Azərbaycan Respublikasının Prezidenti
yanında
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi
Azərbaycan
Respublikası ərazisində istehsal olunan və ölkə ərazisinə idxal
edilən alkoqollu içkilərə, pivəyə, etil (yeyinti) spirtinə və tütün
məmulatlarına tətbiq olunan dövlət aksiz markalarının sifarişi,
satışı, uçotunun aparılması və onlardan istifadə olunması
Qaydaları
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikası
Prezidentinin 26 iyul 1999-cu il tarixli 161 nömrəli Fərmanı ilə
təsdiq edilmiş «Azərbaycan Respublikasının Prezidenti yanında
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında» Əsasnaməyə, Azərbaycan
Respublikası Prezidentinin 05 fevral 1999-cu il tarixli 90 nömrəli
«Alkoqollu içkilər etil (yeyinti) spirti və tütün məmulatı istehsalının,
idxalının və satışının tənzimlənməsi sahəsində əlavə tədbirlər
haqqında», 08 noyabr 1999-cu il tarixli 202 nömrəli «Qiymətli
kağızlarla fəaliyyət sahəsində bəzi fəaliyyət növlərinin lisenziyalaşdırılması
qaydalarının təsdiq edilməsi haqqında» Fərmanlarına və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 08 yanvar 2001-ci il tarixli
10 nömrəli Qərarı ilə təsdiq edilmiş «Aksiz tutulan mallara, o
cümlədən idxal mallarına aksiz markalarının tətbiqi» Qaydalarına
əsasən hazırlanmışdır.
1.2. Bu Qaydalar Azərbaycan Respublikası
ərazisində istehsal olunan və ölkə ərazisinə idxal edilən alkoqollu
içkilərə, pivəyə, etil (yeyinti) spirtinə və tütün məmulatlarına
(bundan sonra — «markalanmalı məhsullar») tətbiq olunan dövlət
aksiz markalarının (bundan sonra — «aksiz markaları») sifarişi,
satışı, uçotunun aparılması və onların tədavülünə nəzarət mexanizmini
müəyyən edir.
2. Aksiz markalarına olan ümumi tələblər
2.1. Aksiz markalarının üzərində
aşağıdakı rekvizitlər olmalıdır:
2.1.1. Azərbaycan Respublikasına
məxsus olan simvolika;
2.1.2. seriya;
2.1.3. sıra nömrəsi;
2.1.4. təyinatı («daxili istehsal»,
«idxal» və yaxud «müsadirə»);
2.1.5. növü («etil (yeyinti)
spirti», «alkoqollu içkilər», «pivə», «tütün məmulatı»).
2.2. Eyni seriyaya malik olan
aksiz markalarının sıra nömrələri təkrarlanmamalı, «daxili istehsal»,
«idxal» və «müsadirə» üçün nəzərdə tutulmuş aksiz markalarının
rəngləri bir-birindən fərqlənməlidir.
3. Aksiz markalarının sifarişi
3.1. Aksiz markalarının hazırlanmasına
sifariş Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən
Azərbaycan Respublikası Maliyyə Nazirliyi (bundan sonra — «Maliyyə
Nazirliyi») tərəfindən həyata keçirilir.
3.2. Maliyyə Nazirliyi növbəti
ilin başlanmasına 3 (üç) ay qalmış markalanmalı məhsulları istehsal
edən şəxslərdən, növbəti ilə aksiz markalarına olan tələbatları
haqqında məlumat almalıdır.
3.3. Aksiz markalarının hazırlanması
QKDK-dan bütün növ qiymətli kağızların blanklarının hazırlanması
fəaliyyətinə lisenziya almış hüquqi şəxslərə sifariş olunur.
3.4. Maliyyə Nazirliyi sifariş
olunmuş aksiz markalarını qəbul etdikdə, bu barədə xüsusi jurnalda
qəbul edilmiş aksiz markalarının təyinatı, növü və sayı göstərilməklə
qeydlər aparır.
