AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | |

Az | Рус | Eng       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

№818 / 02.06.1992 Azərbaycan Respublikasında iqtisadi cinayətkarlığa və sabotaja qarşı mübarizə tədbirləri haqqında

Azərbaycan Respublikasında iqtisadi cinayətkarlığa və sabotaja qarşı mübarizə tədbirləri haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Respublikanın iqtisadiyyatında dərin böhran proseslərinin getdiyi və əhalinin güzəranının gündən-günə pisləşdiyi bir şəraitdə bir sıra nazirliklərin, baş idarələrin, müəssisələrin rəhbərləri və ayrı-ayrı şəxslər bütün mövcud imkanları yaranmış vəziyyətdən çıxmağa yönəltmək əvəzinə öz şəxsi mənafelərini dövlət mənafeyindən üstün tutub iqtisadiyyatı sarsıdan cinayətlərə və sabotaj hallarına yol verirlər. Bəzi dövlət müəssisələri və birgə müəssisələr, kommersiya strukturları tərəfindən strateji xammalın və maliyyə vəsaitinin nəzarətsiz olaraq respublikadan kənara aparılması hallarının çoxalması, xarici iqtisadi əlaqələrdən əldə edilən gəlirin heç də tam geri qayıtmaması iqtisadiyyata dağıdıcı təsir göstərir.

Xarici ölkələrin firmaları və işgüzar dairələri ilə iqtisadi əlaqələr yaratmış bəzi müəssisələrin rəhbərləri respublikanın ixrac edilən sərvətləri müqabilində geniş xalq kütləsinin mənafeyinə zidd olan bahalı minik avtomobilləri, televideotexnika, zinət əşyaları və sair alır, barter mübadiləsi zamanı heç də həmişə ekvivalentliyə əməl etmir, ayrı-ayrı hallarda isə müqavilələri şəxsi sərfəli baxımından bağlayırlar. Dövlət müəssisələri və təşkilatlarının xaricdən aldığı xalq istehlakı malları, habelə humanitar yardım yolu ilə gətirilən məhsullar möhtəkirlərin əlinə, kommersiya mağazalarına gedib çıxır və qat-qat baha qiymətə satılır.

Kənd təsərrüfatı işlərinin təşkilində ciddi nöqsanlar vardır: təsərrüfatlar texnika, yanacaq, gübrə, toxum, bitki qoruyucu vasitələr və ehtiyat hissələri ilə vaxtında təchiz olunmur, texnikanın saz saxlanması və təmiri qeyri-qənaətbəxş vəziyyətdədir, kolxoz və sovxozların əmlakının dağılmasına, xüsusilə mal-qaranın sayının xeyli azalmasına yol verilir, su ehtiyatlarından səmərəsiz istifadə olunur. Kənd təsərrüfatı işləri lazımi aqrotexniki müddətlərdə yerinə yetirilmir, möhkəm yem bazası yaradılmır, zoobaytarlıq qaydalarına əməl edilmir və nəticədə məhsuldarlıq getdikcə aşağı düşür.

Bütün bunlar respublikamızın müstəqil iqtisadi inkişafı yolunda ciddi maneələr yaradır, istehlak bazarında gərginliyi daha da artırır, əhalidə haqlı narazılıq doğurur. Bu vəziyyətə qarşı mübarizə aparmalı olan müvafiq idarəetmə, hüquq-mühafizə orqanları və digər təşkilatlar isə onlara verilmiş səlahiyyətlərdən istifadə etmirlər.

Yuxarıda göstərilənlərlə əlaqədar olaraq və iqtisadi cinayətkarlığa və sabotaja qarşı təsirli tədbirlər görülməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının nazirliklərinə, baş idarələrinə, müəssisə və təşkilatlarına tapşırılsın ki, iqtisadiyyatın bütün sahələrində istehsal və əmək intizamının möhkəmləndirilməsi, dövlət sifarişinə və müqavilələr əsasında mal göndərilməsinə sözsüz əməl edilməsi üçün təcili surətdə lazımi tədbirlər görsünlər. Onların rəhbərlərinin nəzərinə çatdırılsın ki, iqtisadiyyatda dövlət intizamına əməl olunması üçün şəxsi məsuliyyət daşıyırlar.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, respublikanın idarə və müəssisələrində dövlət sifarişlərinin yerinə yetirilməsini və müqavilə intizamının yüksəldilməsini ciddi nəzarət altına alsın, idarəetmə sistemini möhkəmləndirmək üçün operativ tədbirlər hazırlayıb həyata keçirsin, dövlət intizamına riayət etməyən, işdə əyintilərə yol verən rəhbər işçilərə qarşı ciddi tədbir görülsün.

