol verilə bilən
müstəsna hallar və gətirilmə Qaydası» təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2006-cı il 18 fevral tarixli ,
53 nömrəli qərarı ilə
təsdiq edilmişdir
Gen mühəndisliyi əsasında alınmış bitki toxumlarının Azərbaycan Respublikasının
ərazisinə gətirilməsinə yol verilə bilən müstəsna hallar və gətirilmə
Qaydası
1. Bu Qayda «Toxumçuluq haqqında» Azərbaycan Respublikasının Qanununa
əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası
Prezidentinin 2005-ci il 22 noyabr tarixli, 320 nömrəli Fərmanının
icrası ilə əlaqədar hazırlanmışdır və gen mühəndisliyi əsasında alınmış
bitki toxumlarının (genetik dəyişdirilmiş və ya genetik modifikasiya
edilmiş orqanizmlərin) Azərbaycan Respublikasının ərazisinə
gətirilməsinə yol verilə bilən müstəsna halları müəyyən edir və
gətirilməsini tənzimləyir.
2. Genetik dəyişdirilmiş və ya genetik modifikasiya edilmiş orqanizmlərin (bundan sonra — GMO) Azərbaycan Respublikasının
ərazisinə gətirilməsinə aşağıdakı müstəsna hallarda yol verilir:
ikitərəfli, regional və çoxtərəfli razılaşma (hökumətlərarası sazişlər) və beynəlxalq müqavilələr olduqda;
seleksiya məqsədi ilə;
elmi tədqiqat və qapalı sistemdə sınaq məqsədi ilə;
sərgilərdə nümayiş etdirmək məqsədi ilə.
3. GMO Azərbaycan Respublikasının ərazisinə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Milli Elmlər Akademiyası
(bundan sonra — idxalçı) tərəfindən gətirilə bilər.
4. GMO-nun Azərbaycan Respublikasının ərazisinə gətirilməsindən 3 ay əvvəl bu məhsulu ixrac edənlər (bundan sonra — ixracatçı)
idxalçıya bildiriş göndərməlidirlər.
Bildirişdə aşağıdakılar göstərilməlidir:
ixracatçının adı, ünvanı və əlaqə məlumatları;
idxalçının adı, ünvanı və əlaqə məlumatları;
GMO-nun qəbul olunmuş adı, onun xüsusiyyətlərini və identifikasiya göstəricilərini təsdiq edən bəyannamə;
GMO-nun ixracının məqsədi;
GMO-nun
təhlükəsiz nəqli, saxlanması, emalı və istifadəsi qaydası, ləğvetmə
proseduru və lazım gəldikdə, fövqəladə halların meydana çıxdığı vaxtlar
da daxil edilməklə, təklif olunan təminetmə üsulları, biomüxtəlifliyə
və insan sağlamlığı üçün müəyyən və
ehtimal olunan risklərin qiymətləndirilməsi və monitorinq metodları;
GMO-nun digər ölkələrin ərazilərində istifadəsinin statusu (qadağaların
və ya hər hansı məhdudiyyətlərin qoyulması, istifadəyə
icazə verilməsi);
GMO ilə bağlı insan sağlamlığı və ətraf mühit üçün risklərin sonrakı
qiymətləndirilməsinin ixracatçı tərəfindən və onun hesabına aparılması
barədə öhdəliklər;
GMO-nun gətirilmə tarixi;
GMO-nun miqdarı və həcmi;
digər zəruri məlumatlar.
5. Bu Qaydanın 2-ci bəndində göstərilən müstəsna hallarda
ikitərəfli, regional və çoxtərəfli razılaşma (hökumətlərarası sazişlər)
və beynəlxalq müqavilələr istisna olmaqla, Azərbaycan Respublikasının
ərazisinə gətirilən GMO-nun miqdarı bir kiloqramdan artıq olmamalıdır.
6. İdxalçı bu Qaydanın 4-cü bəndində göstərilən bildirişi aldıqdan sonra 10 gün müddətində ixracatçıya bu barədə rəsmi sənəd
göndərir. Rəsmi sənəddə aşağıdakılar göstərilməlidir:
bildirişin alındığı tarix;
qərar qəbul etmək üçün bildirişdə lazımi məlumatların olub-olmaması;
yerli şəraitdən asılı olaraq digər məlumatların tələb edilməsi.