4. Aksiz markalarının satışı və uçotunun aparılması
4.1. Aksiz markaları markalanmalı
məhsulların istehsalını və idxalını həyata keçirmək üçün müvafiq
lisenziya almış mülkiyyət formasından asılı olmayaraq hüquqi və
fiziki şəxslərə (bundan sonra — «şəxs») Maliyyə Nazirliyi tərəfindən
onların hazırlanması, daşınması, saxlanılması üzrə xərclərə bərabər
qiymətə satılır.
4.2. Aksiz markaları markalanmalı
məhsulları istehsal və idxal edən şəxsə, ərizədə göstərilmiş miqdarda
və markalanmalı məhsulların istehsalını və ya idxalını həyata
keçirmək üçün alınmış lisenziyada göstərilən həcmə uyğun olaraq
(idxalçılar üçün müqavilədə göstərilən həcmdən artıq olmamaq şərti
ilə) satılır. Markalanmalı məhsulları müsadirə etmiş müvafiq dövlət
orqanına onun tərəfindən təqdim edilmiş rəsmi müraciətə əsasən
satılır.
4.3. Aksiz markalarının uçotunun
aparılması bu Qaydalarla və Azərbaycan Respublikasının mövcud
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Maliyyə Nazirliyi
tərəfindən həyata keçirilir.
4.4. Azərbaycan Respublikası ərazisində
markalanmalı məhsulları istehsal edən şəxs aksiz markalarını almaq
üçün Maliyyə Nazirliyinə aşağıdakı sənədləri təqdim etməlidir:
4.4.1. Maliyyə Nazirliyi tərəfindən
müəyyən olunmuş formada 2 (iki) nüsxədə ərizə;
4.4.2. markalanmalı məhsulların
istehsalını həyata keçirmək üçün lisenziyanın əsli və surəti
(üzləşdirildikdən sonra lisenziyanın əsli şəxsə qaytarılır);
4.4.3. şəxsiyyəti təsdiq edən
sənəd;
4.4.4. alkoqollu içkilərin istehsalında
istifadə olunan etil (yeyinti) spirtinin mənşəyini müəyyən edən
sənədlərin surətləri;
4.4.5. aksiz markalarının alınması
üçün pul vəsaitinin Maliyyə Nazirliyinin hesabına köçürüldüyünü
təsdiq edən sənədin əsli və surəti (üzləşdirildikdən sonra sənədin
əsli şəxsə qaytarılır). Aksiz markalarının alınması üçün pul
vəsaitinin Maliyyə Nazirliyinin hesabına köçürüldüyünü təsdiq
edən sənəddə növü göstərilməklə «daxili istehsal» aksiz markalarının
alınmasına görə» sözləri yazılmalıdır.
4.5. Azərbaycan Respublikası ərazisinə
markalanmalı məhsulları idxal edən şəxs aksiz markalarını almaq
üçün Maliyyə Nazirliyinə aşağıdakı sənədləri təqdim etməlidir:
4.5.1. Maliyyə Nazirliyi tərəfindən
müəyyən olunmuş formada 2 (iki) nüsxədə ərizə;
4.5.2. markalanmalı məhsulların
idxalını həyata keçirmək üçün lisenziyanın əsli və surəti (üzləşdirildikdən
sonra lisenziyanın əsli şəxsə qaytarılır);
4.5.3. şəxsiyyəti təsdiq edən
sənəd;
4.5.4. idxal edilən məhsul üçün
bağlanmış müqavilənin əsli və surəti (üzləşdirildikdən sonra
müqavilənin əsli şəxsə qaytarılır);
4.5.5. aksiz markalarının alınması
üçün pul vəsaitinin Maliyyə Nazirliyinin hesabına köçürüldüyünü
təsdiq edən sənədin əsli və surəti (üzləşdirildikdən sonra sənədin
əsli şəxsə qaytarılır). Aksiz markalarının alınması üçün pul
vəsaitinin Maliyyə Nazirliyinin hesabına köçürüldüyünü təsdiq
edən sənəddə növü göstərilməklə «idxal» aksiz markalarının alınmasına
görə» sözləri yazılmalıdır.