3. Azərbaycan Respublikası Ticarət Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin, Azərittifaqın, Azərbaycan Respublikası Material Ehtiyatları Nazirliyinin və ticarət obyektlərinə malik digər müəssisə və təşkilatların rəhbərlərindən qəti tələb edilsin ki, respublikada dövlət ticarətində satılmaq üçün istehsal edilən və kənardan gətirilən xalq istehlakı mallarının möhtəkirlərin əlinə, kommersiya və komisyon ticarəti müəssisələrinə düşməsi hallarının qarşısını alsınlar, həmin malların istehlakçılara dövlət ticarəti şəbəkəsi vasitəsilə satılmasını təmin etsinlər.

4. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinə, Azərbaycan Respublikasının Meliorasiya və Su Təsərrüfatı Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Yanacaq Komitəsinə, Azərbaycan Respublikasının Taxıl Məhsulları Nazirliyinə, rayon icra hakimiyyəti başçılarına bir vəzifə olaraq tapşırılsın ki, təsərrüfatların kifayət qədər yanacaq, gübrə, ehtiyat hissələri, toxum, su, yem və sairə ilə təchiz edilməsi, onların əmlakının dağıdılmasının qarşısının alınması üçün təsirli tədbirlər görsünlər. Bütün təsərrüfat rəhbərlərindən tələb olunsun ki, 1992-ci ilin becərmə işlərinin tam və keyfiyyətli görülməsini, məhsulun itkisiz yığılıb daşınmasını və vaxtında emal olunmasını təşkil etsinlər.

5. Azərbaycan Respublikasının Prokurorluğuna, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə tapşırılsın ki, xarici iqtisadi əlaqələr sahəsində mövcud qanunvericiliyə əməl olunmasına nəzarəti gücləndirsinlər, belə əlaqələr zamanı qanun pozuntularına yol vermiş və respublikanın mənafeyinə zidd əməliyyatlar aparmış müəssisə və təşkilat rəhbərlərini məsuliyyətə cəlb etsinlər.

6. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə tapşırılsın ki, iqtisadi cinayətkarlığa və sabotaja qarşı mübarizəni gücləndirsinlər, rüşvətxorluq, dövlət əmlakının mənimsənilməsi və dağıdılması faktlarını aşkara çıxarmaq üçün təxirəsalınmaz tədbirlər görsünlər.

7. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə tapşırılsın ki, respublikanın daxili bazarının müdafiəsini gücləndirmək məqsədi ilə öz işində ciddi dönüş yaratsın, ayrı-ayrı müəssisələrin, təşkilatların və vətəndaşların respublikadan kənara qanunsuz mal aparması hallarına son qoysun.

8. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Baş Dövlət Vergi Müfəttişliyinə tapşırılsın ki, vergi və qiymət intizamına riayət olunmasını təmin edən tədbirlər görsünlər, hüquqi və fiziki şəxslərin vergi ödəməkdən yayınması hallarının aşkara çıxarılması və bu vəsaitin büdcəyə daxil olması üçün bütün imkanlardan istifadə etsinlər.


Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən
Azərbaycan Respublikası Ali Sovetinin sədri
İ.QƏMBƏROV
Bakı şəhəri, 2 iyun 1992-ci il.
№ 818

«Həyat» qəzetində dərc edilmişdir (3 iyun 1992-ci il, № 107) («VES Consultancy» LLC).
«Azərbaycan Respublikası Ali Sovetinin məlumatı»nda dərc edilmişdir
(15 iyun 1992-ci il, № 11(864), maddə 420) («VES Consultancy» LLC).

© VES Consultancy LLC



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi

 
RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80 Faks: (99412) 498-18-36 E-mail: external@customs.gov.az