7. İdxalçı üç ay müddətində ixracatçı tərəfindən təqdim
olunan sənədləri və məlumatları aidiyyəti orqanlarla birlikdə təhlil
edərək, aşağıdakı əsaslandırılmış qərarlardan birini qəbul edir və
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə
razılaşdırmaqla, bu barədə ixracatçını yazılı surətdə xəbərdar edir:
GMO-nun idxalının müəyyən şərtlərlə və ya qeyri-şərtsiz həyata keçirilməsinə icazə verir;
GMO-nun idxalına qadağa qoyur;
GMO ilə bağlı risklərin təhlili və qiymətləndirilməsi üçün idxalla
əlaqədar qərarın qəbul edilmə müddətinin uzadılmasını təklif edir.
8. İxracatçı idxalçı tərəfindən qəbul olunmuş qərarla
razılaşmadığı halda ona yenidən baxılmasını aşağıdakı hallarda tələb
edə bilər:
qərarın qəbulunda GMO ilə bağlı risklərin qiymətləndirilməsində şərtlər dəyişdirildikdə;
elmi nəticələrə əsaslanan yeni əsaslı məlumatlar əldə edildikdə;
riskləri obyektiv qiymətləndirmək üçün yeni metodlar işlənib hazırlandıqda və texniki imkanlar yarandıqda;
idxalçının qəbul etdiyi qərarın heç bir elmi əsası olmadığı sübut olunduqda.
9. İdxalçı ixracatçının yeni bildirişini qəbul edir,
təqdim olunmuş sənədləri bir ay müddətindən gec olmamaq şərti ilə
təhlil edir və qiymətləndirmə aparıldıqdan sonra müvafiq qərar qəbul
edərək ixracatçını xəbərdar edir.
10. GMO-nun idxalının müəyyən şərtlərlə və ya qeyri-şərtsiz həyata keçirilməsinə icazə verildikdə, müvafiq qərarda ixracatçının
aşağıdakı vəzifələri göstərilməlidir:
GMO-nun beynəlxalq normalara uyğun qablaşdırılması və etiketləşdirilməsi;
təhlükəsiz daşınması;
GMO-nun identifikasiya metodlarını və təsərrüfat əhəmiyyətini göstərən məlumatlarla müşayiət olunması;
sərgidə nümayiş etdirilmiş eksponatların özü ilə geri qaytarılması;
qanunvericiliklə nəzərdə tutulan digər vəzifələri.
11. İdxalçı GMO-nun Azərbaycan Respublikasının ərazisinə gətirilməsi barədə qərar qəbul etdikdə, bu barədə Dövlət Gömrük
Komitəsinə xəbərdarlıq göndərməlidir. Bu xəbərdarlığa aşağıdakı sənədlər və məlumatlar əlavə olunmalıdır:
GMO-nun Azərbaycan Respublikasının ərazisinə gətirilməsi barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi ilə razılaşdırılmış qərarının surəti;
ixracatçının adı, ünvanı və əlaqə məlumatları;
idxalçının adı, ünvanı və əlaqə məlumatları;
GMO-nun qəbul olunmuş adı, onun xüsusiyyətlərini və identifikasiya göstəricilərini təsdiq edən bəyannamə;
GMO-nun ixracının məqsədi;
GMO-nun gətirilmə tarixi;
GMO-nun miqdarı və həcmi;
GMO-nun Azərbaycan Respublikasının ərazisində daxil olacağı gömrük məntəqəsi;
digər zəruri məlumatlar.
12. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı
Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi və
Milli Elmlər Akademiyası bu Qaydanın 2-ci bəndində göstərilən müstəsna
hallarda Azərbaycan Respublikasının ərazisinə gətirilən GMO-nun
qeydiyyatı, məqsədli istifadəsi, yerləşdirilməsi, nümayiş etdirilməsi,
utilizasiyası və bioloji müxtəlifliyin qorunması, insan sağlamlığı və
ətraf mühitlə əlaqədar digər hallarda ortaya çıxan və ya ehtimal olunan
mənfi təsirlərlə bağlı risklərin qiymətləndirilməsi, tənzimlənməsi və
təhlükəsiz idarə olunması mexanizmini müəyyən edirlər.
© VneshExpertService
|
|
|
|
RSS | XƏBƏRLƏR | ŞƏKİLLƏR | QANUNVERİCİLİK | SUALLAR VƏ CAVABLAR
(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80
Faks: (99412) 498-18-36
E-mail: external@customs.gov.az |
|
|
|
|