4.6. Markalanmalı məhsulları müsadirə
etmiş müvafiq dövlət orqanı aksiz markalarını almaq üçün Maliyyə
Nazirliyinə aşağıdakı sənədləri təqdim etməlidir:
4.6.1. Müsadirə olunmuş, markalanmalı
məhsulların miqdarı və növü göstərilməklə yazılı surətdə müraciət;
4.6.2. şəxsiyyəti təsdiq edən
sənəd;
4.6.3. aksiz markalarının alınması
üçün pul vəsaitinin Maliyyə Nazirliyinin hesabına köçürüldüyünü
təsdiq edən sənədin əsli və surəti (üzləşdirildikdən sonra sənədin
əsli şəxsə qaytarılır). Aksiz markalarının alınması üçün pul vəsaitinin
Maliyyə Nazirliyinin hesabına köçürüldüyünü təsdiq edən sənəddə
növü göstərilməklə «müsadirə» aksiz markalarının alınmasına görə»
sözləri yazılmalıdır;
4.7. Aksiz markalarının alınması
üçün təqdim edilən ərizələr Maliyyə Nazirliyi tərəfindən xüsusi
jurnalda qeyd edilməklə qəbul edilir.
4.8. Maliyyə Nazirliyi tələb olunan
sənədləri qəbul etdikdən sonra şəxsə və ya markalanmalı məhsulları
müsadirə etmiş müvafiq dövlət orqanına 3 (üç) iş günü ərzində
Maliyyə Nazirliyi tərəfindən müəyyən olunmuş formada «Dövlət aksiz
markalarının alınması haqqında» Arayış verir. «Dövlət aksiz markalarının
alınması haqqında» Arayış aksiz markalarının alınmasını təsdiq
edən sənəddir.
4.9. Arayışda alınmış aksiz markalarının
təyinatı, növü, sayı, həmçinin aksiz markalarını alan şəxs və
ya markalanmalı məhsulları müsadirə etmiş müvafiq dövlət orqanı
haqqında məlumatlar öz əksini tapmalıdır.
4.10. Aksiz markaları satıldıqda,
Maliyyə Nazirliyi satılmış aksiz markalarının təyinatı, növü,
sayı və onları alan şəxs və ya markalanmalı məhsulları müsadirə
etmiş müvafiq dövlət orqanı haqqında məlumatlar göstərilməklə
xüsusi jurnalda qeydlər aparır.
4.11. Maliyyə Nazirliyi hər sonrakı
ayın 5-dən gec olmayaraq əvvəlki ay ərzində satılmış aksiz markalarının
təyinatı, növü, sayı, satılma tarixi və onları alan şəxsin və
ya markalanmalı məhsulları müsadirə etmiş müvafiq dövlət orqanının
adı göstərilməklə QKDK-ya məlumat verir.
4.12. QKDK tərəfindən aksiz markalarının
satışına və uçotunun aparılmasına nəzarəti həyata keçirmək, o
cümlədən onların mühafizəsini təmin etmək məqsədi ilə, Maliyyə
Nazirliyi aksiz markalarını müqavilə əsasında Milli Depozit Mərkəzində
saxlayır.
4.13. Milli Depozit Mərkəzi hər
ayın 10-dan gec olmayaraq Maliyyə Nazirliyi tərəfindən aksiz markalarının
mühafizəsinin təmin edilməsi üçün saxlanca təhvil verilmiş aksiz
markalının sayı haqqında (növü və təyinatı göstərilməklə) məlumatı
QKDK-ya təqdim edir.
