|
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Hospitalı
Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturunun təsdiq edilməsi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əsasnaməsinə əlavələr edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli fərmanına və ona 2004-cü ildə edilmiş əlavə və dəyişikliklərə uyğun olaraq, gömrük orqanlarına xidmətə qəbul olunan əməkdaşların sağlamlıq vəziyyətinin müəyyən edilməsi, gömrük əməkdaşlarının tibbi xidmətə olan ehtiyaclarının ödənilməsi və tibbi təminatının yaxşılaşdırılması məqsədi ilə inşa edilən ən müasir sağlamlıq ocağıdır.




Mərkəzi Gömrük Hospitalında quraşdırılmış avadanlıq əsasən Almaniyanın və digər Avropa ölkələrinin istehsalıdır. Mərkəzdə ilk dəfə olaraq dünyada yeni tikilən tibb ocaqlarında istifadə edilən xüsusi havalandırma sistemi tətbiq olunub. Başqa sözlə, burada hava üç dəfə təmizləndikdən sonra binaya verilir. Əməliyyat otağında, laboratoriyalarda, diaqnostika mərkəzində, intensiv terapiya şöbələrində H12 hepoboksid ultra filtr tətbiq olunub. Yeniliklərdən biri də pnevmatik ötürücü sistemin quraşdırılmasıdır. Bu sistemin köməyi ilə həm xəstələrə qulluq göstərilir, həm də xəstələrin laborator analizlərinin təcili, 10-15 saniyə ərzində göndərilməsi təmin olunur. Hospitaldakı xüsusi proqram təminatı əməliyyatlar zamanı dünyanın istənilən ölkəsinin qabaqcıl tibb mərkəzləri ilə birbaşa telekörpü yaratmağa imkan verir.




Yeni tibb ocağı üçün “Mercedes” markalı 5 ədəd avtomobil, səyyar hospital alınıb. Onun köməyi ilə səyyar vəziyyətdə xəstələrə istənilən tibbi yardım göstərmək mümkündür.

Hər bir palata telefon rabitəsi ilə təmin olunub. Ayrı-ayrı xidmət sahələrindəki, xüsusilə də reanimasiya şöbəsindəki avadanlıq müasirliyi və yüksək keyfiyyəti ilə diqqəti cəlb edir. Mərkəzin bütün xidmət sahələri ən müasir standartlara cavab verir və əməkdaşların tibbi reabilitasiyası üçün burada tam şərait yaradılmışdır.

|