4.14. Markalanmalı məhsulların
Azərbaycan Respublikası ərazisində istehsalı və ya onların ölkə
ərazisinə idxalı yalnız aksiz markalarının əldə edilməsindən sonra
həyata keçirilir.
4.15. Azərbaycan Respublikasının
ərazisində istehsal olunan markalanmalı məhsullara tətbiq edilən
aksiz markalarının dövriyyəsinə nəzarəti həyata keçirmək məqsədi
ilə, ölkədə markalanmalı məhsulları istehsal edən şəxsə, aksiz
markaları QKDK tərəfindən verilir.
4.16. Markalanmalı məhsulları
istehsal edən şəxs aksiz markalarının əldə edilməsi üçün QKDK-ya
aşağıdakı sənədləri təqdim etməlidir:
4.16.1. QKDK tərəfindən müəyyən
olunmuş formada yazılı surətdə müraciət;
4.16.2. «Dövlət aksiz markalarının
alınması haqqında» Arayış;
4.16.3. vəkalətnamə;
4.16.4. şəxsiyyəti təsdiq edən
sənədin əsli və surəti (üzləşdirildikdən sonra sənədin əsli
şəxsə qaytarılır).
4.17. İdxal olunacaq markalanmalı
məhsulların (pivə istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə
markalanmış halda idxalını təmin etmək üçün QKDK şəxs tərəfindən
alınmış aksiz markalarını həmin şəxsin hesabına idxal edilən məhsulların
istehsalçısına və ya bu məhsulların Azərbaycan Respublikasından
kənar satışında vasitəçilik fəaliyyətini həyata keçirən subyektlərə
göndərilməsini təşkil edir.
4.18. Azərbaycan Respublikası
ərazisinə pivə idxal edən şəxsə aksiz markaları bu Qaydaların
4.15. bəndində göstərilmiş qaydada QKDK tərəfindən verilir.
4.19. Azərbaycan Respublikası
ərazisinə pivə idxal edən şəxs aksiz markalarını əldə etmək üçün,
QKDK-ya idxal edilən pivə üçün bağlanmış müqavilənin əslini və
surətini (üzləşdirildikdən sonra müqavilənin əsli şəxsə qaytarılır)
və bu Qaydaların 4.16. bəndində göstərilən sənədləri təqdim etməlidir.
4.20. Ölkə ərazisinə markalanmalı
məhsulları (pivə istisna olmaqla) idxal edən şəxs aksiz markalarının
əldə edilməsi üçün QKDK-ya aşağıdakı sənədləri təqdim etməlidir:
4.20.1. QKDK tərəfindən müəyyən
olunmuş formada yazılı surətdə müraciət;
4.20.2. «Dövlət aksiz markalarının
alınması haqqında» Arayış;
4.20.3. idxal edilən məhsul
üçün bağlanmış müqavilənin əsli və surəti (üzləşdirildikdən
sonra müqavilənin əsli şəxsə qaytarılır);
4.20.4. şəxsiyyəti təsdiq edən
sənədin əsli və surəti (üzləşdirildikdən sonra sənədin əsli
şəxsə qaytarılır).
4.21. Azərbaycan Respublikasının
ərazisinə idxal olunan markalanmalı məhsullara (pivə istisna olmaqla)
tətbiq olunan aksiz markaları həmin məhsulların istehsalçısının
və ya vasitəçilik fəaliyyətini həyata keçirən subyektin ünvanına
göndərildikdən sonra, onların göndərilməsini həyata keçirən təşkilat
QKDK-ya bu faktı təsdiq edən sənədin əslini və surətini (üzləşdirildikdən
sonra sənədin əsli geri qaytarılır) təqdim etməlidir.
4.22. Markalanmalı məhsulları
müsadirə etmiş müvafiq dövlət orqanına aksiz markaları bu Qaydaların
4.15. bəndində göstərildiyi kimi QKDK tərəfindən verilir.
4.23. Markalanmalı məhsulları
müsadirə etmiş müvafiq dövlət orqanı aksiz markalarını əldə etmək
üçün, QKDK-ya bu Qaydaların 4.16. bəndində göstərilən sənədləri
təqdim etməlidir.
4.24. Aksiz markalarını əldə edən
şəxsə və ya markalanmalı məhsulları müsadirə etmiş müvafiq dövlət
orqanına QKDK tərəfindən təsdiq olunmuş formada «Dövlət aksiz
markalarının əldə edilməsi haqqında» Arayış (Forma № 1) verilir.
«Dövlət aksiz markalarının əldə edilməsi haqqında» Arayış aksiz
markalarının əldə edilməsini təsdiq edən sənəddir.
4.25. Aksiz markaları verildikdə
və ya göndərildikdə bu barədə QKDK tərəfindən xüsusi jurnalda
aksiz markalarını əldə etmiş şəxs və ya markalanmalı məhsulları
müsadirə etmiş müvafiq dövlət orqanı haqqında məlumatlar və verilmiş
və yaxud göndərilmiş aksiz markalarının təyinatı, növü, seriyaları,
nömrələri, sayı göstərilməklə qeydlər aparılır.
4.26. QKDK hər sonrakı ayın 10-dan
gec olmayaraq əvvəlki ay ərzində şəxslər və markalanmalı məhsulları
müsadirə etmiş müvafiq dövlət orqanları tərəfindən əldə edilmiş
aksiz markalarının təyinatı, növü, sayı, seriya və nömrələri göstərilməklə
Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məlumat verir.
5. Aksiz markalarının istifadə edilməsi
5.1. Aksiz markalarının istifadə
edilməsi Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun
olaraq aşağıdakı qaydada həyata keçirilir:
5.1.1. daxili istehsalda tətbiq
olunan bütün növ aksiz markaları Azərbaycan Respublikasının
ərazisində həmin markalanmalı məhsulların istehsalçıları tərəfindən
yapışdırılır;
5.1.2. idxalda tətbiq olunan
«alkoqollu içkilər», «etil (yeyinti) spirti» və «tütün məmulatı»
aksiz markaları həmin məhsulların istehsalçıları və ya Azərbaycan
Respublikasının hüdudlarından kənarda vasitəçilik fəaliyyətini
həyata keçirən şəxslər tərəfindən yapışdırılır.
5.1.3. idxalda tətbiq olunan
«pivə» aksiz markaları həmin markalanmalı məhsulların idxalçıları
tərəfindən yapışdırılır.
5.2. «Daxili istehsal» və «İdxal»
aksiz markaları markalanmalı məhsulların şəffaf sellofan örtüyünün
(istehsalda nəzərdə tutulubsa) altından yapışdırılmalıdır.
5.3. Aksiz markaları yapışdırılarkən
onların əzilməsinə yol verilməməli, rekvizitləri aydın görünməli
və markalanmalı məhsul istifadə üçün açıldıqda həmin markalar
yararsız hala düşməlidir.
6. İstifadə olunmamış və yaxud
zədələnmiş aksiz
markalarının geri qaytarılması
6.1. İstifadə olunmamış və yaxud
zədələnmiş aksiz markaları alındığı tarixdən 1 (bir) il ərzində
Maliyyə Nazirliyinə qaytarılmalıdır.
6.2. İstifadə olunmamış aksiz
markaları qaytarıldıqdan sonra Maliyyə Nazirliyi şəxs tərəfindən
aksiz markalarının alınması üçün ödənilmiş pul vəsaitinin 75 (yetmiş
beş) faizini şəxsə geri qaytarır. Qalan 25 (iyirmi beş) faizi
həmin aksiz markalarının gətirilməsi və saxlanılması xərclərinin
ödənilməsi məqsədi ilə Maliyyə Nazirliyinin hesabında saxlanılır.
Göstərilmiş müddət keçdikdən sonra şəxsin vəsaiti geri qaytarılmır.
6.3. İstifadə olunmamış aksiz
markalarının geri qaytarılması üçün şəxs Maliyyə Nazirliyinə aşağıdakı
sənədləri təqdim etməlidir:
6.3.1. səbəbləri göstərilməklə,
Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş formada aksiz markalarının
geri qaytarılması haqqında ərizə;
6.3.2. «Dövlət aksiz markalarının
əldə edilməsi haqqında» Arayışın surəti;
6.3.3. aksiz markalarının alınması
üçün pul vəsaitinin Maliyyə Nazirliyinin hesabına köçürüldüyünü
təsdiq edən sənəd.
6.4. Zədələnmiş aksiz markaları
hər vərəqədə 10 (on) ədəd aşağıdakı qaydalara riayət edərək yapışdırılmalıdır:
6.4.1. aksiz markalarının seriyaları
və nömrələri dəqiq oxunmalı və mərkəz hissəsi aydın görünməlidir;
6.4.2. parçalanmış aksiz markalarının
ayrı-ayrı hissələri birləşdirilməlidir.
6.5. Zədələnmiş aksiz markaları
qaytarılarkən, onların alınmasına sərf olunmuş vəsait geri qaytarılmır.
6.6. Zədələnmiş aksiz markalarının
məhv edilməsi üçün Maliyyə Nazirliyi tərəfindən komissiya yaradılır.
Komissiyanın tərkibinə QKDK-nın nümayəndəsi daxil edilir. Zədələnmiş
aksiz markalarının məhv edilməsi haqqında Akt tərtib edilir və
komissiyanın üzvləri tərəfindən imzalanır.
6.7. İstifadə olunmamış və ya
zədələnmiş aksiz markaları qaytarıldıqdan sonra, Maliyyə Nazirliyi
aksiz markalarını xüsusi jurnalda təyinatı, növü, sayı, seriya
və nömrələri qeyd etməklə, qəbul edir.
6.8. İstifadə olunmamış və ya
zədələnmiş aksiz markaları qaytarıldığı tarixdən etibarən 5 (beş)
iş günü ərzində Maliyyə Nazirliyi geri qaytarılmış aksiz markalarının
təyinatı, növü, sayı, seriya və nömrələri, geri qaytarılma tarixi
və onları geri qaytaran şəxsin və ya markalanmalı məhsulları müsadirə
etmiş müvafiq dövlət orqanının adı göstərilməklə, QKDK-ya məlumat
verir.
7. Nəzarət
7.1. Aksiz markalarının sifarişinə,
satışına, uçotunun aparılmasına və onların dövriyyəsinə nəzarəti
QKDK həyata keçirir.
7.2. QKDK aksiz markalarının dövriyyəsinə
nəzarəti həyata keçirmək məqsədi ilə lazımi məlumatları və sənədləri
müvafiq dövlət təşkilatlarından, hüquqi və hüquqi şəxs yaratmadan
sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərdən ala
bilər. QKDK Azərbaycan Respublikasının mövcud qanunvericiliyə
uyğun olaraq araşdırmalar və yoxlamalar apara bilər. Aparılmış
araşdırmalar və yoxlamalar nəticəsində hüquqpozmalar aşkar edildikdə,
QKDK Azərbaycan Respublikasının mövcud qanunvericiliyində nəzərdə
tutulmuş qaydada müvafiq tədbirlər həyata keçirir.
8. Məsuliyyət
8.1. Aksiz markalarının digər
şəxslərə verilməsi, satılması və təyinatına zidd istifadə olunması
qadağandır.
8.2. Aksiz markalarını digər şəxslərə
ötürən, onları qanunsuz əldə edən, saxtalaşdıran, saxta markaları
istifadə edən və bu Qaydalara riayət etməyən şəxslər Azərbaycan
Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyət
daşıyırlar.
9. Qüvvəyə minməsi
9.1. Bu Qaydalar təsdiq edildiyi
gündən qüvvəyə minir.
© AzerSoft